Türkiyənin “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının beynəlxalq brendə çevrilməsi Azərbaycanda baş verir

“TeKnofest-2022” – qardaşlığın yeni zirvəsi

“Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı ilk dəfədir ki, Türkiyənin hüdudlarından kənarda keçirilir. Bu ünvanın məhz Azərbaycan seçilməsi xalqlarımız arasında dostluğun, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin yeni və daha yüksək mərhələyə adlamasını təsdiqləyir.  Sərgi bu gün başlasa da, artıq neçə gündür ki, bakılılar türk şahinlərinin paytaxtın səmalarındakı uçuşlarını maraq və sevinclə izləyirlər.

Bu gündən başlayaraq  “Teknofest Azərbaycan” tədbiri mayın 29-dək “Bakı Kristal Zalı” və Dənizkənarı bulvar ərazisində keçiriləcək. “Türkiyə Texnologiya Komandası”-T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi festivalın təşkilatçılarıdır.

Əvvəlcə onu qeyd edək ki, festival 2018-ci ildən etibarən hər il təşkil olunur. Azərbaycan bu tədbirə ilk dəfə 3 il sonra – 2021-ci ildə qatılmışdır. Budəfəki sərgidə “Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” videooyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunub. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototipləri və STEM layihələri nümayiş etdirir, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotları sərgilənir. 

Vertolyotdan söz düşmüşkən: Türkiyənin sabiq baş naziri Binəli Yıldırım demişdir: “Vaxtilə  Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan deyə bildi ki, Qarabağ sizin haqq işinizdir. Ərdoğan deyə bildi ki, sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O, bu mesajı bütün dünyaya göndərə bildi”. Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıblar. Vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Amma indi Türkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur. Bu gün tarixi, mədəniyyət və digər əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayib Ərdoğanın yürütdüyü siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir. İndi Türkiyə və Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri qərar verən,  maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran  güclü dövlətlərdir.

Artıq xəbər verildiyi kimi, “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuq Bayraktar və Türkiyənin sənaye texnologiya nazirinin müavini Mehmet Fatih Kacır Bakıdadırlar.

Ən maraqlısı odur ki, festivala Azərbaycanın çoxsaylı orta məktəblərində hazırlıq getmişdir. Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət “Analitik”, “Young İnventers” komandaları və “Kəşf robot” layihəsi festivalda iştirak edəcəklər. Naxçıvanlı məktəblilər “Kəşf robotu”, “Yol təhlükəsizlik” və “Heyvandarlıq təsərrüfatında avtomatik yemləmə sistemi” layihələrini təqdim edəcəklər. Onu da qeyd etmək vacibdir ki, tədbirə digər rayonların da məktəbliləri, ölkənin ali təhsil müəssisələrindən tələbələr qatılacaq. 

Eyni zamanda festivalda alimlərimiz də öz bilik və bacarıqlarını göstərəcəklər. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu festival çərçivəsində təşkil olunan sərgidə süni intellektə əsaslanan və ağciyər xərçənginin təyin edilməsində insanın qan plazmasından istifadəni nəzərdə tutan yeni texnologiya təqdim edəcək. Yeni model süni intellektin tətbiqi ilə ağciyər xərçəngi xəstələrini 80-90 faiz dəqiqliklə identifikasiya etməyə imkan verir. Artıq  tədqiqat işi çərçivəsində 47 sağlam şəxsin və 50 ağciyər karsinoması xəstəsinin qan nümunələri tədqiq olunmuşdur. Yaradılan model sağlam qan nümunələrini 80 faiz, xərçəng hüceyrəsi nümunələrini isə 90 faiz dəqiqliklə müəyyən etməyə imkan vermişdir. 

AMEA Neft-Kimya Prosesləri İnstitutu və Yüksək Texnologiyalar Parkının rezidenti olan “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyəti “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan elmini yüksək səviyyədə təmsil etməyi planlaşdırır.

Akademik Vaqif Abbasov “TEKNOFEST Azərbaycan” festivalının ölkəmizdə keçirilməsini yüksək qiymətləndirmişdir. Akademik bu festivalın Azərbaycan və Türkiyənin iqtisadi, hərb və mədəniyyət sahələri ilə yanaşı, həm də elm və texnika sahəsində də birliyini nümayiş etdirdiyini diqqətə belə çatdırmışdır: “Bu qardaşlığın iki ölkə ilə yanaşı, eyni zamanda bütün dünya üçün böyük faydası var. Hesab edirəm ki, bu mötəbər tədbir vaxtında təşkil olunmuş festivaldır və burada elmimizi yüksək səviyyədə təmsil etməliyik”. V.Abbasov həmçinin sərgidə AMEA üçün böyük sahəni əhatə edən xüsusi pavilyonun ayrılmasını olduqca sevindirici hadisə kimi dəyərləndirmiş və qeyd etmişdir ki, bu pavilyon AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan ən yüksək nailiyyətləri nümayiş etdirməyə və elmimizin geniş şəkildə təbliğinə böyük imkanlar açır.

Festivalın gündəliyi isə zəngindir. Bu günlər ərzində əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

Türkiyənin “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının beynəlxalq brendə çevrilməsi Azərbaycandabaş verir

Bu gün doğma Azərbaycanımız üçün əlamətdar, qürurverici bir gündür. Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin yaratdığı Qələbə əhval-ruhiyyəsi ilə yaşayan, böyük gələcəyə daha nikbin ümidlərlə baxan Azərbaycan xalqının, eləcə də qardaş Türkiyənin, dünyanın bir çox ölkələrində yaşayan soydaşlarımızın, dünya azərbaycanlılarının diqqəti indi doğma Bakımızdadır. Paytaxtımız bu gündən başlayaraq mayın 29-dək şüarı “Bir millət, iki dövlət, tək festival” olan “TEKNOFEST-Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına ev sahibliyi edəcək.

Festival çərçivəsində Azərbaycan və türk pilotların iştirakı ilə keçiriləcək aviaşounun aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani AZƏRTAC-a açıqlamasında bildirib: “1918-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar Azadlıq meydanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilmiş hərbi paradda, həmçinin Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında yenə bir yerdə idik. Bu gün də Bakıda Türkiyə və Azərbaycanın qardaşlığının daha da möhkəmlənməsinin, qüdrətlənməsinin təcəssümü olan böyük bir bayramın şahidləri və iştirakçılarıyıq.

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiyə Texnoloji Takımı” – T3 vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Bu gün Bakımızda təntənəli açılışı olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı sayca beşinci olmaqla yubiley festivalıdır”.

Polkovnik A.Qurbani qeyd edib ki, paytaxtımızdakı məşhur “Crystall Hall”da və Dənizkənarı Bulvar ərazisində keçirilən möhtəşəm festivalın təşkilatçısı Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi və “Türkiyə Texnoloji Taqımı” – T3 Vəqfidir. Belə bir əhəmiyyətli yubiley tədbirinin Türkiyənin hüdudlarından kənarda – Azərbaycanda keçirilməsi olduqca əhəmiyyətli hadisədir. “TEKNOFEST”in beynəlxalq brendə çevrilməsi məhz Azərbaycandan start götürəcək. Dörd gün davam edəcək festivalda ümumilikdə 200 mindən çox tamaşaçının və dünyanın 33 ölkəsindən 500-ə yaxın əcnəbinin iştirakı gözlənilir. Festivalın ilk günündəki böyük qələbəlik təsdiq edir ki, iştirakçıların sayı daha da artacaq.

A.Qurbani qeyd edib ki, festival çərçivəsində 8 texnologiya müsabiqəsi keçiriləcək. Pilotsuz uçuş aparatları, model peyk, planer, “Baku skills” (3D çap), aqrar texnologiyalar, robototexnika, sosial yönümlü texnologiyalar, “Yaşıl” texnologiyalar müsabiqələrində texnoloji biliklərini və məharətlərini sınayan 5 mindən çox gənci birləşdirən, 1000 komandadan seçilən 1000 nəfərlik 170 komanda final mərhələsində qələbə uğrunda mübarizə aparacaqlar.

“Bu festivalın keçirilməsi həm də vacib bir məqsədə xidmət edir – yerli innovativ texnologiyaların inkişaf etdirilməsi və ölkənin xarici texnologiyalardan asılılığının əhəmiyyətli dərəcədə azalmasına nail olmaq”, – deyən polkovnik A.Qurbani onu da nəzərə çatdırıb ki, festival çərçivəsində “Take-off startap” sammiti, “Smart Qarabağ” hakatonu, Türk Dövlətləri Təşkilatlarına üzv dövlətlərin İKT üzrə nazirlərinin toplantısı, kiber-oyunlar üzrə Avropa kuboku və sərgilər də böyük marağa səbəb olacaq.

Sərgilərdə Azərbaycandan 14, Türkiyədən isə 48 dövlət qurumu, şirkətlər və universitetlər təşkil etdikləri stendlərin ekspozisiyası ilə tamaşaçıları tanış edəcəklər. Bu sərgilərdə texnoloji məhsul və həllər, eləcə də ali və ümumtəhsil müəssisələrində təhsil alan gənclərin hazırladıqları prototiplər, STEM layihələri nümayiş olunacaq.

Açıq ərazidə yerləşən statik məkanlarda pilotsuz uçuş aparatları, zirehli texnikalar və helikopterlər sərgilənəcək. Ziyarətçilər “Akıncı”, “Bayraktar-TB2”, “Harop”, “Hermes”, “Quzğun”, “Orbiter” kimi dronlara və zirehli texnikalara böyük maraqla tamaşa edəcəklər.

Aviaşou isə festivalın ən yaddaqalan hadisələrindən biri olacaq.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş ölkələrimizin pilotlarının iştirakı ilə keçiriləcək aviaşounun bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri olacağını vurğulayan A.Qurbani deyib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin “Solo Türk”, “Türk Ulduzları”, “Hürkuş” aerobatika komandaları, “ATAK” helikopterləri və “Akıncı” PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim edəcək. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gələcək və bu dəfə də tamaşaçıları heyrətləndirəcəklər.

Möhtəşəm Zəfər paradının da aparıcısı olmuş Abdulla Qurbani qeyd edib ki, “ay-ulduz”lu Türk Bayrağını dünyada, əngin səmalarda əzəmətlə dalğalandıran qəhrəman Türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran Azərbaycanın milli şahinləri də öz məharət və peşəkarlıqları ilə tamaşaçıları heyran edəcəklər.

“Ulu öndər Heydər Əliyev hələ 25 il öncə Azərbaycan Təyyarəçilik Məktəbinin ilk məzunlarına xeyir-dua verərkən demişdi: “İstəyirəm ki, bizim cəsur şahinlərimiz olsun, bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycanın istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Çox sevinirəm ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz Azərbaycanın səmasını daim qorumağa, Azərbaycanın ərazisini qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər. Artıq Ulu Öndərin arzuları, vəsiyyəti yerinə yetirilib, bu gün həm Ulu Öndərimizin, həm də şəhidlərimizin ruhları şaddır ki, Qarabağımız düşmən işğalından azad edilib”, – Abdulla Qurbani deyib.

Aviaşou haqqında danışan A.Qurbani əlavə edib ki, bu möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və Türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayacaq. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və “TEKNOFEST” festivalının bayrağını Bakı səmasında dalğalandıracaq.

Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 (“Super Muşşaq”) təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasiyanın hakimliyini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayacaq.

MİQ-29 təyyarələr qrupundan ayrılan “Qarabağ” ordenli qəhrəmanımız polkovnik Zaur Rüstəmov yenidən ali pilotaj fiqurlarını nümayiş etdirmək üçün aviaşou keçirilən hava məkanına qayıdacaq və sıçrama, çevrilmə, qalxan, sərt həlqə, sıçramada çəllək və minimal surətli keçid edəcək və əminik ki, bu göstərilər hər bir festival iştirakçısının böyük marağına səbəb olacaqdır.

Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin “ATAK”, “AKINCI-SLTRK”, “HÜRKUŞ” təyyarələri, eləcə də “Solo Türk” və “Türk Ulduzları”nın nümunəvi uçuşları tamaşaçıları təəcübləndirəcək.

Türk Aviasiya və Kosmik Sənaye” şirkətinin istehsalı olan “HÜRKUŞ” təyyarəsində ön pilot Murad Ösbaladır. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra “HÜRKÜŞ” aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehtiyatda olan polkovnik Xəlil Yusubovdur.

“TEKNOFEST Azərbaycan” festivalının təntənəli açılışına və festival çərçivəsində Azərbaycan və Türkiyə milli şahinlərinin təqdim edəcəkləri möhtəşəm Aviaşounun başlanmasına sayılı dəqiqələr qalır. Festivala uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir