Son 10 ilin bədii nümunələrini analiz etdikdə, ədəbiyyatımızın ümumi mənzərəsinin boz rəngdə olduğu görünür… Aydın Xan Əbilov
Aydın Xan (Əbilli) – Vətəndaş Cəmiyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net portalının rəhbəri, yazıçı-kulturoloq
Niyə bizdə böyük ədəbiyyat yaranmır?
“Həftə içi” qəzetinin sorğusuna cavab!
1. Çağdaş ədəbiyyatmızın durumu sizi qane edirmi?
2. Siz “Biz niyə böyük ədəbiyyat mükafatları ala bilmirik” sualını özünüzə vermisinizmi heç? O zaman cavabınız nə olub?
3. Çağdaş ədəbiyyatımızda ən çox kimləri oxuyrsuz və kimləri bəyənmirsiz? Bəs bugünkü dünya ədəbiyyatından kimləri oxuyursuz?
Günümüz üçün aktual olan bu suallarla bir neçə yazara müraciət etdik. Cavablar isə maraqlı oldu.
1. Çağdaş ədəbiyyatmızın durumu sizi qane edirmi?
Azərbaycan ədəbiyyatında çox maraqlı, olduqca mürəkkəb proseslər gedir. Bu ədəbi-kulturoloji hərakat nəinki Şimali Azərbaycanı, həm də 50 milyonluq soydaşlarımızı, o cümlədən Güney Azərbaycanda yaşayan azərbaycanlıları əhatə edir. İnternet və yeni texnologiyalar ədəbi-poetik düşüncəmizdə bir bütöv və Virtual Azərbaycan yarada bildi. Ədəbi həyatımızın mürəkkəbliyi ümumən milli mədəniyyətimizin inkişafına təkan verir. İstər ədəbi nəsillər arasındakı rəqabət, bir sıra hallarda münaqişələr, istər müxtəlif estetik düşüncə sahibləri arasındakı yarışmalar, istərsə də yaradıcı qurumlar, ədəbiyyat saytları vəyazılı mətbuat orqanları ətrafında birləşən yazarlar çağdaş söz sənətimizin zənginləşməsində xüsusi xidmətləri var. Xatırlamaq yerinə düşər ki, milli ədəbiyyatımızda həm estetik baxımdan, həm də texnoloji cəhətdən yeniləşmə gedir. Ənənəçilərlə yanaşı, yeni modernistlər, postodernist düşüncə ardıcılları, folklorvari ədbiyyat tərəfdarları arasında qızğın rəqabət mövcuddur ki, bu da çağdaş söz sənətimizin inkişafına təkan verir. Eyni zamanda kağız yayımı – kitab, jurnal və qəzetlərdə nəşr olunan əsərlərlə yanaşı İnternet – virtual, elektron, şəbəkə ədəbiyyatı da get-gedə güclənməkdədir ki, bu da öz növbəsində ədəbi-bədii fikrimizin sərhədlərini – sərvətlərini genişləndirməkdədir. Tutalım 500 nüsxə ilə yayımlanan bir romanı İnternet vasitəsi ilə 50 milyon azərbaycandilli oxuculara rahatca çatdırmaq imkanından yararlanmağın zamanıdır. Yeni virtual yazı – ədəbiyyat və elektron oxu dövrü başlayıb. Bütün bu cəhətlərlə yanaşı Azərbaycan yazarlarının intellektual-kulturoloji səviyyəsi məni peşəkar oxucu kimi heç qane etmir. Böyük Axundov demişkən, XXI əsrdə də gül-bülbül sevgisindən məsnəvilər yazan şairlərdən, publisitik – məhəlli düşüncə çərçivəsindən çıxmayan nasirdənsə, əlbəttə, modern oxucu dünya ədəbiyyatının tanınmış nümayəndələrini seçər… Son on ildə yaranan ədəbiyyat nümunələrinin analiz etdikdə isə ədəbiyyatımızın ümumi mənzərəsinin boz rəngdə olduğunu söyləmək mümkündür. Baxmayaraq, kifayət qədər uğurlu əsərlər də var, amma cəmiyyətin ədəbiyyata marağının öləzlədiyi bir çağlarda onlar da ümumi ictimai-mədəni düşüncənin kölgəsindədirlər hələ də…
2. Siz “Biz niyə böyük ədəbiyyat mükafatları ala bilmirik” sualını özünüzə vermisizmi heç? O zaman cavabınız nə olub?
– Şəxsən mən istənilən sənət müsabiqəsinə sadəcə yaradıcı yarışma kimi baxıram və aldığım mükafatlar uğrunda həqiqətən də rəqabət aparım bir sıra uğurlar əldə etməklə yanaşı, estetik-intellektual yaradıcılığımı da zənginləşdirmişəm. Hədəfimdə Beynəlxalq Nobel mükafatı dursa da, zamanımı gözləyir, üzərimdə durmadan hər gün ciddi işləyirəm. Sadəcə kulturoloji-ictimai dəbin standartlarını bilmədiyimizdən, eyni zamanda yaratdığımız əsərləri dünyada yaxşı təbliğ etmədiyimizdən, eləcə də səviyyəli sənət nümunələrin olmamasından geriləyirik. Belədə qalanda, istənilən mükafat subyektiv amillərdən qaynaqlanır, onun əsas cəhətlərini nəzərə alsaq, milli əsərlərimiz var ki, hətta Nobelə də layiqdirlər…
3. Çağdaş ədəbiyyatmızda ən çox kimləri oxuyrsuz və kimləri bəyənmirsiz? Bəs bu günki dünya ədəbiyatından kimləri oxuyursuz?
– Əsasən şəbəkədən oxuyuram və inandığım, güvəndiyim, intellektual səviyyəsini tanıdığım imzları mütəmadi izləsəm də, işimlə əlaqədar olaraq demək olar hamını oxuyuram. www.kitabxana.net portalının – Milli Virtual Kitabxananın rəhbəri kimi, eləcə də sosial şəbəkələrin e-qəhramanı olaraq isə son zamanlar gənclərin yaradıcılığına xüsusi diqqət ayırmağa başlamışam. Dünyada isə çıxan və tanınan əksər yazarların əsərləri ilə tanışam. İndi elə vaxtımdır ki, seçim imkanım var, qarışıq mütaliə edirəm. Məsələn, dünən dünya fəlsəfəsindən seçmələr, Lev Tolostoy və Orxan Pamuku mütaliə etmişəm, eləcə də bir neçə gənc şairin şeir hücumuna məruz qalmışam…
2012

