Türkiyənin müxtəlif QHT-lərinin nümayəndə heyəti Heydər məscidini və Hərbi Qənimətlər parkını ziyarət etdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə 15-20 may 2022-ci ildə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə əlaqələr baş idarəsi, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi və Türkiyənin müxtəlif QHT-lərinin təmsil olunduğu 15 nəfərlik nümayəndə heyəti Heydər məscidini və Hərbi Qənimətlər parkını ziyarət ediblər.

Qonaqlara məlumat verilib ki, 2014-cü ilin dekabrında açılışı keçirilən dini ibadət müəssisəsi Qafqazın ən böyük məscididir.Milli-mənəvi irsə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahəni əhatə edir.

Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda arxitektura harmoniyası yaradıb, həmçinin 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Məscidin daxili xüsusi bəzək elementləri ilə dizayn edilib, günbəzin kənarlarına Quran ayələri yazılıb. Əlli beş metr ucalığında olan baş günbəz, o cümlədən hündürlüyü 35 metrə çatan ikinci günbəz məscidə xüsusi gözəllik verir.

Ziyarət zamanı Heydər məscidinin imamları qonaqları maraqlandıran sualları cavablandırıblar.Daha sonra nümayəndə heyəti Hərbi Qənimətlər parkında olublar. Ziyarət zamanı qonaqlar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın mərd oğulları tərəfindən ələ keçirilən qənimətlərlə yaxından tanış olublar. Nümayəndə heyəti nümayiş etdirilən eksponatlar haqqında yeni məlumatlar əldə edib, Vətən müharibəsi və ondan sonra xalq olaraq həmrəyliyimizdən qürur hissi ilə bəhs ediblər.

O cümlədən, qonaqlara parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat haqqında da məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir