Vətən Zəfərini mədəniyyət və incəsənətdə necə əbədiləşdiririk? VCA və YYSİB sədri Aydın Xan Əbilov və ekspertin mövqeyi

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər həm bugünkü, həm də gələcək nəsillərin yaddaşında xüsusi yer tutmalıdır. Əlbəttə, qələbəmizin əbədiləşdirilməsi üçün ən müxtəlif sahələrdə, xüsusən də mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində əsərlər yaradılmalıdır ki, bədii nümunələr vasitəsilə qələbəmiz nəsillərin yaddaşında həkk olunsun. Tarixi Zəfər mövzusu mədəniyyət və incəsənət əsərlərinin başlıca mövzusuna çevirilməli, əsərlər vasitəsilə təbliğ edilməlidir. 

Zəfər mövzusunda ədəbiyyat, mədəniyyət və incənət əsərlərinin yaradılması böyük bir zərurətə çevrilib. Birinci Qarabağ müharibəsi barədə iri həcmli bədii nəsr əsərləri, bədii filmlər tək-tük olsa da, amma insaf naminə deyək ki, musiqi, təsviri incənət, poeziya və publistika sahəsində xeyli maraqlı əsərlər meydana çıxıb. Bunlar öz yerində. Hazırda qarşıda duran əsas vəzifələrdən biri tarixi zəfərimizin ədəbiyyat, mədəniyyət və incəsənət əsərlərində əsk olunması məsələsidir. Bu istiqamətdə bəzi istisnaları nəzərə almasaq demək olar ki, elə də diqqət çəkən işlərə təsadüf edilmir. “Xaltura” nümunələri isə kifayət qədərdir, amma dediyimiz kimi, zəfərimizin təbliği və əbədiləşdirilməsi ilə bağlı möhtəşəm mədəniyyət-incəsənət, ədəbiyyat layihələri hazırda demək olar ki, yoxdur.

  • Aydın Xan Əbilov: “Qələbəmizin təntənəsini, əzəmətini sabahlara ötürüb yaşatmağımız üçün ən təsirli vasitə sənət əsərləridir”

Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov İkinci Qarabağ mühraibəsi bu və ya digər dərəcədə bütün sahələrdə təsirini, izini buraxdı. “Tarixi Zəfərimiz ədəbiyyat, mədəniyyət və incəsənət sahəsində özünü ifadə etməyə başladı. Ədəbiyyat, təsviri incəsənət, musiqi və sair  sahələrində bu mövzuda yeni əsərlər meydana gəldi. Demək istəyirəm ki, Vətən müharibəsində qazandığımız zəfər mədəniyyət-incənət əsərlərində əks olunur. Əlbəttə, zəfərimizi gələcək nəsillərin yaddaşında həkk etmək bədii ədəbiyyat, kino, mədəniyyət və incəsənətin digər sahələrində daha məzmunlu, səviyyəli əsərlər yaradılmalıdır. Çünki qələbəmizin təntənəsini, əzəmətini sabahlara ötürüb yaşatmağımız üçün ən təsir vasitə sənət əsərləridir”.

A.X.Əbilovun sözlərinə görə, Vətən müharibəsi başa çatdıqdan sonra həm yerli, həm də beynəlxalq əhəmiyyətli layihələr, müsabiqələr keçirilib, buraya yerli sənət adamları, müəlliflərlə yanaşı xaricilər də qatılıb. “Əlbəttə, bu müsabiqələrdə yer tutan müəlliflərin hamısının əsərlərini birmənalı olaraq yüksək bədii-estetik tutumlu, kulturoloji tələblərə cavab verən nümunələr olaraq qəbul etmək mümkün deyil. Yüksək səviyyəlilərdə bu tələbləri ödəməyənlər də olub. Biliyim qədər, indiyə kimi bu sahədə çoxlu sənət əsərləri yaradılıb. Bir çoxları ideoloji, vətənpərvərlik, maarifçilik hadisəsi kimi də qəbul edilə bilər. Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqı, telekanallar, ictimai təşkilatlar, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, eyni zamanda Gənclər Fondu, bir çox nazirliklər bu istiqamətdə tədbirlər keçirib. Qələbənin təbliğ edilməsi, şəhid ailələrinin, qazilərin dəstəklənməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün minlərlə layihə həyata keçirilib. Bu sahədə çap olunan kitabların sayı daha çoxdur. Sənədli filmlər çəkilib, internet resursları yaradılıb, Zəfər Muzeyi, memorial muzeylər yaradılır”.

A.X.Əbilov hesab edir ki, yazıçılar, şairlər, rəssamlar, heykəltəraşlar Zəfər mövzusunun əbədiləşdirilməsi üçün daha möhtəşəm əsərlər yaratmalıdırlar. Bu gün daha çox yaradılan əsərlərin internet resursları vasitəsilə yayılmalı olduğunu deyən A.X.Əbilovun fikrincə, bu əsərlər ən müxtəlif müasir texnologiyalarla təbliğ edilməlidir.

  • Qiymət Məhərrəmli: “Sənət adamları da o Zəfəri bədii düşüncədə, əsərlərdə əbədiləşdirməlidir”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də hesab edir ki, bədii nümunələrdə şanlı Zəfər tariximizin daha yüksək səviyyədə əks olunması sahəsində işlər gücləndirilməlidir: “Bu mövzuda yüksək səviyyəli bədii əsərlər, romanlar, povestlər, hekayələr, şeirlər yaradılmalıdır. Zəfər tariximizin indiyə qədər tammemtrajlı bədii kinoda əksini tapmaması təəssüf doğurur. Azərbaycan Ordusunun şücaətini, əzəmətini göstərən əsərlər çox yazılmalıdır. Bizə bayağı, əsər xatirinə əsər lazım deyil, qələbəmizin hər elementini əks etdirən əsərlər lazımdır. Elə əsərlər ki, sabahkı nəsillər üçün də təsirini göstərə bilsin. Dünya müharibələrinin tarixinə baxsaq görərik ki, necə möhtəşəm əsərlər yaranıb. İkinci Dünya müharibəsi mövzusu bizim ədəbiyyatda necə canlı, necə yüksək səviyyədə əks olunmuşdu ki, o əsərlərin bu gün də təsirindən çıxa bilmirik. Bütün sənət adamları tarixi zəfərimizin gələcək nəsillərin yaddaşında əbədi həkk olunması üçün qələbəmizə layiq əsərlər yaratmalıdır. Düzdür, müəyyən əsərlər yaranıb, amma onlar yetərli deyil. Yenə də yazılmalıdır, yenə də təsviri incəsənət nümunələri, bəstəkarlıq əsərləri, filmlər və sair yaradılmalıdır.

Əvvəllər yazıçılardan soruşanda ki, niyə Qarabağ müharibəsi mövzusunda sanballı əsərlər yazmırsınız, deyirdilər ki, qələbəni gözləyirik. Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu o şanlı, əbədi zəfəri qazandı. Sənət adamları da o zəfəri bədii düşüncədə, əsərlərdə əbədiləşdirməlidir”- deyə Q.Məhərrəmli bildirdi.

İradə SARIYEVA,https://www.baki-xeber.com/medeniyyet/138042.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir