Gənclərimiz arasında maarifçilik işi və TV proqramlarımız… VCA və YYSİB sədri Aydın Xan Əbilov
Gəncliyin formalaşmasında televizyaların rolu, heç şübhəsiz ki, böyükdür. Düzdür, internet əsrində, yeni texnologiyaların həyatımızın ayrılmaz parçasına çevrildiyi bir dönəmdə yaşayırıq, amma bununla belə, telekanallara ehtiyacımız az deyil.
Bütün bu amillər bizim televizyaya olan ehtiycımızı ödəyə bilmir, yenə də pult əlimizdə TV-lərdə maraqlı proqramlar axtarırıq. Amma bir sıra hallarda bütün yaş hədlərinin tələblərinə cavab verən verilişlər tapmaqda çətinlik çəkirik. Azərbaycan teleməkanında sanballı telelayihələrə ciddi ehtiyac var və xüsusən də gənclərin intellektual, mədəni səviyyəsinin yüksəldilməsi üçün proqramların hazırlanması gerçək bir tələbata çevrilib.
Televiziya kanallarında gənclərin intelektual səviyyəsini, mədəni inkişafını yüksəkdən maarifçi proqramların səviyyəsini qənaətbəxş saymaq olarmı? Belə proqramlar çoxdurmu?
Əksər ekspertlər hesab edir ki, Azərbaycan televiziyalarında intellektual proqramların sayı çox azdır, sanbalından isə danışmağa dəyməz. Gənclərə ünvanlanan verilişlərin çoxunun millilikdən uzaq olduğunu deyən ekspertlərin fikrincə, bu layihələr başqa ölkələrin TV-lərindən kopya edildiyi üçün çox zaman təbii alınmır. O verilişlərin keyfiyyəti də çox aşağı olur, sünilik və bayağılıqdan doğan layihələr başqa cür də ola bilməz. Bu verilişlərin intellektual səviyyəsinin aşağı olmasını mütəxəssislər telekanalların özlərinin intellektual səviyyəsinin aşağı olması ilə izah edir. Ekspertlər deyir ki, gənc nəslin milli-mənəvi tərbiyəsinin, intellektual və mədəni səviyyəsinin formalaşdırılması üçün mədəni-maarif, elm və təhsil proqramlarına böyük ehtiyac var. Bu gün bizim televiziyaların əksəriyyəti isə öz gənc tamaşaçılarına bunları aşılaya bilmir. İntellektual verilişlər ailə dəyərlərinin deqradasiyasına yol açan, insanların sosial qayğılarından təşəkkül tapan problemlərini primitiv şou formatda ortaya çıxarır, dəyərlərimizi kölgə altına atırlar.
- “İntellektual adlandırılan verilişlər bayağılıqdan və sünilikdən uzaq olmalıdır…”
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın xan Əbilov bizimlə söhbətində bildirdi ki, telekanallarda bu səpkili verilişlər olsa da, get-gedə onların sayı azalır. Ekspert hesab edir ki, ekspertlərin, peşəkarların iştirakı ilə belə
verilişlərin sayının və sanbalının artırılması çox vacibdir. “Azərbaycan televiziyaları gənclərin intellektual səviyyəsini yüksəldən verilişlər hazırlamalıdır. Bu verilişlər kütləvi xarakter daşımalıdır ki, gənclərin marağını cəlb edə bilsin. İntellektual adlandırılan verilişlər bayağılıqdan və sünilikdən uzaq olmalıdır ki, gəncləri maraqlandıra bilsin. Azərbaycan teleməkanının, demək olar ki, bu bütün televiziyalarında intellektual və estetik sahələrə həsr olunmuş verilişlər olsa da, amma son vaxtlar bunların sayının azaldığını görürük. Azərbaycan Televiziyasının, İctimai Televiziyanın, ARB kanalının, eləcə də digər televiziyaların maarifləndirici proqramları var. Mədəniyyətlə, elm və təhsillə bağlı proqramların, verilişlərin sayı kifayət qədərdir, lakin onların hazırlanma texnologiyaları, təqdimatı müasir televiziya tamaşaçılarının tələblərinə uyğundurmu? Feysbuk və digər sosial şəbəkələr formatına öyrəşmiş tamaşaçını klassik televiziyada hazırlanan proqramlarla maraqlandıra bilirikmi, onların bu proqramları qəbul etmək imkanlarını nəzərə alırıqmı? Yəni bu verilişləri hazırlayanda bu məqama diqqət yetiririkmi? Bax, problem budur”.
- “Azərbaycan tamaşaçısı bədii-estetik, tarixi, elmi, intellektual proqramlara hazırdırmı?”
A.X.Əbilov qeyd etdi ki, qonşu ölkələrdə, Türkiyədə, Rusiyada, ingilisdilli televiziya məkanlarında bunlar nəzərə alınır. Onun sözlərinə görə, bu kanallara nəzər salsaq, onların apardığı monitorinqlərə fikir versək, orada kiçik bir araşdırma aparsaq görərik ki, onların intellektual səviyyəsi, dünyagörüşü tamam fərqlidir. “Təşkil etdikləri verilişlərin texnologiyası, formatı, janr və istiqamətləri də rəngarəngdir. Bilirsiz ki, onların mövzu zənginliyi çox yüksəkdir, heyvanlar aləmi, dünyanın sirləri, tarix, geosiyasi və mədəni hadisələr haqda silsilə verilişlər hazırlayırlar. Hətta indi seriallar da çəkirlər. Tutalım, Azərbaycan tamaşaçısı ilə Fransa, yaxud Rusiya tamaşaçısı arasında böyük fərq var. Fransız və rus tamaşaçısı elmsal olan hər şeyi o dəqiqə qəbul edir və ona tələbatı var deyə, onların kanalları da bu yöndə çoxlu verilişlər hazırlayır. Hətta başqa ölkələrdə bu yöndə çəkilən verilişlər tərcümə, dublyaj edilərək orada nümayiş etdirilib. Amma Azərbaycanın Mədəniyyət kanalında olduğunu unuduruq. Azərbaycan tamaşaçısı bədii-estetik, tarixi, elmi, intellektual proqramlara hazırdırmı?
Onları bu verilişlərə cəlb etmək olurmu, onlar bu verilişlərə baxırlarmı? Azərbaycan oxucusu kitab oxumursa, elmimizdə, təhsilimizdə, humanitar, intellektual düşüncəmizdə böyük problemlər varsa, əlbəttə ki, o tipli, o mövzularda olan nəinki verilişlərə, heç internet saytlarına da, qəzet materiallarına da meyl göstərmir, oxumurlar”.
- “Televiziyalar mütləq intellektual sahələrə meyl göstərməlidir”
A.X.Əbilovun sözlərinə görə, Azərbaycan Prezidentinin sərəncamı ilə kütləvi şəkildə əsərlər çap olunur, kitablar işıq üzü görür, latın qrafikası ilə çap olunan bu nəşrləri oxuyan yoxdur. A.X.Əbilov hesab edir ki, gənclərimizin intellektual səviyyəsinin yüksəldilməsi üçün kitabın, oxu mədəniyyətinin daha çox xeyri var. İlkin növbədə gənclərdə oxu mədəniyyətinin formalaşmalı olduğunu qeyd edən ekspert deyir ki, kitab oxumayan, bədii estetik zövqü olmayan insanları intellektual proqramlara alışdırmaq da çətindir. Ölkəmizə cəmi 5-6 faiz yüksək intellekt kəsimi olduğunu qeyd edən müsahibimiz hesab edir ki, geridə qalanlar ölkə telekanallarında gedən mədəni – maarif proqramlarına, intellektual verilişlərə elə də maraq göstərmir :”Əgər bu tipli verilişlərə tələbat yoxdursa, bazar bunu tələb etmirsə telekanallar da hədər yerə maya qoyub öz resurslarından istifadə edib bu tipli verilişlər də hazırlamaq istəməyıcəklər. Necə ki, biz bunu Azərbaycand müşahidə edirik. Azərbaycanda reytinqin qurbanları olan proqramlar çoxdur, reytinq qurbanı olan telekanallara tez tez rast gəlirik. Elə gözəl proqramlar olur ki, onu cəmi bir mövsüm görürük, sonra onlar efirlərdən yığışdırılır. Çünki onlara tələbat yoxdur, reklam verən olmur, geniş auditoriya ona baxmır. Bu gün bağlanan verilişləri kommersiya, sosial yönümlü, qalmaqallı verilişlərlə əvəz edirlər. Bu da düzgün deyil. Ona görə ki, həm internet televiziyası, həm də ənənəvi televiziyalar mütləq intellektual sahələrə meyil göstərməlidirlər. Gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün bu tipli verilişlərə zərurət var. Mədəniyyət, incəsənət, ədəbiyyat, tarix, elm, dünya hadisələri, ekologiya, ətraf mühit qorunması maarifçiliyi və intellektual sahələri əhatə edən xüsusi verilişlər olmalıdır. O verilişlər də elə səviyyədə hazırlanmalıdır ki, həqiqətən də insanlar onlara baxmaq istəsin”.
A.X.Əbilovun sözlərinə görə, belə proqramların çəkilməsi, efirə verilməsi yeni bir izləyici və teletamaşaçı təbəqəsinin formalaşdırılması üçün intelelktual layihələrin meydana çıxarılması mütləq şəkildə Azərbaycan televiziyalarının qarşısında bir tələb kimi qoyulmalıdır. “Bir çox ölkələrdə televiziyaların qarşısına qeyd etdiyiniz sahələrlə bağlı 20-30, bəzən 50 faiz verilişin hazırlanması tələb olaraq qoyulur. Bu tələb həm ictimaiyyət, həm də dövlət tərəfindən olur. Avropanın bir sıra ölkələrdə yerli mühitə uyğun səviyyəli verilişlər hazırlayıb efirə verilməlidir, yoxsa telekanallar cərimələnir, onlara qarşı sanksiyalar qoyulur. Fikirləşirəm ki, Azərbaycanda da belə normativ aktlar qəbul etmək lazımdır. Təəssüflər olsun ki, keçmiş teleradio şurası buna əhəmiyyət vermirdi, yalnız cərimələnəklə məşğul idi. Amma nəzəri, praktiki olaraq telekanallara rəhbəredici bir sənəd göndərmirdilər, yaxud müəyyən normativ aktlar qəbul etmirdilər ki, elmə, təhsilə, humanitar düşüncəyə aid verilişlər hazırlanmalıdır. Düşünürəm ki, Teleradio Şurasını əvəzləyən nəzarətedici qurum bizim kimi ekspertlərdən istifadə edib qeyd edilən sahələrin inkişafına təsir edən verilişlərin hazırlanmasına, xüsusən də gənclər və yeniyetmələrin maraqlarını təmin edəcək. O kanallara müəyyən qrantlar ayrılmalıdır, onlar həvəslındirnəlidirlər ki, intellektual verilişlər hazırlamağa maraq göstərsinlər. Bundan əlavə seraillara ayrılan vəsaitin böyük hissəsinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə yönələn verilişlərə qoyulması vacibdir. Biz bu yolla gənclərdən ibarət yeni tamaşaçı auditoriyası formalaşdıra bilək” – deyə A.X.Əbilov vurğuladı.
İradə SARIYEVA, https://www.baki-xeber.com/sosial/136821.html
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

