“Müharibədə əldə edilən qələbədə əsas pay sahibi məgər qocalar idi?” VCA və YYSİB sədri, yazıçı-kulturoloqdan gənclərin tənqid edilməsinə reaksiya
“Yeni nəsil fərqli yaşayan, fərqli düşünən, sosiallaşmağı bacaran, öz zövqünə, fikirlərinə uyğun tədbirlər olduqda belə izdiham ətrafında yığışa bilir. Bu dünyanın hər yerində var. Zamanında Madonna, Maykl Cekson kimi dünya ulduzlarının iştirakı ilə olan tədbirlərdəki izdihamları hamı bilir. Daha əvəllər Azərbaycanda da belə hallar müşahidə edilib. Zeynəb Xanlarova öz çıxışları zamanı stadionları doldurardı. Bundan başqa kütləvi şəkildə qeyd olunan bayramlar vardı, məsələn, 1 may və SSRİ zamanında mövcud olan digər bayramlarda biz belə izdihamları tez-tez görürdük”.
Bunu Pravda.az-a ötən gün “Park Bulvar” ticarət mərkəzində əslən azərbaycanlı olan rusiyalı bloger Hüseyn Həsənovun təşkil etdiyi görüşdə yaranan izdihamla bağlı məsələni şərh edərkən yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.
A.Abilovun sözlərinə görə, Hüseyn kifayət qədər tanınmış bir blogerdir, üstəlik o bir marketoloqdur və bilir ki, belə bir izdihamı sosial şəbəkə kanallarında yayımlamaqla reklamçılar onun hesabına milyonlarla pul köçürəcək: “Buna görə də bu məsələlər ona çox rahat başa gəlir. Onun maliyyəsi imkan verir ki, topdan şəkildə yüz ayfon alsın, lotoreya və digər adlar altında bu qədər insanı bir yerə yığsın. Bu izdihamın əsas kütəsini təşkil edən yeniyetmələr, gənclər, daha çox cəmiyyətin işsiz təbəqəsi idi və onlar üçün həmin şəxsin Hüseyn və ya başqa biri olması o qədər də maraqlı deyil. Burda əsas qazanc pulsuz şəkildə ayfon əldə etməkdir. Əlbəttə, hər birimiz tənqid edə bilərik ki, ölkəyə Nobel mükafatçısı və ya hər hansı məşhur klassik musiqi ifaçısı dəvət olunanda bu kütlənin heç on faizi orda toplanmır. Nəzərə alaq ki, bu toplantı heç bir maddi xərc tələb etməyən, əksinə insanlara lotoreya şəklində nəyisə qazandıra bilən bir tədbir idi. Bunu normal qarşılmaq lazımdır. Sadəcə, məkan uğursuz seçilmişdi. Əgər bu tədbir daha geniş yaxuda hər hansı açıq məkanda keçirilsəydi, bu qədər müzakirələrə səbəb olmayacaqdı”.
Yazıçı qeyd edib ki, istənilən halda gənclik hər hansı bir kumirinin ətrafında belə bir şəkildə toplaşa bilirsə, bu, xoş bir haldır: “Sosial şəbəkələrdə yazırlar ki, əgər müharibə olsaydı, ora belə izdihamla getməyəcəkdilər. Bəs müharibədə əldə edilən qələbədə əsas pay sahibi məgər qocalar idi? Elə həmin gənclik idi, getdi, vuruşdu torpaqlarımızı geri qaytardı. Biz tənqidi xoşlasaq da, bu, hadisəni anlayışla qəbul etməliyik”.
“Əlbəttə, bu cür izdihamı ölkəmizin inkişafı üçün mədəniyyət, incəsənət, ədəbiyyatın populyarlaşmasında görmək istəyərdik. Bunun üçün də incəsənət, akademik elmlə məşğul olan şəxslər Hüseyn kimi blogelərin texnologiyalarından yararlanmalıyıq ki, gənclik daha ciddi məsələlərin ətrafında belə toplaşa bilsin” – o bildirib.
Leyla Yusubova, https://pravda.az/news/78587
O bilir ki, izdihamı videoya çəksə reklamçılardan milyonlarla pul götürəcək – SORĞU

“Müasir nəsil bir qədər fərqli düşünən, yaşayan, sosiallaşmağı bacaran, lazım olan anda öz fikirlərinə və zövqünə uyğun hadisələr, tədbirlər, insanlarla görüş olduqda belə izdihamla yığışa bilirlər. Bu dünyanın hər yerində var. Vaxtilə Ledi Qaqanın və Maykl Cekson kimi məşhur simaların konsertində olan izdihamın Azərbaycanda da fərqli formatı vardı”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, vaxtilə Zeynəb Xanlarova stadionları, mədəniyyət evlərini insanlarla doldurardı: “Eyni zamanda məsul bayramlarda da bu tipli izdihamlar olurdu. Hüseyn Həsənov kifayət qədər populyar bir bloggerdir. O həm də marketoloqdur. O bilir ki, bu izdihamı videoya çəksə reklamçılar onun hesabına milyonlarla pul ötürəcək. Bu onun üçün çox asandır, çünki maliyyə vəsaiti var”.
Aydın Xan Əbilov sözlərinə belə davam edib: “Bu izdiham əsasən də ata-anadan “İphone” tələb edə bilməyən yeniyetmələrdən ibarət idi. Onlar üçün maraq sırf “İphone”ni əldə etməkdir. Gənclər ora Hüseyni görməyə gəlməmişdilər. Çünki zatən sosial şəbəkə vasitəsilə görürlər.
İnsanlar xüsusilə post-pandemiyadan sonra olan belə kollektiv tədbirlər üçün də darıxıblar. Hər birimiz tənqid edə bilərik ki, ölkəyə nobel mükafatçısı və beynəlxalq ekspertlər gəlsə onların tədbirlərində belə izdiham olmur. Bu insanlara pul və ya hədiyyə qazandıracaq tədbir kimi təşkil olunur. Yer seçimi isə uğursuz idi. Belə tədbirlər açıq havada təşkil olunsa idi izdiham da olmazdı”.

Deputat Fazil Mustafa isə məsələyə belə münasibət bildirib: “Mən azərbaycanlıları və cəmiyyətimizi tanıyıram. “Park Bulvar”da tort, ya da krassovka verilsəydi, başqa bir təbəqə orada izdiham yaradacaqdı. Hələ bunlar bir az mütərəqqi təbəqədir ki, “iPhone” istəyirlər. Qalanlar nə istəyəcəkdi?! Yəni bu sosial şəbəkədəkilər, qaragüruh yaradanlar onlardan ağıllıdır ki?!
Hamı düşüb ki, izdiham yaşandı və s. Hələ orada normal davranıldı. Ərzaq paylanılsaydı, görün nə olacaqdı. Bu cəmiyyəti müstəqillik dövründə irəli apara bilmədik, çünki normal, yaxşı təhsil verə bilmədik.
O uşaqlar haradasa universitetdə oxuyur, orta məkəb şagirdidirlər, onların normal təhsili yoxdur. Sadəcə özlərini təkmilləşdirmək, nələrsə öyrənmək üçün texnoloji vasitələr istəyirlər. Bu gün 5 yaşlı uşaq da məndən və sizdən daha yaxşı idarə edir “iPhone”u. Müasir texnologiyanın ərsəyə gətirdiyi bir şeydir bu. Burada hansısa təhlükə niyə olsun?! Təhlükə cəhalətdədir, təhlükə bir sürü kimi hansısa yalançının dalınca gedənlərdədir. Siyasətdə də belədir. Çıxsın, bir dələduz desin ki, bunları vəd edəcəyəm, kimsə getməyəcək?! Hansı vicdanlı adamın dalınca bu qədər insan gedib axı?!”.
Ayşən Vəli,https://sia.az/az/news/social/947515.html

