“Əvvəllər şər qarışanda nişanlı oğlanlar adaxlıbazlığa gedərdilər…“ – Yazıçı-kulturoloqdan daha qalmaqallı mövqe
“Gəlini ilə Mətanət İsgəndərlinin aralarında konflikt oldu və bu konflikti bəzi sosial verilişlər qızışdırdı”.
Bu sözləri Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Mətanət İsgəndərli ilə gəlini Cananın böyük qalmaqaldan sonra yenidən barışmasına münasibət bildirən yazıçı KİV-ləri günahkar çıxarır:
“Bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır. Birinci səbəb, ümumiyyətlə, Azərbaycan ailə dəyərlərinin dağılması və milli-mənəvi dəyərlərin deqradasiyaya uğramasıdır. İkinci məsələ isə televiziyalarda, saytlarda informasiya qıtlığıdır. Qarabağ müharibəsi bitdikdən sonra böyük ictimai-siyasi, sosial məsələlər yoxdur ki, mətbuat onu xəbərə çevirib öz missiyasına uyğun olaraq oxucularını maraqlandıra bilsin.
Üçüncü məsələ tanınmış adamların ailələrində baş verən hadisələrə həssas münasibətdir. Bu bütün dünyada belədir. Məşhur şəxslərin ailə konfliktləri, şəxsi həyatları hər zaman istər “sarı mətbuat”, istər ciddi kütləvi informasiya vasitələri, istərsə də sosial medianın diqqət mərkəzində olur.
Mətanət İsgəndərli Azərbaycan incəsənətinin tanımış simalarından biridir. O, təkbaşına övladlarını böyüdüb. Onun nəvələrinə, övladlarına qarşı həssas münasibəti başadüşüləndir. Gəlini ilə aralarında konflikt oldu və bu, bəzi sosial verilişlər tərəfindən qızışdırıldı, yəni medianın da bu işdə günahı vardı. O, gəlinlə qayınana arasında olan münaqişəni daha da dərinləşdirdi. Məsələ bu qədər uzandı, məhkəməyə qədər gedib çıxdı, telekanallarda, xüsusən sosial mediada bir-birinin ünvanına aşağılayıcı sözlər deyildi. Amma son məqamda gəlin özündə güc tapdı, böyük səhv etdiyini anladı və Mətanət xanımdan üzr istədi. Bununla da problem həll olundu”.
Aydın Xanın sözlərinə görə, tanınmış şəxslər və ailələri hər zaman cəmiyyətə nümunə olur:
“Baxmayaraq ki, əvvəldən də bunu edə bilərdilər. Ümumiyyətlə, tanınmış şəxslərin həyatı nümunə sayılır və onların arasında olan konflikt, münaqişə cəmiyyət tərəfindən həssaslıqla qəbul edilir. Üstəlik, bu tip hadisələr ailədaxili münaqişələrin və böhranlı hadisələrin, məhkəməyə qədər uzanmış konfliktlərin sıravi vətəndaşlar tərəfindən də təkrar olunmasına yol açır. Onlar düşünür ki, niyə Mətanət İsgəndərlinin ailəsində ola bilər, məndə yox?!
Buna görə də Azərbaycanda rəsmi nikaha girmiş şəxslər 4-6 ay sonra boşanır. Əlbəttə, bu yaxşı hal deyil. Ailə quran zaman tərəflər mütləq yüz ölçüb bir biçməlidir. Ailədaxili münaqişələrlə məşğul olan adamlarla, seksopatoloqlarla, ağbirçək, ağsaqqallarla məsləhətləşməli, sonra addım atmalıdırlar.
Ailələr bir-birinə qız verib, oğul evləndirən zaman nişanlanma mərasimi olur. Əvvəllər bu 6 ay, bir il davam edirdi, bu müddət ərzində gənclər, ailələr bir-birini tanıyırdı. Hətta nişan müddəti ərzində “adaxlıbazlıq” deyilən bir adət də vardı, nişanlı oğlanla qız şər qarışanda görüşərdilər.
Əlbəttə, intim münasibətlər qadağan idi, amma ən azı məhrəm görüşlərdə söhbət edə bilər, gələcəkdə birgə yataqda, ailədaxili münasibətlərdə uyğun olub-olmadığını, bir-birlərinin iyini, xasiyyətini, seksual uyuşub-uyuşmadıqlarını müəyyən edərdilər.
Keçmişdə bu məsələlərə xüsusi önəm verilərdi. Amma təəssüf ki, bu adət-ənənə unudulub. Ona görə də Azərbaycanda baş verən ailədaxili münaqişələr hətta qətllərə, ölümə qədər gedib çıxır.
Ailə ilə bağlı münaqişələrin televiziyalara, sosial mediaya çıxarılması, müzakirə edilməsində bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki bir hadisə törədilirsə və ondan başqaları xəbər tutursa, adiləşirsə, silsilə şəkildə təkrarlanmağa başlayır. Münaqişəli ailələr cəmiyyət üçün örnək ola bilməz”.
Əsmətxanım RZAZADƏ –https://yenisabah.az/evveller-ser-qarisanda-nisanli-oglanlar-adaxlibazliga-gederdiler