Paytaxtda gözlənilən Böyük söküntü. Köhnə binalar sökülüb yenisi ilə əvəzlənir

Ekspert qeyd edib ki, paytaxtda pilot layihələr üzrə sökülən hər beşmərtəbəli binanın yerində 15-20 mərtəbəli yeni çoxmənzilli bina inşa edilir. Onun fikrincə, bu binalar tikilən zaman bəzi hallarda normativlər gözlənilmir, həyətyanı sahə, park, avtopark yeri, iaşə obyektləri nəzərə alınmır: “Bakı şəhərinin hazırlanmaqda olan yeni Baş planı üzrə paytaxtda müəyyən söküntü, tikinti-quruculuq tədbirləri həyata keçiriləcək. Baş planın təsdiqlənməsi o deməkdir ki, tikilən və ya tikiləcək binalar həmin plana uyğundur. Yaxud Baş plan təsdiqlənməyib, lakin köhnə binalar sökülüb yenisi ilə əvəzlənir. Paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələri qalmayıb. Hazırda satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Tikintinin maya dəyəri həddən artıq baha olur. Ona görə də bəzi tikinti şirkətləri köhnə binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Bu da gələcəkdə hazır olacaq və tətbiq olunacaq Baş planın tam əksinədir. Köhnə binalar sökülüb yenisi inşa edilən zaman tikinti normativləri gözlənilmir”.

Paytaxtın ən yaxşı, ən nümunəvi layihəsi

E.Fərzəliyev söyləyib ki, paytaxt ərazisində sökülən binalar, əsasən, Yasamal, Binəqədi, Nəsimi, Nərimanov rayonlarındakı “Xruşşovka”, alman layihəli binalardır. Ekspertin sözlərinə görə, bu binaların ərazisində yeni hündürmərtəbəli binaları yerləşdirmək olur: “Paytaxtın tam mərkəzində 2,3,4 mərtəbəli binalar var ki, həmin binaları söküb yerində çoxmənzilli, hündürmərtəbəli yeni binanı inşa etmək qeyri-mümkündür. O ərazilərdə standartlara uyğun olaraq avtoparkinq, istirahət guşəsi, iaşə obyektləri və sair yaratmaq üçün yer yoxdur. Məhz buna görə də həmin binaların alınmasına, sökülməsinə tikinti şirkətləri maraq göstərmirlər. Paytaxtda ən yaxşı, ən nümunəvi layihələrdən biri “Ağ şəhər”dir. Orada ərazi dövlət tərəfindən söküldü, insanlar köçürüldü, təmizlik işləri aparıldı və tikinti şirkətlərinə yalnız müəyyən olunmuş layihə üzrə tikinti işi aparılması üçün verildi. Burada təxminən 10-12 mərtəbəli yaşayış binaları tikilib. Tikinti müddətində binalararası məsafələr, normativlər tamamilə qorunub. Hazırda tikilən çoxmənzilli binalarda və həyət evlərində də normativlər mütləq şəkildə gözlənilməlidir ki, gələcəkdə Baş plan tam hazır olanda dövlət milyardlarla manat həcmində zərərə düşməsin. Çünki bu gün atılan hər hansı yanlış addım gələcəkdə dövlət büdcəsinə böyük maliyyə itkisi yaşada bilər. Burada söhbət hansısa binanın və ya həyət evlərinin sökülməsindən, vətəndaşlara kompensasiya ödənməsindən, köçürülməsindən, ərazinin təmizlənməsindən gedir”.

Sənədi olmayan 500 mindən çox həyət evinin aqibəti

Ekspert şimal tərəfdən paytaxt ərazisinin Abşeron rayonunun Xırdalan şəhərinə, oradan isə Sumqayıt şəhərinə həyət evləri vasitəsilə birləşməsinə də diqqət çəkib. Rəsmi məlumata görə, təkcə Bakı və Abşeronda 500 mindən çox çıxarışı – sənədləri olmayan fərdi həyət evlərinin olduğunu vurğulayıb. Bildirib ki, zamanla belə yaşayış məntəqələrinin sökülərək köçürülməsi gözlənilir: “Çıxarışın olmamasının müxtəlif səbəblər var. Həmin səbəblərdən biri də budur ki, həmin yaşayış məntəqələrinin bir hissəsi qadağan olunmuş ərazilərdə tikilib. Yəni, neft buruqlarının ətrafında, yüksəkgərginlikli elektrik xəttinin altında, vulkanik dağların ətəyində tikilən evlərə qanunla sənədlərin verilməsi qeyri-mümkündür. Zamanla belə yaşayış məntəqələrinin sökülərək köçürülməsi gözlənilir. Amma paytaxtdan kənardakı çoxmənzilli binaları almaq və yerində yenisini tikmək tikinti şirkətlərinə sərf etmir. Çünki o ərazilərdə əhalinin alıcılıq qabiliyyəti tələbat mərkəzdə olduğu səviyyədə deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir