Beynəlxalq Kann kinofestivalı da Rusiyanı boykot etdi… VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov sirləri açdı

“Əgər bu münaqişə davam etsə, “Oskar” və “Nobel” komissiyalarının da Rusiyanı boykot edəcəyi istisna deyil, gözləniləndir”
img

Rusiya-Ukrayna münasibətləri ilə əlaqədar Qərb, Avropa dünyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar mədəniyyət sahəsindən də yan keçməyib. Artıq Rusiyanın xarici təşkilatlarla, teatrlarla və sair əməkdaşlıq edən sənət adamları ilə həmin şirkətlər əməkdaşlığa son qoymağa başlayıb. 

Fransada keçiriləcək Beynəlxalq Kann Film Festivalı da Rusiyaya qarşı addım atıb və

17-28 may tarixlərində keçiriləcək Festival Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadan rəsmi nümayəndə heyətini qəbul etməyəcək. Rusiyanın TASS agentliyi məlumat yayıb ki, qərar festivalın təşkilat komitəsi tərəfindən martın 1-də açıqlanıb.

Məsələ burasındadır ki, həm Beynəlxalq Kann Festivalı, həm də digər beynəlxalq film festivallarının təşkilat komitələri 30 il Azərbaycan ərazilərini işğalda saxlayan təcavüzkar Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədi. Halbuki, dəfələrlə Azərbaycan tərəfindən müraciətlər olundu ki, Ermənistan təcavüzkar dövlətdir və ona qarşı qadağa qoyulsun, amma qadağa qoymaq əvəzinə “bu siyasi məsələdir, biz siyasətə qarışmırıq” deyib canlarını qurtardılar. Təcavüzkar təcavüzkardır, onun fərqi yoxdur. Amma Qərb dünyası təcavüzkara da, təcavüzə məruz qalana da fərq qoyur, ikili yanaşma göstərir.

Beynəlxalq Kann Festivalı 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistana niyə qadağa tətbiq etmədi?

  • “…Beynəlxalq kino festivalları çoxdan siyasiləşdirilib”

Yeni Yazarlar və Sənətçilər İctimai Brliyinin sədri, analitik-ekspert, yazışı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bunun səbəbi aydındır. “Siz onların “biz siyasətə qarışmırıq” deməsinə fikir verməyin, beynəlxalq kino festivalları çoxdan siyasiləşdirilib. Yəni dünyada bir çox sahələrdə olduğu kimi, kino sənayesində də ikili standartlar var. Bu ikili standartlar ona gətirib çıxarır ki, bir siyasi proseslərə görə bir ölkəyə bir, başqa ölkələrə də ayrı cür münasibət bəslənir. Sizin toxunduğunuz məsələyə gəlincə, bəli, 30 il Azərbaycan əraziləri Ermənistanın işğalına məruz qalsa da, Ermənistanı nə kino, nə musiqi, nə də idman yarışlarından kənarlaşdırmağa nail ola bilmirdik. Bəlkə də bunun təqsiri özümüzdədir ki, lazımı dirəniş göstərməmişik. Amma nəzərə alaq ki, Ermənistan-Azərbaycan münaqişəsinə yanaşma fərqli olub və ermənilər həmişə beynəlxalq festivallarda təbliğat işi aparıb. Onlar bu münaqişəni belə qələmə verirdilər ki, Azərbaycana Ermənistan hücum etməyib və Qarabağın erməni əsilli sakinləri Azərbaycana qarşı mübarizə aparır. Ermənilər həmişə bunu təbliğ edirdilər. Rusiyanın Ukrayanaya hücumu, müdaxiləsi ilə Ermənistanın Azərbaycana təcavüzünə yanaşmalar fərqlidir. Kann Festivalı da həmişə solçuların və Fransa-Avropa intellektuallarının diqqətində olan bir mədəniyyət hadisəsidir. Bəli, onlar Avropa olaraq indi bütün sahələrdə Rusiyanı boykot ediblər və festivallarda da Rusyanın boykot edilməsi gözlənilən idi. Oskar və digər bu tipli mükafatlarda da, hətta “Nobel”də də biz bunu görəcəyik. Əgər bu münaqişə davam etsə, “Oskar” və “Nobel” komissiyalarının da Rusiyanı boykot edəcəyi istisna deyil, gözləniləndir”.

A.X.Əbilov hesab edir ki, Rusiya Avropanın, ABŞ-ın qərarlarını qəbul etməsə və geriyə addım atmasa, onu mədəniyyət sahəsində də daha böyük boykotlar gözləyir. Mədəniyyətin, incəsənətin, kinonun siyasət alətinə çevrilməsinin qətiyyən yolverilməz olduğunu deyən A.X.Əbilov hesab edir ki, mədəniyyətdən təzyiq vasitəsi kimi istifadə edilməsi doğru deyil.

İradə SARIYEVA,https://www.baki-xeber.com/medeniyyet/136247.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir