Heyvanat aləmi: onların nəslinin tükənməməsi üçün mübarizə aparmaq lazımdır. Ekspert maraqlı münasibət bildirdi
“İnsanlar təbiətə hakim kəsiləndən, insanların sayı durmadan artıb 8 milyardı keçəndən sonra heyvanlar və digər canlılar haqqında dərin düşünməyə başladılar”. Bu fikirləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, insanlar ilk heyvanı əhilləşdirdikdən sonra heyvanın iricüssəli, qəzəbli, hündür olmasından asılı olmayaraq ondan zəif olduğunu dərk etdi və atı, öküzü, inəyi qoyunu evcilləşdirməyə başladı: “Amma bəşəriyyət ağıllandıqca humanist düşüncələrə də hökm kəsildi və insanlar düşündülər ki, belə getsə heyvanları, yaşıllıqları uda bilərlər. Bu da planetin, dünyanın dağılmasına gətirib çıxara bilər. Ona görə də əvvəlcə öz qidalanmaların təmin edilməsi, məsafə qət etmək üçün istifadə etdiyi heyvanlarla yanaşı özlərinə qulaq yoldaşı axtardıqları üçün pişikləri, itləri, ərəb ölkələrində aslanları, pələngləri, Hindistanda filləri, hətta ilanları və dovşanları da evcilləşdirməyə başladılar. Heyvanlara olan bu sevgi ilə bağlı həm dini baxışlarda, həm də el adət-ənənələrində müəyyən fikirlər yaranmağa başladı. Sözsüz ki, bu fikirlərin böyük əksəriyyəti mifdir. Amma eyni hadisə dəfələrlə təkrarlandıqda və ya bu hadisənin olacağını beynində qurduğu üçün bu hadisələr də baş verməyə başlayır. Bu baxımdan da bəziləri it saxlamağın, bəziləri dovşan saxlamağın, digərləri isə bayquş saxlamağın bədbəxtlik gətirdiyini fikirləşirlər. Düşünürlər ki, bu heyvanlar ailələrinə ağırlıq gətirir, bir çox problemlərin yaranmasına səbəb olurlar.
Bu cür fikirlərin həqiqiliyini və saxtalığını sübut edən müxtəlif təcrübələr olsa da ümumi bir nəticə yoxdur. Əlbəttə bununla əlaqədar olaraq müxtəlif fikirlər olur. Hətta islam dinində belə bir fikir var ki, Məhəmməd Peyğəmbər (s) pişiyin belini sığallayıb, ona görə də pişik müqəddəs heyvandır. Amma iti evdə, məsciddə saxlamaq olmaz. Həmçinin donuz murdar hesab edilir. Bu baxışlardan irəli gələn digər fikirlər də var. Bununla yanaşı belə bir fikir var ki, qara pişik insanın önündən keçərsə onun günü uğursuz olacaq. Buna görə heyvanların da düşər-düşməməzliyi ilə bağlı müəyyən fikirlər vardır.
Əlbəttə, 21-ci əsrdir. Heyvanların sayı durmadan azalır. İstər meymunlar, istər delfinlər, fillər, aslanlar olsun, bunların sayı günü-gündən azalır. Ona görə də bu məsələlərdə biraz ehtiyyatlı olmaq lazımdır. Məsələn Azərbaycanda belə bir məsəl mövcuddur. “İlanın ağına da lənət, qarasına da”. İlanı harada görsələr həmin dəqiqə öldürürlər, bayquşun yuvasını dağıdırlar. Bu əslində vəhşi təbiətə qarşı olan vəhşi münasibətdir. Ona görə də Azərbaycanda unikal olan ilan növlərinin heç birini tapmaq olmur, hamısı məhv olub. Aldığımız məlumata görə, Afrikada ağ gərgədanın sonuncu nümayəndəsi də öldü. Artıq onun da növü tükəndi.
Ona görə də hər hansı bir heyvanın düşər-düşməməzliyi ilə bağlı inancların heç bir yeri yoxdur. Onların nəslinin tükənməməsi üçün mübarizə aparmaq lazımdır. Çünki bir yaşam zənciri var ki, burada ən xırda bakteriyadan tutmuş ən ali insanına qədər bu yaşam zəncirində hər bir kəsin yeri var. Bir fərdin məhv olması bu yaşam zəncirinin qırılmasına səbəb olur”.
Abutel İlhamqızı, https://sia.az/az/news/social/947853.html

