Milli-mənəvi dəyərlərin inkişafı və təbliğini necə aparmalı?!. VCA və YYSİB sədri Aydın Xan Əbilovun aktual mövzuda keçirilən dəyirmi masadakı fikirləri

Redaksiyanın ənənəvi olaraq keçirilən dəyirmi masalar ölkə ictimaiyyəti tərəfindən böyük maraq və diqqətlə izlənməkdədir. Davamlı şəkildə ölkəmizin ictimai-siyasi və sosial həyatında baş verən dəyişikliklər məhz bu dəyirmi masalarda hökumət, dövlət, millət vəkilləri, QHT rəhbərlərinin iştirakı ilə ətraflı şəkildə müzakirə olunub geniş ictimaiyyətə təqdim olunur. Budəfəki dəyirmi masanın mövzusu isə milli-mənəvi dəyərlərə bağlı oldu.

Dəyirmi masada Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şair, türkoloq, filologiya elmləri namizədi, Vətəndaş Cəmiyyəti Alyansının rəhbbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov, “Ədəbiyyat” qəzetinin şöbə müdiri Adil Cəmil, Azərbaycan Gənc Tamaşaçılar Teatrının baş redaktoru Səriyyə İsmayılova, Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktyoru və rejissoru, xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Ağaxan Salmanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Buludxan Xəlilov, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini Vüsalə Hüseynova iştirak edirdilər.
Dəyirmi masada giriş sözü ilə çıxış edən “Səs” qəzetinin şöbə müdiri İlham Əliyev qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə qonaqları qəzetin kollektivi adından təbrik etdi. Bildirdi ki, “Səs” qəzetinin redaksiyasında artıq 4 ilə yaxındır ki, hər həftənin çərşənbə günləri ölkəmizdə maraq doğuran məsələlər ətrafında dəyirmi masalar keçirilir. Bu dəyirmi masalarda millət vəkilləri, dövlət və hökumət, geniş ictimaiyyətin nümayəndələri təmsil olunur. Məqsəd isə qloballaşan dünyada internet saytlarının sayının kifayət qədər çox olduğu bir dövrdə Azərbaycanla bağlı istənilən məlumatın yayılmasında bu cür dəyirmi masalarda səslənən fikirlərin böyük məna kəsb etdiyini qeyd edən İ.Əliyev bu, günkü mövzunun milli-mənəvi dəyərlərə həsr olunduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə tarixi köklərimizə, milli-mənəvi dəyərlərimizə böyük hörmət və ehtiram mövcud olub. Məhz dövrümüzdə də milli-mənəvi dəyərlərə böyük diqqətin bariz nümunəsini Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva göstərir. Belə ki, bilavasitə, Onun təşəbbüsü və səyləri nəticəsində milli-mənəvi dəyərlərimizin inkişafı, geniş təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilib. YUNESKO-da Azərbaycanın milli muğam sənətinin, aşıq sənətinin maddi-mədəni irs siyahısına salınması, eləcə də, BMT-də hər ilin mart ayının 21-nin bütün dünya ölkələri tərəfindən Novruz Günü kimi qeyd olunması haqqında qətnamənin imzalanması məhz Onun uzaqgörən əməyinin bəhrəsidir. İstərdik ki, bugünkü dəyirmi masamızda iştirak edən qonaqlar da bu mövzu ətrafında öz fikir və mülahizələrini bildirsinlər.

AZƏRBAYCAN, ƏSLİNDƏ, SUPER MƏDƏNİYYƏTƏ MALİK TOPLUM SAYILIR

Aydın Xan Əbilov:

– Bu məsələ dünyanın bir çox ölkələrində geniş müzakirə olunur və hər bir millət özünün milli-mənəvi dəyərlərinin mahiyyətini dərk etmək istəyir. Milli-mənəvi dəyərlər dedikdə, din, adət-ənənələr və mədəniyyətin bir çox sahələri də buraya daxildir. Gəlin əvvəl milli-mənəvi dəyərlər izahını verək. Əgər milli-mənəvi dəyərlər ibtidai-icma və feodalizm dövrlərində yaranıbsa, müasir dövrdə müstəqil Azərbaycanda onun əlimizdə nə dərəcədə bayraq etməli olduğumuzu aydınlaşdırmalıyıq. Azərbaycanın milli-mənəvi dəyərlərinin bünövrəsində türk milli-mənəvi və mədəni dəyərləri öz əksini tapır. Bu bünövrə elə möhkəmdir ki, onu bizim əlimizdən heç kim ala bilməz. Amma Azərbaycan dünyanın az-az xalqlarına nəsib olan bir proses keçib. Tarixə nəzər saldıqda, Azərbaycan, əslində, super mədəniyyətə malik toplum sayılır. Ona görə də, biz muğamı, Novruz bayramını, aşıq sənətini YUNESKO və BMT-yə təqdim etdikdə, onlar bunu qəbul etdilər. Bunun arxasında digər faktorlar da dayanır. Çünki tək aşıq sənəti digər türkdilli və türksoylu xalqlara da aid olan bir sənət nümunəsidir. Eyni zamanda, Novruz bayramı da türkdilli və farsdilli xalqların ortaq bayramıdır. Mahiyyət isə ondan ibarətdir ki, tarixən dünya sivilizasiyasında baş verən bütün hadisələr Azərbaycana bu və ya digər formada təsir edir. Məsələn, yunan-Roma mədəniyyəti Qobustandakı mədəni abidəlirimizlə yanaşı, Roma dilində sözlər var. Qədim fars, Midiya və xristian mədəniyyətləri də Azərbaycan milli-mənəvi dəyərlərinin formalaşmasında və bunun bir sivilizasiya hadisəsinə çevrilməsində çox önəmli bir rolu olub. Sonrakı dövrlərdə rus, ingilis mədəniyyətlərinin bizim mədəniyyətə təsiri müşahidə edildi. Amma bütün bunlarla yanaşı, biz babalarımızın bizə qoyub getmiş olduğu bir bünövrə üzrə addımlayırıq. Məsələn, Azərbaycan xalqının milli pasportuna çevrilmiş olan “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları arasında milli-mənəvi dəyərlərin bünövrəsi o qədər güclüdür ki, bunu bizim əlimizdən heç kim ala bilməz.

NOVRUZ BAYRAMI YUNESKO TƏRƏFİNDƏN ÇOXMİLLƏTLİ BAYRAM KİMİ QORUNMAQDADIR

Fikrət Babayev:

– Azərbaycan əlahiddə bir ərazidə deyil, sivilizasiyaların qovşağında yerləşir. Biz digər xalqlara təsir etməklə yanaşı, onlar da bizə təsir göstərirlər. İslam dininin də Azərbaycanın milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə təsiri danılmazdır. Bizim həyatımızın və məişətimizin bir çox sahələri islam dininin ehkamları və tələbləri çərçivəsində qurulub. Son zamanlar ölkəmizdə maddi-mədəni irsimizlə yanaşı, qeyri-maddi mədəni irsimizə də böyük diqqət və qayğı göstərilir. Qeyd edim ki, YUNESKO bu məsələ ilə bağlı 2003-ci ildə deklarasiya qəbul edib. Yəni, bu məsələ yeni bir məsələdir. Bu öncə qeyri-maddi irs məsələsinə bu qədər diqqət yetirilmirdi. İndiki dövrdə hər bir xalqın qeyri-maddi irsinin qorunmasına YUNESKO tərəfindən böyük diqqət və qayğının yetirilməsi sevindirici haldır. Bu, ona görə əhəmiyyətlidir ki, müəyyən zaman keçdikcə, xalqlar öz milli xüsusiyyətlərini itirirlər, kiçik xalqlar assimlyasiyaya uğrayırlar. Ona görə də, YUNESKO bir çox məsələlərə nəzarəti məhz özünün öhdəsinə götürür, onun qorunub-saxlanması yönündə mühüm işlər görür. Azərbaycan özünün xalçaçılıq sənəti ilə bağlı fayl hazırlanıb, YUNESKO-ya təqdim olunacaq. Beləliklə də, Azərbayan xalçası məhfumu da YUNESKO tərəfindən qorunan bir sahə olacaqdır. Burada Novuruz bayramı ilə bağlı fikirlər də səsləndi. Qeyd ndim ki, Novruz bayramı təkcə Azərbaycan xalqının bayramı deyil. Bu bayram on ölkədə rəsmi şəkildə qeyd olunur. Məsələn, İran 2002-ci ildə YUNESKO-ya müraciət edərək, Novruz bayramını özünün qeyri-maddi irs siyahasına daxil etdi. YUNESKO isə İrana bildirdi ki, bu, təkcə sizin deyil, eyni zamanda, bir çox ölkələrin də, milli bayramıdır. Yəni, Novruz bayramı YUNESKO tərəfindən çoxmillətli bayram kimi qorunmaqdadır. Qeyd etmək istəyirəm ki, qeyri-maddi irs məsələsinin qorunması olduqca mühümdür.

“Səs” qəzetinin əməkdaşı:
– Milli-mənəvi dəyərlərimizin tarixi kökləri barədə deyəcəkləriniz nədən ibarətdir?

AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN KÖKÜ DƏRİN TARİXƏ MALİKDİR

Buludxan Xəlilov:
– Bizim mənəvi dəyərlərimizin kökü türk qövmünün, türk tayfasının etnik dəyərləri, həyat tərzi, məişəti, etnoqrafiyası ilə bağlı olan məsələlərdir. Bugünkü müasir türk xalqlarının hamısının kökündə, düşüncəsində, həyata baxışında, dilində, dinində yaxınlıq da bu ortaq dəyərlərlə bağlıdır. Təbii ki, orta əsrlər dövründən sonra türk tayfalarının diferensiyalaşması və türk xalqlarının yaranması müxtəlif fərqli xüsusiyyətləri yaratmaqla yanaşı, ortaq dəyərləri də qoruyub saxlaya bildi. Bu ortaq dəyərlər də dil, din, adət-ənənələri özündə ehtiva edir. Məhz bu ortaq dəyərlər içərisində öncə nağıllardan başlamalıyıq. Azərbaycanın çox fundamental, təlim-tərbiyə prosesində, tədrisdə uşaqlarımızın düzgün faydalanacağı nağılları vardır. Dünyada aparılan tədqiqatlar onu sübut edib ki, hansı xalq öz uşaqlarına nağıllarını, dastanlarını oxutdurursa, həmin xalqın inkişafı daha düzgün təməl üzərində qurulur. Həmin uşaqlar milli təfəkkür və şüur əsasında yetişir. Sonradan həyatda qazandıqları, başqa xalqlar barəsində öyrəndikləri öz milli zəminində öyrəndikləri üzərində təşəkkül tapır. Belə olan halda, yetişməkdə olan gənclikdə də, vətən, xalq və dövlət üçün də faydalı olur. Biz nağıllarımızı, dastanlarımızı orta və ali məktəblərdə ciddi şəkildə tədris proqramına cəlb etməliyik. Bu istiqamətdə müəyyən işlər daha da gücləndirilməlidir ki, gənc nəsil bilsin ki, hansı istiqamətə hərəkət etmək olar. Sevindirci hal isə odur ki, bizdə bu istiqamətdə sosial məsuliyyət mövcuddur. Əgər bir statistik hesablama aparsaq, görərik ki, ölkəmizdə uşaqdan tutmuş böyüyə kimi hamı, milli-mənəvi dəyərlərə hörmətlə yanaşır. Böyük-kiçik münasibətləri, adət-ənənəni qoruyub saxlanması, konkret olaraq Novruz bayramı ərəfəsində bu bayrama olan hörməti misal göstərmək kifayət edər. Bu isə bizim milli genetikamızdan qaynaqlanan bir amildir. Sadəcə olaraq, bu amili daha da inkişaf etdirmək üçün həmin dəyərlərimizi, nağıllarımızı, folklor nümunələrimizi dərindən öyrənməliyik.

DƏDƏ QORQUD DASTANINDA XALQIMIZIN İLKİN RÜŞEYMİMİZİN FORMALARI, YARANMA TARİXÇƏSİ MÖVCUDDUR

Adil Cəmil:
– Xalqın mənəviyyatı öncə, onun folklor mədəniyyətindən keçir. Çünki bir xalqın folkloru yoxdursa, onun digər dəyərlərindən danışmağa ehtiyac belə yoxdur. Folklor anlayışı isə çox geniş bir anlayışdır. Burada hansı guşələrə daha çox nəzər salmaq lazımdır, bu məsələni dərindən anlamaq zəruridir. Əgər bu gün yeni dəyərlər yaratmaq istiqamətində müəyyən çətinliklər varsa, bunun kökündə müəyyən məsələlər durur. Köhnə dəyərlərin özünü qoruyub inkişaf etdirmək isə yeni dəyər yaratmaqdan qat-qat üstün bir hal kimi qiymətləndirilir. Biz də, türk qövmünün bir parçası olaraq, yeni bir birlik modelinin yaranmasına nial olmalıyıq ki, özümüzə məxsus olan dərin dəyərləri də qoruyub saxlaya bilək. Amma bir məsələni də unutmaq olmaz ki, biz təkcə “Kitabi-Dədə Qorqud” dastanı ilə bütün dünyaya dərin məfkurəyə və kökə malik olan bir xalq olduğumuzu sübut edə bilmərik. Çünki dastan siqlətcə dünyada mövcud olan dastanlardan üstün bir dastandır. Çünki burada Azərbaycan xalqının ilkin rüşeym formaları, yaranma tarixçəsi vardır.

Buludxan Xəlilov:
– Bir faktı qeyd edim ki, yəhudilərin nufuzunun bu qədər çox olmasında başlıca səbəb, onların bir sıra məqəddəs kitablarının olmasıdır. Uşaq dil açıb danışmağa başlayanda, yəhudilər onlara müqəddəs kitabları mütaliə etməyi öyrədirlər. Bu müqəddəs kitabları oxuyub öyrəndikdən sonra, dünyaya həmin təfəkkür prizmadan baxırlar. Ona görə də, milli zəmin üzərində formalaşırlar. Biz də öz işimizi məhz bu prinsiplər üzərində qursaq, daha yüksək nəticələr əldə edə bilərik.

Aydın Xan Əbilov:
– Nağılla bağlı səslənən fikirlərlə razı deyiləm. Çünki nağıl dövrü artıq çoxdan keçib. “Kitabi-Dədə Qorqud” dastanında olan mənəvi dəyərlərlə tam razılaşmaq olar. Bu kitab bizim sivilizasiya pasportumuzdur. Ona görə də, ulu öndərimiz Heydər Əliyev böyük təşəbbüs göstərərək, 1300 illik yaşı olan bu abidəmiz barəsində bütün dünya ictimaiyyətinə geniş məlumat verdi. Məhz bu dastanda qeyd olunan faktlarla yanaşı, ulu öndərimiz sübut etdi ki, biz bu torpaqların tarixi sakinləriyik və ermənilər buraya çox-çox sonralar köçüb gəliblər. Amma nağıllarla bağlı, onu deyə bilərəm ki, bu gün biz bir millət olaraq, dünyanın heç bir xalqının nağılını oxumuruq.

Buludxan Xəlilov:
– Burada səslənən fikirlərlə razı deyiləm. Çünki nağıl bizim həyatımızdır. Həyatımız isə romantikadan da, reallıqdan da ibarət olduğu üçün bu məsələyə daha həssas yanaşmalıyıq.

Əkbər Qoşalı:
– Siz bir mütəxəssis və müəllim kimi məsuliyyət hiss edərək bunu deyirsiniz?!

Səriyyə İsmayılova:
– Biz bu gün gənclərdə müsbət və mənfi amillərə olan münasibəti daha açıq şəkildə formalaşdırmalıyıq. Ona görə də, uşaqlarımızın daha layiqli tərbiyə olunması üçün hər şeyi birbaşa təhsildən başlamalıyıq. Belə olan halda isə, gənclərin, ümumilikdə, milli-mənəvi dəyərlərə bağlılığı tamamilə başqa olacaqdır.

Ağaxan Salmanlı:
– Azərbaycanın özünün malik olduğu milli-mənəvi dəyərlərin içində də bir zəngin dəyərlər mövcuddur. Çünki təkcə Novruz bayramının keçirilməsində bir sıra milli ornamentlərə müraciyət etmək mümkün olur. Ona görə də, ilk növbədə, Azərbaycxanda folklor teatrının yaranmasına ehtiyac vardır. Onu da qeyd edim ki, bizim teatrın tarixi 137 il deyil, onun yaşı daha qədimdir. Çünki bizim xalq, meydan tamaşalarımız mövcud olub. Bu gün bizim gördüyümüz teatr isə Avropa teatrı əsasında yaradılıb. Milli teatr simamızın olmaması isə bizim Avropa teatrları arasında nüfuzumuzun bir o qədər də ucalmamasına səbəb olur.

Əkbər Qoşalı:
– Milli-mənəvi dəyərlər mövzusunu bu formatda müzakirəyə çıxardığına görə, “Səs” qəzetinin bütün kollektivinə öz minnətdarlığımı bildirirəm. Burada səslənən əsas məqamlardan biri də o oldu ki, folklor və dil amilini unutmaq olmaz. Böyük Krım tatar şairi Niyazinin bir sözü var. Dildən bir qavramın itməsi, mədəniyyətdən bir qatın itməsi deməkdir. Biz illərdir ki, dilimizdən sözləri itirə-itirə, yad sözləri işlədə-işlədə dilimizə qarşı böyük təhriklərə yol açmışıq.

QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYSTRİ YARADILACAQ

Aydın Xan Əbilov:

– Avropa üçün Azərbaycan mədəniyyəti çox maraqlıdır. Çünki ölkəmiz əhəmiyyətli bölgədə sərhəddə yerləşir, burada müxtəlif mədəniyyətlər qovuşur. Azərbaycan milləti dünyada olan ən yeni dəyərləri dərhal özününküləşdirmək və onu yenidən dünyaya qaytarmaq imkanına malikdir. Məsələn, yunan-Roma mədəniyyəti, ədəbiyyatı və elmi türk imperiyası olan hunların, eləcə də, islam dininin yayıldığı bir dövrdə ərəb dilinə tərcümə edildi. Daha sonra avropalılar onu ərəb dilindən götürərək müxtəlif dillərə çevirdilər. Bu tərcümələr sadə bir tərcümə deyil. Onların hamısı türklər tərəfindən tərcümə edilmiş və onlara geniş şərhlər verilmişdir. Həmin şərhlərin özü müstəqil əsərlərdir. Bu texnologiyanı milli-mənəvi dəyərlərimizə də tətbiq etməyimiz olduqca vacibdir. Milli-mənəvi dəyərlərimizin bir hissəsi olan nağıllarımızda Yaponiya, Çin, İndoneziya, hətta bir çox Avropa dövlətlərin mədəniyyətlərinin izlərini görürük.

Fikrət Babayev:

– Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qeyri-maddi mədəni İrs Nümunələrinin Dövlət Reystrinin hazırlanması təşəbbüsü irəli sürülüb. Burada Azərbaycana məxsusluğu təsdiq olunan mərasimlər, bayramlar, xalq rəqsləri və musiqiləri, nağıllar, əfsanələr, adət-ənənələr və s. həmin dövlət reystrinə daxil ediləcək. Bunların konkret sözügedən nazirlik, ya da Nazirlər Kabineti tərəfindən təsdiq edilməsi məsələsi isə, hələlik, məlum deyil. Yeni yaranacaq bu qurumun fəaliyyəti sözlə yekunlaşmayacaq. Azərbaycana məxsus hər bir elementin özünün anketi olacaq və orada həmin element haqqında ətraflı məlumat veriləcək. Bu qurumun yaranması təkcə nazirliyin işi deyil, bütün dövlət strukturları bu istiqamətdə fəaliyyətini birləşdirməlidir.

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN BÜTÜN DÜNYADA TƏBLİĞİNƏ BÖYÜK EHTİYAC VAR

Buludxan Xəlilov:

– Hesab edirəm ki, milli-mənəvi dəyərlərimizi mühafizəkarcasına qorumaq üçün onları bütün dünyada təbliğ etməliyik. Bütün dünya vahid bir mədəniyyətdən, dildən və dindən ibarətdir. Belə olan halda dünya nə qədər yeknəsək və mənasız görünər. Dünya ona görə maraqlıdır ki, dünyada müxtəlif millətlər, mədəniyyətlər və dinlər var. Bu mənada, biz dünya üçün maraqlı millətik. Ona görə ki, Azərbaycanın özünəməxsus mədəniyyəti, adət-ənənəsi, məişəti, dili və müqəddəs kitabları var. YUNESKO səviyyəsində müxtəlif tədbirlərin həyata keçirilməsi təsadüfi deyil. Bu, dünya üçün əsil ideoloji təbliğat vasitəsidir. Bunun üçün milli-mənəvi dəyərlərimizi əks etdirən mədəniyyət nümunələrimizi müxtəlif dillərə tərcümə edərək, bütün dünyada təbliğ edə bilərik. Hətta öz ölkəmizdə belə bu dəyərləri yaşamağımız üçün kütləvi nəşrlərə ehtiyac var. Nağıllarımızı sadələşmiş formada çap edərək, orta məktəb şagirdlərinin istifadəsinə verməliyik. Güman edirəm ki, milli-mənəvi dəyərlərimizi yaşamaq, onu milli məfkurəmizə çevirmək üçün bu dəyərlərimizin təkcə orta məktəb səviyyəsində deyil, hətta ali məktəblərdə də tədrisinə ehtiyac duyulur. Bu baxımdan, dərs saatlarında şifahi xalq ədəbiyyatının vaxtlarını artırmaq lazımdır. Əgər bu istiqamətdə ciddi işlər görsək, bu, o deməkdir ki, milli zəmin üzərində inkişaf edən vətəndaşları hazırlaya bilərik. Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Firudin Bəy Köçərli və digər dahilərimiz həmişə yazıblar ki, xalqı böyütmək üçün onun içinə enmək lazımdır. Çünki xalqın içində hər şey, mədəniyyət, ədəbiyyat, folklor və s. var. Bir sözlə, milli-mənəvi dəyərlərimizi yaşatmaq, inkişaf etmək üçün onun geniş təbliğinə yer ayırmalıyıq.

Adil Cəmil:

– 70 il Azərbaycan tarixinin dürüst yazılmaması, onun ideoloji basqı altında qalması bizi dəyərsizləşdirdi. İndi biz özümüzə qayıdış dövrünü yaşayırıq. Bu qayıdış yolunda isə xalqın bütün milli-mənəvi dəyərləri özünə yer tapmalıdır. Bu gün nağıllarımız və dastanlarımız xalqımızın ruhudur. Millətin bu ruhunu dunyaya çatdırmaq lazımdır. Bunları tərcümə etməklə millət olaraq öz mövcudluğumuzu sübut etmiş olarıq.

Səriyyə İsmayılova:

– Gəlin, bütün şəhəri gəzək və 5 nəfər uşaq götürək. Onlardan İçərişəhərin, muzeylərin, tarixi abidələrin harada yerləşdiyini soruşaq. Qoy Musa Nağıyevin tikdirdiyi 98 binadan heç olmasa 5-nin adını çəksin. Amma bunu edə bilməyəcəklər.

Ağaxan Salmanlı:

– Biz öz teatr sənətimizdə milli simamızı axtarıb tapmalıyıq. Əsil Azərbaycan teatrının simasını dünyaya təqdim etməliyik. Nə üçün biz digər millətlər kimi xaricə ayaq aça bilmirik. Çünki hələ öz simamızı tapmamışıq. Bu gün ölkəmizdə də mövcud olan Avropa tipli teatr dünyada çoxluq təşkil edir. Bu səbəbdən dünya üçün bu teatr nümunəsi maraqlı deyil. Azərbaycan Avropa üçün öz siması ilə maraqlıdır.

AZƏRBAYCAN EVİNİN OBRAZI VƏ MODELİNİN NƏDƏN İBARƏT OLDUĞU AYDINLAŞDIRILMALIDIR

Əkbər Qoşalı:

– Bu gün dilimizi qorumağa borclu olan insanlar, bunun əksinə olaraq, dilimizə qarşı səlib yürüşünə çıxıblar. Bu sahədə çox az sayda insan tapmaq olar ki, onların yazılarında, reklam materiallarında, çıxışlarında dilə qarşı hər hansı zərbənin vurulmadığının şahidi olmayaq. Təbii ki, bu istiqamətdə maarifləndirmə işlərini ailə-bağça-orta məktəb-ali məktəb düsturu ilə aparmalıyıq. Bu məsələlərdə dərslik yazan müəlliflərin də üzərinə böyük məsuliyyət düşür. KİV-in bu işlərə ictimai qınaq və məzəmmət kimi diqqət yetirməsi də önəm kəsb edir. Digər tərəfdən, teatrda milli simamızın olmaması məsələsi önə çəkildi. Əslində, biz milli simamızı təkcə teatrda axtarmırıq. Biz milli simamızı, çox təəssüflər olsun ki, itirdiyimiz və itirmək üzrə olduğumuz hər yerdə axtarırıq. Bəlkə bunun obyektiv tarixi kökləri və ya səbəbləri var. Görün, bizim mənsub olduğumuz türk soyu hansı tarixi yolları keçib. Ümumiyyətlə, nəzər salsaq, görərik ki, dünyanın bütün ərazilərində, xüsusilə, Avrasiyanın hər yerində türk dövlət və toplumları var. Çin isə dünyanın ən böyük xalqı olsa da, bir yerə konsentrasiya olundu, mərkəzləşdi və bir ərazidə məskunlaşdı. Onların tərkibində çoxlu millətlər olsa da, Çin monodövlət tipindədir. Azərbaycan isə başqa xalqların arasında mədəniyyət yolu açmasına, onların mübadiləsini aparmasına və bəşəriyyətə harmoniya gətirməsinə baxmayaraq, itirə-itirə gedir. Milli-mənəvi dəyərlərimizi, dilimizi itirə-itirə getdik.
Bu gün Bakı şəhərində çoxsaylı göydələnlər tikilir. Azərbaycan evinin obrazı və modelinin nədən ibarət olduğu isə aydın deyil. Məgər bizim memarlarımız, dizaynerlərimiz, mütəxəssislərimizmi yoxdur? Ancaq sanki aludəçilik yaranıb ki, mütləq Azərbaycanda hər şey Avropa stildə olmalıdır. “Xruşovka”, “Stalinka”, “Kievski”, “Leninqradski”, “İstanbul” evləri olduğu halda, nə üçün Azərbaycan evinin modeli olmamalıdır? Bu işdə təkcə dövlət yox, hər birimiz üzərimizə düşən məsuliyyəti dərindən dərk etməliyik. Özümüz deyib, özümüz eşitmək mərəzindən qurtarıb, Azərbaycan mədəniyyətini, həqiqətlərini dünyaya öz platformamızda çatdırmağa çalışmalıyıq. Türkiyə ilə nə qədər dost-qardaş ölkə olsaq da, orada Azərbaycan ədəbiyyatından çox nadir nümunələri tanıyırlar. Onlara Azərbaycandan kimlərin adlarını çəkə bilərsiniz sualını verdikdə, sadəcə, Zeynəb Xanlarovanın, Çingiz Abdullayevin, Bəxtiyar Vahabzadənin adlarını çəkirlər. Səməd Vurğunu isə B.Vahabzadənin ustadı kimi xatırlayırlar. Bu cür problemləri aradan qaldırmaq məqsədilə Türkiyədə “Çağdaş Azərbaycan şeiri” antologiyasını iki cilddə nəşr etdirdik. Türk dünyası gənc yazarların ortaq elektron məkanını yaratdıq.

Vüsalə Hüseynova:

– Bu gün insanlar arasında kitab oxumağa maraq azalıb. Hətta elə rayon kitabxanaları var ki, oranın qapası belə açılmayıb. Kitabı yalnız bəzək əşyası kimi alıb, evlərinə qoyurlar. Bunların hamısı valideyndən asılıdır. Kitab oxumaq da tərbiyənin bir formasıdır. Biz öncə özümüzdə islahatlar aparmalıyıq ki, böyüyən nəsil bunları görsün. Bu gün hamı deyir ki, Avropa demokratiya ixrac edir. Demokratiya zamanında bizdən Avropaya gedib. Yəni, bu prinsipi onlara aşılayan türklər olub. İndi isə zaman dəyişib və onlar bizə demokratiya dərsi verməyə cəhd edirlər. Ədəbiyyat da belədir.

MƏDƏNİYYƏT NÜMUNƏLƏRİMİZİN İNTERNET SAYTI YARADILMALIDIR

Aydın Xan Əbilov:

– Məsələ ondadır ki, biz zamanın problemini görə bilmirik. Ermənistanda bütün muzeylərin rəsmi saytları var. Bizdə isə heç bir muzey və teatrın saytı yoxdur. Düzdür, Mədəniyyət və Turizm Nazirliyinin virtual muzey saytı yaradılır. İnterneti izləyən hər bir kəs də avtomatik olaraq həmin muzeylər barədə xəbər tutur. Ona görə də, mədəniyyət nümunələrinin saytlarını yaratmaqla, onları İnternet vasitəsilə dünyada tanıtmaq çox vacibdir. Gənclərin kitab oxumadığı haqqında deyilən fikirlər, tamamilə yanlışdır. Fasebook adlı sosial şəbəkə var. Oraya baxsanız, görərsiniz ki, Azərbaycan gəncləri dünya ədəbiyyatından böyük əsərləri oxuyurlar. İnsanları maraqlandıra biləcək formatı ortaya qoymalıyıq. Milli-mənəvi dəyərlərin təqdimat məsələsi çox önəmlidir. Məsələn, indi yapon uşaqları nağıl oxumur. Yapon uşağı məktəblərdə nout-bookla işləyir, elmi-fantastik əsərlər oxuyur. Nağıl bizim uşaqlarımıza heç nə vermir. “Kitabi-Dədə Qorqud” dastanı əsasında çəkilmiş film ən unikal filmdir. Amma bu filmi günün günorta çağı uşaqlara göstərmək olmaz. Bu filmdə iki türk tayfasının bir-birini vurması nəticəsində dava-dalaşlar olur, çoxlu qan tökülür. Uşaqlarda məntiqi sual yaranır ki, nə üçün mənim babalarım bir-birini qırıblar?! Gənclərimiz maksimalistdir.

Buludxan Xəlilov:

– Burada səslənən fikirlərə əlavə olaraq, onu deyə bilərəm ki, Azərbaycan tarixinin bir çox dövrlərini milli-adət ənənələrimizi və ən nəhayət, dilimizin qorunub saxlanmasında Azərbaycan nağıllarının xüsusi əhəmiyyəti var. Bu günlərdə istər radio və televiziyalarda, istərsə də bir sıra mətbu orqanlarda dilimizin bu və ya digər şəkildə təhrif edilməsi müəyyən yanlışlıqlara yol verilməsi məhz nağıllarımızı və nağıllarımızda özünü ehtiva edən dilçilik prinsipimizi yaxşı mənimsəməməkdən irəli gəlir. Azərbaycan dilinin incəliklərini dərindən bilmək üçün nağıllarımıza, dastanlarımıza, bayatılarımıza, lətifələrimizə dərindən bələd olmaq lazımdır ki, dilimizin daha incə çalarlara malik olmasını mənimsəyəsən. Bu gün üç türk qövmünə aid olan uşağı bir-biri ilə müqayisə etsək, Azərbaycan türkcəsində danışan uşağın leksikonunda sərbəst ifadələrin yer almadığını müşahidə edərik. Bir faktı da qeyd etmək lazımdır ki, müəyyən qismə aid olan ziyalılarımız dərin nitq mədəniyyətinə malik deyillər. Çünki onların lüğət tərkibi kasaddır. Onlar həmin o nağıllarda milli dilin ruhunu mənimsəmədiklərinə görə, belə bir halla qarşılaşıblar. Burada “Kitabi Dədə Qorqud” dastanı ilə səslənən fikirlərlə razı deyiləm ki, guya həmin dastanda türk qövmünə aid olan sərkərdələr bir-birinə qarşı mübarizə aparırlar. Bu çox yanlış mövqedir. Eyni zamanda, vurğulamaq lazımdır ki, bu, keçmiş sovet ideologiyasının əsas xətti idi ki, “Kitabi Dədə Qorqud” dastanı bizi milli kimliyimizdən uzaqlaşdırmır. Amma bu gün biz öz gənclərimizə tövsiyə etməliyik ki, bu dastana daha dərindən yanaşsınlar. Çünki bu dastanın tarixi daha qədimlərə gedib çıxır. Burada qəbilə-tayfa dövrünə aid bir çox prinsiplər öz əksini tapıb ki, bu da Azərbaycan ərazisinin və xalqımızın qədim köklərə malik olmasını bir daha təsdiqləyir.

“Səs” qəzetinin əməkdaşı

– Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda maddi- mədəniyyət abidələrimizlə yanaşı, folklor nümunələrimiz də məhv edilib və mənimsənilib. Bu barədə nə deyərdiniz?

Fikrət Babayev:

– Qloballaşan dünyada Azərbaycan cəmiyyətinin, Azərbaycan mədəniyyətinin də bir çox dəyişikliklərə məruz qalması qaçılmazdır. Bir faktı da qeyd edim ki, Azərbaycanın maddi-mədəniyyət abidələrinin, muzeylərinin qorunması istiqamətində müəyyən uğurlu addımlar atılmış və bu cür zəngin tarixə malik olan mənbələrimizin beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün artıq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən veb-saytlar yaradılıb ki, bunun vasitəsilə Azərbaycanın tarixi keçmişi və mədəniyyət abidələri haqda ətraflı məlumat əldə etmək mümkün olur.
Burada səslənən bir fikrə də münasibət bildirmək istərdim ki, bu gün Azərbaycan gəncliyi tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi bir o qədər də yaxşı mənimsəməyib. Bu, tamamilə yanlış bir fikir və yanlış yanaşmadır. Çünki hər bir dövrdə yetişməkdə olan gənc nəsil yaşlı nəsil tərəfindən daima qınaq və tənqid obyektinə çevrilir. Bu, hər zaman olub və olacaq. Amma bütün bunlara baxmayaraq, bu gün Azərbaycan gəncliyi Azərbaycan tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərimizi, folklorumuzu daha yaxşı bilir və bu istiqamətdə beynəlxalq təcrübədən yararlanaraq, milli kimliyimizin inteqrasiyasına nail olur.
Bir faktı da qeyd edim ki, ABŞ Dövlət Departamentinin kitabxanasında müəyyən vaxtlarda Azərbaycan muğamları erməni muğamları kimi təqdim olunur. Məhz bu gün bizim gəncliyimiz bunlara qarşı mübariz olub, özümüzün malik olduğumuz milli keyfiyyətlərin qorunmasına və onun təbliğinə nail olmalıdır.

Buludxan Xəlilov:

– Kənar qüvvələr tərəfindən Azərbaycanın malik olduğu bir sıra milli-mənəvi dəyərlərin mənimsənilməsi hallarına qarşı mübarizə aparmaq üçün ölkəmizdə fəaliyyət göstərən Dillər Universitetinin, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tələbələrindən ibarət bir koordinasiya mərkəzinin yaranması daha təqdirəlayiq olardı. Çünki məhz xarici dillərdə Azərbaycanın milli dəyərləri, ornamentləri, tarixi, mədəni irsi barədə müəyyən qədər məlumatlar dərc edilib, zəruri yerlərə çatdırılsa, bu cür xoşagəlməz hallar bir daha təkrarlanmaz.

Əkbər Qoşalı:

– Problemlərin olmasına baxmayaraq, düşünərək, bu problemlərin həll edilməsinə və öz sözünü layiqincə deyə biləcək bir nəsil də artıq Azərbaycanda formalaşıb. Bu məsələlərə münasibətdə dövlətlə ictimaiyyətin mövqeləri üst-üstə düşür. Misal olaraq Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə görmüş olduğu işləri göstərmək olar. Azərbaycanın görkəmli alimi Əziz Ələkbərlinin müəllifi olduğu Qərbi Azərbaycan abidələri barəsində beş dildə çap edilən nəşrin böyük əhəmiyyətini də vurğulamaq yerinə düşərdi. Bütün bunlara baxmayaraq, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərimizə, onların qorunub saxlanılmasına qarşı yönələn işlər də kifayət qədərdir. YUNESKO səviyyəsində Azərbaycan muğamının, BMT səviyyəsində aşıq sənətinin, Novruz bayramının Azərbaycanın milli-mənəvi sərvəti kimi etiraf olunması və bir bəşəri sərvət kimi təqdim olunması böyük bir uğurun bariz nümunəsidir. Eyni zamanda, bir faktı da qeyd etmək yerinə düşər ki, Azərbaycanın milli-mənəvi dəyərləri, xalqımızın iç dünyası daha çox xeyir və şər mərasimlərində özünü büruzə verir. Etiraf etmək lazımdır ki, bu gün ölkəmizdə xeyir və şər mərasimləri artıq azərbaycançılıqdan çox-çox kənara çıxıb.

Adil Cəmil:

– Artıq Milli Məclisdə də Azərbaycanda xeyir və şər məclislərinin qeyd olunmasında həddən ziyada israfçılığa və milli keyfiyyətlərdən kənara çıxma hallarına yol verilməsi məsələsi ətrafında da müəyyən müzakirələr aparılıb. Ona görə də, bu məsələləri tənzimləyən bir qanunun qəbul edilməsinə ehtiyac var.

Əkbər Qoşalı:

– Ola bilsin ki, bu, bir söz olaraq deyilir, amma bunu qanuniləşdirmək çox çətin görünür.

Ağaxan Salmanlı:

– Milli-mənəvi dəyərlərimizlə bağlı söhbətlər gedəndə, xeyir-şər mərasimlərinin həddən ziyadə biabırçı formada keçirilməsini daha çox önə çəkməliyik. Çünki bu məsələləri bir tərəfdən sadələşdiririksə, digər tərəfdən daha çox mürəkkəbləşdirməli oluruq. Bu gün şər mərasimlərimizdə Novruz bayramının rəmzi olan şəkərbura və paxlava insanlara ehsan kimi təqdim olunur. Bunlar isə kökündən yanlış və düşünülməmiş məsələlərdir.

Əkbər Qoşalı:

– Qaranlıq bir gecənin gündüzü olduğu kimi, hər halda, bu məsələlərin də bir vaxtlar layiqli sonluğuna çatmasına nail olacağıq. Bunun üçün isə hər birimiz öz üzərimizə düşən mənəvi borcu layiqincə yerinə yetirməliyik.

Adil Cəmil:

– Sovet dönəmlərində gənclər pionerlikdən komsomolçuluğa qədər yüksəlirdi. Bu gün də məhz milli ideologiyamıza əsaslanaraq, gənclərimiz müstəqil Azərbaycanın çiçəklənməsi və gələcək perspektivi naminə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər və bundan sonra da bu hal davam etdiriləcək.

Buludxan Xəlilov:

– Gəncliklə işləyən bir şəxs kimi deyə bilərəm ki, bu gün gənclərimiz xarici dil bilmək, kompüter texnologiyalarına yiyələnmək baxımından, onlar artıq çox qabağa gediblər. Ona görə də, bizim çox ümidverici gəncliyimiz var. Sadəcə olaraq, bizlər onların içində olub, onları düzgün yola istiqamətləndirməliyik ki, nədən daha çox istifadə etməyə və daha çox nəyə meyil etmək lazımdır. Amma bir faktı da nəzərə almaq lazımdır ki, biz valideynlərimizdən daha çox zəmanə uşaqlarına bənzəməyə çalışmışıq. Gəncliyimiz bu zamanda yaşayır və biz onları bundan təcrid etməməliyik. Bizim borcumuz bu gəncliyi qloballaşan dünyada düzgün istiqamətləndirməkdir.

Aydın Xan Əbilov:

– Dəyirmi masanın sonunda “Səs” qəzetinin redaksiyasına öz minnətdarlığımızı bildiririk. Doğrudan da, ölkəmizdə ən aktual problemlərə həsr olunmuş bu dəyirmi masalar Azərbaycan cəmiyyətinin diqqətinə səbəb olub.

Müəllif: Tapdıq QURBANLI, Kübra ƏLİYARLI

E-mənbələr: http://www.ses-news.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir