Məşhur rus incəsənət xadimləri müharibəyə görə ölkədən qaçır… VCA və YYSİB sədri Aydın Xan Əbilov

Aydın Xan Əbilov: “Rusiyanın aqressiyası dünyanı onun üzərinə qaldırmaqla yanaşı, öz sənət adamlarının da ölkəni tərk etməsinə səbəb oldu”

img

Rusiyanın Ukraynaya təcavüzünü pisləyənlər, buna etiraz edənlər arasında bu ölkənin görkəmli, populyar şəxsləri də az deyil. Müharibənin başlaması ilə Rusiyanı bir sıra populyar similar tərk edib. Xalq artisti Alla Puqaçova Rusiyanı tərk edib, Rusiyanın Ukraynaya təcavüzünü pisləyən şoumen Maksim Qalkin də onunla gedib.

Rusiyanı tərk edənlər  siyahısında Kseniya Sobçak və başqa məşhurlar da var. Alla Puqaçovanın ardınca Rusiyadan gedənlər sırasında xalq artisti Valeri Leontyev də yer alıb, xalq artisti Rusiyanı tərk edərək Amerikaya köçdüyünü bəyan edib.

Bəzi ekspertlərin qənaətinə görə, dünya səviyyəli ulduzların Rusiyanı tərk etmələrinin səbəbi yalnız müharibəyə etiraz etmələri olmaya bilər, onlar ölkələrinə tətbiq edilən sanksiyalara görə də bu addımı ata bilərlər. Ekspertlərin sözlərinə görə, artıq müharibə başlayandan indiyə qədər xarici şirkətlər, teatrlar bir neçə Rusiya ulduzu ilə müqaviləyə xitam verib və onlarla əməkdaşlığı dayandırıb. Bu baxımdan, bəzi ekspertlərin fikrincə, dünya şöhrətli Alla Puqaçovanın da, başqalarının da Rusiyadan imtina etməsinin kökündə dayanan amillərdən birinin sanksilar olduğunu güman etmək olar.

  • “Müharibə tezliklə bitməsə, biz qonşu ölkənin elm, sənət, mədəniyyət adamlarının ölkədən daha kütləvi şəkildə qaçdığının şahidi olacağıq”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiyanın Ukraynaya təcavüz etməsi hadisələri, dünyanın hər yerində olduğu kimi, Rusiyanın özündə də diqqətlə izlənilir. Onun qeyd etdiyinə görə, ilkin vaxtlarda Rusiya müəyyən ideoloji işlər aparmışdı və öz vətəndaşlarını, eləcə də qonşu ölkələrin vətəndaşlarını inandıra bilmişdi ki, Ukraynanın NATO-ya daxil olmağa çalışmasına, Avropa Birliyinə meyl etməsinə, eyni zamanda NATO-nun Ukraynada ordu, raket yerləşdirmək planına qarşı bu əməliyyatı aparır. Sonra hadisələrin dəyişdiyini deyən A.X.Əbilov bildirdi ki, sonradan Rusiyanın əsl məqsədi üzə çıxdı və biz buna dünya ictimaiyyətinin qəzəbinin şahidi olduq. “Fikir verdinizsə, Ukraynada baş verən müharibə get-gedə qızışdı, Kiyev, Xarkov və iri şəhərlər, başqa yaşayış məntəqələri, kəndlər, şəhərlər qadağan edilmiş silahlardan, raketlərdən atəşə tutuldu, bombalandı. Bu da həm Ukrayna əhalisinin, həm dünya ictimaiyyətinin, həm də Rusiyanın özündə ağıllı, tanınmış insanların qəzəbinə, böyük etirazına səbəb oldu. Rusiya çoxmillətli dövlətdir və orada ukraynalılarla qarışıq ailələrin sayı çoxalıb. Adları qeyd edilən bir çox rus sənətçiləri var ki, ya əslən Ukraynadandır, ya da etnik cəhətdən ukraynalıdır. Etnik cəhətdən rus olan tanınmışlar da var ki, bəli, onlar xalqa qoşulub öz hökumətlərinə protest edə bilməsələr də, sakit, dinc formada ölkəni tərk etməklə öz etirazlarını bildirirlər. Rusiyanın tanınmış simaları müharibəyə etirazlarını bildirməyin yolunu ölkəni tərk etməkdə görürlər. Bu həmin sənət adamlarının müharibəyə qarşı seçdikləri etiraz formasıdır. Rus xalqının  qədim tarixə və mədəniyyətə, intellektual səviyyəyə, estetik dəyərlərə xüsusi fikir verdiyini nəzərə alsaq deyə bilərik ki, müasir Rusiya cəmiyyətində bu tipli etirazlar həmişə olub. Yadınıza salın ki, SSRİ dövründə də bu cür etirazlar olub, rəssamların etirazları, rusiyalı dissidentlərin xaricə gedib geri qayıtmamaları hadisələri olub. Bununla onlar öz etirazlarını bildiriblər. Oxşar hadisələr bu gün yenidən baş verir, Rusiyanın aqressiyası dünyanı onun üzərinə qaldırmaqla yanaşı, öz sənət adamlarının da ölkəni tərk etməsinə səbəb oldu”.    

Bəlkə də Rusiyanın öz milli maraqları baxımından Ukrayna ilə müharibə aparmasına ölkə vətəndaşları normal yanaşa bilərdi deyən A.X.Əbilov hesab edir ki, amma hadsələrin daha da dərinləşib qardaş qırğınına aparıb çıxarması və mənasız müharibəyə çevrilməsi, Avropanın mərkəzində savaşa səbəb olması bütün insanların etirazına səbəb oldu, hətta Rusiya vətəndaşlarının da. Rusiya vətəndaşlarının öz etirazını müxtəlif vasitələrlə bildirdiyini deyən ekspert deyir ki, artıq Rusiyada sosial şəbəkələrə giriş məhdudlaşdırılıb, bir çox KİV bağlanıb.  Hazırda etirazların ikinci dalğası ilə rastlaşdığımızı deyən A.X.Əbilov qeyd edir ki, “LUKoyl”un prezidentindən tutmuş digər oliqarxlara qədər çoxları müharibəyə öz etirazlarını bildirdi: “Növbəti mərhələdə isə tanınmış incəsənət xadimləri xarici ölkələrə getməklə bütövlükdə etiraz dalğasına yeni bir çalar qatmış oldular. Puqaçovadan tutmuş Rusiyanı tərk edən başqa incəsənət adamlarının çoxunun əsli Ukrayna ilə bağlıdır. Amma kök etibarı ilə Ukraynaya bağlı olmasalar belə, rusiyalı sənət adamlarının müharibəyə qarşı sakit şəkildə öz etirazlarını bildirməyə haqqı var. Onları başa düşmək olar. Vətənpərvərlər şüvən salırlar ki, vaxtilə Rusiyada milyonlar qazanmış, konsertlərinə bilet aldığımız, başımızın üstünə qoyduğumuz şəxslər indi xaricə qaçıb gedir. Amma unutmayaq ki, bu insanların xaricdə varidatları var, ev-eşikləri də var. Puqaçovanın qızı da ABŞ-da yaşayır. Orada hətta Solovyovun villası vardı, onun da, bir bir çox oliqarxların villaları da əllərindən alınıb. Amma bunu incəsənət adamlarına tətbiq edə bilmirlər, onlar göstərirlər ki, konsertlər vasitəsilə pul qazanıblar, bu pulun hesabına xaricdə evlər alıblar, mülkə sahib olublar. Onlar ABŞ-da, Avropa ölkələrində, xüsusən də Parisdə mülklər alıblar. Xüsusi mülkiyyət xaricdə çox dəyərləndirilir, ona toxunulmaz bir anlam veriblər”.

A.X.Əbilov qeyd edir ki, istənilən şəxs bu evi çirkli pullarla deyil, öz zəhməti ilə aldığını sübut edərsə, onlara heç kəs toxuna bilmir. O deyir ki, bu səbəbdən də sənət adamlarının bank hesablarına, xaricdəki mənzillərinə, mülklərinə toxuna bilmirlər və onlara sanksiyalar tətbiq etmirlər. “Rusiyanın təcavüzü ilə başlayan müharibə tezliklə bitməsə, biz qonşu ölkənin elm, sənət, mədəniyyət adamlarının ölkədən daha kütləvi şəkildə qaçdığının şahidi olacağıq. Etirazlar bu şəkildə daha da artacaq” – deyə A.X.Əbilov qeyd etdi.

İradə SARIYEVA,

https://www.baki-xeber.com/medeniyyet/136599.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir