Avropa çempionatında Azərbaycan qaliviyyətləri. Güləşçilərimizin uğurları idmana dövlət qayğısının nəticəsidir

Ölkəmizdə idmana dövlət tərəfindən ciddi qayğı göstərildiyi, uşaq və yeniyetmələrin fiziki inkişafı istiqamətində mühüm layihələrin, dövlət proqramlarının həyata keçirildiyi məlumdur. Məhz dövlətimizin uzunmüddətli və sistemli qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarış və turnirlərdə parlaq qələbələr əldə etməkdə, Azərbaycan bayrağını zirvələrə daşımaqdadır. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin 7-si qızıl medal olmaqla toplam 16 medal qazanması gerçəyi bunun ən böyük isbatıdır. Hansı ki, Azərbaycan güləşçilərinin bu nəticə ilə yalnız Avropanı deyil, bütün dünyanı təlatümə gətirdiyi, dövlətimizdən, idmançılarımızda heyrətlə söz açdırdığı günümüzün qürurverici həqiqətləri sırasındadır.

Güləşçilərimizdən tarixi zəfər: Dövlətin və dövlət başçısının etimadına layiq qələbə!

Avropa çempionatında güləşçilərimizin əldə etdiyi qələbənin önəmini artıran, bu qələbəni təkrarsız və əvəzedilməz edən bir sıra amillər var ki, bunlardan ən önəmlisi idmançılarımızın böyük əksəriyətinin rəqibləri üzərində aşkar üstünlüklə qələbə qazanması, çempionatın ən ali pilləsində qərarlaşması faktıdır. İdmançılarımızın kütləvi şəkildə uğurlu nəticə sərgiləməsi güləşçilərimizin komanda hesabında da birinci yerdə qərarlaşması ilə nəticələndi. Hansı ki, Prezident İlham Əliyev idmançılarla görüşündə bu amilə xüsusi diqqət yetirmiş, qələbənin ağır rəqabət fonunda əldə edildiyini vurğulamışdı: “Bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu münasibətlə ilk növbədə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edirəm. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”. (//president.az/az/articles/view/55638 ).

Göründüyü kimi, dövlət başçısı güləşçilərimizin bu nailiyyətini hər bir azərbaycanlı üçün qürur mənbəyi, dövlətimizin qüdrətinin idman müstəvisində növbəti dəfə nümayiş etdirilməsi kimi səciyyələndirib. Bu baxımdan, güləşçilərimizin əldə etdiyi bu tarixi zəfəri sözün həqiqi mənasında dövlətin və dövlət başçısının etimadına layiq qələbə adlandırmaq olar.

Prezidentdən gənc idmançılara böyük diqqət və böyük təqdir

Azərbaycanda gənclərin fiziki və mənəvi inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyinin ən bariz nümunələrindən biri də martın 17-də Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarınının Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi oldu. Görüş əsnasında idmançıları göstərdikləri yüksək nəticəyə görə təbrik edən Prezident İlham Əliyev, Azərbaycanda idmanın dövlət siyasəti olduğunu bir kəs daha bəyan etdi. Dövlət başçısı vurğuladı ki, idman dövlətin qüdrətini göstərən əsas göstəricilərdən biridir: “Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza – bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi – həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər”. 

Şübhəsiz, Prezidentin Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçiləri qəbul etməsi, onları uğurlarına görə təbrik etməsi, qarşıdakı vəzifələr, görülən və görülməsi gərəkən işlər haqqında ətraflı danışması, idmançılar üçün bütün gərəkli şəraitin yaradıldığı və gələcəkdə də yaradılacağını vurğulaması faktının özü dövlət başçısının idmana  və idmançılara nə qədər böyük diqqətlə yanaşdığını göstərir. Bu baxımdan, sözügedən görüşü birmənalı şəkildə idmançılar üçün ən böyük təqdir və mənəvi stimul hesab etmək olar. Əminliklə demək olar ki, dövlət başçısının idmançılara göstərdiyi bu qayğı onlara böyük ruh yüksəkliyi bəxş etməklə yanaşı, idmançılarımızın məsuliyyət hissini də artıracaq, onları qarşıdakı yarışlara mənəvi-psixoloji baxımdan daha effektiv kökləyəcəkdir.

İdman uğurları gənc nəslin mənəvi inkişafını necə stimullaşdırır?

Gənclərimizin idman sahəsindəki uğurlarının digər mühüm əhəmiyyəti, bu uğurların gənclərin mənəvi baxımdan inkişafına da böyük təkan verməsi faktı ilə bağlıdır. Belə ki, idman arenasında əldə edilən hər qələbə, bu qələbələrlə bağlı ictimaiyyətə təqdim edilən hər bir informasiya uşaq və yeniyetmələrin idmana marağını artrmaqla yanaşı, ölkəmizdə idmanın kütləviləşməsinə, daha çox gəncшт sağlam həyat tərzinə üstünlük verməkə zərərli vərdişlərdən uzaqda qalmasına xidmət edir. Bu baxımdan, Azərbaycan Güləş Federasiyasının media və sosial media müstəvisindəki fəaliyyəti də təqdirəlayiqdir. Azərbaycan Güləş Federasiyası həm rəsmi saytı, həm sosial şəbəkədəki hesabları vasitəsi ilə ölkə ictimaiyyətini güləşçilərimizin qatıldığı hər bir yarış və bu yarışların gedişatı haqqında çevik şəkildə məlumatlandırır, bu idmançıları ictimiyyətə tanıtmaqla uşaq və yeniyetmələr üçün real və parlaq nümunələr təqdim edir. Bu isə uşaq və yeniyetmələr arasında idmana marağın artmasına, onlarda mübarizə əzminin yüksəlməsinə, dövlətə və xalqa faydalı olmaq arzusunun inkişafına səbəb olur. Nəticədə, uşaq və gənclərin mənəvi inkişafı üçün də geniş imkanlar yaranmış olur.

Bir sözlə, idman uşaq və yeniyetmələrin sadəcə fiziki inkişafını deyil, həm də ruhi-mənəvi inkişafını şərtləndirir. Bu isə dövlətimizin uşaq və gənclərlə bağlı siyasətinin əsas tərkib hissəsi, ana xəttidir və bu xətt bugünə qədər olduğu kimi bundan sonra da dəyişməz olaraq qalacaqdır!

Seymur ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir