İlham Əliyev MDB PA-nın üzvlərinə müraciət etdi. Azərbaycan və Ermənistanın parlament sədrləri arasında mübahisə düşdü
İlham Əliyev MDB PA-nın üzvlərinə müraciət etdi
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfəri çərçivəsində MDB PA Şurasının Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda çıxış edib.
Əvvəlcə spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.
Sonra müzakirə olunan mövzu ilə bağlı çıxış edib. Tədbir iştirakçılarını Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaradılmasının 30 illiyi münasibətilə təbrik edən Milli Məclisin sədri təşkilata bundan sonra da inkişaf və tərəqqi arzularını ifadə edib.
Spiker diqqətə çatdırıb ki, Parlamentlərarası Assambleya siyasi, hüquqi, iqtisadi, humanitar və digər sahələrdə qanunvericilik fəaliyyətində təcrübə mübadiləsi üçün əlverişli müstəvidir. Sahibə Qafarova qeyd edib ki, son iki ildə dünyanı bürümüş pandemiyaya baxmayaraq, Milli Məclis Parlamentlərarası Assambleyası çərçivəsində fəaliyyətini davam etdirib, nümayəndə heyətimizin üzvləri təşkilatın onlayn və əyani tədbirlərində iştirak edib və ayrı-ayrı komissiyaların rəhbərliyində təmsil olunublar.
Milli Məclisin sədri çıxışında Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi nəticəsində Cənubi Qafqazda yaranmış yeni reallıqlar haqqında da məlumat verib. Bildirib ki, bu gün postmünaqişə dövründə regionda sülh və əməkdaşlıq üçün yeni perspektivlər yaranıb. Ölkəmiz sülh tərəfdarı kimi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın yerinə yetirilməsinə sadiqdir. Biz Ermənistandan da həmin bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini gözləyirik. Spiker deyib ki, Ermənistan konstruktiv yanaşma göstərməli və münasibətlərin suverenliyin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının qarşılıqlı surətdə tanınması, eləcə də regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi əsasında normallaşmasına çalışmalıdır. Bu, regionda real sülhə və sabitliyə nail olmaq üçün yeganə yoldur.
Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikeri Simonyanın iclasda iştirakını nəzərə alaraq xatırladıb ki, biz hələ də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə Ermənistandan cavab gözləyirik.
Azərbaycan və Ermənistanın parlament sədrləri arasında mübahisə düşdü
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan MDB-nin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şurasının martın 29-da Almatı şəhərində keçirilən iclasında qarşılıqlı iddialarla çıxış ediblər.
“RİA Novosti” xəbər verir ki, çıxışı zamanı Simonyan Azərbaycan tərəfinin atəşkəsi pozduğunu iddia edib.
İclasın yekun hissəsində Qafarova bununla bağlı bildirib: “Azərbaycan tərəfindən atəşkəsin pozması haqqında informasiya tamamilə həqiqəti əks etdirmir. Azərbaycanın suveren ərazisinə daxil olmuş qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribat həyata keçirməyə çalışıb, lakin silahlı qüvvələrimizin cavab tədbirləri nəticəsində geri çəkilməyə məcbur olub”.
Onun sözlərinə görə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata sadiqdir və onun müddəalarını pozmayıb: “Bəyanatın müddəalarını Azərbaycan deyil, Ermənistan pozur”.
E.Qafarova həmçinin Ermənistanın qoşun qalıqlarının və qanunsuz erməni silahlı birləşmələrinin dərhal Azərbaycan ərazilərindən çıxarılmasını tələb edib.
O, Azərbaycanın üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verdiyini vurğulayıb: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olmuş erməni hərbçiləri Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir hesab olunmur və cinayət məsuliyyətinə cəlb edilməlidir”.
A.Simonyan isə bəyanatın Azərbaycan tərəfindən pozulması barədə təkcə Ermənistanın deyil, Rusiyanın da bəyanat yaydığını bildirib: “Bir daha təkrar etmək istəyirəm: Ermənistan Azərbaycana təklif edir ki, sülh müqaviləsinin bağlanması ilə bağlı dərhal danışıqlara başlanılsın”.
Milli Məclis sədri rəsmi Bakının Ermənistan tərəfinə yaxşı tanış 5 bəndi nəzərə almaqla, sülh müqaviləsi imzalamağı dəfələrlə rəsmi İrəvana təklif etdiyini bildirib.
Ermənistan parlamentinin sədri fikrini tamamlayaraq deyib: “Rəsmən bəyan edirəm ki, bu bəndlər Ermənistan üçün qəbulediləndir. Hesab edirik ki, bəzi aspektlər əlavə olunarsa, onların icrasına başlaya bilərik”.

