Hakimlər Komitəsinin sədriylə dalaşan hakim: “Ştuxlik AFFA-ya “İsveçrə bankı” kimi baxır”
Böyük futbolda və futzalda uzun illər hakimlik etməsi ilə tanınan Ramiz Məhərrəmovla AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik arasında qalmaqal ötən ilin oktyabrında baş verib. Bu haqda məhz Fanat.Az eksklüziv məlumat yaymışdı. Hadisə hakimlərdən test götürülərkən baş vermişdi. Komitə sədrinin yüksək tonla irad bildirməsi sonda Məhərrəmovla avstriyalı arasında gərginliklə yadda qalmışdı. O vaxtdan kölgəyə çəkilən Ramiz bəylə əlaqə saxlayıb nə iş gördüyü ilə maraqlandıq və hakimliyin indiki durumu ilə bağlı söhbətləşdik.
– Hakimlər Komitəsinin sədri Frits Ştuxliklə məlum insidentdən sonra AFFA-ya yolunuz düşüb?
– Ordan uzaqlaşandan sonra məşqləri davam etdirirəm. Federasiya ilə heç bir əlaqəm yoxdur. Düzdü, ora gedib-gələ bilərəm. Çünki AFFA-nın binası kiminsə şəxsi mülkü deyil. Rəhbərliklə də heç bir problemim yoxdur. Mənim problemim demək olar, hazırda fəaliyyəti donmuş, varlığı ilə yoxluğu bilinməyən Hakimlər Komitəsi ilədir. Başda Ştuxlik olmaq şərti ilə.
– Bəlkə bir daha o insidentə dönək: səbr kasanızı daşıran son damla nə oldu?
– Frits hər kəsin haqqına girirdi. Həddini aşmışdı. Nə istəyirdi, onu da edirdi. “Burda mənəm, Bağdadda kor xəlifə” deyib hər kəsə ilişirdi. Kim etiraz edirdisə, onunla prinsip aparırdı. Normativ götürəndə dözməyib etiraz etdim. Çünki ikili yanaşma göstərirdi. Sonrasını da bilirsiniz.
– Həmkarlarınız, komitə üzvləri sizi dəstəkləmədi? Məsələn, Hakimlər Komitəsinin üzvü Anar Salmanov əvvəl oxşar aqibətlə üzləşib, keçmiş sədrlə problemi olub. O, sizi yaxşı başa düşərdi.
– Heç kim maraqlanmadı. İstər hakimlərdən, istərsə də komitədən nə zəng vuran oldu, nə də dəstəkləyən. Sanki uzaqlaşmağım onların ürəyincə olub. Bir nəfəri tanımaq istəyirsənsə, ona vəzifə ver… Komitədə özünə hörmət edən şəxslər də var. Demək istəmirəm ki, məni dəstəkləmədiklərinə görə hamısı pisdir. Ümumiyyətlə, kiminsə arxasınca danışmaq istəmirəm. Sözün açığı, ordakılar da mənim üçün maraqlı deyil. Mən ordan elə çox pul almırdım. Ruzini verən Allahdır. Faktdır ki, hakimlər arasında heç vaxt birlik olmayıb.
– Bəlkə ona görə sizdən sonra Rəhim Həsənov da “vuruldu”.
– Orxan, Rəhim… Gedənlərin heç biri hansısa intizamsızlıq və ya cəzaya görə uzaqlaşmayıb. Rəhim də şəxsi prinsipə qurban getdi. Fritsin sevimlisi bir oyunda üç qırmızı vərəqə versə də dəstəklənir, amma xoşu gəlməyən hakim bir “sarı”ya görə bir ay cəzalanır. Bugünkü hakimliyin durumu uçurumun dibindədir.
– Hakimliyin səviyyəsinin düşməsinin hansı səbəbləri var?
– Frits gələndən bir təlim-məşq toplanışı keçirilib? Yox! Halbuki, bütün dünya bir ay yayda, bir ay da qışda hazırlıq keçir. Buna görə FİFA müəyyən ölkələrə, o cümlədən Azərbaycana müəyyən vəsait köçürür. Ştuxlik digər ölkələrdən ağıllıdır? Toplanış keçirirlər ki, oyun praktikası olsun. Hakimləri aparıb Olimpiya Stadionunda qaçırmaqla işini bitmiş sayır. Lətifəsi hakimlərdən uzaq, bəyəm tazı yarışı keçirir? Bununla hakim olmur. Ona görə durum bərbad vəziyyətdədir. Oyun təcrübələri olmadığına görə səhvlər sıralanır.
Ştuxlik elə güclü hakim olmayıb, kim olub ki? Sonra da hansısa “makler” sırıyıb bizimkilərə. O, AFFA-ya “İsveçrə bankı” kimi baxır. “Pulumu alım, UEFA-dan da iki təyinatım gəlsin, vəssalam”.
– Həmin hadisədən və bu açıqlamalardan sonra karyeranızın bitdiyini gözə almısınız.
– Bu komitə ilə heç vaxt işləmərəm. İnşallah, Ştuxlik gedər, sonra baxarıq. Onun yerinə gələn istəsə, hakimliyim, fiziki göstəricilərim, biliyim, normativ testlərin nəticəsi onu qane etsə, qayıdaram. İndi isə bu haqda danışmaq mənasızdır. Frits Ştuxlik hakimliyi məhv edib. Ona qədər hər bölgədə bir neçə ədalət təmsilçisi var idi. Hətta bəzilərində bir-iki briqada düzəlirdi. Konkret, Mingəçevirdə 11-12 hakim var idi. Gəncəni, Sumqayıtı, şimal zonasını bir neçə hakim təmsil edirdi. Hardadılar? Hamısı məhv olub gediblər. Çünki avstriyalının vecinə deyil. Region Liqasında, futzal yarışlarında hər gün hakim döyülür. Komitə sədri maraqlanmır. Onun əməllərini Sədərəkdə corab satan bilirsə, yəqin AFFA-da oturanların da xəbəri var. Mən hakimlik etdiyim 19 ildə 9 komitə sədri görmüşəm. Heç vaxt belə eniş baş verməyib.
Premyer Liqa üçün 10 referi təsdiqlənib. Onlardan 3-nə oyun vermir. 20-21 turu 7 referi ilə yola verib. Köməkçilərlə bağlı durum da eynidir. 11 laynsmandan 3-ü son vaxtlar təyinat almır. Biri korona xəstəsi idi, ikisi də imtahanı verə bilməyib. Təsəvvür edin, bir ayı 8 köməkçi ilə idarə edib. Hər briqadada iki köməkçi olduğunu nəzərə alsaq, ehtiyatda kimsə olmayıb. Bu bir ay ərzində səhvlər də olub, ancaq cəzalandıra bilməyib. Çünki cəzalandıracağı hakimin yerinə kimsə yox idi.
Etiraf edim ki, mən Ştuxliklə mübahisə edəndə hər şeyi gözə almışdım. Çünki o, məndən əvvəl “akulalar”ı gözümçıxdıya salıb bəzilərini göndərmişdi. Rəhimi sıxışdırırdı, Yaşar Abbasovu “vurmuşdu”. Təsəvvür edin, Yaşar üzdə olan ən yaxşı köməkçimiz, FİFA laynsmanımız idi. “Çəkin var” deyib uzaqlaşdırdı. Sizə Fritsin hakimlik etdiyi dövrdəki şəkillərini göstərəcəyəm, görün özünün qarnı nə boydadır? Halbuki, özü referi olub. Birinə boyunu, o birinə çəkisini, bir başqasına ingilis dilini əsas gətirərək uzaqlaşdırıb. Başa düşürəm, hakimdə vizual görünüş üstünlükdür. Amma boya görə neçə ilin hakimindən model boyu tələb etmək hansı məntiqə sığır? Mişel Bakronun metr yarım boyu olub, amma necə hakim olub? Milli dərəcəli hakim üçün ingilis dili vacib deyil. Hələ daha betər olacaq. Premyer Liqanın hakimlərinə deyib ki, növbəti mövsüm üçün imtahan, suallar ingilis dilində olacaq.
– Sizcə, VAR sistemi üçün bizdə hakim sayı yetərli olacaq? Ümumiyyətlə, VAR-ı Premyer Liqada tətbiq edə biləcklərmi?
– Say məhdudiyyəti olsa da, orda onu bilən 2-3 hakimimiz var. Bəxtləri gətirib ki, təlimlər Türkiyədə keçirildi. Ştuxlik türkcə bilmir, yoxsa ona da müdaxilə edərdi. Yeri gəlmişkən, komitə sədri Türkiyəyə hakimlərlə eyni təyyarədə, amma ayrı gedib. Yəni uşaqlar ekonom-klasda, o isə biznes-klassda olub. Həmişə özünü yüksək tutur. Niyə? Kimdən artıqdır? Əliyar Ağayevin çölə atılan dırnağı qədər deyil. Dindirsən, metodikadan elə danışır ki. Ancaq özünün hakimlik elədiyi vaxt vərəqə göstərməsinə baxsanız, səviyyəsinə bələd olarsınız.
– AFFA nümayəndələri və hakim-inspektorlarla bağlı vəziyyət necədir?
– İnspektorlar Vüsal Əliyevə təhkim olunub. O, işini bilən, ədalətli adamdır. Təyinatları qaydasına salıb. Yəni birinə on, o birinə bir oyun verilmir. Ştuxlikin bölgüsü isə göz qabağındadır: hakim var 2900 manat alır, hakim də var 600-700.
Mirağa