Kulturologiya: zamanın nəbzini tutan intellektual-kreativ texnologiya. YYSİB sədri, kitabxana.net rəhbəri, yazıçı-kulturoloq Aydın Xan Əbilov yazır
Çağdaş kulturologiya klassik düşüncə texnologiyalarına rəğmən, daha çevik və qlobal geo-mədəni, milli, eləcə də bəşəri baxışlar sistemini özündə birləşdirir. Bu mənada bir nümunə göstərmək mümkündür. İslam Şərqini, eləcə də Hindistan, Çin, ABŞ, Qərb müsəlmanlarını çalxalayan növbəti təhrikedici “incəsənət” nümunəsi – ABŞ vətəndaşı rejissor Sem Besilin çəkdiyi qalmaqallı, heç bir ciddi sənət-estetik dəyəri kəsb etməyən, islamafobiyanın növbəti göstəricisinə çevrilmiş “Müsəlmanların məsumiyyəti” adlı film bir daha sübut etdi ki, ənənəvi baxışlarla mədəniyyətə qiymət vermək olmaz. Hətta bir çox kulturoloqlar da orta məxrəcə gəlməyə başlayıblar ki, hər yaradılan sənət nümunəsini böyük mənada mədəniyyət əsəri saymaq olmaz. Məlum mövzuda təhrikedici karikatura, eləcə də bu mənasız növbəti film qalmaqalı İslam dünyasında Qərbə qaşı növbəti əks-reaksiyaya səbəb oldu: bir sıra ölkələrdə ABŞ səfirliyinə hücum, diplomatların həyatına qəsd və başqa şiddət halları göstərir ki, sivilizasiyalararası münaqişəyə, insanların hiddətinə səbəb olan, dini baxışlara həqarət edən, mədəniyyətin dialoquna xələl gətirən istənilən əsər rədd edilməlidir. Bir sözlə, bu cür mənfienerjili “sənət əsərləri” bəşəriyyətin, hər hansı millətin, yaxud qrupun incəsənətinə aid edilməməli, pislənilməli, ictimai-mədəni şəkildə bu cür nümunələri yaradanlardan üz çevirmək lazımdır ki, başqalarına da ibrət olsun…
Azərbaycan cəmiyyəti qədim Şərqin və inkişaf etmiş Qərbin müxtəlif dəyərlərini özündə birləşdirən kulturoloji məkana malikdir. Əsrlər boyu dünyanın elə bir intellektual-kreativ dəyərini tapmaq mümkün deyil ki, məmləkətimizə öz təsirini bağışlamasın. Azərbaycanda tarixən də, indinin özündə də atəşpərəstlik məbədi ilə xaçpərəstlik kilsəsi müsəlman məscidi ilə yanaşı qurulub, büxtəlif inanclı, dünyagörüşlü insanları bir araya gətirib. Klassik şairlərdən tutmuş, ta alim və indiki yazarlara qədər dünyanın sivil dəyərlərini öyrənib öz yaradıcılıqlarında, əsərlərində təbliq ediblər. Nizami, Tusi, Nəsimi, Füzuli, Axundov, Cavid, Səməd Vurğun, Rəsul Rza kimi klassiklərin əsərlərini yada salaq. Axtarsaq, Hindistan, Çin kimi nisbətən yaxın ölkələrlə yanaşı, hətta uzaq Güney Amerika kimi bir mədəni mühitin Markes, Borxes, Kastaneda kimi nümayəndələrinin əsərləri, yaxud hindu-Maya mədəniyyəti, fəlsəfəsi vasitəsilə bizə xüsusi təsirini görə bilərik. Bu isə, Azərbaycanda dünyaya çıxarılası universal, multimədəniyyət nümunələrinin yaranmasına stimul verir. Dünya Alim Qasımovun ifasında milli muğamlarımızı məhz bu səbəbdən rahat qavraya, qəbul edə bilir. Biz hələ Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarımızın, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahov kimi rəssamların yaratdıqları ümumbəşəri əsərləri demirik.
Ölkəmizdə təşkl olunan dünya mədəniyyətlərarası forumlar, müxtəlif beynəlxalq tədbirlər, sivilizasiya və dinlərarası dialoqa xidmət edən konfrans iştirakçıları da vurğulayır ki, Azərbaycan Şərq-Qərb inteqrasiyasında özünəməxsüs dəyərlər, töhfələr verməklə, müxtəlif qütblərə ayrılmış bəşəriyyəti bir amal uğrunda – tolerant birgəyaşarlıq mədəniyyətinin inkişafına xüsusi təkan vermiş olur…
Respublikamızda son illər kitabxana, teatr, kino, ədəbiyyat, muzeylər, tarixi yerlər və abidələr, təbiət qoruqları, ekoloji mühafizə, elektron dövlət, virtual kitabxanalar, təhsil, elm və incəsənətin inkişafı ilə bağlı yeni-yeni dövlət proqramları həyata keçirilir. Dövlətin bu qayğı və diqqət isə cəmiyyətimizin kulturoloji inkişafına yönəlib. Əlbəttə hər bir sahədə işlərimizin yüksək səviyyədə getdiyini söyləmək olmaz. Milli kino, elitar musiqi sahələrimiz, eləcə də kulturoloji təhsil, elmin bu istiqamətinə diqqət, maraq hələ də arzuolunan səviyyədə deyil. Təəssüflər olsun ki, bizdə hələ də kulturologiyanı nəhəng bir elm – intellektual-kreativ düşüncə sahəsi olduğunu anlayan insanların sayı yetərincə deyil. Qonşu Rusiya və dünyanın aparcı ölkələrində hələ orta məktəb – liseylərdə “Kulturologiya”, “Kulturologiynın tarixi”, “Kulturologiyanın əsasları və nəzəriyyəsi” kimi elmi fənlər ayrıca kurs kimi keçirildiyi halda, Azərbaycanda heç ali təhsil ocaqlarının rəhbərləri bu elmin mahiyyətini anlamırlar. Bu da öz növbəsində cəmiyyətin bütün sahələrinə nüfuzetmə imkanına malik bir düşüncə texnologiyası, elm sahəsi olan milli kulturologiya səhəsinin inkişafını ləngidir, bəzi hallarda isə onun bağlı olduğu digər elmi-praktiki istiqamətləri zəiflədir.
Ölkəmizdə hələ də kulturologiya aid kitablar – nəşr olunan dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, elmi məqalələr, analitik yazıların sayı o qədər azdır ki, onlar hətta beynəlxalq katoloqlara düşmür. Milli kulturoloji ədəbiyyatın keyfiyyətindən danışmağa belə dəyməz: problem o qədər aktualdır ki, bəzən ciddi fəsadlara aparıb çıxarır. Bu günlərə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ali məktəblərin birində kafedra müdiri işləyən bir alimin kulturologiyaya aid dərsliyinin pirat olduğunu, başqa alimlərin uyğun kitablarından köçürmələrin baş verdiyini elan etdi. Onsuz da bu sahə Azərbaycanda az inkişaf edib, onu daha çox mədəniyyətşünaslıq kimi qəbul edirlər. Peşəkar kulturoloq alimlərin, mütəxəssislərin sayı məhdudur, onların da imkanlarından istifadə olunmur. Bura bizim kulturologiya ədəbiyyatımızın böyük hissəsinin ruslardan və başqa millətlərin alimlərindən tərcümə edilmiş əsərlərdən ibarət olduğunu da əlavə etsək, problemin aktualığı aydın sezilər.
Şəxsən biz humanitar kulturologiyaya aid 5 kitabın, çoxsaylı məqalələrin müəllifi olaraq bir sıra ali təhsil ocaqlarına kulturologiya fənnini keçməklə bağlı dəfələrlə müraciətlər etmişik. Hamı bu məsələnin vacibliyini vurğulayır, amma qabağa düşəni olmur, mövcud təhsil siyasətində dəyişikliklərə imkan vermədiyini söyləyirlər. Bir daha ölkə ictimaiyyətinə, təhsil sahəsinin mütəxəssislərinə, aidiyyəti dövlət orqanlarına müraciət edirik: nəinki ali təhsil ocaqlarımız, universitet və kollec – texnikumlarımızda, eləcə də orta məktəb – liseylərimizdə mütləq “Kulturologiya”, “Kulturologiyanın tarixi”, “Kulturologiyanın əsasları və nəzəriyyəsi”, “Çağdaş kulturoloji məktəblər” kimi məcburi fənlər ayrıca elm sahəsi kimi tədris edilməli, yeni nəslin dünyagörüşündə estetik-kreativ baxışlar möhkəmləndirilməlidir…

