Qlobal ekoloji böhran: dünyada su müharibəsi çıxa bilər – təhlükə qapımızda

Fəlakətin astanasında…

Planetimizin su ehtiyatının 97 faizdən çoxu içməyə yararsız şor sulardır. Nəzərə alsaq ki, içməli su mənbələri qurunun ayrı-ayrı ərazilərində qeyri-bərabər şəkildə paylanıb, qarşıya, həqiqətən, qorxunc mənzərə çıxır. Şimal və cənubdan ekvatora yaxınlaşdıqca quraqlıq və səhralar uzanıb gedir. Əhalinin sayı artdıqca suya olan ehtiyac da sürətlə çoxalır. Yalnız son on ildə  suya olan tələbat on dəfədən çox artıb. İyirmi birinci yüzilliyin əvvəllərində də dünya əhalisinin 1 milyard nəfərdən çoxu təmiz su əldə edə bilmir. İnkişaf etməkdə olan ölkələrin əhalisinin 2,6 milyard nəfəri kanalizasiya sistemindən istifadə etmir.

Bu o deməkdir ki, bu insanlar su mənbələrindən ən azı 1 kilometrdən çox məsafədə məskunlaşmışlar. İndinin özündə də Mərkəzi Afrikada, Hindistanın cənub əyalətlərində yüzlərlə şəhər, kənd var ki, içməli su mənbəyindən 10-12 kilometr aralıda yerləşir. Sual oluna bilər ki, içməli su mənbəyindən bu qədər uzaqda yaşayış məntəqələri niyə salınıb? Sadəcə olaraq, yaşayış məntəqələri salınan dövrdə, çox güman ki, yaxınlıqda su olub, sonralar müxtəlif səbəblərdən yoxa çıxıb. Odur ki, insanlar su ehtiyaclarını kanallar, arxlar, mühafizə olunmayan quyular, irriqasiya kanalları və kiçik sututarlar hesabına ödəyirlər. Aydındır ki, belə su mənbələrindən ərazidəki heyvanlar da istifadə edir. Deməli, bu sular ölümlə nəticələnə biləcək xəstəliklərə səbəb olan zərərli bakteriyalarla çirklənmişdir.

Su qıtlığı yaşansa, səbəbkar su istifadəçiləri sayılacaq?

“Son 20-30 ildə iqlim dəyişmələrinin təsiri nəticəsində havanın çoxillik orta temperaturunun 10 selsiyə yaxın artması nəticəsində ölkə ərazisinə düşən illik atmosfer yağıntılarının daha çox hissəsi buxarlanmaya sərf olunur, az hissəsi isə çaylarda suyun əmələ gəlməsində iştirak edir”. Bir neçə ay bundan əvvəl bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirlik yanında İctimai Ekoloji Şuranın üzvü, su məsələləri üzrə ekspert Rafiq Verdiyev deyib. R.Verdiyevin sözlərinə görə, ölkənin yerli səth su ehtiyatları əgər 1960-90-cı illərdə 10 kubkilometrə yaxın idisə, son illərdə azalaraq 9 kubkilometrə düşüb:

“Ölkədə içməli su tələbatını, eyni zamanda suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd çaylar olan Kür, Araz, Qanıx, Samur, Astara və s. çayların su ehtiyatlarından istifadə edir. İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 kubkilometr təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər. İqlim dəyişmələrinin təsiri və qonşu dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çayların su ehtiyatları da son illər azalıb. 1960-90-cı illərlə müqayisədə son illərdə Kür, Qanıx və Araz çaylarının su ehtiyatları 30%-ə qədər azalır və nəticədə ölkəmizin ərazisinə bu çaylarla ildə cəmi 12-15 kubkilometr su daxil olur”.

Ekspert bildirib ki, müxtəlif iqlim ssenarilərinə görə su ehtiyatlarımızın gələcəkdə daha da azalacağını nəzərə alaraq bu gün həm ölkə daxilində, həm də qonşu dövlətlərlə müxtəlif addımlar atılmalı və uyğunlaşma tədbirləri həyata keçirilməlidir:

“Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməlidir. Su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalıdır. Kənd təsərrüfatında və sənayedə müasir texnologiya və suya qənaət edən avadanlıqdan istifadə edilməlidir”.

Sudan kimlər qanunsuz şəkildə istifadə edir?

İçməli sudan qanunsuz istifadə hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə aparılan araşdırmalar nəticəsində Bakı şəhəri və regionlarda sudan uçotsuz və sayğacdankənar xətlərdən istifadə halları aşkarlanıb. Cari ilin mart ayında içməli sudan qanunsuz istifadə ilə bağlı 802 fakt aşkarlanıb. 

Aşkarlanmış faktların 704-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, 98-i isə regionlarda qeydə alınıb. Həmin faktlar üzrə 223 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Ümumilikdə cari ilin  birinci rübündə içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2093 fakt aşkarlanıb. Ötən müddətdə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 1902, regionlarda isə 191 sudan qanunsuz istifadə halı qeydə alınıb. Bununla əlaqədar 566 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin yanvar-mart aylarında  sudan qanunsuz istifadə ilə bağlı 60-dək fakt araşdırılması üçün  hüquq-mühafizə orqanlarına təqdim olunub.

İçməli sudan uçotsuz və sayğacdankənar istifadə halları Abşeron yarımadası üzrə ən çox Binəqədi, Sabunçu və Xəzər rayonlarında, regionlarda isə Şirvan, Tovuz və İmişli şəhərlərində qeydə alınıb.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla istifadə edilməsi yolverilməzdir. İçməli sudan səmərəli istifadə ilə yanaşı, uçotsuz və sayğacdankənar istifadə hallarına qarşı ciddi tədbirlər görülür.

İçməli sudan ən çox hansı ölkənin insanları əziyyət çəkir?

Məlumata görə, şirin su dünyanın su ehtiyatlarının 2,5%-ni təşkil edir – təqribən 35 milyon km3. Lakin bunun 68,7%-i buzlaqların və buz örtüklərinin, 30,1%-i hasilatı çətin olan yeraltı suların payına düşür.

Faktiki olaraq insan üçün Yerin səthində yerləşən şirin suyun 1,2%-i qalır, lakin bu həcmin 69%-i permafrostdur, yalnız 21%-i isə çaylar və göllər təşkil edir. Nəticədə, çay axınının ümumi həcmi BMT tərəfindən 46,8 min km3 səviyyəsində qiymətləndirilir.

Ötən illərdə Hollandiyanın Tvente Universitetinin alimləri Yer kürəsinin içməli suyun çatışmazlığından əziyyət çəkən əhalisini qiymətləndirmişdi. Müəlliflər tədqiqatlarının nəticələrini “Science Advances” jurnalında dərc etmişdi.

İçməli suyun çatışmazlığından əziyyət çəkən insanların yarısı Hindistan və Çində, digərləri isə Avstraliya, Banqladeş, Pakistan, Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Türkmənistan, Oman, San Marino, Belçika, Yunanıstan, İspaniya, Albaniya, Portuqaliya, İtaliya, Meksika və ABŞ-ın cənub-qərbində Kaliforniya, Texas və Florida ştatlarıdır.

Azərbaycanda su ehtiyatları nə qədər azalıb?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, iqlim dəyişikliyi nəticəsində su resurslarımız 15 faiz azalıb. Yerli və beynəlxalq təşkilatlar isə bu prosesin davam edəcəyini proqnozlaşdırırlar. Məsələn, BMT-nin İnkişaf Proqramı proqnozlaşdırıb ki, 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar Azərbaycanda su təminatını 23 faizədək azalda bilər.

Nazirliyin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov daha öncə mətbuata açıqlamasında bildirib ki, regionda iqlim dəyişmələri nəticəsində o cümlədən Azərbaycanın su ehtiyatları azalmağa doğru gedir.

“Azərbaycanın su ehtiyatlarının böyük hissəsi qonşu ölkələrin ərazisində formalaşır, ölkəmizə daxil olur. Ölkəmizə daxil olarkən su ehtiyatları ölçülür. Ötən il su təsərrüfatı balansına əsasən 23 milyard 243 milyon kubmetr su formalaşıb, bu da son onilliklərlə müqayisədə azdır. Hazırda ölkəmizdə təhlükəli vəziyyət müşahidə edilməsə də, çaylardakı su ehtiyatları 19 faiz azalıb. 2040-ci ilədək daha 10-15 faiz azalacağı ehtimal edilir”, – M.Əbdülhəsənov qeyd edib.

Respublika üzrə su anbarlarında hazırda 11 milyard 799 milyon kubmetr su yığılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyard 447 milyon kubmetr çoxdur.

Rəsmi məlumatlara görə, suyun istismarı təşkilatlarında gecə-gündüz növbətçilik yaradılıb. Araz çayında suyun səviyyəsi az olduğundan Biləsuvar və Saatlıda müəyyən çətinliklər yaranıb. Bununla belə, növbəlik əsasında su təchizatının təmin edilməsi üçün qrafiklər tərtib edilib, mövcud su resursları ilə payızlıq əkinlərin suvarılması aparılır.

Sevinc TELMANQIZI,
“Yeni Müsavat”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir