Novruzun sonuncu çərşənbəsinin özünəməxsus xüsusiyyətləri… ARAŞDIRMA
Baharın müjdəçisi olan Novruz bayramı hər il bir çox ölkələrdə böyük coşqu ilə qeyd edilir. Novruz “yeni gün” deməkdir. Novruz, Navrez və Mevris kimi müxtəlif adlarla tanınan Novruz hər mədəniyyətdə yazın gəlişini xəbər verir.
Məlum olduğu üzrə bu gün Novruzun 3-cü çərşənbəsi olan İlaxır çərşənbəsidir. Hər il olduğu kimi bu il də ölkəmizdə bu gün xüsusi qeyd olunacaq. Məsələn, bu gün (15 mart) Bakı Dövlət Universitetinin həyətində İlaxır çərşənbə qeyd olunacaq və bütün müəllim-tələbə kollektivi tonqalın ətrafına yığışacaq.
Onu da qeyd edək ki, şəhərin mərkəzinə Tarqovu adlanan ərazidə “Torpaq əlimdə, bahar ürəyimdə” xeyriyyə yarmarkası fəaliyyət göstərir. Hətta dünən burada bayram konserti də olub. Konsertdə bir sıra məşhur müğənnilər seviən parçalarını ifa ediblər. Bütün bunlar xalqımızın bayrama necə öəm verdiyinin bariz nümunəsidir.

Tarix boyu bir çox sivilizasiya və mədəniyyətlərə yayılan Novruz bayramının yeri bu gün də fərqlidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2010-cu ildə toplanmış və martın 21-ni Ümumdünya Novruz Günü elan etmişdi. Bayram da Ümumdünya Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Novruz necə yaranıb?
Novruzla bağlı ilk yazılı qeydlər 2-ci əsrdə fars mənbələrinə əsaslanır. Buradan da məlum olur ki, bəşər tarixinin ən qədim bayramlarından biri olan Novruzun ən azı 18 əsrlik tarixi var. Lakin bəzi mənbələrdə eramızdan əvvəl Novruzun izləri görünür. Novruzun necə yarandığı ilə bağlı müxtəlif mədəniyyətlərdə fərqli inanclar mövcuddur.
Novruz hansı ölkələrdə qeyd olunur?
Novruz qeyd etmələri Orta Asiyadan Balkanlara qədər uzanan bir coğrafiyanı əhatə edir. Novruz bayramını qeyd edən tarixi sivilizasiyalara farslar, zərdüştilər və bəhailər kimi müxtəlif mədəniyyətlər daxildir. Bu sivilizasiyalar Novruzu müqəddəs qəbul edib, bayram kimi qeyd edirlər.
Müasir dünyada Novruz Orta Asiya və Yaxın Şərqin hüdudlarından kənarda daha geniş ərazilərə yayılıb. Novruzun qeyd olunduğu mədəniyyətlər arasında Əfqanıstan, Albaniya, Azərbaycan, Bosniya-Hersoqovina, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Kosovo, Makedoniya, Özbəkistan, Suriya, Tacikistan, Türkiyə və Türkmənistan kimi ölkələr var.
SİA araşdırma mövzusu ilə bağlı deputat və ekspertlərin fikirlərini öyrənib.

Deputat Müşfiq Cəfərov: “Azərbaycan xalqı əsrlər boyu Novruz bayramlarında zəngin adət-ənənə və dəyərlərini yaşadıb. Minilliklərdən keçib gələn bu qədim bu el bayramı tarix boyu qadağalara və təqiblərə məruz qalsa da, ölkəmizin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edib, unikal mədəniyyət hadisəsi olaraq günümüzə qədər gəlib çatıb. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Novruz bayramı dövlət səviyyəsində qeyd olunur, ölkə başçısı xalqı rəsmi müraciətlə təbrik edir. Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram iş günü hesab edilmir. Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirmişdir.
Novruz bayramı nəinki Azərbaycanda, hətta Türkiyədə və Orta Asiyada yerləşən türk dövlətlərində də qeyd edilir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı işlər mədəniyyət siyasətində dövlətimizin milli dəyərlərinin qorunmasına prioritet hesab etməsini təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi, mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin tarixində mühüm hadisədir. Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixində martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verildiyinə dəlalət edir.
Hətta 2019-cu ildə Novruz bayramının UNESCO-nun Qeyri-maddi, mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə UNESCO-nun Baş gərargahında təntənəli tədbir keçirilmişdir. Azərbaycan mədəniyyətinin mühüm hadisəsi olan bu bayramın YUNESKO-nun mədəni irsi elan olunmasının arxasında gərgin əmək və uzaqgörən siyasət dayanır.
Müstəqil Azərbaycan ancaq 20 ildir ki, Novruzu dövlət bayramı kimi qeyd edir. İyirmi il ərzində bu bayram, doğrudan da, həm rəsmi bayram kimi qeyd edilir, həm geniş şəkildə bütün ölkəmizdə hər bir Azərbaycan vətəndaşı baharın gəlişinə sevinir, hər bir Azərbaycan ailəsi bu bayram günlərində bir yerdə olur. Bir neçə il bundan əvvəl Azərbaycanda Novruz bayramının beş gün qeyd edilməsi ilə bağlı imzalanmış sərəncamın da məqsədi məhz ondan ibarət idi ki, bu günlərində hər bir Azərbaycan ailəsi bu bayramı bir yerdə qeyd etsin, hər kəs yaxınlarını, qohum-əqrəbalarını ziyarət etsin, birlik olsun”.

Deputat Ülviyyə Həmzəyeva: “Novruz bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Sovet imperiyası dövründə üzərinə “dini bayram” damğası vurulub qeyd olunmasına sərt qadağa qoyulan bu əziz bayramın uzun illərin fasiləsindən sonra 1969-cu ildən respublikamızda təntənə ilə qeyd edilməsinə başlanılmışdır. Bu, o vaxt ölkəmizin rəhbəri seçilən Ümummilli Lider Heydər Əliyevin öz xalqına, onun qədim, zəngin tarixinə, mədəniyyətinə, milli adət- ənənələrinə tükənməz məhəbbətinin əyani təzahürü idi.
Ulu Öndər Heydər Əliyev Novruzun həm də milli birlik bayramı adlandırırdı. “Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval – ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır”.
Hər bir məsələdə Ulu Öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan mühüm əhəmiyyət kəsb edərək çağdaş dövrün reallıqları ilə şərtlənir. Prezident İlham Əliyevin xalqımıza Novruz təbriklərində bu mövqe bir daha aydın görünməkdədir. Bu bayramı müqəddəs milli irs hesab edən Dövlət Başçısı demişdir: “Novruz bayramı xalqımızın ən sevimli bayramlarındandır. Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində biz yüz illərdən bəri keçmişimizin çətin və mürəkkəb dövrlərində nikbinliymizi qoruyub saxlamış, gələcəyə daim ümidlə baxmışıq. Novruz ənənələrinin layiqincə yaşadılması Azərbaycan xalqının çoxəsrlik tariximiz qarşısında müstəsna xidmətidir. Ən ali bəşəri keyfiyyətləri özündə toplayan böyük mənəviyyat və hikmət xəzinəsi olaraq yaz bayramı tarixi-mədəni irsə bağlılığımızı parlaq nümayiş etdirir”.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2003-cü ildə Azərbaycan muğamının YUNESKO tərəfindən “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsəri” elan olunması, aşıq sənəti, Azərbaycan xalçaları ilə bağlı həyata keçirilmiş genişmiqyaslı fəaliyyət dövlətin mədəniyyət siyasətində xalqın sakral energetikasına bağlı milli dəyərlərin prioritet kimi götürülməsinin nə qədər doğru və real olduğunu təsdiqləyir. Bu istiqamətdə 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə, etnoenergetik qüvvəyə malik olduğunun parlaq sübutudur. Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il 23 fevral tarixində martın 21-ni Beynəlxalq Novruz Günü elan etməsi də bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir.
Lakin mənfur düşmənin 30 ilə yaxın müqəddəs torpaqlarımızı işğal altında saxlaması bizlərə Novruzun istisini tam olaraq hiss etməyə imkan vermirdi. Çünki Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı kimi müqəddəs torpaqlarda Novruz tonqalları qalanmırdı.
Gələcəyə nikbinliklə və əminliklə baxan Ulu Öndər Heydər Əliyev deyirdi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Budur artıq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. 2021 ci ildə dövlətimizin başçısının və ailə üzvlərinin Şuşaya Novruz bayramı ərəfəsinə təsadüf edən növbəti səfəri zamanı Cıdır düzündə 28 ildən sonra ilk dəfə bayram tonqalı alovlandırıldı. Prezident İlham Əliyevin tonqal ətrafındakı müraciətindən sitat gətirmək yerinə düşər: “Biz bu il Novruz bayramını Şuşada, Cıdır düzündə qeyd edirik. Bu, tarixi hadisədir. 2004-cü ildən başlayaraq, hər il mən Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən deyirdim ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq. Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi…”
Bu günlərin sevincini yaşamağı bizlərə əta edən Ulu Tanrıya şükürlər olsun. Bu baharı bizlərə sevinclə və qürurla yaşamağı nəsib edən igid şəhidlərimizin ruhu şad olsun deyirəm. Novruz Bayramınız mübarək!

Yazıçı kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Azərbaycanın bir çox qeyri-maddi sərvətləri, o cümlədən Novruz bayramı UNESKO-nun məşhur qeyri-maddi sərvətlər siyahısına daxil edilib. Bununla kifayətlənmək olmaz. Novruz bəşəriyyətin, Şərq xalqlarının birgə bayramı kimi qeyd olunur.
Bizə məxsus bəzi bayramlar da var ki, onları da UNESKO-nun həmin məşhur siyahısına daxil etməliyik. İlaxır çərşənbələri bu bayramların başında gəlir. İlaxır çərşənbələri sırf azərbaycanlı düşüncəsinin, həyat tərzinin, nənə-babalarımızın dünyaya baxışlarının, adət-ənənələrlə bağlı ilkin elmi bilgiləri özündə əks etdirən bir bayram kimi həmin siyahıya daxil edilməyə layiqdir.
Ölkəmizdə Novruzdan öncə dörd çərşənbə qeyd olunur. Bunların yekunu olaraq İlaxır çərşənbə, sonra da Novruz bəşəriyyətə sevgi və sülh verə biləcək bayramlar silsiləsinə daxildir. Bu baxımdan Azərbaycanda İlaxır çərşənbə ilə bağlı xüsusi kulturoloji turizm karnavalları keçirilməlidir. Dünyanın bir çox ölkələrində milli bayramlarını kreativ biznesin inkişafına təkan verəcək bir hadisəyə çevirirlər. Biz də bu bayramları karnavallaşdıraraq kreativ biznesi inkişaf etdirəcək bir hadisə kimi qeyd etsək, post-pandemiya dövründə olan işsizlik də aradan qalxar, Azərbaycan iqtisadiyyatı da bundan faydalanar”.
Ayşən Vəli