YYSİB ilə VCA sədri, yazıçı-kulturoloq, analitik Aydın Xan Əbilov və ekspertlər hirsləndilər: spirtli içkilər və siqaret gəncləri uçuruma aparır. Araşdırma

Müxtəlif dövrlərdə olduğu kimi günümüzdə də spirtli içki istifadə edən və ya buna alüdə olan insanların sayı kifayət qədərdir. Lakin keçmişlə indiki zamanın fərqi odur ki, keçmişdə orta yaşlı kişilər bundan istifadə etdiyi halda indi həm qadınlar, həm məktəbli qızlar və həm də yeniyetmə oğlanlar alüdəçilik edir. Bütün bunlar isə cəmiyyəti uçuruma aparır.

Günümüzdə kifayət qədər dərsdən qaçıb və yaxud da dərs çıxışı spirtli içki içən şagirdlər var. Bəs, bu halların qarşısı necə alınmalıdır? Hansı tədbirlər görülməlidir?

Alimlər alkoqolun istifadəçiyə vurduğu zərəri nəzərə alaraq onun narkotikdən daha təhlükəli olduğunu deyirlər.

Alkoqolun zərərlərini nəzərə alsaq, ağla gələn ilk sağlamlıq problemləri bunlardır:

Spirtin ən çox zərər verdiyi orqan beyindir. Alkoqolun birbaşa təsiri onların düşünmə, qərar qəbul etmə və rasional hərəkət etmə qabiliyyətini zəiflətməsidir. Bu təsirlər spirt qəbulundan dərhal sonra baş verir və ciddi qəzalara, yaralanmalara və hətta ölümə səbəb olur. Spirt beyin hüceyrələrini öldürdüyü üçün beyin zamanla kiçilir və yaddaş zəifləyir. Erkən qocalmağa və demensiyaya səbəb olur.

Spirtli içkilərdən istifadə edən insanlar tez-tez yuxu pozğunluğundan və səhərlər yorğun oyanmaqdan şikayətlənirlər. Alkoqol xərçəng riskini çox artırır. Qida borusu, qırtlaq, mədə və mədəaltı vəzinin xərçənglərinə şərait yaradır. Həmçinin də ürək xəstəliklərinə səbəb olur. Ürəkdə aritmiya, ürək çatışmazlığı kimi problemlər yaradır. Hətta az miqdarda spirtli içki qəbul edənlər də ürək-damar xəstəlikləri riskini artırır.

Alkoqol baş ağrısına və ağız quruluğuna səbəb olur. Bədənin həddindən artıq su itirməsinə şərait yaradır.

Gözə gedən optik sinirlərin zədələnməsinə səbəb olur, zamanla korluğa səbəb ola biləcək problemlər yaradır.

Alkoqol qastrit və xora əmələ gəlməsinə səbəb olur. Vitaminlərin və digər qidaların orqanizm tərəfindən mənimsənilməsinin qarşısını alır.

SİA azyaşlıların spirtli içki istifadə etməsi ilə bağlı araşdırma apararaq ekspert, sosioloq, dietoloq, din xadimi və təhsil ekspertlərinin fikirlərini öyrənib.

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Çox təəssüflər olsun ki, qanunvericilikdə dəyişiklik olsa da, İnzibati Xətalar Haqqında məcəllədə müddəalar sərtləşdirilsə də tütün məmulatları və alkoqollu içkilərin azyaşlı uşaqlara satılması halları get-gedə artır. Fikirləşirəm ki, bu mənada Azərbaycanda bir çox xarici ölkələrdə olduğu kimi sərt cəza növlərinin tətbiq edilməsinə böyük ehtiyac duyulur.

Hansı supermarket, maqazin və yaxud da köşk qanundan kənar azyaşlılara tütün məmulatları və alkoqollu içkilər satırlarsa o dəqiqə onların lisenziyaları ləğv edilməli, maqazin bağlanmalı və eyni zamanda həmin insanı inzibati yox, artıq cinayət məsuliyyətinə cəlb edilməlidir. Fərqi yoxdur bunu birinci dəfə, ya ikinci ya üçüncü dəfə törədib.

Azərbaycanda valideynlərin özlərində də böyük təqsir var. 1-2 mərtəbə və yaxud da 16-cı mərtəbədən liftlə yerə enmək istəməyən, aşağıdakı supermarketə getməyən valideynlər bəzən öz uşaqlarını bu cür qanunu pozmağa cəlb edir. Ticarətçilər də bilirsiniz ki, nə qədər çox mal satsalar bir o qədər onların işi yaxşı gedər, xeyir götürərlər. Ona görə də bəzi hallarda göz yumurlar.

Qonşu Rusiyada nəinki alkoqollu və tütün məmulatları, həm də energetik içkilərin məktəblərdə satılması qəti qadağandır. Məktəb yaşlı yeniyetmələrin və 18 yaşdan aşağı şəxslərin bu sadaladığım məhsulları almağa ümumiyyətlə icazələri yoxdur. Bu tətbiqlər məncə Azərbaycanda da olmalıdır. Çünki Azərbaycanda bununla bağlı çox böyük problemlər yaşayırıq.

Bugün ata-ana uşağını pivəyə, siqaretə göndərirsə sabah yüz faiz bilməlidir ki, onun uşağı narkotik tərkibli maddələrin həm istifadəçisi, həm də satıcısına cevriləcəklər. Təəssüflər olsun ki, bunu dərk etməyən çoxlu valideynlərimiz var.

Son vaxtlar Daxili İşlər Nazirliyi əvvəllər kilo ilə tutduğu narkotik maddələri indi artıq tonlarla, 100 kiloqramlarla müəyyən edir. Nəticədə də təbii olaraq mütəşəkkil dəstə üzvləri həbs olunur. Azərbaycan əhalisinin də 60 faizi yeniyetmə, uşaq və gənclərdən ibarətdir. Ona görə də bizdə sintetik narkotik maddələrin ucuz qiymətə həm satışını təşkil etmək, şəbəkə qurmaq, həm də uşaqları da buna otuzdurmaq asanlaşıb. Hətta bir neçə məktəbin ətrafında belə narkotik maddələri konfetin içərisinə qoyub satanlarla bağlı xəbərlər də sosial şəbəkələrdə gəzirdi. Əlbəttə qeyd etdiyim kimi bugün alkoqollu içkilər pivələr, energetik içkilər alan məktəbli, şagird sabah rahatca narkotik maddələrin də alıcısına, istifadəçisinə çevrilə bilər. Ona görə də burada sərtləşdirici tədbirlərə ehtiyac var”.

Din xadimi Mircəfər Əyyubov: “İnsan bütün yaranmışlar arasında ən şərəfli məxluq hesab olunur. Bu şərəf ona məhz ağlına görə verilmişdir. Spirtli içkilər isə birbaşa insan ağlına zərbə vurması ilə xarakterizə olunur.

Bəşəriyyətin digər canlılardan imtiyaz və fərqlənmə meyarı olan ağlı zədələyən bir qidanın haram və qadağan olunması demək olar ki, aksioma dərəcəli bir mövzudur. Digər tərəfdən, uşaqlar bizim gələcəyimizdir. Gələcək nəsillərə ağılsızlıq aşılayan içkiləri verə və ya sataraq pul qazanan bir nəslin nə qədər məsuliyyətsiz və təqsirkar olduğu hamıya, hətta onların özlərinə də aydındır. Spirtli içkilərin cinayətkarlıq ilə sıx əlaqəsi də danılmazdır. Təsadüfi deyil ki, məhkəmələrdə və ya qanun mövzulu televiziya proqramlarında “içkili idim” İfadəsi bəraət kimi səslənir. Deməli, içki bir insan üçün hərəkətlərinə nəzarəti itirəcək qədər ziyan vura bilir. Belə bir qidanı uşaqlara vermək isə ictimai bir cinayətdir”.

Psixoloq Zeynəb Eyyubova: “Spirtli içkilərlə uşaqlar ilk öncə ailədə ad günlərində və xeyir işlərdə tanış olurlar. Azərbaycanda bəzi ailələr spirtli içkiləri hətta uşağın alnına, burnuna vurmaqla zarafat edirlər. Bəzi ailələr də su əvəzi gülmək üçün uşağa onu içirir. Yəni, uşağı ailə bunlarla tanış edir.

Daha sonra bəzi valideynlər uşaqlarını marketə spirtli içki almağa göndərirlər. Sonra isə məktəb yaşlarında uşaqlar sadə enerji içkiləri ilə tanış olur. Buradan da onlar spirtli içkilərə gedib çıxırlar.

Lakin bəzi valideynlər isə övladının spirtli içki içməsindən xəbəri olmur. Bu da valideynin uşaqla olan məsafəsindən, uzaqlığından irəli gəlir. Qarşısı alınmaq üçün ailə uşaqla dost olmalıdır ki, övlad da sirrini ona ver bilsin”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov: “Mən Azad İstehlakçılar Birliyinin sədri olmaqla bərabər, həm də çoxuşaqlı ata və eləcə də pedaqoqam. Bu problem illər boyu ölkəmizdə yaşanır. Çox təəssüf ki, azyaşlıların içki içməsi məsələsi və Rusiyadan, qərb ölkələrindən Azərbaycana doğru keçən bu pis adət sovet vaxtı bizə nüfuz edib. Təəssüflər olsun ki, bugün də davam edir və hələ bir az da üstələyir.

Əgər valideyn və yaxud məktəb müəllimi şagirdinin yanında içirsə və yaxud valideyn övladının yanında içirsə əlbəttə belə hallar baş verəcək. Mən ömrüm boyu bu məsələni izləmişəm. Bir qohumum var idi. Mən onda pedaqoq işləyirdim və onlara qonaq getmişdim. Masanın üstünə spirtli içki qoydu və 7 yaşında uşağına da süzüb verdi. Bu məsələnin üstündən təxminən 50 il keçib. Mən o uşağın taleyini çox izlədim və heç də yaxşı olmadı. Rusiyada qaynadı, qarışdı. Orada məhv oldu getdi.

Bu misalı çəkməyə məcburam. Əlli il öncə biz ali məktəbi qurtarmışıq. Qrupun nümayəndəsi olmuşam. Ona görə son 15 ildə salamat qalmış qrup üzvlərimizi toplayıram. Bir qayda olaraq qonaqlıq məsələlərini öz boynuma götürürəm. İki il bundan öncə rayonların birində yaşayan tələbə yoldaşımız öz nəvəsi ilə gəlmişdi. Nəvənin də 6 yaşı olardı. Qrup yoldaşım içəndi. O dedi ki, içirəm və nəvəsi də dedi ki, mənə pivə gətirin. Özü də qrup yoldaşım pedaqoqdur. Mən dedim pivəni gətirin. Dinməz-söyləməz baba nəvəsinə pivə süzdü verdi. Mən indi nə qədər ömrüm var, o uşağın sonunu izləyəcəm. Uşağın artıq 9-10 yaşı var. Belə anormal hallar çoxdur. Mən sonra ona təklikdə dedim ki, “Bu nə məsələdir?!” Dedi ki, “Uşağın könlü istəyir, qoy verək” və s. Belə hallar əlbəttə ora gətirib çıxarır ki, o uşaqlar müəyyən müstəqilliyə çatanda bununla aktiv məşğul olurlar.

Türk kinolarında bəzən içki içmək amillərinə baxanda çox təəssüflənirəm. Deyirəm ki, kaş nə türk, nə qədim, nə də yeni kinolarda bu anı göstərməyəydilər. Mən qatı dindar deyiləm. Yəni, vaxtaşırı məscidə gedən bir dindar deyiləm. Lakin bizə qismət olmuş bu dinlə fəxr edirəm. Düşünürəm ki, İslamın dediklərini yerinə yetirsək çox sağlam bir nəsil olarıq və sağlam bir həyat tərzi keçirərik.

Öz sağlamlığını məhv edən insanların sayı artır. Rusiyanın bu mədəniyyətsizliyi bizə də daxil olur. Bu içkilər birmənalı şəkildə uşaqlara satılmamalıdır. Valideynlər, pedaqoqlar və aiddiyyatı qurumlar məsələni diqqətdə saxlamalıdır. Bu içkilərdən zəhərlənənlərin sayı çoxdur və bunun axırı yoxdur”.

Təhsil eksperti Kamran Əsədov: “İlk növbədə qeyd edim ki, hal-hazırda Azərbaycanda 4432 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Məktəblərin 320-si paytaxt Bakıda yerləşir. Məktəblərdə satışı qadağan edilmiş spirtli içkilər, tütün məmulatları yaxın ətraf ərazilərdə şagirdlərə satılır. Bu yaxşı hal deyil. Çünkü bu məmulatlardan istifadə edən şagirdlər yaş xüsusiyyəti, həm də psixoloji baxımından ciddi tarvmalara məruz qalırlar. Həmçinin, belə şagirdlərin tədris göstəriciləri ilə bağlı ciddi problemlər müşahidə edilir.

Son dövlər məktəblilər arasında mədə-bağırsaq problemləri çoxalıb. Bunun səbəbləri də spirtli və enerji içkilərinin satışıdır. Ciddi monitorinqlər aparılmalı, nəzarət və cəza mexanizmi tətbiq olunmalıdır”.

Ayşən Vəli –https://sia.az/az/news/social/936887.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir