Şuşada V Qurultay! “Həmvətənlərimizin şəbəkələşməsinə daha çox ehtiyac duyulur”. VCA və YYSİB sədri Aydın Xan Əbilov
Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanlarını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq, Aydın Xan Əbilov qurultayın Azərbaycançılıq məfkurəsi olduğunu bildirib:

“Dünya Azərbaycanlılarının Qurultayının əsası ümummilli Heydər Əliyev tərəfindən qoyulub. Bəşəriyyətdə yaşayan 50 milyonluq soydaşlarımızın bütöv Azərbaycan ətrafında birləşməsi üçün nəzərdə tutulan intellektual ideologiyadır. Artıq bir neçə mühüm tədbirlərlə yanaşı qurultayların da keçirilməsi xalqımızın tarixində əhəmiyyətli hadisədir. Hesabat xarakterli tədbir olduğundan görülən işlər, uğurlarımız, problemlərimiz, soydaşlarımızın xarici ölkələrdə yaşadıqları çətinliklər hər zaman Azərbaycan ictimaiyyətinin xüsusi diqqətini cəlb edib. Fikir adamları, düşüncə mərkəzləri, Dünya Azərbaycanlılarının Diaspor nümayəndəlikləri, mədəniyyət mərkəzləri və s. dövlətimizə yaxın olan ölkələrin diasporlarının maraq dairəsində olan forumdur. Təbii ki, istəyərik, daha innovativ və kreativ bir qurum olsun. Hibrid şəkildə, yəni həm əyani, həm onlayn üsulda “Zoom” proqramı ilə keçirtmək olar. Hər bir azərbaycanlı bu vasitə ilə özünü tədbirə məxsus biri kimi hiss etsin. Əvvəlki qurultaylarda daha çox varlılar, biznesmenlər və s. iştirak edirdi. İndi tarixi fürsətdir. İnternet bizə şərait yaradar”.
Kulturoloq qurultayların fəaliyyətindən bəhs edib:
“Qurultayların panel üzrə iclasları keçirilir. Burada müxtəlif mövzular müzakirə edilir. İctimai fəal kimi təklif edərdik ki, bu il görülən işlər, səslənən təkliflərin işləmə mexanizmi və səmərəli nəticə əldə etmək üçün yeni formatlar tapılması diskussiya olunsun. Bir sıra qərarlar qəbul edilir. Qurultaylarda işləyən biri kimi deyim ki, sadəcə kağız üzərində qalır. Orada səslənən fikirlər ölkəmizin tanınmasına və güclənməsinə xidmət etməlidir. Əlbəttə, oradakı müzakirələr olmasaydı, soydaşlarımız hər yerdə birləşməsəydi, Qarabağda qələbə çalmaq çətin olardı. Diaspor və dünyadakı həmvətənlərimizin şəbəkələşməsinə indi daha çox ehtiyac duyulur. Bu proses güclənib. Əvvəllər hansısa kompaniyanı aparanda xeyirimizə iş görə biləcək 10-20 nəfər tapmaq mümkün deyildi. Diaspor nümayəndələrimiz, türk dilli xalqlar, xüsusilə, qardaş Türkiyə, Orta Asiya xalqları, Cənubi Azərbaycanda, Gürcüstanda, Rusiyada yaşayan soydaşlarımız, həmçinin yəhudi, pakistanllı, ukraynalı və s. başqa millətlər bu prosesdə fəal iştirak edirlər. Bizə yaxın olan xalqlarla nələri işləyə bilərik deyə mövzu danışılmalıdır”.
Birliyin sədri qeyd edib ki, qurultaylarda bəzi məsələlər ciddi qoyulsun:
“Dünya azərbaycanlılarının yaşadığı ölkələrdə niyə deputatlar, partiya rəhbərləri, ictimai fəallar, eyni zamanda universitetlər, Kütləvi İnformasiya Vasitələri (KİV) akademiyalarda bizimkilər olmasın? Niyə ekspertərimiz başqa ölkələrin telekanallarında və internet saytlarında ölkəmizin mövqeyini ortaya qoymasınlar? Nə üçün digər dövlətlərdə yaşayan azərbaycanlılardan ibarət Azərbaycan Dostlarını formalaşdırmayaq? Biznes, pul, kapitalizm və s. yaxşı şeydir. Beyin adamları, bloqerlər, yazıçılar, yutuberlər və s. var ki, onları ölkəmizlə bağlı geosiyasi maraqlarını ifadə etməkdə cəlb etməyək? Bununla bağlı Diaspor İş üztə Dövlət Komitəsi, bir çox iri QHT-lər, aidiyyəti məmurlar öz vəzifələrini daha da funksional ifadə etmək üçün çevik və yeni təfəkkürə uyğun formatda mexanizmlər tapmalıdırlar. Yoxsa, müəllimlərin, yazıçıların və s. qurultaylar kimi sıravi hadisəyə çevrilir”.
Yazıçı fikirlərini belə tamamlayıb:
“İstənilən halda bu qurultayın keçirilməsi möhtəşəm bir addımdır. Yetər ki, məmurlar öz maraqlarını təmin etmək üçün bundan istifadə etməsinlər. Səfirliklər soydaşlarımızı “mənimki” və “mənimki olmayan” kimi bölüb, “iqtidarçı”, “müxalifətçi”, “dinci” damğası vurub onların münasibətlərini kəskinləşdirməsinlər.
Dost yəhudi xalqının diaspor şəbəkəsinə uyğunlaşdırılaraq yeni mərhələyə qədəm qoyulsun”.
Cəmilə Əzim, https://sherg.az/aktual/194958

