Qarabağda erməni təxribatları artmaqda davam edir. Əkrəm Bəydəmirli
Qarabağda silahlı ermənilərin atəşkəsi pozması ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyinin mütəmadi olaraq yaydığı xəbərləri narahatlıqla izləyirik. Belə təxribatların baş verməsi çox məkrli planlardan xəbər verir.
Necə ola bilər ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında bu qədər təxribatlar baş versin və həmin “sülh məramlılar” buna göz yumsun?
Xeyli zamandır ki, həmin o sülhməramlıların öz funksiyalarını yerinə yetirməməsi və özlərinə aid olmayan işlərlə məşğul olması ilə bağlı cəmiyyətdə informasiyalar dolaşır.
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının bütün bəndlərinin yerinə yetirilməsi üçün Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarına öz vəzifələri bir daha sərt şəkildə çatdırılmalıdır.
Əlqərəz qanunsuz silahlı dəstələrin tərksilah edilməsi gündəmə gətirilməlidir.
Əks təqdirdə Xankəndində qalmış erməni silahlı tör-töküntülərinin təxribatları daha da artacaq. Digər tərəfdən həmin qanunsuz silahlı erməni dəstələri atəşkəsi pozmaqda və özlərinin hələki var olduqlarını göstərməkdə israrlı olacaqlar. Biz sözlə bu problem həllini tapmasa erməni xəstəliyi yenidən daha ağır formada metastaz verəcək.

