Kişi arvadını sosial şəbəkələrdə reklam etməlidirmi? Tanınmış yazıçı-kulturoloq incə məqamlara toxundu…
“XXI əsrdə internetin, sosial şəbəkələrin insan münasibətlərinə müdaxiləsi böyük dəyişikliklərə gətirib çıxarıb. Şəkil və videolara fikir bildirməyə imkan verən bir çox sosial şəbəkədə həmin o dəyişikliklərə uyğun yeniliklərlə rastlaşırıq. Bir çox hallarda bu yeniliklər etirazla qarşılanır”.
Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, insanlar Azərbaycanda sosial şəbəkələrin ilk istifadə olunduğu zamanlarda da yaşadığı yerlərlə bağlı, öz maraq dairələrinə uyğun şəkilləri və məlumatları internetə yükləyiblər: “Getdikcə də “İnstagram”, “Tiktok”, “Youtube” kimi video paylaşım platformaları inkişaf edərək bütün dünyanı əsarəti altına alıb. Bunun nəticəsində insanlar lazım olmasa belə öz məlumatlarını sosial şəbəkələrdə paylaşırlar. Sözsüz ki, bunun həm mənfi, həm də müsbət tərəfləri var. Müsbət tərəfi odur ki, internet resursları gələcək üçün bizim virtual elektron arxivimizdir. İndiyə kimi tariximiz, digər ölkələrlə əlaqələrimiz kitablardan öyrənilib. Gələcəkdə isə tariximiz video və audio məlumatlar vasitəsilə araşdırıla biləcək. Bu baxımdan bugün internetə yerləşdirilən hər bir an növbəti gün üçün tarixdir. İnsanlar Azərbaycan tarixini zənginləşdirmək üçün bacardıqları qədər bu vasitələrdən istifadə etməlidir”.
Yazıçı-kulturoloq sözlərinə belə davam edib: “Lakin bəzi şəxsi məlumatların, ailə məsələləri ilə bağlı informasiyaların internetdə paylaşılması mübahisəli məsələdir. Bu həmin şəxslər və ailələrinin həyatı ilə bağlı təhlükə yarada bilər. Çünki şəxsi məlumatlarının məxfiliyi dünyada ən çox qorunan məsələlərdən biridir.
Bu şəxslərin sosial şəbəkələrdə övladının və ya hər hansı bir ailə üzvünün yerləşdirdiyi şəkil gələcəkdə bir çox insanlarda ona qarşı antipatiya yarada bilər. Ailələrin çoxunun dağılmasına səbəb məhz sosial şəbəkələrdə vaxtilə paylaşılan uyğunsuz şəkillər, videolar və ya canlı yayımlardır.
Amerika Birləşmiş Ştatları və bunun kimi bir çox dövlətlərdə işə götürülən zaman həmin şəxsin son 3-5 il ərzində sosial şəbəkələrdəki bütün fəaliyyəti monitorinq edilir. Buna uyğun olaraq işəgötürən tərəfindən mənfi və ya müsbət rəy verilir. Ona görə də belə məsələlərdə ehtiyatlı olmaq lazımdır. Ailələrin dağılmasına səbəb ola biləcək və ya iş həyatı ilə bağlı problem yaradacaq hər hansı bir şəklin, videonun paylaşılması həmin şəxs 18 yaşdan yuxarıdırsa onun icazəsi ilə olmalıdır”.
Ləman Əlizadə –https://sia.az/az/news/social/936128.html

