Ədəbiyyatımızda “İgidlik zirvəsi” təqdim edildi. QHT Agentliyinin dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondunun möhtəşəm tədbiri
Aprelin 20-də “Azərbaycan” nəşriyyatında Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarına həsr olunmuş layihə və “İgidlik zirvəsi” vətənpərvərlik toplusunun təqdimat-müzakirəsi keçirildi.

Məclis şəhidlərimizin ruhunun birdəqiqəlik sükutla yad edilməklə başlandı. Tədbir açan ictimai fəal, yazıçı-kulturoloq Aydın Xan Əbilov qonaqları salamladı və bildirdi ki, təqdimatı keçirilən kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu bu il fevralın əvvəlindən reallaşdırdığı “İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” layihəsi çərçivəsində işıq üzü görüb.
Çıxışçı aktual layihələri maliyyələşdirən dövlətimizə, 44 günlük Zəfəri xalqımıza yaşadan qalib ordumuzun Ali Baş Komandanı, Prezident İlham Əliyevə, mədəniyyətimizin hamisi Mehriban Xanım Əliyevaya, qəhrəman hərbiçilərimizə, şəhid və qazi ailələrinin nümayəndələrinə təşəkkürlərini çatdırdı. A.X.Əbilov məclisə toplaşan ədəbi-mədəni ictimaiyyətin nümayəndələrinə, qazilərə, veteranlara, QHT rəhbərlərinə məlumat verdi ki, 1 fevral – 1 may 2022-ci il tarixlərində, 3 ay müddətində həyata keçirilən layihə zamanı Qarabağdakı möhtəşəm Qələbəmiz ilə bitən 44 günlük Vətən müharibəsində igidlik göstərənlərin qəhəmanlıqları fərqli formalarda – innovativ-kreativ təbliğat və tanıtım tədbirləri vasitəsi ilə gənclərə çatdırıllır.

“Qayğı və Himayə” Xeyriyyə Fondunun və “İgidlik zirvəsi”: Vətən müharibəsinin şəhid və qazilərin qəhrəmanlıqlarının gənclər arasında tanıtımı” layihəsinin rəhbəri, tanınmış şairə-publisit Gülayə Rzayeva açıqlamasında bildirdi ki, maraqlı fəaliyyət növləri ilə qəhrəmanlıq tariximizi əbədiləşdirmək niyyətindədirlər. Natiq vurğuladı ki, layihə ənənəvi – klassik yazı və yeni vizual formaları sintez etməklə, gələcəyin əsgərləri sayılan məktəbli, tələbə, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik, Vətən uğrunda canından keçmək kimi müqəddəs hissləri aşılayan, hər iki Qarabağ müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmağa yönəlib. Bu istiqamətdə ənənəvi və yeni metodlardan yararlanmaqla, şəhidlik və qazilik zirvəsinə qalxmışların, eləcə də Qalib Müzəffər Ordu və Ali Baş Komandanın bədii obrazlarını özündə birləşdirən əsərlərin kağız və elektron formada nəşri, tanıtımı, yayımı təşkil olunduğunu söyləyən fond rəhbəri bu fəaliyyətlərin müsbət tərəflərini sadaladı. O, qeyd etdi ki, paralel olaraq İnternet resurslarında yayımlanan vizual və virtual məhsullar, 4 onlayn TV veriliş, yeni mediada gedən virtual məhsullar, eləcə də sosial şəbəkələr, saytlar, İKT imkanlarından bəhrələnməklə, gənc nəslin qəbul etdiyi formatlara uyğun fəaliyyətlərlə tanıtım aksiyaları keçirilir. Öz çıxışının sonunda G.Rzayeva onu da xatırlatdı ki, təqdim olunan kitab və onun elektron variantı gənclər arasında yayımlanır, hazırlanan silsilə onlayn TV verilişlər, yeni media məhsulları vasitəsi ilə vətənpərvərlik təbliğ olunur.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşı Ülkər Süleymanova təmsil etdiyi qurumun hər zaman gənclər və yaradıcı sahələrə xüsusi diqqət ayırıb. O bildirdi ki, yaradıcı insanları Vətən qarşısında qəhrəmanlıq, müharibə iştirakçılarına ehtiram və Qarabağın dirçəlişi məsələləri mövzusunda dövlətə yardımçı ola bilən, müxtəlif sahələrə aid milli ruhlu peşəkarların yetişdirilməsinə həvəsləndirən əsərləri yazmağa motivə edilməsi günümüzün aktual məsələlərindəndir və Agentlik belə layihələri hər zaman dəstəkləməyə hazırdır.
Çıxışçı söylədi ki, hərbi-vətənpərvərlik, qəhrəmanlıq istiqamətində bir çox məsələlərdə fərqli düşünən sağlamfikirli yaradıcı şəxslərin müxtəlif janrda əsərlərini yaranmasını həvəsləndirən ədəbi-mədəni layihə vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını həm çağdaş humanitar düşüncəmizdə, həm ədəbiyyatımızda, həm milli-mənəvi ideologiyamızda, həm də İnternet resurslarımızda yaratmaqla, gənc nəsilə tanıtmaqla, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək vermək alqışlanası addımdır.
Ədəbi-ictimai ictimai müzakirə formasında davam edən məclisdə QHT sədrlərindən Tahirə Məmmədova, İradə Həsənova, İradə Məlikova, Nəzakət Xaçmazlı, eləcə də yaradıcı şəxslərdən Sərvaz Hüseynoğlu, Qəni Camalzadə, Balayar Sadiq, Kənan Hacı, Namiq Aslan, İltimas Səmimi, Azər Hacıbəyli, qazi və ictimai fəallardan Məhəmməd Əsədov, Xəyyam Mehdi və başqaları söz alaraq fikirlərini səsləndirdilər, arzularını çatdırdılar. Çıxışçılar vurğuladılar ki, maraqla izlədikləri layihə çərçivəsində hazırlanan vizual-virtual, ədəbi məhsulların İnternetdə yerləşdirməklə daha çox şəxsi əhatələməyi, açıq istifadəyə verməyi, onların virtual sərgisini təşkil etməyi, müxtəlif formatlı vizual-virtual məhsullar hazırlayaraq videopaylaşım platformaları və İnternet TV-lərdə yaymağı, mütaliəyə meyilli intellektual, yüksək estetik dəyərlərə meyilli hərbiçi nəslinin formalaşmasına yardımçı olmaq mümkündür. Bildirildi ki, real tanıtım tədbiri, eləcə də sosial şəbəkə resurslarında – səhifələrində virtual fəaliyyətləri dəstəkləməklə, İnternet, kitab, onlayn TV məhsullar vasitəsilə yeniyetmə və gənclər arasında vətənpərvərliyin kreativ təbliği vətənpərvərlik dəyərlərinin yayılmasına xidmət edir.
Daha sonra məclisdə şairlər şerilərini oxudular, sənətçilər mahnı səsləndirdilər.
Ayxan Əbilli, YeniMedia.net portalı

