Qadınların təhsil almaq və işləmək hüququnu qəbul etməliyik – EKSPERT DANIŞDI

“Azərbaycan mentalitetinə görə qadın kişinin sərvəti, var-dövləti sayılır. Buna görə də hər zaman qadınları mühafizə etmək, başqa gözlərdən gizlətmək istəyiblər. Qədim Şərqdə və islam dünyasındakı qadına münasibətin kəskinliyini nəzərə alaraq kişilər xanımları himayə altında saxlamaq istəyiblər”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, qədim Azərbaycanda qadınların təhsil almasına qarşı düşüncələr daha çox idi: “Lakin keçmiş Sovetlər Birliyi bu düşüncələrə qarşı çıxaraq, hər bir insanın maariflənməsinə xüsusi diqqət yetirdi. Bu proses Azərbaycanda indiyədək davam edir”.

Ekspert sözlərinə davam edərək həmçinin qeyd edib ki, istənilən halda təhsilli, kariyera qurmaq istəyən güclü qadınla evlənməklə bağlı problem yaşayan kişilərin də sayı az deyil: “Bu cür kişilər elə bilirlər ki, onlar necə düşünürsə, qadınlara necə yanaşırlarsa, onların xanımlarına da digər kişilər tərəfindən eyni münasibət olacaq. Qadınların təhsil almaq, işləmək hüququnu qəbul etməliyik. Cəmiyyət bəşəriyyətə faydalı olan savadlı, intellektual xanımlar və bəylər olduqda inkişaf edir. Bu baxımdan kişilər və qadınlar gender bərabərliyini qəbul etməlidir. Qadın əgər kişidən çox pul qazanırsa, bu o demək deyil ki, kişiyə basqı etməlidir. Kişilər də anlamalıdır ki, qadınlar nə qədər təhsilli olsa, bu, onların xeyrinədir. Çünki gələcəkdə övladlarının savadlı böyüməsində bunun rolu olacaq”.

Ləman Əlizadə – https://sia.az/az/news/social/954888.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir