Lirik poeziyanın psixoloji qatlarına enəndə. Psixoloq və şair -pedaqoq Elşad Can Şamilin modern kitabları. Aydın Xan Əbilov yazır

Yaradıcılığını əsasən İnternet – sosial şəbəkələrdən izlədiyim istedadlı gənc şair, publisist, həm də psixoloq və pedaqoq Elşad Can Şamil – Səfixanov dövri mətbuatda, elektron dərgilərdə, sosial şəbəkələrdə yaradıcılıq fəallığı nümayiş etdirməklə yanaşı, oxucular tərəfindən rəğbətlə qarşılanan pisxplpji-poetik, lirik-ictimai şeirlər müəllifi kimi imzasını tanıtdırmaqdadır.

Poeziyaya – ciddi ədəbiyyata uşaqlıqdan gəlmiş, dövri mətbuat və İnternet saytlarında yaradıcılıq nümunələri ilə vaxtaşırı çıxış edən gənc isteadadın ilk kitabı gec işıq üzü görsə də, poetik-fəlsəfi axtarışları, ana dilimizin şeriyyət qatına enmək bacarığı, eləcə də yeni nəfəslə modern şeirlərindəki estetik-poetik gəzişmələri onu həmyaşıdları sayılan ədəbi gəncliyin nümayəndələrindən xüsusi fərqləndirən cəhətlərdəndir.

 Şairin “Ölümü unutmuşdum” adlı ilk poetik toplusundakı klassik eşq-məhəbbət mövzularına qəribə, poetik-psixoanalitik düşüncələr, zəmanəyə fərqli münasibət, fərdin iç dünyasına platonik səyahət, XXI əsr insanının, eləcə də virtual aləmin sakinlərinin  ətrafa olan metafizik baxışlar kimi lirik-psixoloji amillər “Mənim işim səni sevmək idi” adlı bu yeni kitabında da sezilir. Sanki Azərbaycan ədəbiyyatında az işlənmiş bu ədəbi motivlərə müraciət edən kreativ müəllif peşəkarcasına məşğul olduğu psixologiya sahəsinin qat-qat bilgilərini şeriyyətin poetik dilinə çevirərək çağdaş insana ünvanladığı bəşəri-əbədi suallara ritorik cavablar arayır.

 Gənc olsa da, kreativ-intellektual sahələrdə –  şair-publisist, jurnalist, bloger, psixoloq, pedaqoq və təhsil məmuru kimi çalışan Elşad Can Şamil – Səfixanov İnternetüstü elektron resurslarda, yeni mediada, xüsusən də sosial şəbəkələrdə yayımlanan lirik-psixoloji, sosial mövzulu, hətta ovqat şeirlərindən ibarət silsilə poetik düşüncələri istər peşəkar ədəbiyyat adamları, istərsə də sadə oxucular tərəfindən maraqla qarşılanıb.

İstedadlı yaradıcı gənc olaraq Elşad Can Şamil – Səfixanov müxtəlif mətbu orqanlarında, ədəbi saytlarda şeirlər, publisistik məqalələr, eyni zamanda, publisistik araşdırmaları ilə də tez-tez çıxış edir:bu genişfəhmli yaradıcılıq imkanları yeni nəslin nümayəndəsini kimi ədəbi həyatımızda ciddi qələm adamı kimi tanıdıb. Müəllifin yeni kitabında da mürəkkəb poetik texnologiyaların əksi saydığımız çoxçalarlı yaradıcı genişliyin şahidi oluruq. Onun ədəbi yaradıcılığı zənginliyi və çoxistiqamətliyi ilə fərqlənir: şair yüzlərlə lirik-psixoloji şerin müəllifidir. Gənc şair hər zaman fərdin mənəvi-ruhi aləmi, zəmanədaşlarını düşündürən ictimai-psixoloji problemləri, insanın fəlsəfi düşüncələri kimi mövzuları həm poeziyasında, həm də ədəbi-publisistik yazılarında məharətlə verə bilir.

Elşad Can Şamil – Səfixanov yaradıcılığına bələd olan şəxs kimi xüsusi olaraq vurğulamaq istəyirik ki, onun poeziyası, – indiyə qədər də ədəbiyyatşünaslar tərəfindən mübahisələrə səbəb olan, ağ şeir, – sərbəst şeir, bir sözlə, lirik növün poeziya – şeir jarlarının qəliblərini dağıdan modern və postmodern, bəzi hallarda isə, absurdizmin sərhədində qərarlaşır. Ənənvi poeziya vurğunu olan oxucular bəzi hallarda bu sintetik poetik estetikanı qavramaqda çətinliklər çəkə bilər. Bəzən də müəllifin özü stilistik mürəkkəbliyi o qədər tünd edir ki, nəinki sıravi oxucular, hətta peşəkar ədəbiyyatçılar, tənqidçilər belə şairə “etirazlarını” bildirmək istəyirlər. Fəqət elə ədəbiyyatın – söz sənətinin gözəlliyi də belə estetik rəngarənglikdədir…

Gənc şair sanki bir tərəfdən irihəcmli, bəzən də süjetli şeirlərə üstünlük verir, digər yandan da insan psixasının dərinliklərindəki absurdizmi poeziyaya gətirməklə öz lirik yaradıcılığına qəribə bir ağırlıq pərçimləyir:

…Fəryad edir, hey dad edir,

qan ağlayır içimdəki duyğular

Qalıb elə içimdəcə, qaçqın düşüb hisslərim

Yoxsa apardımı onu o qəlb çalan oğrular

Axı çox idi paxıllarım, var idi xəsislərim…

Kitaba yazılan ön sözlərdə hər zaman boğazdan yuxarı təriflər yağdırılır, biz bilə-bilə  o formadan yan qaçdıq, dostumuzun bu yeni poetik toplusuna yazdığmız qeydləri elə onun ənənəvi üslubda yazdığı “Gəl yanıma…” adlı lirik bir şerindəki bu fikirlərlə yekunlaşdıraraq Elşad müəllimə ən xoş istəklərimizi çatdırır, hər zaman sənət atəşi ilə yanmağı ona arzulayırıq:

…Gəl yanıma indicə,

Məni sevindir gülüm.

Od vur mənə gizlicə,

Qoy yanım qalsın külüm… 

Kitabı oxuyun: https://www.kitabxana.net/author.php?author=843

Aydın Xan Əbilov, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxananın yaradıcısı, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, yazıçı-kulturoloq

8 dekabr 2018-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir