“Şagirdlərindən dərs tələb edəndə, müəllimləri intiharla təhdid edirlər” – Kulturoloqdan sərt fikirlər…

“İnsanlar bəzi məişət problemlərini özləri üçün dərdə çevirirlər. Hətta cəmiyyəti, yaxın insanları, dövlət orqanlarını intihar etməklə qorxutmağa, çəkindirməyə çalışırlar”.
Bunu “Sherg.az”a qaynanası uşaqlarının üzünü göstərmədiyinə görə, intihara cəhd edən 40 yaşlı kişi haqqında danışarkən kulturoloq Aydın Xan Əbilov deyib. 


O vurğulayıb ki, belə insanların iradəsi zəifdir:


“Onlar öz hüquqlarını, vətəndaşa verən haqları bilmədiyinə görə, bu addımları atırlar. Hətta bir müddət əvvəl Bakıda başqasına “pul atan” şəxsin intihara cəhd etməsi də gündəmə gəlmişdi. Təbii ki, iş məhkəməyə getdiyindən, bunu edən şəxs hüquq-mühafizə orqanlarını, borclu olduğu şəxsi çəkindirməyə çalışırdı. Cəmiyyət belə məsələni pisləməli, ictimai qınaq öz işini görməlidir.
Digər tərəfdən ailəyə valideynlərin, qohumların müdaxilə etməsi düzgün hal deyil. Amma nəzərə almalıyıq ki, Azərbaycan mental dəyərləri var və bu, sosiallaşmaya meylli insanların dəyərləridir. Bu zaman yeni və köhnə nəsil arasında qarşıdurma olur, ziddiyyət yaranır. Valideynləri başa düşürük, qohumları da. Amma onlar da yeni qurulmuş, yeni dünyaya övlad gətirmiş ailələrdə hər iki tərəfi anlamalıdırlar. İnsan başqasına qarşı addım atdıqda, özünü onun yerinə qoymalıdır. Buna görə, Azərbaycan cəmiyyəti müəyyən problemləri hələ də yaşayır. 
Nə öz ailə məişət dəyələrimizi, qədim modeli qoruyub saxlaya bilirik, nə də avropalı kimi modern, liberal dəyərləri qəbul etməyə hazırıq. Məhkəmənin qərarı varsa, bir insana övladının göstərilməməsi anlaşılandır. Amma kiminsə ən yaxın adamı belə obyektiv, subyektiv səbəblər olmadan, bəzi bəhanələrlə övladını əlindən alırlarsa, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Qanunun ən sərt üzü məhz bu əməli törədənlərə qarşı göstərilməlidir”.
İnsanların evliliyə hazır olub-olmamasına da toxunan A.Əbilovun sözlərinə görə, belə hadisələri araşdırdıqda da eyni situasiya ortaya çıxır:
“Əksərən sevgi yaxud tanışlıqla evlənən şəxslər ailəyə hazır deyillər. Nə iqtisadi, nə mənəvi, nə də sosial cəhətdən ailə qurmağa hazır olmadan bu addımı atırlar. Nəticədə başa düşürük ki, valideynlərin müdaxiləsi lazım olur. Çünki hansısa istək üzərində qurulmuş ailənin sonu yaxşı bitmir. Statistik məlumatlara görə, hər 8 və ya 4 rəsmi nikahdan ikisi boşanma ilə nəticələnir. İctimai, dini kəbinlə bağlanmış, vətəndaş nikahlarının olduğunu da nəzərə alsaq, boşanmaların daha da artdığını görürük.
Bu ailələrin uşaqları sonradan cəmiyyət üçün böyük yükə çevrilir. Cinayət hadisələrinin artması, şəhərin mərkəzi küçələrində, parklarda səfil həyatı sürən insanlar, uşaq evlərinə atılanlar azyaşlıları araşdıranda belə münaqişəli ailələrə sahib olduqlarını görürük.

Ortaq nəticəyə gəlməliyik. Azərbaycan dəyərlərini inkişaf etdirməklə, onun çatışmayan cəhətlərini atmalı, Qərbdə olan dəyərlərin isə işıqlı tərəflərini götürməliyik. Yoxsa, belə problemlər çox olacaq. Sosial medianın, internet saytların və mətbuat məsələyə geniş yer verməsi belə faktların adiləşməsinə gətirib çıxarır. İndi orta məktəb şagirdlərindən dərs oxumağı tələb edəndə, valideynləri, müəllimləri intihar etməklə təhdid edirlər. Ona görə, həmin kişinin intiharına da tək hadisə kimi deyil, kompleks məsələ kimi baxmaq lazımdır”.
Qeyd edək ki, vaxtilə Binəqədi rayonunda orta yaşlı kişi uşaqlarının əlindən alındığına etiraz etmək məqsədi ilə intihara cəhd edib. Qaynanası tərəfindən uşaqlarının alındığını deyən kişini sonradan fikrindən yayındırmaq mümkün olub və həmin şəxs xilas edilib.
Aysel Aslan –
https://sherg.az/arxiv/40489

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir