Mistik reallıq: intiharlar. Amid Əlioğlunun “İntihar edənlərin qatili” əsəri barədə yazıçı-kulturoloq Aydın Xan Əbilovun kulturoloji gəzişmələri
Cavan nasır Amil Əlioğlunun “İntihar edənlərin qatili” romanı ətrafında kulturoloji gəzişmələri
Amid Əlioğlu bədii söz sənətimizdə ən yeni ədəbi nəslin maraqlı nümayəndəsi olaraq klassik ədəbi-estetik texnologiyalar ilə çağdaş virtual – İnternet, yaxud şəbəkə ədəbiyyatının sərhədində özünə prozaik cığır açan gənc yazarlarımızdandır. Bir kulturoloji yazımda da göstərdiyim kimi, XX əsr və XXI əsrin ilk əvvəli Azərbaycan ədəbiyyatının tanınmış imza sahiblərinin yaratdıqlarına geniş mənada nəzər salıb təsnifatlandırsaq, bu ədəbi nəslin üzvlərini “virtualist”lər adlandırmaq mümkündür.
Ədəbiyyatımızın inkişafında “klassiklər-mühafizəkarlar” (M.Hadi, H.Cavid …) “mollanəsrəddinçilər” (Mirzə Cəlil, M.Ə.Sabir…), “romantiklər” (A.Şaiq, Ə.Cavad, M.Müşfiq…), “yenilikçilər” (S.Rüstəm, M.Cəlal, S.Rəhimov…), “ənənəçilər” (Ə.Vahid kimi Şərq poetik-estetik texnologiyalarına üstünlük verən əruz-qəzəlçilər…), “sosrealistlər” (M.İbrahimov, S.Vurğun, M.Rahim…), “əllincilər” (İ.Hüseynov- Muğanna, İ.Əfəndiyev…), “modernistlər” (R.Rza, Ə.Kərim…), “altmışıncılar” (Anar, Elçin, V.Səmədoğlu, Fikrət Qoca…), yetmişincilər (R.Rövşən, M.İsmayıl, Z.Yaqub, M.Süleymanlı…), “səksənincilər” (S.Rüstəmxanlı, V.B.Odər, R.Behrudi, A.Həsənli, A.Cəmil…), “doxsanıncılar” (O.Fikrətoğlu, M.Cəfərli, M.Köhnəqala, R.Tağı, E.Hüseynbəyli…), “postmodernistlər” (R.Qaraca, H.Herisçi, A.Yaşar…), “ikiminincilər” (özüm də daxil olmaqla, S.Babullaoğlu, G.Anarqızı, Ə.Qoşalı, Q.Ağsəs, İ.Fəhmi, Z.Əzəmət, Aqşin…), “ən yeni – virtualistlər” (Ə.Əlioğlu, Qismət, Fərid…) kimi ədəbi nəslin nümayəndələri yaradıcılıq uğurlarıyla fəal iştirak ediblər…
Baxın, bu mənada Amid Əlioğlunun da daxil olduğu “virtualist”lər estetik qrupu – gənc kreativ nəslin nümayəndələri özlərinin rəngarəng, sintetik yaradıcılıq axtarışlarıyla bədii söz sənətimizə tamam fərqli bir estetik-realistik hava gətirməkdədirlər. Öz fərdi yaradıcılıqlarında real həyatın virtual formasının sürətli gəlişmələrini – zəmanənin diktəsindən irəli gələn konkretlik, eyni zamanda, əhatəli informativ məlumatlılıq, kəskin kreativ-ədəbi trendlər yaratmaq kimi cəhətləri ilə seçilən “virtualist”lərin, eləcə də A. Əlioğlunun İnternetdən – şəbəkə ədəbiyyatından klassik bədii söz sənətinin həzin romantizminə, estetik gözəlliyinə, yaradıcılıq əlvanlığına, düşüncə obrazlılığına, bənzərsiz müəllif dəst-xəttinə, bir sözlə, keçmiş bədii texnikaya qayıdandan sonra “oralarda” yubanmadan, tez onu adlamaqla geri dönmək bacarığına heyran qalmamaq, sadəcə, mümkün deyil…
Amid Əlioğlunu da sadaladığım cəhətlərinə görə oxucularını heyrətləndirməklə ədəbi prosesə yeni rəng qatmaq istəyən bu fərqli ədəbi nəslin çılğın kreativlərindən saymaq mümkündür. Bu istedadlı gənc qələm sahibi şeirləri, hekayələri, miniatürləri, fəlsəfi pritçaları, sosial şəbəkələrdəki fikirləri, status və publistik yazılarıyla imzasını təsdiqləməyə çalışdığı bir vaxtda qəfildən maraqlı bir irihəcmli bədii nəsr əsərini ədəbi gündəmə gətirir: nə qədər sakit görünsə də, bir o qədər də iddialı, söz sənətində, ədəbi-mədəni prosesdə “mən də varam” əzmiylə.
Uzun müddət ədəbi-bədii yaradıcılıqla məşğul olan bir yaradıcı kreativ kimi, şəxsən mən belə “ədəbi risk”ə getməzdim. Axı ən yeni ədəbiyyatda da sənət “bəxti” hər kəsin üzünə asanca “gülmür”, ədəbi mühitimizdəki mürəkkəb proseslər, söz sənəti cameəmizdəki qruplaşmalar, dəstəbazlıq, “xəttə düşmək” kimi incə tərəflər ən istedadlı yazıçının belə əksər hallarda kölgədə qoya, arxaya ata bilər. Zatən tarix boyu, elə indinin özündə də böyük ədəbiyyatda, dünya ədəbi-kulturoloji proseslərində sadalanan cəhətlər hökmranlıq edib…
Gənc nasirin oxuculara təqdim olunan “İntihar edənlərin qatili” ilk ənənəvi – kağız kitabındakı (bayaq da qeyd etdiyim kimi, ən yeni nəslin nümayəndələri öz əsərlərini əksər hallarda heç “mürəkkəbi qurumamış”, yaxud indiki dövrlə ifadə etsək, kompyüterə yığılandan sonra müəllif tərəfindən ikinci dəfə oxunub redaktə – korrektə etməmiş İnternet saytlarına, sosial şəbəkələrə, bloqlarında yerləşdirirlər…) eyniadlı modern-virtual əsərini romaniçi hekayələr də saymaq mümkündür, eyni zamanda, bir qəhrəman ətrafında baş verən hadisələrin magik proza formasında, vahid şüur axınına tabe edilmiş ziqzaqvari süjet xəttinə malik roman da.
Maraqlıdır ki, həmyaşıd yazarlara rəğmən, A.Əlioğlu bu əsəri araya-ərsəyə çıxarana qədər qəribə bir “art-PR” aksiyası keçirdi: romanını gizli şəkildə qələmə aldı, haqqında nə ənənəvi mətbuatda, nə ədəbi mühitdə, nə İnternetdə, nə də sosial şəbəkələrdə bu barədə səs-küylü açıqlamalar yaydı. Feysbuk profilində romandan bəzi qısa fikirlər və balaca parçalarla elektron dostlarını, virtual oxucularını və izləyicilərini, bir də mənim kimi yaxın tanışlarını intizarda saxlamağı bacarmaqla, əslində Qərb ölkələrindəki iri nəşriyyat-satış şəbəkələrinin “reklam” texnologiyalarının bir sıra cəhətlərini ədəbi prosesimizə gətirmiş oldu…
“İntihar edənlərin qatili” əsərində gənc nasir oxucunun marağı, bir az da irəli gedib belə demək mümkünsə, psixo-art əhvalıyla qəribə – magik üslubu, axıcı – rəvan dili, mətndaxili gedişatla, real həyatın dibindən gələn mistik hadisələrlə heyrətləndirməyi bacarıb. Ayrı-ayrı fəsillərə bölünən, eyni qəhrəmanın müxtəlif situasiyalarda başına gələnlər fonunda oxucularına son illərin real və bir qədər də i-real görünən hadisələrini nəql edən müəllif daha çox cəmiyyət ilə fərd arasındakı əzəli münaqişələrə diqqəti yönəltməyə çalışır. Bu isə öz növbəsində, əsərin daha canlı edir, təsvir olunanların real həyata bağlayan tərəfləri ilə oxucunu düşünməyə vadar edir…
Əsər səkkiz intihar hadisəsinin dolaşıq, mistik ensiklopediyası kimi də oxuna bilər, eyni zamanda bir şəxsin həyatla bağlı çarpışmalarının, düşüncələrinin toplusu kimi də. Öz içində əsl sivil, mədəni insan ruhu yetişdirən zəmanəmizin insanına hər cür əclaflıqlar, yalanlar, saxtakarlıqlarla dolu həyatda yaşamaq asan başa gəlmir. Baş qəhrəmanın – Azərin öz daxilindəki romantika, saflıq, insanlara sevgi ilə ətrafdakı reallıqların acı həqiqətləri toqquşanda intiharlar baş verir: insanların, zamanın, dünyanın və şəxsiyyətin intiharı. Həyata möcüzə, sirr kimi baxmaq ayrı bir məsələdir, ətraf mühitin, cəmiyyətin sıxışdırdığı, anlamaq iqtidarında olmadığı fərdin son mübarizə vasitəsi intihardır, elə bir həyati silah ki, ondan yalnız bircə dəfə yararlanmaqla ömrünə də son qoymaq olar, cəmiyyətdən də intiqam almaq mümkündür…
Müəllifin təbirincə ifadə etsəm, “…özünü onların yerinə qoymaqla, səkkiz dəfə qəlbən, doqquzuncu dəfə isə az qala, cismən öləcəkdi…”. Eyni zamanda yazıçı bu əsəri ilə cəmiyyətimizə, ətrafdakılara sərt ismarıclarını da ünvanlayır: fərdi hərtərəfli sıxmaqla, hansısa sahədə fitri istedadı olan şəxsi hamıya – kütləyə qatmaqla dünyanın sonunu yaxınlaşdırmaq nəyə lazımdır?!.
Amid Əlioğlunun bu maraqlı kitabını əlinə alıb oxumağa başlayan, əsas qəhrəmanla səkkiz ömür yaşayan oxucu, əsərin adındakı müəmmadan başlayaraq, ta sonuna qədər, həvəslə, bir qədər də mistik aurada mütaliə zövqü alacaq. Gənc müəllifə və dostum Amidə isə yeni-yeni yaradıcılıq uğurları arzulamaqla, oxucunu kitabla baş-başa buraxır, yazımı əsərdən bir kiçik parçayla yekunlaşdırıram: “…yaxşı olacaq. Pis günün ömrü az olur, Bəşirov, eşitməmisən? Ən sonuncu an yaşansa da, yaxşı saniyə pis illəri unutdurur…”
Aydın Xan Əbilov
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın yaradıcısı-rəhbəri, yazıçı-kulturoloq

