Heydər Əliyev Fondu: cəmiyyəti qabağa aparan intellektual beyin mərkəzimiz…
Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycanda təhsilin inkişafına böyük töhvə verməkdədir. Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi respublikamızın bütün ərazisində geniş vüsət almış və ötən müddət ərzində 3 mindən artıq yeni orta məktəb binası inşa edilib istifadəyə verilmişdir. 2005-ci ildən həyata keçirilən bu proqramın əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır.
Fondun önəmli layihələrindən biri də “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə olunmasıdır. Layihə çərçivəsində təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması həyata keçirilir. Məktəbəqədər müəssisələrdə fond tərəfindən hazırlanmış müxtəlif mövzulu plakatlardan, multimedia disklərindən, tablolardan, oyun və digər əyani vəsaitlərdən istifadə edilir. Bu vəsaitlər mütəmadi olaraq hər il sözügedən müəssisələrə paylanır.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblərin binaları yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. 2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilmişdir. 2010-cu ildə fondun dəstəyi ilə Gürcüstanın Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunmuş, 2011-ci ildə Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilərək istifadəyə verilmişdir. Fondun fəaliyyəti Rusiya Federasiyasını da əhatə edir. Belə ki, 2010-cu ildə şimal qonşumuzun Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbin binası əsaslı təmir edilmişdir.
Uşaq evləri və internat məktəblərinin inkişafı” layihəsi də Heydər Əliyev Fondunun fəaliyyətində önəmli yerlərdən birini tutur. Mehriban xanım Əliyeva çıxışlarında bu layihənin əhəmiyyətini xüsusi vurğulamış və qayğıya möhtac uşaqların problemlərinin diqqət mərkəzində saxlanılmasının vacibliyini belə açıqlamışdı: “Fondun daim diqqət mərkəzində olan layihələri ölkəmizdə mövcud olan internat məktəbləri və uşaq evlərinin fəaliyyəti ilə bağlıdır. Bu müəssisələrin maddi-texniki bazalarının yenidən qurulması ilə yanaşı, biz çalışırıq kimsəsiz uşaqlara mənəvi dayaq alaq, onlar üçün bir növ ailə mühiti yaradaq. Artıq mən deyə bilərəm ki, bütün uşaqlar bizim üçün əziz və doğma olublar, biz mütəmadi olaraq onlarla görüşürük və bu gün mən bütün cəmiyyətimizi bu problemə diqqət yetirməyə çağırıram”.
Birinci xanımın məhz misilsiz xidməti sayəsində bu gün Azərbaycanda xeyriyyəçilik ənənələri intibah dövrünü yaşayır və fondun təşəbbüsü və dəstəyi ilə gündəmə gətirilən bu layihələr uğurla həyata keçirilir. Mehriban xanım Əliyevanın “Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin fondun kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Ulu öndər Heydər Əliyev deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Azərbaycan xalqının zəngin mədəni irsinin qorunması və təbliği işində Heydər Əliyev Fondunun əməyi çox böyükdür. Fondun mədəniyyətimizin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərdə göstərdiyi dəstək və fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünya mədəni irsinin zənginləşməsinə öz böyük töhfəsini verməkdədir. 1999-2009-cu illərdə UNESCO-nun baş direktoru olmuş Koişiro Matsuuranın Azərbaycanın birinci xanımı haqqında demişdir: “Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin qorunmasına və təbliğinə çalışmaqla təkcə öz xalqına xidmət etmir, eyni zamanda, UNESCO-nun qarşıya qoyduğu vəzifələri icra edir. Bu vəzifələr isə, ümumiyyətlə, bəşəriyyətə xidmət etməkdən ibarətdir. Xanım Əliyevanın fəaliyyəti təqdir olunmalıdır”.
UNESCO-nun keçmiş baş direktoru İrina Bokova da Heydər Əliyev Fondunun mədəniyyətin inkişafında oynadığı rolu yüksək qiymətləndirməklə yaponiyalı sələfin fikri ilə razılaşdığını nümayiş etdirir: “Biz tam əsasla deyə bilərik ki, əgər ölkənizin böyük mədəni irsi-şifahi ədəbiyyatın müxtəlif nümunələrindən müasir müsiqi sənətinə qədər-bütün dünyada bu cür nüfuz qazanmışdırsa, bu, xeyli dərəcədə şəxsən Sizin dəstəyiniz və prezidenti olduğunuz Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində mümkün olmuşdur”.
Mehriban xanım Əliyevanın mədəniyyətimizin inkişafı və təbliği işində əldə etdiyi böyük nəticələr Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və ilk Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalamışdır. Mədəni irsimizin böyük nümunələrindən biri sayılan müğamın, aşıq sənətinin və Novruz bayramının UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsinin, tar sənəti və ifaçılığının isə Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil etməsi də məhz Heydər Əliyev Fondunun həyata keçirdiyi məqsədyönlü və davamlı işin nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyevanın “Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da bu günə qədər qoruyub saxladığımız və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə yönəldilmişir, UNESCO-nun xoşməramlı səfiri kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə yönələcəkdir” sözləri bir daha təsdiqləyir ki, mədəni irsimizin müdafiəsi işi bundan sonra da uğurla davam etdiriləcək.
İdmanın inkişafı məsələsi də Mehriban Əliyevanın fəaliyyətində xüsusi yer tutur. Dövlətin qayğısı və diqqəti nəticəsində özünün genişmiqyaslı inkişaf mərhələsinə qədəm qoymuş idman sahəsində əldə edilmiş uğurların miqyasından hamı xəbərdardır. İdmançılarımızın Dünya və Olimpiya yarışlarında ölkəmizi layiqincə təmsil etmələri dövlətin göstərdiyi güclü dəstək sayəsində mümkün olduğu da hamıya məlumdur. Respublikada inşa edilən və ən müasir avadanlıqla təchiz olunan Olimpiya idman komplekslərinin sayı 40-ı ötmüşdür. Belə vacib prosesə fəal qoşulan Heydər Əliyev Fondu da idmanımızın inkişafına dəstək göstərir, sağlam gəncliyin yetişməsi işinə öz töhfəsini verir. “İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir”,- deyən Mehriban Əliyeva idmanın cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirərək, onun həm də birləşdirici gücünün olduğunu vurğulayır. Bundan başqa, bədii gimnastika üzrə 27-ci Dünya Çempionatının, son dəfə 30-cu Avropa Çempionatının ölkəmizdə uğurla keçirilməsi Azərbaycan Bədii Gimnastikası Federasiyanın prezidenti kimi Mehriban Əliyevanın bu idman növünün inkişafı ilə yanaşı, Azərbaycan idmanının təbliği istiqamətində də əldə etdiyi çoxsaylı nailliyyətlərdən biridir.
Birinci xanımın idmanın inkişafı və populyarlaşdırılması, eləcə də xalqlararası münasibətlərdə yeni səhifənin açılmasında böyük rol oynayan ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi uğurlu fəaliyyətini də qeyd etmək vacibdir. Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu əhəmiyyətli beynəlxalq tədbirə geniş hazırlıq işləri başladı. Qısa müddətdə yeni idman obyektləri inşa olundu, mövcudları isə əsaslı şəkildə müasir formada yenidən quruldu. Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin dediyi kimi, “Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın böyük xidmətləri var. Onun yüksək peşəkarlığı, dərin zəkası nəticəsində bu Oyunlar həyata vəsiqə qazandı. Mən birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm”. Fransa mütəfəkkiri Jozef Juber deyirdi ki, “xeyirxahlıq həm də sevən insanlardan ibarətdir”. Mehriban xanım Əliyeva onu dərindən sevən ailə üzvlərinin əhatəsindədir. Birinci xanımın “Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir” sözlərini onun cəmiyyətin özəyini təşkil edən ailəyə verdiyi böyük qiymətin göstəricisi kimi qeyd etmək olar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dediyi sözlər Mehriban xanımın qayğıkeş ana, mərhəmət və şəfqət simvolu olduğunu bir daha gözlər önünə gətirir: “Mən çox istəyirəm ona oxşayım, lap çox. Çünki o, xeyirxah insandır. O, mənim anamdır, eyni zamanda, mənim üçün prinsipcə hər cəhətdən idealdır”.
Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.
Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, “Azərbaycan – İrs” jurnalının baş redaktorudur.
Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.Dünya iki qüvvənin əbədi mübarizəsi üzərində qurulub: xeyir və şər qüvvələr. Xeyir qüvvələrin qalib gəldiyi yerlərdə şəfqət və mərhəmət əbədi zəfər çalmış olur. Ulu Öndərimiz vaxtilə məşhur bir müsahibəsində demişdi:”Qoy ədalət zəfər çalsın!” Əlbəttə ki, bütün bunlar mənəviyyata bağlı məsələlərdir.Mənəviyyat hardadır, ədalət, düzgünlük, insanpərvərlik, dürüstlük, nəciblik, alicənablıq kimi keyfiyyətlər də ordadır. Bu gün bu kimi nəcib missiyanı yüksək mənəvi məsuliyyət hissi ilə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycan Respublikasının Birinci – vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ön sırada dayanır.
“Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”. Ulu Öndərimiz Heydər Əliyevə məxsus olan bu dəyərli fikri müstəqil Azərbaycanın həyatında qadınların roluna dövlət səviyyəsində verilən yüksək qiyməti əks etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də qadınların cəmiyyətin inkişafındakı rolunu qiymətləndirərək qeyd edir ki, “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bu günkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər.“ Bəli, böyük tarixi, mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim yüksək ehtiramla yanaşmışdır.Qadın yaşadığı tarixi dövrdən, onun sosial-iqtisadi vəziyyətindən, coğrafi məkandan, irqindən, dilindən, dinindən asılı olmayaraq, hər zaman bəşəriyyətin inkişafına mühüm töhfələr veriblər. Azərbaycan qadını çətin, keşməkeşli inkişaf yolu keçərək bütün mərhələlərdə ilklərə imza atmağa müvəffəq olmuşdur. Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşdü. Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı.
Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.
UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın istər Azərbaycanda, istərsədə də dünya miqyasında həyata keçirdiyi tədbirlər həmişə böyük rəğbətlə qarşılanmış və respublikamızın birinci xanımının səmərəli fəaliyyəti müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilmiş, o, bir sıra ölkələrin ən yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb Azərbaycan adlı məmləkətimizin mərhəmətli qol-qanadlarını onların üzünə açır. Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.
Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: “Müasir dünyada hər bir ölkənin inkişafı. onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir”.
Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür. Fond hər zamankı ənənəsinə sadiq qalaraq 28 dekabr 2012-ci il tarixində uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsildə xüsusilə fərqlənən uşaqlar üçün yeni il şənliyi keçirmişdir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olmuşdu. Həmçinin Vaşinqton Elmlər Akademiyası və UNESKO “Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq” adlı ilk beynəlxalq konfransın təşkilindən sonra tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma ümumdünya yaddaş qeydiyyatına salınmışdır.
Həmin qeydiyyatda, ümumilikdə, 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir. Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Azərbaycan xalqının dərin rəğbətini və sevgisini qazanıb.Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur.
Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.
Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur. Sevimli Mehriban Əliyeva Xanım Çıxışlarının Birində Demişdir ki, “Mən dünyanı dəyişmək niyyətində deyiləm, mənim üçün özümü dəyişmək maraqlıdır – daha yaxşı olmaq. Bu, məncə daha faydalı işdir”.

Hazırlayanı: Fərid Şərifov,
YAP-ın üzvü, Xətai Rayon İcra Hakimiyyətinin Könüllüsü,
İDEA İctimai Birliyin üzvü, Azərbaycan Mədəniyyəti Sosial Platformasının sədr muavini

