Ukraynaya gedən Kadırova ictimai xadim, yazıçı-kulturoloqdan etiraz: “Vaxtilə çeçenlər ruslara qarşı vuruşurdu”…

“Ramzan Kadırovun Rusiyanın Ukraynaya qarşı olan işğal siyasətində iştirak etməsi doğru deyil”…

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi”nin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O, Ukrayna xüsusi xidmət orqanlarının Kadırovun Ukraynada olması, habelə onun qətlə yetiriləcəyi ilə bağlı bəyanatını belə şərh edib:

“Rusiya-Ukrayna savaşı get-gedə real müharibədən çıxıb və bu ölkənin iki yerə parçalanması ilə bağlı geosiyasi bir hadisəyə çevirilir. Bu müharibədə Rusiyanın peşəkar hərbçilərinin də, mülki şəxslərinin də iştirakı normal qarşılanmalıdır. Yəni bu, Kadırov da ola bilər, Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putin də, yaxud da hansısa siravi İvan və ya tatar  Ömər”.

Aydın Xan Əbilov əlavə edib:

“Çeçenistan rəhbərinin, özünü həmişə “Putinin əsgəri” adlandıran Ramzan Kadırovun Azərbaycanda nə qədər dostları və pərəstişkarı olsa da, Kadırovun Ukraynadakı hadisələrə həm ideoloji baxımdan mövqe bildirməsi, həm də Putini qızışdırması, sosial şəbəkələrdə videolarla boy göstərməsi, əslində, Rusiya tərəfinə işləyən psixoloji bir hücumdur.

Bu baxımdan Kadırov və digər tanınmış-tanınmayan insanların Ukrayna torpaqlarına daxil olması, Rusiya tərəfində vuruşması faktdır. Əlbəttə, Ukrayna tərəfi onları məhv edə bilər. Bunu normal qarşılamalıyıq. Amma Kadırov Rusiya Federasiyasının içindəki bir subyektivin rəhbəridir, dövlət başçısıdır. Bu insan belə bir şeyə getməməli, bir dövlətin digər dövlətə qarşı olan işğal siyasətində iştirak etməməlidir. Kadırov və digər dostlarımız unutmamalıdırlar ki, vaxtilə öz ölkələrinə rus qoşunları daxil olanda çeçenlər ruslara qaşrı vuruşmuşdu. Amma müharibənin ağır zərbələrinə baxmayaraq, əvvəl-axır sülh bağlamağa məcbur olublar”.

Rafi MÜSLÜMOV –https://yenisabah.az/kadirov-ve-diger-dostlarimiz-unutmamalidirlar-ki-yazici-kulturoloq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir