Ermənistan “qocalır” – Cənubi Qafqazın “zəif bəndi”ndə böhran dərinləşir…

Aparılan son hesablamalar Azərbaycanda əhalinin sayının artıq 10,2 milyona çatmaq üzrə olduğunu göstərir.

“Qafqazinfo” xəbər verir ki, əhalinin sayı və artımı baxımından Azərbaycan Cənubi Qafqazın lider ölkəsi statusunu qoruyur.

Əhalinin təbii artımı, doğumun ümumi əmsalı Azərbaycanın demoqrafiq göstəricilər baxımından regionda qonşularından bundan sonra da nəzərəçarpacaq dərəcədə irəlidə olacağını deməyə əsas verir.

Qonşu Gürcüstanda əhalinin artım səviyyəsi Azərbaycanla müqayisədə geridə qalır. Hazırda Gürcüstan əhalisinin sayı 3,8 milyona çatır. Burada əhalinin artım tempi əvvəl verilən proqnozlardan aşağıdır. Qarşıdakı illər ərzində də artım tempinin zəif olacağı proqnozlaşdırılır.

Demoqrafiya, əhali artımı baxımından ən pis vəziyyət Ermənistanda qeydə alınır. Bu ölkədə əhalinın sayı, ümumiyyətlə, azalmağa doğru gedir. Cəmiyyət üzləşdiyi problemlərdən xilas yolunu yenə ölkə xaricində axtarır və sözügedən kontekstdə Ermənistandan köçənlərin sayı artır. Xüsusən də postmüharibə dövründə qeydə alınan ağır sosial-iqtisadi vəziyyət fonunda  xarici ölkələrə miqrasiya əhalinin böyük əksəriyyəti üçün yeganə ümid yeri sayılır.

Mövcud vəziyyətdə Ermənistanda demoqrafiya müstəvisində kəskinləşən daha bir problem depopulyasiya ilə bağlıdır. Artıq bir neçə ildir ki, Ermənistanda doğulanların sayı ilə ölənlərin arasında disbalans ikincinin lehinə artır.

BMT-nin Əhali Fondunun Əhali və İnkişaf Proqramının Ermənistan üzrə koordinatoru Anna Hovhannisyanın sözlərinə görə, 2022-ci ilin ilk rübündə də ölkədə doğulanların mütləq sayı azalıb, ölənlərin sayı artıb. Bu tendensiyanın davam etməsi Ermənistanda depopulyasiya böhranını qaçılmaz edəcək.

Ermənistanda etiraf edilir ki, ölkədə təbii artımın heç vaxt mənfi göstəricisinin qeydiyyatı aparılmayıb, yalnız doğum və ölüm göstəriciləri müqayisə edilib. Lakin miqrasiya balansı da nəzərə alındıqda mənzərənin tamam fərqli olduğu üzə çıxır. Son araşdırmalar göstərir ki, miqrasiya balansı da nəzərə alındıqda son onilliklərdə təbii artımın müsbət tempi azalmağa doğru gedib.

Ermənistanda regionlarda depopulyasiya ilə bağlı vəziyyətin daha dramatik olması da özünü qabarıq büruzə verir.  Əgər bütün dünyada müsbət demoqrafik tendensiyalar məhz kənd icmalarına aiddirsə, Ermənistanda məhz kəndlərdə əhalinin sürətlə azalması qeydə alınır. Hazırda depopulyasiya Ermənistanın bütün regionlarında müşahidə olunur.

Araşdırmalar onu da üzə çıxarır ki, 1992-2002-ci illərdə Ermənistanda əhalinin təbii artımı 60 faiz azalıb. Bu, keçmiş SSRİ ölkələri arasında ən böyük tənəzzül hesab olunur. Əgər Ermənistanda 1992-ci ildə 70 min körpə doğulubsa, 2002-ci ildə yeni doğulanların sayı cəmi 32 065 nəfər olub. Sonrakı illərdə də yeni doğulanların sayı bu göstəricidən elə də fərqlənməyib, bəzi illər üzrə daha da az olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 1992-ci ildə Ermənistanda 3 milyon 633 min əhali var idisə, 2019-cu ildə onların sayı 668 min nəfər azalıb. Yeni siyahıyaalma isə hələ keçirilməyib.

Ermənistanda əhalinin sayı ilə bağlı rəsmi rəqəmlərlə real rəqəmlər arasında böyük fərq var. Rəsmi rəqəmlər reallığı əks etdirmir və bunu erməni demoqraflar özləri də etiraf edirlər.  Məsələ burasındadır ki, rəsmi qeydiyyatda olan əhalinin tərkibinə xaricdə yaşayan, ancaq Ermənistan vətəndaşlığından çıxarılmayan şəxslər də daxildir. Bu mənada, reallıqda Ermənistanda 1,5-2 milyon arasında şəxsin yaşadığı ehtimal edilir.

Ölkədə qalan əhalinin yaş və cins tərkibi də vəziyyətin pisləşməkdə olduğunu göstərir. Mühacirətin davamlı xarakter alması fonunda əsas etibarı ilə yaşı 55-ə qədər olan əməkqabiliyyətli şəxslər Ermənistanı tərk etdiyindən ölkə artıq “yaşlanır”.

BMT-nin müəyyənləşdirdiyi meyarlara görə, əgər bir ölkədə yaşlı insanların nisbəti 7 faizdən yuxarıdırsa, bu, əhalinin qocalması sayılır. Hazırda Ermənistanda yaşlıların sayının ümumi əhali sayına nisbəti 14 faizdir.

İndiki demoqrafik şəraitdə Ermənistanda iqtisadi tərəqqi, xüsusən də əməktutumlu sahələrin inkişafı daha çətin hala gəlir. Belə çıxılmaz vəziyyətdə Ermənistanın demoqrafik, iqtisadi böhrandan qaçmaq imkanları yoxdur. Ermənistan sosial cəhətdən regionda ən həssas ölkədir.

Əhalinin yaşayış və inkişaf səviyyəsi, sosial rifahı getdikcə pisləşir. Hətta iqtisadiyyat naziri Vahan Kerobyanın etiraflarına əsasən, yoxsulluq həddində yaşayan insanların ümumi əhali nisbətində payı indiki 27 faizdən bu ilin sonuna kimi 42 faizə çatacaq.

BMT-nin proqnozlarına əsasən, Ermənistanda əhalini azalması prosesi bundan sonra da davam edəcək. Qurum bu əsrin ortalarına kimi Ermənistanda əhalinin daha 100 min nəfər azalacağını bildirir. Həmin vaxta qədər də Azərbaycanda əhali artımı davam edəcək və ölkəmizdə əhalinin ümumi sayı 11 milyona çatacaq.

Ermənistanın regionda Azərbaycan, Türkiyə kimi mühüm qonşuları ilə münasibətlərini normallaşdırmadan inkişaf yoluna çıxması mümkün deyil. Belə inkişaf olmadan Ermənistanda əhalinin xaricə köçü dayandırıla və digər demoqrafiya problemləri həllini bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir