“İstərdik əvvəlki kimi ənənəvi qurultay olmasın!” VCA və YYSİB sədri, tanınmış yazıçı-kulturoloq Aydın Xan Əbilov
Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçiriləcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ziyarətin ardınca isə Şuşa şəhərinə yola düşəcəklər.

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçiriləcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri Xiyabanı, I və II Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Ziyarətin ardınca isə Şuşa şəhərinə yola düşəcəklər.
Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır.
Bununla bağlı Herbiand.az-a danışan Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq, Aydın Xan Əbilov bildirib ki, Dünya Azərbaycanlılarının Qurultayı ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və azərbaycançılıq ideologiyasına, Azərbaycan məfkurəsinə, bütöv Azərbaycan ətrafında 50 milyonluq dünyada yaşayan soydaşlarımızı birləşdirmək üçün nəzərdə tutulmuş bir intellektual və ideoloji platforma sayılır:
“Bu platformanın artıq bir neçə böyük tədbirləri ilə yanaşı qurultaylarının da keçirilməsi ölkəmizin, xalqımızın tarixində əhəmiyyətli bir hadisədir. Dünya Azərbaycanlılarının Qurultayları və qurultaylararası dövr ərzində görülən işlər, uğurlarımız, problemlərimiz, soydaşlarımızın müxtəlif ölkələrdə yaşadıqları uğurları, çətinlikləri, ümumiyyətlə hesabat xarakterli bir böyük tədbir olmaq etibarilə hər zaman Azərbaycan ictimaiyyətinin və dövlətin xüsusi diqqətini kəsb edə bilib. Düşüncə mərkəzləri, Azərbaycanın dövlət qurumları, ümumiyyətlə Dünya Azərbaycanlılarının diaspor nümayəndəlikləri, mədəniyyət mərkəzləri, Azərbaycana yaxın olan xalqların diasporlarının maraq dairəsində olan bir forum kimi qəbul edilir”.
Yazıçı-kulturoloq qeyd edib ki, biz istərdik əvvəlki kimi ənənəvi qurultay olmasın. Bir qədər fərqli, daha innovativ, kreativ, daha çox beyin mərkəzi olaraq dövlətimizə yeni ideyalar, yeni beyin məhsulları verən bir platforma və forum kimi keçirilsin:

“Bu qurultay həm real, həm də onlayn üzrə bütün dünyada canlı yayımlanan, zoom və digər proqramlar vasitəsilə qoşulması mümkün olan hibrid qurultay kimi keçirilsə daha yaxşı olar. Çünki, hər bir azərbaycanlı artıq bu qurultayda özünün iştirakçı olduğunu və özünə məxsus olduğunu dərk etsin. İndiyə qədər keçirilən qurultaylarda daha çox seçilmiş insanlar, bəzi hallarda varlı insanlar, biznesmenlər və s. iştirak edirdi. Amma indi tarixi fürsətdir. Yeni adətlər, intenetin imkanları şərait yaradır ki, bizi sevən hər bir kəs bu qurultayda onlayn və ya real iştirak edə bilsin”.
Aydın Xan Əbilov vurğulayıb ki, qurultayın panel üzrə iclasları keçirilir. Bu panellərdə müxtəlif məsələlər qoyulur və onun müzakirəsi aparılır:
“Biz ictimai fəallar olaraq təklif edərdik ki, builki qurultayda həm də görülən işlər, qurultaylarda səslənən təkliflərin işlək mexanizmi, qurultayların daha çox insanı əhatə etməsi üçün daha səmərəli və məhsuldar nəticələrlə yekunlaşması üçün yeni formatlar axtarılıb tapılsın. Məsələn, qurultaylarda çoxlu qərarlar qəbul edilir. Mən indiyə kimi bir neçə qurultayda iştirak edən şəxs kimi bunu deyə bilərəm. Amma o qərarların çoxu sadəcə kağız üzərində qalır. Bir çoxları müxtəlif vasitələrlə həyata keçirilsə də biz arzu edərdik ki, orada səslənən fikirlər bir növ dünyada Azərbaycanın bütövlükdə tanınmasına, güclənməsinə xidmət etsin. Əlbəttə Dünya Azərbaycanlılarının Qurultaylarındakı fikirlər səslənməsəydi, soydaşlarımız hər yerdə birləşməsəydi Qarabağda qələbə çalmaq biraz çətin olardı. Belə qısa bir müddətdə möhtəşəm zəfəri biz yaşaya bilməzdik”.
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri deyib ki, diaspor və dünyada yaşayan azərbaycanlıların şəbəkələşməsinə indi daha çox ehtiyac duyulur. Əslində bu şəkələşmə artıq güclənib:
“Bilirsiniz ki, əvvəllər biz hansısa bir kampaniya aparanda bura 10-20 nəfər tapıb cəlb etmək mümkün deyildi. İndi isə nəinki azərbaycanlıların diaspor nümayəndələri, soydaşlarımız həm də digər türkdilli xalqlar, Rusiyada, Avropada və ABŞ-da yaşayan bizi sevən soydaşlarımızla yanaşı, yəhudi, Ukrayna və digər xalqların diasporları da bu kampaniyalarda fəal iştirak edirlər. Qurultaylar əslində bu tip məsələləri müzakirə etməlidirlər ki, bizə yaxın hansı xalqlar, diasporlar var və bunlarla nə işləyə bilərik. Mənim arzum budur ki, qurultayda bəzi məsələlər çox ciddi qoyulsun. Nə üçün dünya azərbaycanlılarının yaşadığı ölkələrdə deputatlar, partiya rəhbərləri və üzvləri, ictimai fəallar, eyni zamanda Universitet, KİV və akademiyalarda azərbaycanlılar olmasın. Niyə azərbaycanlı ekspertlər dünyanın müxtəlif ölkələrinin kanallarında, internet saytlarında Azərbaycanın mövqeyini ortaya qoymasınlar. Niyə biz indiyə qədər ayrı millətlərdən yalnız Azərbaycanın dostlarını formalaşdırmaq istəyirik. Nə üçün dünyada yaşayan sırf azərbaycanlılardan ibarət dostlarımızı formalaşdırmayaq. Biznes, kapitalizm, pul yaxşı şeydir. Amma beyin adamları, yazıçılar, bloggerlər, youtuberlər, tik-tokerlər, KİV-lərdə çalışan azərbaycanlılar var ki, onları Azərbaycan həqiqətlərini yaymaqda və Azərbaycanın geosiyasi maraqlarını ifadə etməyə cəlb etməliyik. Fikirləşirəm ki, bununla bağlı diaspor komitəsi, bir çox iri QHT-lər, aidiyyəti məmurlar öz funksiyalarını daha da funksional ifadə etmək üçün daha çevik, yeni təfəkkürə uyğun mexanizmlər axtarıb tapmalıdırlar. Yoxsa elə qurultay bir çox birliklərin qurultayları kimi sıravi bir hadisəyə çevriləcək”.
Aydın Xan Əbilov istənilən halda bu qurultayın keçirilməsini çox möhtəşəm bir hadisə adlandırıb:
“Azərbaycanın tarixində dayanan bir hadisədir. Yetər ki, məmurlar öz maddi maraqlarını təmin etmək üçün bu qurultaydan istifadə etməsinlər. Yetər ki, səfirliklər iqtidar, müxalifətpərəst, millətçi, dinçi damğası vurub Azərbaycanı sevən soydaşlarımızı ayırmasınlar. Bu qurultay azərbaycanlıları birləşdirən müxtəlif siyasi əqidəyə malik, müxtəlif fikir düşüncəsinə aid insanları birləşdirən bir platformaya, yəni dost yəhudi xalqının diaspor şəbəkəsinə uyğun bir diaspor şəbəkəsi yaradılması üçün ən yeni mərhələ, ən yeni mexanizmlər və mərhələyə çevriləcək”.
Bəxtiyar CƏFƏRLİ,
https://herbiand.az/post.php?id=27417

