“Şuşa közü” kitabı: Şuşanın poetik xəritəsini cızan Svetlana Şamil. Aydın Xan Əbilovdan kulturoloji gəzişmələr
Onun şeirlərini həzin xatirələr kimi də oxumaq mümkündür, poeziya kitablarını Şuşanın poetik xəritəsi kimi də vərəqləmək olar. Dilçi-alim, şairə və publisist Svetlana Şamil az ömür yaşamayıb, üstəlik də onun yaddaşı nənələrindən, babalarından qalma unikal, mürəkkəb tarixietnik şifrələrin daşıyıcısıdır. Filoloq-alım, dilçi, slavyanist, müqayisəli ədəbiyyatşünaslıq və tərcüməşünaslıq üzrə ölkəmizin azsaylı peşəkar mütəxəssislərindən sayılır, bu intellektual xanım.
Son illər isə həm də doğma Azərbaycan dilinə poetik vurğunluğunu nümayiş etdirir: şairə, otuz il müddətində yaralı bağrımıza çevrilmiş sevimli Qarabağa və uşaqlığının cənnətini yaşadığı, əziz ana-ata yurdu Şuşaya yönəli ədəbi-fəlsəfi qəmginliyini özündə əks etdirən iki poeziya kitabı ilə ədəbiyyatsevərlərin marağını öz bədii yaradıcılığına yönəldə bilib.
Onun şeirlərində qədim Şərq, modern Avropa, klassik rus və doğma Azərbaycan – türk poetik-estetik texnologiyaların sintezini görürük. Müxtəlif janrlarda qələmə aldığı poetik əsərlərində etnoqrafik incəliklərinə qədər Şuşanın ədəbi xəritəsini cızdığını sezirik. Qarabağ və Şuşa, işğal altında qalan doğma yurd yerləri, eləcə də uşaqlığında addım-addım gəzdiyi məkanlar, ulularının basdırıldığı qəbirstanlıqlardan tutmuş, ta dağ zirvələrinə qədər, bulaqlardan – çaylardan başlamış, Qafqazın mədəniyyət mərkəzi, musiqi konservatoriyası sayılan şəhərin dolanbac küçələri, koloritli, elitar, meqapolis sakinlərinə qədər rəngarəng hadisələrlə, nəsillərlə, şəxslərlə bağlı real, fəqət, fəlsəfi-poetik mənzərələri, cizgiləri oxumaq olduqca maraqlı, estetik, düşündürücüdür.
Svetlana xanım Şamil ən adi hadisələrə, xatirələrə, şahidi olduğu olaylara, düşündüyü məqamlara elə incə formalarda poetik işıq salır ki, onu Şuşada doğulmayan, damarlarında Şuşa çaylarının suyu kimi saf qan axmayan, ruhunda Qarabağın bərəkətli torpağlarına sevgi olmayan, uşaqlığı o gözəl diyarda keçməyən şəxs heç vaxt yaza, oxucularının gözləri qarşısında, təxəyyülündə canladıra bilməz. Təsəvvür edək, uzun ömür sürmüş duyğulu bir yaradıcı və intellektual xanım həyatının ahıl çağında onu qəfil gözləyən tarixi hadisələrdən əvvəl bunları yazır:
Gedirəm, əlvida, dağlar, a dağlar,
Şuşa həsrətilə dərdi-sərimi,
Sizlərə əmanət qoyub, gedirəm,
Həsrət gözlərimi sıxıb, gedirəm…
Doğma diyarına, əziz Şuşaya qayıtmağa inamı öləzləyən bir vaxtda, 2020-ci ilin 44 günlük möhtəşəm qələbələrlə dolu bir savaşın Zəfərinin şahidinə çevrilən səksən yaşlı yaradıcı xanımın ruhu necə sevinc dənizinə qərq olmasın?!. Svetlana Şamilin “Şuşa közü” adlı növbəti yeni poetik toplusunda – “Qarabağ”naməsində başqa mövzularda qələmə alınmış şeirlərə yer verilsə də, kitabın əsas xətti Şuşa, onun insanları, bərəkətli torpağı, bir sözlə, şairənin doğma ana diyarı simasında vurğunu olduğu Vətəninin poetik ruhuna həsr etdiyi həzin, bir qədər kədərli, çox hissəsi sevinc dolu tarixinə – keçmişinə, qələbələr yazılmış bu gününə inam dolu fəlsəfi-bədii fikirləri təşkil edir.
Kitabdakı poetik portretini əks etdirdiyi insanlar belə, Şuşa nəfəsli, Qarabağ ruhludur. Şairə bəzən həzin, bəzən vurğunluqla, əksər hallarda isə sərt baxışlarını sərgiləyərək, poetik qəhrəmanlarının – real şəxslərin rəngarəng obrazları vastitəsilə şuşalıların koloritli surətlərini oxucularının gözünün önündə canlandırmağı bacarır. Bu lirik-poetik əsərlərlə tanış olarkən, müəllifin, bədii sözlə deyil, sanki Şuşa xalçalarında istifadə olunan təbii boyalarla ədəbi obrazların portretini cızdığını müşahidə edirik. Şeirləri ilə Şuşanın xəritəsini canlandırmağa çalışan şairənin təsəllisi də məhz bundadır: əsrlər və nəsillər gəlib keçəcək, Azərbaycan – Qarabağ – Şuşa adlı möcüzə heç vaxt unudulmayacaq, hər zaman seviləcək, əzizlənəcək. Hər bir yaradıcı şəxs, şair, yaxud yazıçı bu müqəddəs üçlüyün yeni obrazını, Vətənə sonsuz sevgini ədəbiyyatda, poeziyada əbədiləşdirməyə səy göstərəcək.
Svetlana xanım Şamil bir poetik nəfəs – maraqlı imza sahibi kimi necə, bu sənət uğuruna nail ola bilibmu!?
Bu qiymətləndirməni isə şairənin “Şuşa közü” kitabındakı maraqlı şeirləri ilə tanış olacaq ədəbiyyatsevərlərin ixtiyarına buraxırıq…
Aydın Xan Əbilov
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq

