Mədəniyyət və etika haradan başlayır? Araşdırma. VCA və YYSİB sədri Aydın Xan Əbilovla ekspertlərin sərt mövqeləri

Şəxsiyyətin tərbiyəsində, bir fərd kimi yetişməsində ailədən alınan tərbiyənin əhəmiyyəti çox böyükdür. Araşdırmalar göstərir ki, ailə təhsili almamış şəxslər gələcək həyatlarında çox ciddi problemlər yaşayırlar.

Hər şey ailədən başlayır və hər uşaq öz evinin güzgüsüdür. Valideyn nəyi aşılasa, uşaq da onu mənimsəyərək tətbiq edir. Məsələn, əgər bir ata uşağının yanında siqareti yerə tullayırsa, sabah onun övladı da atasından öyrəndiyini edəcək.

Uşağın ailədən aldığı tərbiyə uşağın xarakterinin, intellektinin yetkinləşməsini təmin edir. Lakin bəzən əksi də olur. Məsələn, ən savadlı, ən tərbiyəli valideynlərin övladları narkoman, avara, oğru və ya alkaqol alüdəçisi olur. Təəssüf ki, günümüzdə belə ailələrin sayı da az deyil. Bu zaman da ortada belə bir sual yaranır ki, bəs necə olur ki, əgər hər şey ailədən başlayırsa belə yaxşı bir ailənin oğru övladı olur? Buradan isə belə bir qənaətə gəlmək olur ki, ailə insanın formalaşmasında vacib amil olsa da, fərdin öz xarakterindən də çox şey asılıdır. Ailə insanı maksimum 18 yaşına kimi formalaşdıra bilər. Artıq bu yaşdan sonra fərd öz yolunu seçməkdə azaddır. Yəni, günümüzdə 40 yaşlı bir kişiyə atası və ya anasının “onu belə et”, “bunu elə et” deməsi biraz qəliz məsələdir.

SİA şəhərdə etiket qaydaları və insanların davranış normaları mövzusu ilə bağlı araşdırma apararaq ekspert və psixoloqların fikirlərini öyrənib.

Psixoloq Zeynəb Əyyubova: “Bu məsələlərin hər biri fərqli travmaların məhsuludur. Məsələn, ictimai nəqliyyatda yüksək səslə danışanlar əgər normal söhbətlərini yüksək səslə danışırlarsa, deməli o insanları diqqət cəlb etməyə ehtiyyacları var. Deməli o insanlar öz böyükləri tərəfindən eşidilməyib və önəmsənməyiblər.

Nalayiq ifadələr işlədənlər isə davranış pozuntusu olan insanlardır. Ya insan bunu görüb, ya şahidi olub, ya da özünə qarşı istifadə olub ki bu gün həmin şəxs onu başqasına sərgiləyir.

Yerə zibil tullamaq məsələlərinə gəldikdə isə bəzi insanlar zibil qablarının az olmasını bəhanə edir ki, “mən əlimdə zibil saxlaya bilmirəm”. Bəziləri isə özlərindən asılı olmadan çirkləndirməyə meyilli olurlar.

Ümumiyyətlə, uşaq doğulandan etibarən valideynlər onlara davranış qaydaları üzrə müxtəlif vacib məlumatlar verməlidir”.

Din xadimi Mircəfər Əyyubov: “Nalayiq ifadələrlə bağlı dinin mövqeyi bəllidir. Bütün dinlə məşğul olanlar bilir ki, söyüş, təhqir, nalayiq ifadələr, məsxərə, istehza dində qeyri-məqbul və böyük günah sayılır.

Hətta Qurani Kərimdə bir ayə var ki, bütpərəstləsin yalançı tanrılarını da söyməyin. Çünki onlar da sizin tanrınızı söyər.

Ümumiyyətlə, söyüş İslam dini ilə ziddir. İslamda ədəb, gözəl ifadələr şərtdir.”.

Yazıçı kulturoloq, analitik-ekspert Aydın Xan Əbilov:

“Son illərdə Bakı çox sürətlə dünyanın ən böyük meqapolisləri sırasına daxil olub. Şəhərləşmə nəinki paytaxtda, hətta Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran kimi digər bölgələrdə də hiss olunur. Sivil cəmiyyətdə isə gözlə görülə biləcək səviyyədə bir inkişaf yoxdur.

Bəzi insanlar bahalı telefon, maşın, yaxşı yaşayış imkanına sahib olmasına baxmayaraq, evdən çölə çıxan kimi özlərini ibtidai dövrdəki kimi aparmağa başlayır: “Doğrudur, getdikcə cəmiyyətdə də dəyişikliklər hiss olunur. Necə deyərlər, bir gül ilə bahar olmaz. Cəmiyyətin böyük bir qismi əvvəlki kimidir. Şəhərlərdə zibili pəncərədən çölə atmaq, insanları narahat edəcək dərəcədə səs-küy salmaq, ictimai nəqliyyatda, ümumiyyətlə cəmiyyət içərisində özünü düzgün apara bilməmək kimi problem XXI əsrə qədər gəlib çatıb.

Qeyri Hökumət Təşkilatları olaraq maarifləndirici layihələr həyata keçiririk. Kütləvi informasiya vasitələri, saytlar, televiziyalar ədəb-nəzakət qayda-qanunları, ictimai-mədəni davranış təbliğ edilir. Amma bütün bunlar sanki insanlara təsir etmir.

Ən maraqlısı isə odur ki, qaydaları pozan insanlar səlahiyyətli şəxslər tərəfindən inzibati məsuliyyətə cəlb olunduqda aqressivləşir, video çəkərək sosial şəbəkələrdə dövlətin onları sıxışdırdığını, azadlığını əlindən aldığını bildirirlər. Həmin insanlar düşünməlidir ki, onların azadlıq sərhədi hər kəslə eynidir.

İnsanların etik qaydalara yiyələnməsi üçün daha çox maarifləndirmə işləri aparılmalıdır. Eyni zamanda, davranış normalarını pozanları ciddi inzibati, hətta cinayət məsuliyyətinə cəlb etmək, cərimələmək lazımdır.

Bu baxımdan baxçalar, məktəblər, ümumilikdə təhsil müəssisələri də öz vəzifəsini yerinə yetirməlidir. Bu müəssisələr yalnız təhsil verməklə kifayətlənməməli, həmçinin, tərbiyə verməli, intellektual səviyyəsi yüksək vətəndaşlar yetişdirməlidir.

Yeganə çıxış yolu vətəndaş cəmiyyəti, QHT-lər, televiziyalar, kütləvi informasiya vasitələri, ictimai xadimlər və mədəniyyət adamlarının birləşərək cəmiyyəti inkişaf etdirməsi, mənfi hallara qarşı ictimai nəzarəti gücləndirməsidir”.

Etika Akademiyasının rəhbəri Günel İbrahim: “Vaxtımızın çox hissəsini küçədə, nəqliyyatda yad adamların əhatəsində keçiririk. Küçədə və ictimai nəqliyyatda da əsas davranış qaydası başqalarına narahatlıq yaratmamaqdır. Sıxlıq olan yerlərdə digərlərini sıxışdırmaq, hər kəsi itələmək və dirsəklərinizlə itələnmək qəbuledilməzdir.

Əşyalarınızı özünüzə yaxın aparın ki, sıxlıqda çox mane olmasın. Sıx insan axınında dayanmaq lazımdırsa, əvvəlcə kənara çəkilin. Təsadüfən kimisə toxunduqsa və ya kiminsə ayağına basdıqsa, üzr istənilməlidir.

Küçədə diqqətli olun, konfet qablarını və digər zibilləri heç yerə səpələməyin. Yaxınlıqda tullantı qabı yoxdursa, sarğı çantaya və ya cibə qoyun.

Çox yüksək səslə danışmaqla başqalarının diqqətini çəkməyin. Tamaşa və konsertlər zamanı yüksək səslə, jestlərlə diqqəti cəlb etmək qeyri-etik hesab olunur. İstənilən tamaşanın premyerası təntənəli tədbirdir, ona görə də həftə içi günlərdən daha gözəl geyinib gələ bilərsiniz. Tamaşaya gecikmək kobudluqdur.

Yeriniz cərgənin ortasındadırsa, artıq bu sırada oturan tamaşaçılarla üzbəüz getməlisiniz. Teatrda və konsertdə nəsə çeynəmək və ya içmək olmaz. Telefonunuzu vibrasiya rejiminə qoymağı və ya tamamilə söndürməyi unutmayın. Əgər film (tamaşa, konsert) zamanı unutmusunuzsa və telefon zəng çalıbsa – üzr istəyin.

Təbiətdə necə davranmalı? Əsas problem zibildir. Parklarda içəcək pladtik qabları və digər lazımsız atqılarla çirləndirmək olmaz. Tullantı qabına qədər gətirmək çətin deyil. Əgər qab çox uzaqdırsa, xüsusi birdəfəlik atqı qabını evdən gətirmək demək olar. Unutmayaq ki, yer kürəsi bizim evimizdir”.

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Nicat Ələkbərov: “Davranış və etika qaydalarını şəhər və kənd olaraq iki yerə ayırmaq mənasızdır. Çünki, etikaya sahib insan üçün məkan amili sonuncu yerdədir. Amma, şəhər və kənd davranışı mövzusunda az da olsa fərqlər var. Məsələn, böyük toplumda yaşayan insan özü ilə yanaşı ətrafındakiların(daha çox sayda insanın) da sosial rifahına diqqət etməlidir. Bunun üçün də fərdlər uşaq yaşlarından düzgün yönləndirilməlidir. Məktəbəqədər hazırlıq və məktəb vaxtından etibarən uşaqlar bu mövzuda maarifləndirilməlidir.

Şəhər sakini Sona Şıxəmirli: “Mən açıq fikirli biriyəm. Əsasən kimsə güləndə bu xoş təsir bağışlayır mənə və ya xoş söhbət edən kimlərsə. Amma təəssüf ki, bəzi insanlar bunu qeyri-etik şəkildə edir. Narahatlıqdan əlavə xoş təsir bağışlamır mənə. Bundan əlavə, yerə zibil atanlara heç cür dözə bilmirəm. Hətta bir dəfə gənc bir oğlan əlindəki qida kağızını yerə atdı. Dedim ki, “zibili niyə yerə atırsan?”. Belə bir reaksiya verdi ki, “Bəs hara atım? Başa düşmədim hara istəsəm ataram, bundan kimə nə?”. Bəli, çox təəssüf ki, belə düşüncədə olanlar və gəzdiyi yerlərin sadəcə özünə aid olduğunu düşünənlər var”.

Şəhər sakini Aliyə Qarayeva: “Bəzən yolda gedərkən və yaxud parkda gəzərkən bəzi insanlar etik qaydalara riayət etmirlər. Onlar küçədə gəzərkən yerə zibil atır, ətraf mühiti çirkləndirir və yaxud ictimai nəqliyyatda özünü apara bilmir, qışqıra-qışqıra danışır, ətrafdakılara məhəl qoymur. Mən belə insanlara qarşı çox aqressivəm. Onları heç cürə başa düşmürəm. İnsan ictimai yerdə özünü olduğu kimi aparmamalıdır. Yəni, insan ictimai yerdə daha çox mədəni, səliqəli, etikalı görünməyi bacarmalıdır. Əsas bu qaydalara fikir verməlidir ki, insanlarda nifrət hissi oyanmasın.

İnsan etik qaydalara nə qədər çox riayət etsə o qədər də cəmiyyət tərəfindən alqışlanar, nümunə olar və başqaları da onlardan örnək götürər. Etik davranışı yerində olmayan insanların çox ciddi tərbiyə pozuntusu var. Onlar ailədə ümumiyyətlə mədəniyyət, tərbiyə haqqında heç nə görməyiblər və ona görə də cəmiyyətdə özlərini düzgün apara bilmirlər”.

Ayşən Vəli,https://sia.az/az/news/social/937652.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir