Gecə klubu, ya şər yuvası? VCA və YYSİB sədrindən fərqli fikirlər, tənqidi mövqe

Həmişə yeraltı və yerüstü sərvətləri ilə məşhur olan Bakı indi də turizm mərkəzinə çevrilir ki, bu da zövqlə səyahət və ya istirahət etmək istəyən turistləri cəlb edə bilər. Uzun tarixə, mənzərəli yerlərə, müxtəlif mədəniyyətlərin qarışığına və bütün il boyu xoş iqlimə malik Azərbaycanın paytaxtı günün hər saatında çoxlu sayda müxtəlif təcrübələr yaşayır. Gündüzlər şəhər öz mədəni simasını nümayiş etdirir. Ölkəmiz ənənəvi dəyərləri və bənzərsiz qonaqpərvərliyi ilə seçilir.

Bakı təkcə Azərbaycanın paytaxtı deyil, həm də ölkənin gecə həyatının mərkəzidir. Bakının gecə həyatının mərkəzi Nizami küçəsi ətrafında, İçərişəhər adlanan ərazidir. Buradan gecə həyatına asanlıqla çata bilərsiniz.

Bakıda çoxlu diskoteka və gecə klubları var. Gecə klubları insanların əylənmək, musiqi sədaları altında rəqs etdikləri, spirtli içkilər qəbul etdikləri və ümumiyyətlə, səhərə qədər oyaq qaldıqları yerlərdir.

Gecə klublarının ən böyük problemlərindən biri yaşı 18-dən aşağı olanların məkana buraxılmamasıdır. Lakin gənclər hiyləgər və ağıllıdırlar. Saxta vəsiqə göstərmək kimi müxtəlif üsullara əl atırlar. Belə hallarda qızların işi oğlanlara nisbətdə daha rahatdır.

Qızlar ağır makiyaj, gözəl saçlar, gecə geyimi və dikdaban ayaqqabılarla istədikləri yaşda görünə bilərlər. Kişilər üçün isə bu məsələ çətindir.

Bəs, gecə klubları cəmiyyətimizə necə zərbə vurur? Bu kimi yerlərin hansı mənfi və müsbət tərəfləri var? Fəaliyyəti nə dərəcədə düzgündür? İnsanların hamısı bura sırf əylənmək üçün gəlir? 

SİA məsələ ilə bağlı araşdırma apararaq ekspert, din xadimi, psixoloq və hüquqşünasların fikirlərini öyrənib.

Vətəndaş Cəmiyyəti Alyansı rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov:

“Bütün dünyada gecə klubları gənclərin istirahət etdiyi məkan sayılır. İnsanların bu tipli mərkəzlərdə istirahət etməsinə normal yanaşmaq lazımdır.

Biz hələ bilmirik ki, bu hadisə dini radikal qruplar tərəfindən törədilib, ya necə? Əgər bu, terror hadisəsidirsə, bu əməli törədənləri şiddətlə qınayırıq. Cəmiyyətin hər bir qrupunun istirahət etmək, yaşamaq, ibadət etmək haqqı var. Bu haqqı da digər qruplar qəbul etməlidirlər.

Biz uzun müddət Bakıda gecə klubları olmadığını qınayırdıq. Çünki gənclərimiz pullarını digər ölkələrə tökürdülər. Bu baxımdan da, Azərbaycanda da belə mərkəzlərin olmasına normal baxılmalıdır. Kim də buna qarşıdırsa, deməli, Azərbaycan insanının haqq və hüquqlarına qarşıdır. Əlbəttə, əndazəni keçməmək şərti ilə bu cür klubların fəaliyyəti, həm də kreativ bizneslərin inkişafı, yeni iş yerlərinin yaranması deməkdir.

Artıq dünya qəbul edir ki, keçmişdə olduğu kimi post-sənaye dövrünü yaşayırıq və bu dövrdə də zavodlar, fabriklərdən çox, məhz əyləncə mərkəzləri, xidmət sektoru, orta və kiçik biznes sahələri yaranmalıdır. Dünyanın hər yerində bu sahələrdə milyonlarla iş yeri var.

Çox təəssüflər olsun ki, bu tipli hadisələr baş verən zaman cəmiyyətimizdə kobudluq görürük. Hansısa qız rəqs edirsə deyirlər ki, bu rəqsə görə ora partlayıb və s. Bu faciə qurbanlarına qarşı hörmətsizlikdir.

Bu millətin özünəməxsus mental dəyərləri var. Dəyərlərdən biri də Ramazan ayında toy etməməkdir. Ramazan ayında dində elə bir söhbət yoxdur ki, nə isə qadağan edilsin. Hətta iftardan sonra toya da icazə verilir. Şənlənmək olmaz deyə bir şey yoxdur. Amma müəyyən incəliklər var ki, onları qorusaq daha yaxşı olar”.



Din xadimi Mircəfər Əyyubov: “Açıqlama verməzdən öncə sonuncu hadisədə həyatını itirənlərin ailəsinə başsağlığı verirəm. Allah təqsiratını əhv etsin. Yaralananlara isə şəfa diləyirəm. İşləri günah iş olsa da bir insanın həyatı, sağlamlığı mübahisə obyektidirsə burada “yaxşı oldu” kimi ifadələr düzgün deyil.

Cəmiyyətdə belə obyektlərin, bu cür əyləncələrin qəbahətinin gözardı edilməsi, islama, ciddi həyat tərzinə zidd olan kef məclislərinin təbii qəbul edilməsi insanlığın məhvinə gətirib çıxarır. Gecə klublarının cəmiyyətimizə vurduğu zərbə, gənclərin məsuliyyətsizləşməsi, insanın faydalı şəxsiyyət olmaqdan çıxıb atılıb-düşən varlığa çevrilməsi çox ağrılı bir haldır. Allah insanı canişini olaraq yaradıb.

Avropada olan hər şeyin gözəl və müasir olduğunu düşünüb gözüyumulu onları etmək səfehlikdir. Bu kimi obyektlərin heç bir müsbət təsiri yoxdur. Bir yerin statusu içki mərkəzi deməkdir, o yerdən müsbət bir şey gözləmək mümkün deyil. Sanki insanlar yığışıb dəlilik etməyi sevirlər. Bəzi insanlar açdığımız mərkəzə istəyən gəlsin, istəməyən gəlməsin deyirlər. Bu, tamamilə, şeytanın qiyamət günü dediyi sözlərdir. Gənc bir oğlan və ya qızın içindəki şəhvəti, ehtirası qayda-qanunsuz ortaya çıxmasına imkan yaradan, sonra istəməyən gəlməsin demək doğru deyil. Ümid edirəm ki, həm o cür obyektləri açanlar, həm gənclər, həm də onların valideynləri bu hadisədən ibrət götürəcəklər”.

Hüquqşünas Fariz Əkbərov: “Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Uşaqları qorumaq və onların hüquqlarını müdafiə etmək hər birimizin borcudur.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

18 yaşına çatmayan işçilərin digər başlıca hüquqları aşağıdakı kimidir:
-16 yaşınadək işçilər üçün həftəlik 24 saat, 16 yaşdan 18 yaşınadək işçilər üçün isə 36 saatdan çox olmayaraq iş saatı tətbiq edilməlidir.
– Bu iş saatlarını nəzərə almaqla 18 yaşına çatmayan işçilər həm əsas, həm də əlavə iş yerlərində çalışa bilər və bu iş yerlərində iş saatının cəmi yuxarıda göstərilən müddətləri ötməməlidir.
– Yaşı 16-dan az olan işçilərə 1 iş ili üzrə 42, 16 yaşdan 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq məzuniyyət verilməlidir.

Qeyd etmək istəyirəm ki, uşaq hüquqlarının pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur”.

Psixoloq Vüsalə Əmiraslanova: “Hadisəyə mənfi cəhətdən yanaşmaq düzgün deyil. İnsanların əksəriyyəti dünən gecə klubunda əylənənlərə qarğış edərək onlara lənət oxuyur.

Gecə klublarının cəmiyyətimizə zərərindən danışarkən onu qeyd etməliyik ki, meyli olan insan zatən zərərli vərdişlərdən istifadə edir. Bu, o demək deyil ki, hamı buraya getməlidir. Hər kəsin öz şəxsi seçimidir.

Lakin yeniyetmə və azyaşlıların orada olması yolverilməzdir. Yeniyetməlik dönəmini keçən bir şəxs isə nəyin səhv, nəyin yanlış olduğunu bilir”.

Ayşən Vəli,https://sia.az/az/news/social/943735.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir