Sosial inkişaf strategiyasının müəllifi: Heydər Əliyev. Nazir Sahil Babayev yazır

Ümummilli Lider Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanın inkişaf və tərəqqisinə həsr olunub. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi dövrdə sosial inkişafı, xalqın rifah səviyyəsinin yaxşılaşdırılmasını, etibarlı sosial müdafiə sisteminin qurulmasını dövlətin ən vacib vəzifələrindən biri kimi müəyyən edərək bu istiqamətdə ardıcıl olaraq mühüm addımların atılmasını, ölkəmizin vətəndaş rifahına təminat yaradan sosial inkişaf strategiyasını formalaşdırıb.

Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Azərbaycanın ozamankı ittifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl ölkələr sırasına çıxmasını təmin etdi. Respublikada iqtisadiyyatın dinamik iqtisadi inkişafına nail olunmaqla, böyük sayda işçi tutumuna malik yüzlərlə müəssisə yaradılmaqla, xalq təsərrüfatının bütün sahələrinin güclü inkişafı təmin edilməklə əhalinin məşğulluq imkanları genişləndirildi, sosial sahənin davamlı inkişafına imkan yaradıldı. Orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilərək yeni ali təhsil müəssisələri açılmaqla yanaşı, hər il respublikamızdan xeyli sayda gənc keçmiş ittifaqın aparıcı elm-təhsil ocaqlarına göndərildi.

Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması nəticəsində isə Azərbaycanın peşəkar hərbi kadrları hazırlandı. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün peşəkar milli zabit heyətinin yaradılması yolunda olduqca mühüm əhəmiyyət kəsb edən tarixi bir addım idi.

1993-cü ilin iyun ayında dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyev xalqın çağırışı ilə Azərbaycana rəhbərliyə qayıdışı ilə ölkəmizi dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas etdi, respublikanı bürüyən xaos və anarxiyanın, mənəvi-psixoloji gərginliyin qarşısını aldı.

Sosial tənəzzül də aradan qalxmağa başladı. O zaman dövlətin maliyyə məhdudluğuna baxmayaraq, Heydər Əliyev ilk növbədə maliyyə imkanlarının daha çox sosial sahəyə, əhalinin həssas qruplarının rifahına yönəldilməsini, aztəminatlı vətəndaşların bazar iqtisadiyyatına keçidin çətinliklərindən müdafiəsini bir prioritet kimi müəyyən etdi ki, bu da onun xalqa bağlılığının daha bir təzahürü idi. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər yeni iqtisadi münasibətlərə keçidlə bağlı islahatlar, xüsusilə bazar iqtisadiyyatına keçidlə bağlı sərbəst qiymətlərin tətbiqi prosesində sosial müdafiə sisteminin də güclənməsinə, pensiya-müavinət, təqaüd təminatının yaxşılaşdırılmasına imkan yaratdı.

“Biz sosial cəhətdən köməyə ehtiyacı olan insanların sosial təminatını gündən-günə yaxşılaşdırmağa çalışmalıyıq”, – deyən Ulu Öndərin imzaladığı sənədlər sosial təminat sisteminin mütəmadi güclənməsini, əhalinin rifahının qorunması üçün mühüm addımların atılmasını təmin etdi. İşləməyən pensiyaçılara kompensasiya verilməsi, çörəyin və çörək məmulatlarının qiymətlərinin tənzimlənməsi, əməkhaqlarının, müavinət və pensiyaların artırılması, aztəminatlı əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edildi. Ölkəmizdə sosial dövlət modelinin əsaslarını yaradan Ümummilli Lider Heydər Əliyevin göstərişləri əsasında sosial müdafiə tədbirlərinin, sosial ödənişlərin əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişləndi.

Ümumilikdə 1995-2003-cü illər ərzində ölkədə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, muzdla işləyənlərin orta aylıq əməkhaqqı 6 dəfədən çox artmışdır. Sosial sahəyə xüsusi qayğıkeşliyin göstəricisi kimi Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün 60-dan artıq sənəd imzalanmışdır.

Eyni zamanda, 1999-cu ildə MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi qəbul edilmiş, az sonra məşğulluq sahəsində milli qanunvericilik formalaşdırılmışdır. Həmçinin ötən əsrin 90-cı illərində Heydər Əliyevin tapşırığı ilə sosial təminat və reabilitasiya məqsədli bir çox yeni mühüm proqramlara, o cümlədən şəhid ailələri və müharibə əlillərinin mənzillərlə və fərdi evlərlə, müharibə əlillərinin avtomobillərlə təminatına başlanmışdır. Azərbaycanda yeni sosial obyektlər açılmış, reabilitasiya infrastrukturu təkmilləşdirilməklə şəbəkəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin qabiliyyət və istedadlarının dəstəklənməsi və cəmiyyətə tanıdılması üçün ümumrespublika tədbirlərinin təşkilinə başlanmışdır.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin, müdirk və uzaqgörən sosial-iqtisadi inkişaf strategiyasının, mükəmməl islahatlar proqramının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın öz tarixində görünməmiş tərəqqi yoluna çıxmasını təmin etdi. “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik”, – deyə bəyan edən Prezident İlham Əliyevin bu sözləri ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən güclü sosial siyasətdə, çevik və genişmiqyaslı sosial müdafiə tədbirlərində öz əməli təsdiqini tapır.

2003-cü ildən ötən dövrdə Azərbaycan iqtisadiyyatının dünyada rekord göstərici olaraq 3,4 dəfə artması şəraitində mühüm sosial proqramlar geniş vüsət aldı. Ən başlıcası isə, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində şanlı qəhrəmanlıq tarixi yazaraq möhtəşəm zəfər əldə etdi, Azərbaycan çağdaş dünya hərb tarixinə misilsiz döyüş peşəkarlığı nümunəsi yazdı, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi. Prezident

İlham Əliyevin vurğuladığı kimi: “Bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır”.

Müharibədən sonra isə dövlət başçısının göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunublar. Postmüharibə dövründə icra olunan bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib. O cümlədən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min şəxsə 103 min sosial ödəniş təyin olunub. Bu ödənişlərin vətəndaşların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac olmadan elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilib.

Qeyd olunan sosial paket üzrə Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə, 1400 müharibə əlili 17 min reabilitasiya vasitəsi, 5 min ailə sosial-psixoloji, 1500 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib, 11 min şəxs aktiv məşğulluq proqramlarına,  o cümlədən özünüməşğulluq proqramına cəlb edilib. Vahid əlaqələndirmə mərkəzləri tərəfindən isə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 30 mindən çox şəxsə xidmətlər göstərilib.

Ulu Öndər Heydər Əliyevin hələ ötən əsrin 90-cı illərində əsasını qoyduğu mühüm sosial müdafiə proqramlarından biri – şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara xüsusi qayğıkeşliyi nəticəsində davam etdirilərək ildən-ilə genişlənir. Dövlət başçısının tapşırığı ilə postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib.

Ötən ildən etibarən Bakının Ramana və Xocasən qəsəbələrində, Abşeron rayonunda, “Ümid” qəsəbəsində, Lənkəranda, Samuxda yeni yaşayış kompleksləri şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Bu il mayın 2-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət daha bir yeni yaşayış kompleksinin açılışı oldu. Bu da şəhid ailələri və müharibə əlillərinə böyük qayğının daha bir ifadəsidir.

Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə həmin kompleksdə mənzillə təmin olunan şəhid ailəsi ilə görüşərkən demişdir: “Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib” deyə qeyd edərək, şəhid ailələrinin problemlərinin həlli üçün dövlətin əlindən gələni etdiyini və bundan sonra da edəcəyini bir daha bəyan etdi: “Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, – bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur”.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə əvvəlki ilə nisbətən 70 faiz çox – 1572 mənzil və fərdi ev verilibsə, 2021-ci ildə bu proqram 3 il əvvələ nisbətən 5 dəfə genişlənib, ötən il 3 min mənzil və fərdi evin verilməsi proqramı icra olunub. Beləliklə, postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Dövlət başçısının tapşırığı ilə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də uğurla davam edir. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə minik avtomobili verilib.

Onu da qeyd edək ki, şəhid ailələri və müharibə əlillərini xüsusi qayğıkeşliklə əhatə edən dövlət başçısının fərman və sərəncamları ilə həmin kateqoriyadan olanların sosial təminatı mütəmadi gücləndirilir. Buna misal olaraq, onlara yönələn sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin edilib. Şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin məbləği də 2018-ci ilin əvvəlinə nisbətən 2,3 dəfə artırılaraq 220 manatdan 500 manata çatdırılıb. Müharibə əlilləri və onlara bərabər tutulanlara Prezidentin aylıq təqaüdü isə 2018-ci ilin əvvəlinə nisbətən

I dərəcə üzrə 2,4 dəfə artaraq 165 manatdan 400, II dərəcə üzrə 2,4 dəfə artırılaraq 143 manatdan 350, III dərəcə üzrə 2,7 dəfə artırılaraq 110 manatdan 300 manata çatdırılıb. Onlara həmçinin sığorta stajına müvafiq olaraq aylıq əsasda pensiya və sosial müavinət, I qrup əlilliyi olanlara isə əlavə olaraq təqaüd də ödənilir.

Prezident İlham Əliyevin müvafiq fərmanları ilə 2019-2020-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilməsi proqramını icra edib. 29 dekabr 2021-ci il tarixli sərəncamla isə nazirlik 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və aidiyyəti qurumlar tərəfindən “Müharibə veteranı” adı verilmiş, adları “Zəfər” altsisteminə daxil edilmiş, habelə kağız daşıyıcılarda təqdim edilmiş veteranlara Prezidentin aylıq təqaüdünün təyinatı prosesini e-sistem üzərindən proaktiv qaydada həyata keçirərək yekunlaşdırıb.

Dövlət başçısının ötən ilin dekabr ayında imzaladığı fərmana əsasən isə yaxın günlərdə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları, vəfat etmiş şəxslərin ailə üzvləri də birdəfəlik ödəmə ilə təmin olunacaq.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Heydər Əliyev tərəfindən əsası qoyulan tədbirlərin uğurla davam etdirilməsi ötən dövrdə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin dəfələrlə artırılmasına imkan verib. Xüsusilə 2018-ci ildən başlanan yeni köklü sosial islahatlar nəticəsində bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunub. Belə ki, 2019-cu ildən ötən dövrdə minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatdırılıb. Ölkəmiz minimum əməkhaqqının həm nominal, həm də alıcılıq qabiliyyəti indeksinə görə MDB üzrə ikinci yerə yüksəlib. Orta aylıq əməkhaqqı 41, median əməkhaqqı 85 faiz artıb.

Son 4 ildə minimum pensiya isə 2,2 dəfə artırılaraq 240 manata çatdırılıb. Bu gün Azərbaycan minimum pensiyanın həm nominal, həm də alıcılıq qabiliyyəti indeksinə görə MDB üzrə birinci yerə yüksəlib. Orta aylıq pensiya isə 75 faiz artaraq 363, yaşa görə orta aylıq pensiya 70 faiz artaraq 394 manata çatıb. Son 4 ildə müavinət və təqaüd ödənişləri müvafiq olaraq 3 və 5 dəfə artıb. Ümumilikdə 2018-2022-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclərdə də 70 faiz artım olub.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında da ardıcıl artımı təmin edir. Buna misal olaraq, 2018-2022-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın artım qeydə alınıb. İllik əməkhaqqı fondunda isə həmin dövrdə 2,2 dəfə artım olub.

Ölkədə aktiv məşğulluq proqramları da ildən-ilə genişləndirilir. Özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlığa çıxışına imkan yaradılmasında mühüm dəstəkdir. 2021-ci ildə 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 14 dəfə çoxdur. Ümumilikdə son 4 ildə 49 min ailə özünüməşğulluq proqramına cəlb edilərək öz kiçik ailə təsərrüfatlarını və kiçik müəssisələrini yaradıb.

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi və Agentliyin DOST mərkəzləri sosial sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən mühüm nailiyyətlərindən biridir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin (154 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb.

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, həmçinin DOST konsepsiyası beynəlxalq səviyyədə də böyük maraq kəsb edərək yüksək dəyərləndirilir. 2022-ci ilin ötən dövründə DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər mükafatına, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülüb. Həmçinin DOST Agentliyinin Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Avropa üzrə Yaxşı Təcrübə Mükafatı – 2022” müsabiqəsinə təqdim etdiyi üç layihənin hər biri müsabiqənin qalibi olub. Agentliyin “Vətəndaş məmnunluğu monitorinq sistemi”, “DOST Agentliyi ləyaqət və bərabər hüquqlar naminə” və “DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi” adlı layihələri müsabiqənin Müstəqil Beynəlxalq Münsiflər Heyətinin qərarı ilə mükafatlara layiq görülüb. Beləliklə, Azərbaycanın DOST layihəsi bu ilin ötən dövründə 5 nüfuzlu beynəlxalq mükafatla təltif olunub.

Qeyd edək ki, ötən dövrdə 850 minədək vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98 faiz üzərindədir. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunda aparılan, fondun fəaliyyətinin “inzibati yanaşma” modelindən “vətəndaşlara xidmət” modelinə keçidini, şəffaf, əhali üçün daha rahat, əlverişli xidmətlərin göstərilməsini, xidmətlərin rəqəmsal və proaktiv təqdim olunmasını təmin edən islahatlar da beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.

Fond bu il ərzində Böyük Britaniyanın “iESE – The Public Sector Transformation” Təşkilatının təşkil etdiyi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində iştirak edərək “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına, sosial təminat və innovasiyalar sahəsində səmərəli fəaliyyəti, dayanıqlı inkişaf sahəsində qabaqcıl metod və həll yollarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatına layiq görülüb. Bu günlərdə isə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının daha bir müsabiqəsində qalib gələrək “Ən yaxşı mütərəqqi təcrübə” mükafatı ilə təltif edilib.

Ümumilikdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizmin təcəssümü olan təşəbbüs və layihələri ölkəmizdə sosial inkişafın təmin edilməsində, sosial cəhətdən həssas qruplardan olan vətəndaşların, xüsusi qayğıya ehtiyac duyan şəxslərin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasında mühüm töhfələr verir. DOST layihəsi ilə yanaşı, mühüm sosial əhəmiyyət kəsb edən belə layihələr sırasında dövlət uşaq müəssisələrinin məzunlarının mənzillərlə təmin edilməsini və Abşeron rayonunda “Məzun evi” sosial müəssisəsinin, habelə Bakının Suraxanı rayonunda uşaq reabilitasiya müəssisəsinin, əlilliyi olan şəxslər üçün regional informasiya mərkəzlərinin yaradılmasını, “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini və s. qeyd edə bilərik.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ilk ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanının – DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Azərbaycanda yaradılması isə əlilliyi olan şəxslərin və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına dəstək verilməsi istiqamətində dövlət tərəfindən fəal və məqsədyönlü siyasətin aparıldığını bir daha təsdiq edir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə 22 oktyabr 2021-ci ildə açılışı olan mərkəz 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olmaqla, əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialını ortaya çıxararaq cəmiyyətə təqdim edilməsinə əhəmiyyətli dəstək verir.

Dövlət başçısının uğurlu sosial siyasəti ölkədə sosial infrastrukturun, o cümlədən sosial xidmət və reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. 2018-ci ildən sonrakı dövrdə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra, ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib, Qəbələdə də Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq.

Yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verir. Həmçinin son 4 ildə sosial xidmətlər, günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi xeyli genişlənib. Sosial xidmət sahələrində daimi təkmilləşdirmələr də aparılıb və davam edir.

Azərbaycanda aparılan sosial islahatların mühüm bir istiqaməti dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi, rəqəmsal müstəvidə əhali üçün proaktiv xidmətlər şəbəkəsinin, avtomatlaşdırılmış sistemlərə əsaslanan müasir, çevik və şəffaf, optimal idarəçiliyin yaradılmasıdır. Xüsusən son 4 ildə ölkədə əmək, məşğulluq, sosial təminat, sosial xidmət, əlillik, reabilitasiya, övladlığagötürmə və s. sahələrdə e-texnologiyaların geniş tətbiqi təmin edilib.

Mühüm innovativ uğurlardan biri olan, dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli fərmanı ilə yaradılan “e-sosial.az” portalı ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara çıxış və 100-dən çox sosial xidmət növündən çevik rejimdə yararlanmaq imkanı verir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 175 xidmətdən 110-u e-platforma üzərindən, o cümlədən 46-sı proaktiv qaydada göstərilir. Bu il isə nazirlik daha 50-dən çox e-xidməti istifadəyə verəcək.

“Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verilməsi ilə Azərbaycanda əmək və məşğulluq sahəsində islahatların yeni və mühüm bir mərhələsinə keçirilir. Əmək münasibətlərində köklü dəyişiklikləri nəzərdə tutan ƏMAS ölkə üzrə kifayət qədər əhatəli olan, bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdırır. ƏMAS ölkənin Məşğulluq xəritəsini və reyestrini, mərkəzləşdirilmiş Karyera Portalını, işə düzəlmədə vasitəçilik üzrə vahid reyestri əhatə edəcək. Bu altsistem əmək müqavilələrinin e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçirilməsi, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat, şəffaf yerinə yetirmələri, dəstəklənməsi və s. imkanı yaradır.

Bütün qeyd edilən sosial uğurlar Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilən sosial inkişaf strategiyasının nailiyyətləridir və bu siyasət bundan sonra da ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial sahədə vətəndaş rifahının və məmnunluğunun təminatı istiqamətində yeni irəliləyişlərə imkan yaradacaq.

Sahil BABAYEV,

Əmək və əhalinin sosial müdafiəsi naziri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir