Gənclərin sosial şəbəkəyə marağını düzgün dəyərləndirmək lazımdır – EKSPERT ŞƏRH ETDİ
“Dövrümüzün yeni yaşam tərzi olan, uşaqdan-böyüyə hər kəsi əhatə edən sosial şəbəkələr həyatımızda baş verənləri özündə əks etdirir. Əgər cəmiyyətdə şiddət və ya hansısa problem, marağa səbəb olacaq bir şey varsa, bu, sosial şəbəkədə də öz əksini tapır”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, illər boyu bu şiddəti, ölüm hadisələrini komputer oyunlarında, telekanallarda nümayiş olunan film və seriallarda görürdük: “İndiki zəmanədə isə bunların təzahürünü artıq sosial şəbəkələrdə görürük. Nəinki uşaqlar, gənclər hətta yaşlılar da öz həyatını anında paylaşırlar. Ona görə də günümüzüdə baş verən hadisələrin sosial mediada yayımlanması artıq normal qarşılanmalıdır”.
Ekspert sözlərinə davam edərək həmçinin qeyd edib ki, son vaxtlar “Tiktok” sosial şəbəkəsində yayımlamaq üçün iki qızın tuneldə qaçması, yeniyetmə oğlanların öz yaşıdlarını döyməsi kimi hallar baş verir: “Görünür ki, bu hadisələr baş verməyə davam edəcək. Hər kəs öz kreativ düşüncələrini sosial şəbəkələrdə paylaşmaq istəyir. Bu, dünyanın hər yerində belədir. Bəzi ölkələrdə bunlar pul qazanmaq üçün edilir. Lakin bizim ölkədə insanlar hələki sadəcə özlərini realizə etmək, mənəvi tələbatlarını ödəmək üçün bundan istifadə edir. Yeniyetmələrin, xüsusilə də qız uşaqlarının belə təhlükəli yollara əl ataraq video çəkməsi, bunu kütləviləşdirməsi mənfi hal olsa da, dövrümüzün tələblərindən biridir. Düşünürəm ki, biz bu qədər insanla mübarizə apara bilmərik. Sadəcə bu cür insanlara alternativ yollar göstərməliyik. Gənclərə təbliğ etmək lazımdır ki, sosial şəbəkələrdə ətraflarında baş verən müsbət hadisələri, eyni zamanda ölkəmizin inkişaf proseslərini, gözəlliyini əks etdirən videolar paylaşmalıdır. Məncə, bu daha maraqlı olar. Gənclər üçün istiqamətverici layihələr hazırlanmalıdır. Onların sosial şəbəkəyə olan marağını düzgün dəyərləndirmək lazımdır”.
Ləman Əlizadə , https://sia.az/az/news/social/950754.html

