Bəzi iş yerlərində xanımlara niyə başqa gözlə baxılır? Ekspert rəyləri, maraqlı nüanslar araşdırmada

İş yeri insanın ikinci evidir. Lakin bəzi insanlar üçün iş yeri onun yuvası olsa da, bəziləri üçün də ən pis xatirələri və travmaları ilə yadda qalan məkandır. Əvvəllər iş yerlərində daha çox kişilərə üstünlük verilsə də, günümüzdə kifayət qədər iş qadınları var. Bu qədər inkişafa rəğmən bu gün hələ də iş qadınlarını birmənalı qarşılamayan düşüncəyə sahib insanlar da az deyil. Bu tip insanlar qadının işləyə biləcəyi tək yerin ev olduğunu düşünür.

Əsas məsələ isə gənc işçi qız və qadınların iş yerində cinsi zorakılığa daha çox məruz qalmasıdır. Gənc gözəl qızlar, boşanmış cazibədar qadınlar əsas hədəfdir. Əksər iş yerlərində onlara qarşı psixoloji və cinsi istismar halları baş verir. Bəzi qurbanlar səslərini çıxarsa da, kifayət qədəri də qınaqdan qorxaraq susmağı seçir. Çünki cəmiyyətin 90 faizi belə hallarda qurbanı qınaq obyektinə çevirir.

Araşdırmalara görə, Avropa Birliyi ölkələrində ən çox cinsi təcavüzə məruz qalanların əksəriyyəti otel və restoran işçiləridir. İşçilərin 2 faizi iş yerində, 4 faizi isə iş yerindən kənarda fiziki zorakılığa məruz qalır.

İş yerində olan zorakılıq davranışları aşağıdakılardır:

“Qətl, zorlama, oğurluq, yaralama, döymə, fiziki hücum, təpikləmə, cinsi istismar, etnik istismar, yumruqlama, tüpürmə, zorakılıq, şantaj, ayrı-seçkilik, təhdid, hədə-qorxu, aqressiv davranış, kobud rəftar, söyüş, qışqırma və pis rəftar”.

ABŞ məlumatlarına görə, iş yerində zorakılığın 62 faizi oğurluq, 4,3 faizi zorlama və cinsi təcavüz, 0,2 faizi isə qətl törətməkdir.

İş yerində zorakılıq növləri və tezliyi ölkələr arasında dəyişir. Araşdırmalara görə, işdə qadınlara qarşı cinsi istismar ən çox Şimali Amerika ölkələrində 7,5 faiz, kişilərə qarşı fiziki zorakılıq 2,7 faiz tezliyi ilə Qərbi Avropadadır. Qadınlara qarşı fiziki zorakılıq Şimali Amerika ölkələrində 4,6% tezliyi ilə yaşanır.

Gənc işçilər zorakılığa daha çox məruz qalırlar

Qadınların həm işdə, həm də iş yerindən kənarda kişilərlə müqayisədə şiddətə məruz qalma riski daha yüksəkdir. Çünki qadınlar ümumiyyətlə müəllimlik, sosial xidmət mütəxəssisi, tibb bacısı, bank işçisi kimi şiddət baxımından daha riskli işlərdə çalışırlar.

Kişilər fiziki zorakılıq, qadınlar isə cinsi zorakılıq üçün daha çox risk altındadırlar və qadınlar cinsi istismarın aşkar qurbanlarıdır.

İş yerində zorakılıq işçilərdə aşağı motivasiya, iş performansının zəifləməsi, özünə hörmətin azalması, depressiya, əsəbilik, narahatlıq, qıcıqlanma və stressə səbəb olur. Bunlar fiziki və psixoloji xəstəliklərə, siqaret çəkməyə, alkoqol və narkomaniyaya, istehsalat qəzalarına, əlilliyə və intihara səbəb ola bilər.

SİA məsələ ilə bağlı araşdırma apararaq ekspert, psixoloq və sosioloqların fikirlərini öyrənib.

Yazıçı kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov: “Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da iş yerlərində qadınlara qarşı kişilərin seksual istismar, zorakılıq, təcavüz halları çoxalıb. Əvvəllər informasiya bolluğu və onların ötürülməsi ilə bağlı texnoloji imkanlar olmadığı üçün qadınlar bu barədə problemlərini yaya bilmirdilər. Amma indi fərqli dövrdəyik. Hətta baxış təzyiqi səbəbindən belə qadınlar hər hansı bir kişini məhkəməyə verə bilirlər.

Bəzi hallarda qadınlar bundan təhdid kimi istifadə edirlər. Ümumilikdə deyə bilərik ki, bu vəziyyət Azərbaycanda kütləvi hal almayıb. Amma getdikcə ölkəmizdə də bu cür şeylərin artmasının şahidi oluruq. Hətta qadınların qətlə yetirilməsi məsələsinə nəzər salsaq görərik ki, onların çoxu bu səbəbdən baş verib. Belə halların olmaması üçün cəmiyyətdə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Müəyyən ictimai və dövlət qurumlarında qaynar xətlər olmalıdır. Psixoloq və ictimai xadimlərin iştirakı ilə komissiyalar təşkil olunmalıdır. Qadınlar belə məsələlərdə öz hüquqlarını qorumağı bacarmalıdır”.

Psixoloq Fidan Nizamova: “Öncəliklə qeyd edim ki, boşanmış qadınlar özlərini və başına gələn bu halı normal qəbul etməlidirlər. Onlar özlərinə şübhə və ya özlərini əskik hiss edirmiş kimi yanaşmamalıdırlar. Onlar özlərini necə qəbul edirlərsə, ətraf da elə anlayır.

Cəmiyyət boşanmış qadınları qınayır. Bu qadınlara qarşı iş yerlərində müxtəlif təkliflər və şübhələr olur. Çünki çox təəssüf ki, cəmiyyətimizdə inkişaf etməyən insanlar var. Boşanmış qadınlar insanlara yerini və həddini bildirməyi bacarmalıdır.

Kobud olmamaq çox vacibdir. Amma qəti olmaq, özünə qarşı hörmət tələb etmək və şəxsi həyatının heç kimə aidiyyatı olmadığını bildirmək lazımdır.

Lakin anlamaq lazımdır ki, cəmiyyətdə hər kəs eyni beyində deyil. Biri üçün boşanma fəlakət, digəri üçün isə adi hal kimi qəbul edilə bilər”.

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Aysu Məmmədova: “Bizdə və dünyada olan vəziyyətə nəzər salsaq, mənə görə pis hər yerdə pisdir. Bunu dünyaya və ya Azərbaycana görə ayırmaq olmaz. Qaldı ki işləyən qadınlara pis gözlə baxılmasına, bunda iki amil özünü göstərə bilər: Həm işlədiyin mühit, həm də qadının özünü aparma şəkli.

Əgər işlədiyin mühit ziyalı mühitdirsə, özünü dərk edib anlayan insanların əhatəsindəsənsə, problem olacağını düşünmürəm. Yox, əgər müdirin atası hesabına iş qurub bununla qürurlanan, özünü dərk etməyən biridirsə, belə biri ilə işləməzdən əvvəl iki dəfə düşünməlisən.

Bu gün bizim cəmiyyətdə bir çox qadınların bu tip istismar hallarında susduğunu və utandığını çox müşahidə edirik. Əsl günahkar öz işində ikən, sanki bütün günahı da, yanlışı da edən qadınlarmış kimi. Bu tip hallarda heç bir qadın susmamalı, öz haqqını tələb etməli yeri gəlsə, hətta polisə də şikayət etməlidir. Əgər bütün qadınlardan bu reaksiyanı görsələr qeyri-etik davranışlara cəsarət etməzlər”.

Şəhər sakini Zərintac Mayisqızı: “Mənim bir tanışım ofisdə çalışırdı. Sırf bu səbəbdən işindən ayrılmışdı. Müdiri ona göz dikmişdi. Bu, həmin insanların daxilinin çirkinliyindən xəbər verir”.

Şəhər sakini Röya Vahabova: “Yerindən asılı olmayaraq, şəxsin ailəli,subay, boşanmış və ya dul olması onun şəxsi seçimləri və şəxsi həyatıdır. İş yeri professional fərdlərin toplandığı yerdir. Əgər kimsə iş yoldaşının ailə statusuna görə münasibət qurursa, həmin şəxsin professionallığından və ən əsası insanlığından şübhə duyaram. Həyat bizi hansı nöqtədə vuracaq və ya uğurun zirvəsinə qaldıracaq bunu heç kim bilmir. Bəlkə sabah, bu gün boşanıb deyə pis baxdığımız insandan daha pis vəziyyətdə olacağıq? Bu məsələlərin qarşısının alınması ailədən gəlir. Doğulduğu gündən insan ətrafının təsirinə düşür. Amma qanun çərçivəsində bu işə əl atılmalıdır”.

Şəhər sakini Nicat Ələkbərov: “İnsanlara (qadın və ya kişi olmasından asılı olmayaraq) şəxsi həyatı və cinsinə əsaslanaraq münasibət göstərilməsi istənilən sahədə yolverilməzdir. Xüsusilə, qadınlara iş yerində fərqli yanaşılması kimi neqativ hallarla tez-tez qarşılaşırıq. Bunun qarşısının alınması üçün cəmiyyətin psixologiyasında sosial davranış qaydalarına dair görüşləri dəyişmək lazımdır. Ölkəmizdə bu kimi ürəkaçmayan hallarla tez-tez qarşılaşmağımızın səbəbi isə mentalitetlə birbaşa əlaqəlidir. Ailədə qadının yeri, boşanan qadına ailə üzvlərinin göstərdiyi münasibət, onlar haqqında formalaşan fikirlər ailə üzvlərinin evdə kənarda da – ictimai nəqliyyatda, iş yerlərində və s. həmin ideaları əsas tutmasına zəmin yaradır”.

Şəhər sakini Sona Şıxəmirli: “İş yerlərində təkcə pis gözlə baxmaq cəhətdən yox, eyni zamanda, bacarıq, əmək cəhətdən də qadınlar aşağılanır. Çalışdığım yerdə, şükür ki, belə hallar yoxdur. Amma bu, bir faktdır ki, bir çox yerlərdə qadınlara pis gözlə baxıb, ondan, onun əməyindən istifadə edirlər. Təbii ki, bu, qəbulolunmazdır”.

Şəhər sakini Nərmin Qocamanova: “Hər şey şəxsin böyüdüyü mühitdən asılıdır. Onun böyüdüyü ailədə qadına münasibət necədir, qadına verilən azadlıqlar necədirsə, həmin insanın da düşüncələri o yöndə olur. Mental düşüncəli cəmiyyətdə olduğumuz müddətcə də bu hallar çox təkrarlanacaq. Öncə qadın özünü müdafiə etməyi bacarmalıdır, öz ayaqları üstündə durmağı bacarmalıdır. Eyni zamanda, totem və tabularından xilas olmaları üçün cəmiyyəti, əsasən də, orta yaşlı və yaşlı nəsli maarifləndirmək lazımdır. Çünki bu yaşda olan insanlar bu düşüncədə böyüyüb və bunu digər nəsillərə də ötürməyə çalışırlar. Televiziyada film və seriallarda da az hallarda güclü qadınlara rast gəlirik, daha çox qorxaq, şiddət görən, təcavüz edilən, kişidən asılı qadın obrazları görürük. Gördüyümüz, eşitdiyimiz hər şey qadına qarşı olan tabulardan ibarət olduğu müddətcə bu tip hallar yaşanmağa davam edəcək deyə düşünürəm”.

Şəhər sakini Aliyə Qarayeva: “İş yerlərində qadınlara, xüsusilə də, boşanmış və subay olan gözəl qızlara (qadınlara) demək olar ki, pis münasibət göstərirlər. Onlar başa düşmürlər ki, qadın həyat yoldaşından boşanıb, əxlaqından boşanmayıb. Qadın ailəsini dolandırmaq üçün özü öz ayaqlarının üstündə durmaq istəyir. Amma Azərbaycanda demək olar ki, əksər iş yerlərində qadınlara birmənalı şəkildə xoşagəlməz, mentalitetdən kənar təkliflər edilir. Biz bunu tez-tez eşidir, şahidi oluruq. Bu, yolverilməzdir və qadınlara qarşı ən böyük təhqirdir. Bu, qadınları alçaltmaqdır.

Əgər qadının köməyi yoxdursa, əlbəttə ki, özü işləməlidir, ailəsini maddi cəhətdən təmin etməlidir. Mən düşünürəm ki, bu haqda bir qanun tərtib edilməli və belə şəxslər məsuliyyətə cəlb olunmalıdır ki, qadınlara qarşı olan əxlaqsız təkliflərin qarşısı alınsın”.

Ayşən Vəli,https://sia.az/az/news/social/938197.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir