Televiziyalarda mədəni-təhsil proqramlarının hazırlanması hansı səviyyədədir? VCA və YYSİB sədri Aydın Xan Əbilov danışdı

“Azərbaycan tele-məkanının bütün kanallarında demək olar ki, intellektual və estetik məsələlərə həsr olunmuş verilişlər olsa da, son vaxtlar bunların sayının azaldığının şahidi oluruq. Doğrudur, “İTV”, “AZTV”, “ARB” və digər kanalların maarifləndirici proqramları var. Mədəni, təhsil proqramlarının, verilişlərinin sayı kifayət qədərdir. Amma həmin verilişlərin hazırlanma texnologiyası, formatı müasir televiziyanın tələblərinə uyğundurmu? Qonşu ölkələrin tele-məkanında keçirilən monitorinqlərinə fikir versək, görərik ki, onların intellektual səviyyəsi, dünya görüşü tam fərqlidir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kultoroloq, tənqidçi ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, heyvanlar haqqında, tarix haqqında, geo-siyasi proseslər, dünyanın sirləri haqqında dünyanın müxtəlif telekanalları silsilə verilişlər, seriallar çəkirlər: “Azərbaycan tamaşaçısı ilə Fransa, Rusiya tamaşaçısı arasında böyük fərq var. Azərbaycan oxucusu əgər kitab oxumursa, təhsilimizdə, elmimizdə, humanitar düşüncəmizdə böyük problemlər varsa, əlbəttə ki, həmin mövzularda olan nəinki verilişlərə heç internet saytlarına, qəzet materiallarına maraq göstərib, oxumurlar. Kitab oxumayan, estetik, intellektual zövqü olmayan Azərbaycan insanı əlbəttə ki, mədəni, maarifləndirici, təhsil proqramlarına, verilişlərinə baxmayacaq. Əgər tələbat yoxdursa, telekanallar da hədər yerə maya qoyub, öz resurslarından istifadə edib, bu tipli verilişlər hazırlamayacaqlar.

Azərbaycanda reytinq qurbanları olan proqramlara, telekanallara, internet resurslarına biz tez-tez rast gəlirik. Həm internet televiziyası, həm də klassik televiziyalarımız mütləq intellektual sahələrə xüsusi önəm göstərməlidirlər. Mədəniyyət, ədəbiyyat, incəsənət, tarix, dünya hadisələri, ətraf mühitin qorunması, təbiət, ekologiya və intellektual sahələri əhatə edən xüsusi verilişlər hazırlanmalıdır. Həmin verilişlər elə bir səviyyədə hazırlanmalıdır ki, insanlar onlara baxmaq istəsin. Bu proqramların çəkilməsi, efirə verilməsi, həmin verilişin tamaşaçı auditoriyasının formalaşması telekanalların qarşısına tələb kimi qoyulmalıdır”.

Arzu Qurbanzadə,https://sia.az/az/news/social/938198.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir