İnsanlarımız qəbiristanlıqdan foto, video paylaşmağı sevir? Rəylər müxtəlif oldu…
Son zamanlar insanların sosial şəbəkələrdə vəfat etmiş yaxınlarının məzarından, baş daşından fotolar çəkməsi az qala trend halına gəlib. Bəzən bu hal qırx mərasiminə qədər günlərlə davam edir. Doğrudur, bu cür hallar sosial şəbəkə izləyiciləri tərəfindən vaxtaşırı tənqid olunur. Amma bəzən şahidi oluruq ki, qınayanların da özləri bu davranışı nümayiş etdirir.
Bəs niyə azərbaycanlılar sosial şəbəkələrdə qəbiristanlıqlardan, məzar daşlarından bu qədər fotolar paylaşmağı sevir? Bu, ümumilikdə xalqımızın neqativə, ağlaşmaya meylli olmasınınmı göstəricisidir? Şəhidlərimizin məzar daşları istisna olmaqla, valideyninin, qardaşının, başqa yaxınının məzarüstü abidələrini yaymaq nə dərəcədə etik, psixoloji və mənəvi-dini baxımdan düzgündür?
Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb:
“Bu çox yanlış bir tendensiyadır. Hətta bəzən görürük ki, video çəkib, ağlaşma da qururlar. Bu necə ola bilər? Əlbəttə ki, biz də öz yaxınlarımızın məzarı üstə gedirik, kədərlənirik, amma ağlımıza gəlmir ki, bunu videoya çəkək paylaşaq. Bu, ilk növbədə insanlara mənfi emosiya aşılayır. İnsanlar bu cür davranışlardan yayınmalıdırlar.
İkinci bir tərəfdən, bu məsələdə daha çox narahat edən amil odur ki, insanlar bunu trendə çevirir. Bu isə yaxşı əlamət deyil və düşüncə mühitinin zəif olmasından qaynaqlanır.

Fazil Mustafa: “Hamının dərdi, problemi var, amma bu o demək deyil ki, onu qabağımıza çıxan hamı ilə paylaşıb, onları da yükləyək”
Bəzən sosial şəbəkədə dostluq göndərən şəxslər yazırlar ki, “bizi niyə dostluğa qəbul etmirsən?” Çünki dostluq göndərən şəxsin səhifəsinə baxanda görürsən ki, 3 paylaşımından biri qəbir üstündən foto, biri musiqi parçasıdır və sairə. Yəni ortada bir fikir yoxdur. Bu mənim nəyimə lazımdır, teatr deyil ki, tamaşaçı yığım. Sosial şəbəkədə müzakirə etmək, fikirlərini bölüşmək üçün insan axtarırıq.
Yəni bu doğrudan da xoş olmayan bir ənənədir və Azərbaycanda xeyli yayılıb.
Biri var ki, şəhid, siyasi lider və yaxud bu kimi insanların məzarı üstə foto paylaşasan, burada insani bir mesaj olur. Biri də var ki, özünə aid olanı kədəri insanlara göndərirsən ki, “siz də mənimlə bərabər kədərlənin”. Bəlkə də insanlar bu cür özlərinə təsəlli tapır, amma öz kədərini başqa insanlara təqlin etmək tamamilə yanlışdır. Əgər ayrı-ayrı araşdırsan hamının dərdi, problemi var. Amma bu o demək deyil ki, insan öz dərdini elə qabağına çıxan hamı ilə paylaşıb, onları da yükləsin”.
Psixoloq Elnur Rüstəmov: “Qloballaşmanın ən böyük problemlərindən biri də bilinçlik problemidir. Bilinçlik deyəndə bir insanın danışığı ilə əməlinin üst-üstə düşməməsidir.
Qınamağa gələndə görürük ki, cəmiyyətdə çox şey qınanılır. Amma yeri gələndə qınayan insanların özləri oxşar situasiyalarda eyni davranışlar nümayiş etdirir. Buna kənardan qiymət verəndə subyektiv qiymətləndirmə olur. Bu qiymətləndirmə prosesində hər bir insan özünün prisnsiplərindən çıxış edərək qiymət verir. Bu prinsiplər ailə mühiti, aldığı tərbiyə, dini yanaşmasından irəli gələ bilər və sairə. Qloballaşma, informasiya əsri bu cür məsələlərə daha soyuqqanlı yanaşmağı tələb edir.
Elnur Rüstəmov: “Deməzdim ki, insanlar qəbiristanlıqdan paylaşımlar etməyi trendləşdirib, sadəcə, ortada ictimailəşdirmək məsələsi var”
Əslində deməzdim ki, insanlar qəbiristanlıqdan paylaşımlar etməyi trendləşdirib. Sadəcə, ortada ictimailəşdirmək məsələsi var. Bəzən görürük ki, hadisə baş verib, yanğındır, kimlərsə kömək etmək əvəzinə onu kənardan videoya çəkir, sosial şəbəkədə paylaşmaq, daha çox baxış sayı yığmaq üçün. Amma düşünmürlər ki, video çəkdikləri insanların yaxınları, doğmaları, ailəsi var. Bəzən bu kriteriyaların pozulması insanlar arasında biganəliyə, özgələşməyə, yalnız özünü və ən yaxın çevrəsini düşünməyə, yəni yadlaşmağa gətirib çıxarır”.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilov da mövzu ilə bağlı danışıb:
Əslində ziyalılar, yaradıcı şəxslər, intellektual insanlar olaraq hər zaman ölülərə, o dünyaya deyil, məhz bu dünyaya – dirilərə önəm verilməsinin tərəfdarı kimi çıxış edirik. Qeyd olunan məsələ ilə bağlı isə tənqidi deyil, pozitiv yanaşma bildirmək istəyirəm.

Aydın Xan Əbilov: “Yalnız toy və restoranlarda, əyləndiyimiz məkanlarda deyil, həm də qəbiristanlıqdan, məzarlardan çəkilən fotolara tolerant yanaşmalıyıq… ”
Məsələ ondadır ki, qədim tarixi araşdıran tədqiqatçılar hər hansı bir toplumu, xalqı və yaxud hər hansı şahin, çarın harada hakimiyyətdə olmasını müəyyənləşdirmək üçün maddi-abidələrə, tikililərə, qəbirüstü yazılara önəm verirlər. Təəssüf ki, Azərbaycanda bu cür düşüncə tərzi əvvəllər o qədər də olmayıb. Çünki İslam dini bizə həm də ərəb adət-ənənələrini, düşüncəsini gətirib. Məlum olduğu kimi, ərəb ölkələrində yaşayış yerləri də daşdan deyil, çadırdan olub. Yəni səhrada daş tapmaq qeyri-mümkün idi. İkinci bir tərəfdən İslam və ərəb düşüncəsinə görə qəbirlər torpaqla eyni olmalı idi. Çünki qəbir daşının qoyulmasının heç bir məntiqi yox idi, qum fırtınaları onsuz da o qəbirləri itirəcəkdi, böyük səhralıqda o qəbirləri tapmaq mümkün olmazdı.
Azərbaycanda uzun müddət qoç qəbirləri, kiçik piramidalara bənzər qəbirlər, kurqanlar olub. Biz bu gün bizi sevməyən düşmənlərimizin yalan uydurmalarına qarşı məhz bu qəbirlərimizi, maddi abidələrimizi sübut kimi göstərə bilirik.
Əlbəttə ki, bu gün də kimsə öz yaxınlarının məzarına qəbir daşı qoyursa, buna tolerant yanaşmaq lazımdır. Yaxşı olardı ki, ona çəkilən vəsaiti hansısa məktəbin açılışına, təmirinə və yaxud bu cür xeyriyyə işlərinə xərcləsinlər. Amma insanlar qəbirisitanlıqlarda məzar daşlarından foto, video çəkirlərsə, bu bizim elektron arxivimizin görüntüləridir. Müasir dövr vizual, virtual məhsulların, eyni zamanda sosial şəbəkələrin inkişaf etdiyi bir zamandır. Biz yalnız toy və restoranlarda, əyləndiyimiz məkanlarda deyil, həm də qəbiristanlıqda, məzarlıqlarda, yaxınlarımızın dəfn olunduğu vaxt çəkilən fotolara tolerant yanaşmalı və bunu qəbul etməyə çalışmalıyıq, çünki bu yeni bir dövrün adət-ənənəsi, etik normasına çevrilib.

Kənan Rövşənoğlu: “Bu, yeni dövrün trendidir ona görə də… ”
Mənim özüm də hər il atamın qəbri üstündə Yasin oxutduran zaman şəkillər çəkirəm. Bunun başqalarına nə istisi-soyuğu var?”
Dini ekspert Kənan Rövşənoğlu isə məsələyə bu cür mövqe bildirdi:
Xalidə GƏRAY,
“Yeni Müsavat”, https://musavat.com/news/insanlarimiz-qebiristanliqdan-foto-video-paylasmagi-sevir-reyler_884448.html

