Dilənçilik yoxsa sənət? Aktual araşdırmada VCA və YYSİB sədri Aydın Xan Əbilovun da tənqidi fikirləri yer alıb
Küçədə əl açıb dilənən dilənçiyə pul verməyin dinimizə görə günah olub-olmadığını araşdırdıq. Bəs, gəlin görək Peyğəmbərimizin dilənənlərə münasibəti necə idi, ehtiyacı olanlar dilənə bilər?
Dilənçilik insanların köməyə ehtiyacı olduğunu əsas gətirərək pul, yemək və s. şeylər istəməkdir. Bu yolla çörəkpulu qazanan adama dilənçi deyirlər. Az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə dilənçilərə daha çox rast gəlinir. Həmçinin, dilənçilik dünyanın ən qədim peşələrindən biridir.

Küçədə gedərkən yolun kənarında əllərini açıq gözləyib dilənən insanlara rast gəlirik. Allah rizası üçün etdiyimiz heç bir kömək və yaxşılıq qarşılıqsız qalmaz. Kömək etdiyimiz insanın həqiqətən ehtiyacı olub-olmaması bu müddəanı dəyişdirmir. Bəzi insanlar var ki, onların həqiqətən qarınlarını doyurmağa pulları belə yoxdur. Amma günümüzdə kifayət qədər də saxtakarlıq edən insanlar var. Belə hallarda real ehtiyacı olan insanları tapmaq, onlara imkan daxilində kömək etmək lazımdır.
Dilənçilik bəzən dini səbəblərə görə edilir. Bəzi din və məzhəblərdə din xadimləri dilənçiliklə və ya sadəcə ianə ilə dolanırlar.
Bir çox ölkələrdə dilənçilik cinayət sayılmasa da, insanları dilənməyə məcbur etmək və ya savadsız insanlara qarşı zorakılıq etmək cinayətdir. İctimai asayişi pozduqları hallarda dilənçilər polis məmurları tərəfindən istədikləri yerdən uzaqlaşdırıla bilərlər.

Birləşmiş Krallıq
Böyük Britaniyada 1824-cü il tarixli Evsizlər Qanununa əsasən, dilənçilik cinayətdir, lakin həbslə cəzalandırılmır. Ümumilikdə isə dilənçilərə ictimai nəqliyyatdan istifadədən başqa heç bir müdaxilə edilmir.
Rumıniya
Rumıniyada 1991-ci ildə qəbul edilmiş 61 saylı qanuna əsasən dilənçilik cinayət sayılır.
Türkiyə
TCK-ya görə, dilənçilik cinayət olmasa da, insanları dilənməyə məcbur etmək və ya ağlı başında olmayan insanlara qarşı zorakılıq etmək cinayətdir.
Allah rizası üçün edilən yardım savabsız qalmaz. Qarşı tərəfin haqlı olub-olmaması bu müddəanı dəyişdirmir. Amma mümkün qədər real ehtiyacı olanları axtarmaq və ona uyğun kömək etmək lazımdır.
Göründüyü kimi, dilənçiliklə məşğul olanlar ya fiziki qüsurlarına görə iş tapa bilməyənlər, məsələn qocalar, şikəstlər, əlillər, xəstələr, ya da əlilliyinə baxmayaraq işləmək imkanı olmayanlardır. Borc istəyənə pul vermək sədəqə verməkdən daha savabdır.
2021-ci ildə Türkiyənin İzmir şəhərindəki Tarixi Kəməraltı bazarında dilənçilik edən şəxs polis qrupları tərəfindən yaxalanaraq üzərindən 1164 lirə aşkar edilmişdi. Dilənçinin çıxardığı pulun gündəlik qazancı olduğunu deməsi isə polislərə şok yaşadıb.
Turist vizası ilə dünyanın hər yerindən Dubaya gələn asiyalı peşəkar dilənçilərin əksəriyyəti ayda təxminən 70.000 dollar qazanır. Parlaq binaları və varlı sakinləri ilə tanınan Dubay “dilənçilər cənnəti” kimi tanınmağa başlayıb. Yaxın Şərq mərkəzli xəbər qurumları dünyanın hər yerindən turist vizası ilə şəhərə gələn peşəkar dilənçilərin aylıq gəlirinin təxminən 70 min dollar olduğunu yazıb. Polis bunu eşidən ərəb və asiyalı dəstələrin şəhərə peşəkar dilənçilər də göndərdiyini bildirib.
Yüksək rütbəli bələdiyyə məmuru deyib ki, gündə ən azı 2 min dollar qazanan peşəkar dilənçilər xüsusilə cümə günləri məscidlərin qarşısında dilənçilik edirlər. Yerli xəbər təşkilatlarına görə, peşəkar dilənçilər xüsusilə varlı görünən insanları seçir və onlara ailələrinin küçələrdə yatması və ya müharibə bölgəsindən qaçması haqqında kədərli hekayələr danışaraq pul tələb edirlər. Bildirilir ki, BƏƏ prezidenti Xəlifə Bin Zayed Əl Nəhyan 2017-ci ili mərhəmət ili elan edərək, peşəkar dilənçilərin qazancını artırıb.
SİA məsələ ilə bağlı araşdırma apararaq ekspertlərin fikirlərini öyrənib.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Baxımsız, səfil həyat yaşayan, diləndirilən uşaqlarla bağlı problem bütün dünyada olduğu kimi bizdə də mövcuddur. Elə buna görə də Beynəlxalq Əmək Təşkilatı 12 iyun gününü Ümumdünya Uşaq Əməyinin İstismarına Qarşı Mübarizə Günü elan edib. Çünki uşaqları qorumaq, müdafiə etmək, bir sözlə, onların istismar olunmasına qarşı beynəlxalq səviyyədə iş aparmaq qlobal məsələyə çevrilib.
Ölkəmizdə də uşaq hüquqlarının müdafiəsi ilə bağlı çoxlu sayda qanunlar toplusu var. Lakin yetərli qanunvericilik bazasının olmasına baxmayaraq küçədə dilənən qaraçı uşaqlarından başqa adi azərbaycanlı ailələrin də uşaqlarının diləndiyinə rast gəlirik. Bununla bağlı polislərimiz reyd aparır, həmin uşaqları müvəqqəti sığınacaqlara yerləşdirirlər. Onları diləndirənləri cinayət məsuliyyətinə cəlb edirlər. Bu sahədə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməyini yüksək qiymətləndirmək lazımdır”.

Yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Post-pandemiya və post-müharibə dövründən sonra bütün dünyanı əhatə edən böhran gözlənilən idi. Dünyanın bir hissəsi olan Azərbaycanda da bu çətinliklər müəyyən mənada insanların həyatında iqtisadi problemlər kimi özünü göstərib. Dövlət müəyyən sosial paketlər və yardımlarla nisbətən böyük əhali qruplarının pandemiyadan sonra özünə gəlməsinə kömək etmiş oldu. Eyni zamanda, koronavirusla bağlı aparılan vaksinasiya, müalicə xərcləri və digər iqtisadi paket yardımları vətəndaşların vəziyyətini bu ağır şəraitdə az da olsa yaxşılaşdırmış oldu. Lakin hər kəs barəsində bunu demək doğru olmaz. Çünki elə insanlar var ki, onlar bu vəziyyətin altından qalxa bilmədi. Belə vəziyyətdən bir çox insanlar artıq istifadə etməyə başladı. Xüsusən, gecə vaxtı polis nəzarəti zəif olan vaxtlarda qucağında uşaqla cavan qızlar və yanlarında yeniyetmə olan analar şəhərin kənar hissələrində dilənərək pul yığmağa çalışırlar.
Təbii ki, dilənçilik dünyanın hər yerində var. Amma Azərbaycanda bu halların çoxalması hər birimizi düşündürür. Bir qrup insanlar işləmək istəmir. Onlar ya az əmək sərf edilən işlərlərlə, ya da belə dilənçi şəbəkəsi yaratmaqla özlərini dolandırmağa çalışır. Dilənçilik yalnız real həyatda deyil, eyni zamanda, sosial şəbəkələrdə də adi hala çevrilib. Sosial şəbəkələrdə yarışlar keçirib insanlardan bəxşişlər istəyənlərə virtual dilənçilər deyə bilərik. Sözsüz ki, polislər onların bir çoxunu ifşa edir. Amma bütövlükdə, belə halların qarşısını almaq çox çətindir. Daha çox insan bu dilənçi şəbəkələrinin təsiri altına düşmədən onlara qarşı ictimai qınaq və məsuliyyət tələb edilməli, bu hallara qarşı mübarizə aparılmalıdır”.

Din xadimi Mircəfər Eyyubov: “Ümumiyyətlə, ana öz övladına qayğısıyla, fədakarlığıyla xarakterizə edilir. Hal-hazırki mövcud durumu, çətin iqtisadi vəziyyəti əsas gətirərək övladını dilənçiliyə vadar edən ana Allah nəzərində və məntiqi baxımdan cinayətkardır. Belə analar qiyamət günü Allah qarşısında əməlinə görə cavab verəcək.
Təəssüf ki, dilənçilik artıq ehtiyac səviyyəsindən uzaqlaşaraq, mafyoz səviyyəyə çatıb. Dilənçilərin mütəmadi olaraq israrla eyni yerdə müxtəlif metodlarla dilənməsi onların səmimi olmadığının göstəricisidir. Bu baxımdan həm dünyada, həm də ölkəmizdə ciddi problemlər var. Dinimizdə dilənçiliyi peşəyə çevirmək günah sayılır. İnsan ehtiyacı üçün heç bir çarəsi olmasa, şəxsiyyəti, qüruru icazə versə dilənçilik etsə bu başa düşüləndir. Lakin digər hallarda dilənçilik etmək haramdır. Doğrudur, tövsiyə olunub ki, əl açana yardım edək. Amma həmin insanın bu işi peşəyə çevirməsi qəbuledilməzdir. Təbii ki, özünə hörmət edən insan bu cür işlərə əl atmaz”.
Ayşən Vəli –hDilənçilik yoxsa sənət? – ARAŞDIRMAttps://sia.az/az/news/social/942448.html

