Mən 410 manat maaş alıram, amma fəhlə. VCA və YYSİB sədri Aydın Xan Əbilovdan daha bir qalmaqallı müsahibə…

Yazıçı, kulturoloq Aydın Xan Əbilov “Space” TV-də yayımlanan “El içində” verilişində deyib ki, boşanan ananın uşağı ondan alınıb dövlətin himayəsinə verilsin. Hətta kulturoloq söyləyib ki, uşağın böyüməsi üçün ana və ata dövlətin hesabına aliment ödəsin.

Onun bu fikirləri cəmiyyətdə birmənalı qarşılanmayıb. Yazıçını tənqid hədəfinə çevirənlərin də sayı az deyil.

Publika.az  Aydın Xan Əbilovla müsahibəni təqdim edir: 

– Aydın Xan bəy, “Space” televiziyasındakı müzakirələrin birində demisiniz ki, boşanan ananın uşağı ondan alınıb dövlətin himayəsinə verilsin. Hansı tendensiyalar sizi belə düşünməyə təhrik edir? 

– “Space” telekanalında, “Elin sözü” adlı sosial şouda biz bu məsələ ilə bağlı fikirlərimizi sərgilədik. Amma hər bir veriliş montaj olunur, müəyyən fikirlər kəsilir. Ona görə də müəyyən anlaşılmazlıqlar yaranır. Mən ümumiyyətlə, həmin verilişlə yanaşı, başqa kütləvi informasiya vasitələrində, sosial mediada dəfələrlə fikirlərimi bölüşmüşəm. Mənim fikirlərim konkret olaraq belədir; əgər münaqişəli ailədirsə, həm kişi, həm də qadın tərəfindən həmin ailədə uşaqdan silah kimi istifadə olunursa, atadan da, anadan da mütləq həmin uşaq alınmalıdır. Daha sonra dövlətin himayəsinə verilməlidir. Bu, bütün dünyada – Amerika Birləşmiş Ştatlarında da, Rusiyada da, Türkiyədə də belədir. Hətta azərbaycanlılar ailə deyəndə yalnız ata və anadan ibarət təsisatı nəzərdə tuturlar. Amma ailə böyük bir anlamdır. Keçmiş sovetlər dönəmində də belə idi. Ailə deyəndə həm də cəmiyyətin və dövlətin qayğısını ifadə edən bir ictimai təsisat nəzərdə tutulurdu. Məsələn, vaxtilə internat məktəblərində, indi SOS uşaq kəndlərində uşaqlar yaşayırlar. Onlar da həmin məktəbin sinfində bir ailə kimi həyatlarına davam edirlər. Təəssüflər olsun ki, sovet internat sisteminə qarşı qarayaxmalar oldu. İnsanlarda belə bir təsəvvür var ki, əgər internatda uşaq böyüyürsə, onun axırı ya tərbiyəsizlikdir, ya da əxlaqsızlıq. Hətta küçə uşağı, sonda həbsxanaya düşən bir uşaq olacaq deyə düşünürdülər. Halbuki dünyaya, eyni zamanda Azərbaycan, Rusiya, SSRİ tarixlərinə fikir verəndə görürük ki, ən böyük dövlət xadimlərindən tutmuş, tanınmış insanlara qədər internatda, hərbiləşdirilmiş məktəblərdə, elə ata-anadan uzaq, hətta bəziləri həbsxanada, xüsusi yerlərdə saxlanılan, orada böyümüş uşaqlardan ibarətdir. Yəni həmin uşaqlar sonradan tanınmış şəxsiyyətlərə çevrilirdilər. Son illərdə Azərbaycanda xüsusən də qadınlar, qismən də kişilər tərəfindən uşaqlardan silah kimi istifadə edilməsi halları çoxalıb. Demək olar ki, hər gün ya bir qadın, ya da bir kişinin bıçaqlanması, öldürülməsi, eyni zamanda ayırıca muzdlu qatillər tutularaq onların evlərinin yarılması, uşağın qaçırılması faktları ilə rastlaşırıq. Bütün sosial yönümlü televerilişlərdə çoxlu materiallar, konfliktli alilələr haqqında verilişlər gedir. Təəssüflər olsun  ki, onlar artıq bizim televerilişlərin baş qəhrəmanlarına çevriliblər. 

– Bəs indi vəziyyət necədir? Yəqin ki, sizi radikal fikirlərə təhrik edən daha amansız səbəblər var…

– İndi dəbli, Avropadan gəlmə hər hansı ictimai nikah, kəbin altında uşaqlar dünyaya gətirilir. Bəzən bu uşaqların sayı 5, 6 olur. Sonra da dövləti, vergi ödəyicilərini məcbur edirlər ki, biz həmin uşaqları saxlamaq üçün pul ödəməliyik. Buna etiraz olaraq həmin qeyri-qanuni doğulan uşaqların valideynlərdən alınıb dövlətin himayəsinə verilməsini bildirdim. Eyni zamanda qanuni nikahla doğulan və bir ildən, altı aydan sonra qadın tərəfindən həmin uşaqlardan silah kimi istifadə olunma halları da var. Varlı əri şantaj edirlər. Ərin varını iki yerə bölərək əlindən almaq istəyirlər. Hətta qayınata və qayınananın evini əlindən almağa çalışırlar. Məhz buna görə də külli miqdarda konfliktlər baş verir. Fikir verin, bir kişinin bir qadını bıçaqlaması, uşaqlarımızın, qocalarımızın gözü qarşısında, küçədə bu cür hadisələrin baş verməsi və həmin hadisədən sonra dövlətin “N” sayda orqanları və digər qurumların nümayəndələri, üstəlik bələdiyyə işçiləri bu işə cəlb olunur. Hadisə törədilən yerin qanı yuyulmalıdır, meyit morqa aparılmalıdır və sair. Dövlət həmin adamlara maaş verir, onları saxlayır. Görün, bu insanlar hər hansı bir faydalı işlə məşğul olmaq və ya öz işini görmək əvəzinə, iki psixdən ibarət bir ailənin ölümlə, qətllə nəticələnən hadisəsini araşdırmağa məcbur qalırlar. Onsuz da bu hadisələrin çoxu baş verərkən – ata və ya ana qətl törədən zaman özünü də, uşağını da, arvadını da öldürür. Bu kimi konfliktlərin daha da dərinləşməməsi və bizdə fövqəladə hadisələrə çevrilməməsi, genefondumuzun qorunması və ailə modelimizi qorumaq üçün bir sıra radikal addımlara ehtiyac var. Mən də həmin verilişdə öz təkliflərimi irəli sürmüşəm. 

– İndi burada maraqlı nüans yaranır; axı üç-beş nəfər başıpozuq, ailə tərbiyəsi görməyən, evlənib-boşanan adamlardan ötrü həddindən artıq radikal qərar qəbul etmək və onu hamıya şamil etmək nə dərəcədə doğrudur? 

– Kim sizə deyir ki, onların sayı üç-dörd nəfərdir?! Biz niyə hadisələri qabaqlamamalıyıq?! Ətrafa – rayonlara, kəndlərə, xaricdə yaşayan azərbaycanlılara baxın. Onlar da Azərbaycan vətəndaşlarıdır, amma xaricdə yaşayırlar. Elə Bakıda baş verən hadisələrə də baxmaq lazımdır. Şəhərə çıxmaq, küçələrə baxmaq gərəkdir. Kafe, restoran və masajxana adı altında əxlaqsızlıq hadisələri ilə rastlaşmamısınız?! Hər hansı qanunvericilik aktı və ya təklifi hadisələri qabaqlamaq üçündür. Ona qalsa, əslində qırmızı işıqda keçən maşınların sayı da azdır. O zaman biz niyə o qanunları qəbul etmişik?! Biz qabaqlayıcı bir təklif kimi onu irəli sürmüşük. Üstəlik, həmin təklifin digər tərəfi də var. Belə olan halda dövlətin himayəsində olan uşaqlar daha sağlam böyüyürlər. Gözlərinin önündə ata və ana bir-birini qırmır, bir-birlərini bıçaqlamır. Həmin uşaqlar dövlətin himayəsində daha sağlam şəkildə yetişirlər. Atasını, anasını itirmiş şəxslərlə bağlı dövlətin xüsusi proqramı var. İndi onlar üçün evlər də tikilir. Yeni iş yerləri də yaradılır. Onlarla bağlı bir sıra layihələr də işlənilir. Dövlətin himayəsində böyüyən həmin şəxslər hüquq-mühafizə orqanlarına, hərbiyə, peşəkar ordu sıralarına verilə bilər. Get-gedə ailələrdə uşaqların da sayı azalır. Həmin uşaqlar dövlətin xüsusi qurumlarında xidmət edə bilərlər. Bu, çox önəmlidir və bütün dünyada bu yanaşma mövcuddur. Təəssüflər olsun ki, Azərbaycanda bununla bağlı hər hansı bir təklif verəndə onu qəribliyə salırlar. Düşünürlər ki, yalnız ata və ana öz uşağını böyütməlidir. Əksinə, dövlət maraqlı olmalıdır ki, onun hesabına böyüdülmüş, yetişdirilmiş bu uşaqlar dövlət orqanlarında müəyyən vəzifələrdə yerləşdirilsin ki, dövlətin onların qarşısına qoyduğu məsələləri də yerinə yetirə bilsinlər.

– Bəs internatlar həmin uşaqları valideyn kimi yetişdirmək iqtidarındadırmı? 

– Valideynlər necə böyüdürlər ki?! Tutalım, bir əxlaqsız qadın öz uşağını necə tərbiyələndirə bilər?! Əxlaqı olmayan, 16 yaşında ərə getmiş, qeyri-qanuni uşaq doğmuş ana öz uşağını necə tərbiyələndirə bilər?! Onun üçün ictimai təsisatlar var. Bağçalar, məktəbəqədər müəssisələr, orta məktəblər, institutlar, universitetlər. Bu ictimai təsisatlar uşaqları vətəndaş olaraq yetişdirir, formalaşdırır. Vətəndaş olaraq onları dövlətə, cəmiyyətə bəxş edir. Əslində mənəvi tellərdən başqa valideynlərin uşaqların tərbiyəsindəki bu və ya digər dərəcədə rolunu minimuma endirməliyik. Əksinə, ictimai təsisatlar bu işdə çox önəmli rol oynamalıdır. Baxın, biz uşaqları valideynlərin öhdəsinə buraxdıq, Azərbaycanda savadsızlıq demək olar ki, 80 faizdir. Biz uşaqlarımızı xaricdə təhsil almağa, oxumağa, yaşamağa göndərmək istəyirik. Çünki bu hadisələrin hamısı bir-birinə bağlıdır. Biz Azərbaycanda boşanmanın kritik həddə gəlib çatdığını nəzərə alaraq boşanmadan sui-istifadə edən insanların qarşısına sərt hədlər qoymaq üçün radikal addımlar atmağa çağırırıq. Əks halda biz bunun qarşısını heç cür ala bilməyəcəyik. 

– Bəlkə boşanmaların əsl səbəblərini üzə çıxarmaq lazımdır? 

– Baxın, Azərbaycanda, Bakı şəhərində bıçaqlanmış, qətlə yetirilmiş qadınların və kişilərin statistikası araşdırılıb. Demək olar ki, onların 80 faizi varlı insanların, məmurların və tanınmış insanların övladlarıdır. Hələ buraya zorlama faktlarını da əlavə etsək, ortaya daha dəhşətli faktlar çıxa bilər. Bəhanələr çoxdur. Burada sosial, psixoloji amillərin olması da aydın məsələdir. Seksual uyuşmazlıq, mental dəyərlərin əsiri olan valideynlərin uşaqlarını tezbazar varlı adamlara ərə verməsidir. Narkotikdən istifadə, KİV-dən – sosial mediadan gələn çağırışlar, xaricdən gələn və daxildə olan maddi təzahürlərin ictimailəşməsi və kütləviləşməsi, adiləşməsi kimi məsələlər boşanmaların sayının artmasına gətirib çıxarır. Azərbaycanda gəlinlər və qızlar övladlarını dünyaya gətirəndən sonra anasının, qayınanasının üzərinə atırlar. Hətta uşaqlarına süd vermək istəmirlər. Gecə yuxudan durub öz balasına layla çalan analara həsrət qalmışıq biz… Bu haqda danışan kimi insanlar hay-küy salıb deyirlər ki, “Aydınxan öz ailəsindən danışdı”, “yenə radikal danışdı”. Biz bu kimi məsələləri cəmiyyətin qarşısında qaldıranda dərhal bizi “radikal” adlandırırlar. Əsasən bizi söyməklə məşğuldurlar. Fikir verin, mən “Space”də bu barədə danışdım, bir sayt bu haqda araşdırma yazdı, bütövlükdə bütün sosial media, saytlar bu mövzunun ətrafında fırlandı. Bu o deməkdir ki, bu kimi məsələlərlə məşğul olan sosioloqlar, kulturoloqlar, alimlər, elm və mədəniyyət xadimləri susurlar. Səhiyyə təsisatları da bu məsələlərlə bağlı ağzına su alıb oturur. Nəticədə boşluq olduğu üçün Aydınxanın sözü trendə çevrilir. Problem bundadır. Baş verənlərin arxasında bu problem dayanır. Ailə institutunun dağılması, qadın-kişi zorakılığı ilə bağlı əslində bütün dünyada problem var. Niyə Azərbaycanda bunlar olmalıdır?! Axı bizim çoxəsirlik adət-ənənələrimiz, mental dəyərlərimiz var?! 

– İnternatda böyüyən uşaqlar mənəvi tərəfdən məhrumdurlar. Ata, ana qayğısı görmürlər. Sizcə, biz həmin uşaqları internatın himayəsinə verməklə onları sağlam fərd kimi cəmiyyətə qazandıra biləcəyik? 

– Baxın, ölkədə nələr baş verir. Ata və ana başqa otaqda telefonla gün keçirir, uşaqlar da planşetlə bu biri otaqda özləri üçün yaşayırlar. Artıq biz ata-anası, övladları ilə maraqlanmayan cəmiyyətə çevrilirik. Hər kəs “yalnız mənəm”, “mən yaşamalıyam” düşüncəsi ilə yaşamını sürdürür. Bu millətin unikal, saf ailə dəyərləri haradadır?! Bizim ailə dəyərlərimizi yaponlar, amerikanlar, avropalılar gəlib araşdırırlar. Gəlib bizim qızları alırlar, çünki bizdə həmin mental dəyərlərin bir hissəsi qalıb. Amma biz olan-qalan dəyərlərimizi də məhv edirik. Avropadan, kinodangəlmə mənfi qəhrəmanların xüsusiyyətlərini özümüz üçün götürürük. İnternatda böyüyən uşaqlar ata-ana istiliyindən, qayğısından məhrum ola bilər, amma elə indi valideyn himayəsində olan uşaqlar da belədir. Belə olmasaydı, uşaqlar mənfi işlərlə necə məşğul ola bilərdilər?! Digər tərəfdən, internatda böyüyən, yetişən uşaqlar dövləti və milləti özünə ata, ana hesab edir. Onlar dövlətin dəyərlərini digərlərindən daha yaxşı yaşadırlar, nəinki atalı-analı uşaqlar… 

– İndiki dövrdə internatda böyüyən uşaqların ev problemləri olur. 18 yaşını tamamlayandan sonra internatlar onları atır. Bir çoxları küçələrdə qalır. Evlənə də bilmir. Bəs bunu necə tənzimləyəcəyik? 

– İstər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, istər məşğulluq və digər qurumlar, eyni zamanda Heydər Əliyev Fondu internat uşaqlarının, məzunlarının minimum yaşayışını təmin etmək üçün layihələr işləyirlər. Eyni zamanda onlar üçün Masazırda və digər yerlərdə evlər tikilib. 

– Axı onlar yetərli deyil və hər il yüzlərlə 18 yaşını tamamlamış internat məzunu bu problemlə üzləşir…

– Çünki biz son illərdə bu məsələlərə diqqət ayırmağa başladıq. Bu cür layihələrin sayı son illərdə daha çox artıb. Sovet dövründə onların fabrikləri, yataqxanaları var idi. Hamısı işləyirdi. Bir ara boşluq yarandı. Amma son 10 ildə dövlət başçısının və Heydər Əliyev Fondunun xüsusi nəzarətinə götürülüb. Bu kimi məsələlərlə bağlı müxtəlif layihələr işlənilir. Dünyanın hər yerində ailələr 18 yaşına qədər uşaqlara cavabdehdir. 18 yaşından sonra hər kəs yetkin şəxs sayılır. Gənc bu yaşdan sonra cəmiyyətə atılmalı, yeni işlərlə, yeni formatda cəmiyyətə adaptasiya olmalıdır. Biz niyə dövlət və ailə olaraq uşaqlarımıza hər şey etməliyik?! Onları oxutdurmalıyıq, yaxşı təhsil verməliyik, buna sözüm yoxdur. Amma biz niyə onlara diplom almalı və işə düzəltməliyik?! Hələ toy etməli, ev almalıyıq?! Bəs onda bu insanlar nə üçündür?! Baxın, Azərbaycanda tənbəllərdən ibarət bir qoşun yaranıb. İnsanlar artıq işləmək istəmirlər. Evlənən insanlar bilirsiniz niyə boşanırlar? Ata və ana pulu kəsir. Gənc ailə başçısı pul qazana bilmir, qız yemək bişirə bilmir. Ona görə də ailələr dağılır. Həmin ailələrin qurbanları da həmin uşaqlar olur. Ona görə də biz bu insanları 30 yaşından sonra cəmiyyətə buraxmalıyıq. Ona görə də gənc ailələr çətinliklər görməlidir. Çalışıb-vuruşaraq özlərinə güzəran yaratmalıdırlar. Cəmiyyətin və dövlətin iqtisadi inkişafı üçün müəyyən qatqılar verməlidirlər. 

– Deməli, ümumiyyətlə savadsız kəsim evlənməməli və ailə qurmamalıdır? Sizə görə, övladlarına tərbiyə verə bilməyən, onları milli ruhda böyüdə bilməyənlər evlənməməlidir ki, sonradan bu cür problemlər yaranmasın? 

– Bəlkə də mənim sözümü bu cür başa düşə bilərsiniz. Amma mən düşünürəm ki, cəmiyyətə akademikdən tutmuş fəhləyə, süpürgəçiyə qədər hər cür insan lazımdır. İndi maşın təmiri ilə məşğul olanlar daha yaxşı pul qazanır, nəinki akademik və ya mənim kimi intellektual sahədə işləyənlər… Mən iki aydır ki, 410 manat maaş alıram. 1997-ci ildən dövlət qəzetində çalışıram. Amma bir fəhlə günü 30 manata iş görür. Əlbəttə, bu, ədalətsizlikdir. İntellektual insanlar fiziki işlə məşğul olanlardan 10 dəfə çox məvacib almalıdır. Bu, başqa problemdir. Amma sağlam ailənin qurulması üçün hər iki tərəf işləməlidir. Qadın da, kişi də çalışmalıdır. Əgər bir ailəyə yalnız kişinin və ya qadının pulu gəlirsə, əvvəl-axır həmin ailə dağılacaq. Bu, gec-tez konfliktə çevriləcək. 

– Ailədə iki nəfər işləsə, uşağın tərbiyəsi ilə kim məşğul olacaq? 

– Bu məsələlər Avropada tənzimlənir. Uşaq mərkəzləri, ailə mərkəzləri bu kimi missiyanı öz üzərinə götürür. Uşaq bağçaları mövcuddur. Bu bizdə də var. Dayə sistemi olmalıdır. Biz çalışmalıyıq ki, konfliktli və adi ailələr üçün xüsusi mərkəzlər yaradaq. Ata və ana işləyirsə, uşaqlar həmin mərkəzlərdə böyüməlidir. Dünyanın hər yerində bununla bağlı təsisatlar var. Azərbaycanda da bu kimi təsisatların yaranmasına ehtiyac duyulur. Dəfələrlə bu barədə hökumətə öz təkliflərimizi vermişik. Bakıdan kənarda yeni tikililərə icazə vermək lazımdır. Onun iki mərtəbəsini uşaq tərbiyə mərkəzləri üçün ayırmaq mümkündür. Bu qədər gənclər, olimpiya mərkəzləri yaradılıb, nəyə lazımdır?! Əgər onlar gənclərə xidmət göstərmirsə, nəyə lazımdır? Həmin mərkəzlər ölkənin hər yerində var. Amma nə ilə məşğul olduqları bəlli deyil. Gənclər və olimpiya mərkəzlərini uşaq mərkəzlərinə çevirmək lazımdır. Bir ölkədə nə qədər olimpiya, dünya çempionları olacaq axı?! Dünya çempionatında özümüz özümüzlə yarışası deyilik ki… ona görə də həmin təsisatların təyinatlarını dəyişib uşaq, ailə mərkəzləri, uşaq psixoloji mərkəzləri yaratmalıyıq. Dayəçilik təsisatlarını özündə cəmləşdirən mərkəzlərə çevirməliyik. Valideynlər də uşaqlarını oraya təhvil verərək səhər 8-dən axşam 6-ya qədər rahatca öz işlərini görsünlər. Hətta iş yerlərində kiçik yaşlı uşaqların əylənməsi üçün otaqlar nəzərdə tutulmalıdır. 

– Aydın bəy, bütün bunlar külli miqdarda vəsait tələb edir. Dövlət bunun öhdəsindən gələ bilərmi? Ondansa elə uşaqpulunu verərdi də?

– Onsuz da olimpiya və gənclər mərkəzlərini tikib. Söhbət özəl və dövlət qurumlarından gedir. Bir otağı namaza ayıra bilirik. Supermarketlərdə uşaq əyləncə mərkəzləri ayıra bilirik. İş yerlərində də bir dayə ştatı açaraq həmin uşaqlar üçün yer düzəltmək mümkündür. Eyni zamanda bağçaların və məktəblərin təyinatını bir qədər dəyişmək də mümkündür. O vaxt məktəbdən sonra dərnəklər, məşğələlər olurdu. Bu, indi də olmalıdır.

Tural Turan, https://publika.az/az/news/xususi/394404

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir