Ukrayna bu şərtləri qəbul etsəydi, müharibə olmazdı… Hərbi ekspert

“Ukraynada davam edən münaqişəni bir yox, bir neçə aspektdən qiymətləndirmək lazımdır”. 

Bunu açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. 

“Siyasi aspekt ondan ibarətdir ki, Ukrayna və Rusiya arasında müharibə yaratmaq istəyən qüvvələr buna nail oldu. İndi kənarda nəticənin nə olacağını izləyirlər. Bu müharibə ilə Qərb Rusiyanı müəyyən mənada zəiflətmək istəyir. Müharibədə hər şey pul prinsipi ilə gedir. Müharibənin 8 gününü iki hissəyə bölmək olar. Birinci olaraq qarşıya qoyulan məqsədi həyata keçirmək üçün məhdud kontingent işğala başladı. Qərbin və Ukraynanın bir neçə hərbi texnika haqqında məlumat yayması və texnologiyaların miqyasına baxdıqda görmək olur ki, Rusiya özünün əsas qüvvələri ilə çıxış etməyib. Bu məhdud kontingentin məqsədi danışıqlar masasında müəyyən uğurlar qazanmağa hesablanmışdı. Ancaq birinci danışıqlarda gözlənilən nəticə alınmadı. Bu da təbii ki, Ukrayna xalqına psixoloji dəstək oldu.

Ancaq Qərbin Ukrayna üçün döyüşmədiyini, döyüşməyəcəyini anladıq. Təəssüflər olsun ki, bunu müharibə başlayandan sonra dedilər. İndi Zelenskini ayaqda alqışlamaq kimi hərəkətlər Ukraynanın vəziyyətini yaxşılaşdıran amillər deyil.

Düzdür, indi bir az silah verilməsi Ukrayna üçün müəyyən məqamda faydalıdır. Lakin hazırda tank əleyhinə müdafiə sistemi ilə məhdudlaşmalı olublar”,- deyə ekspert müharibənin gedişatını şərh edib. Hava hücumlarında üstünlük Rusiyanın tərəfindədir… Onun sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiyalara gəlincə, Moskva buna hazır idi:  “Bundan sonra hansı taktikalar olacaq Qərb özü də bilmir. Artıq bu sanksiyalarla bağlı  Avropada da fikir ayrılıqları var. Çünki günlər keçdikcə sanksiyalar Qərbin özünə də təsir etməyə başlayır. Ancaq hərbi məsələyə qayıtmalı olsaq, mən deyərdim ki, Rusiya uğursuz danışıqlardan sonra ikinci əsas qüvvələrini işə saldı. Artıq söhbət kiçik ərazilərdən yox, Xarkov, Ukraynanın paytaxtı Kiyev kimi böyük şəhərlədən gedir. Yəni işğal daha da genişlənib. Hava hücumlarında da üstünlük Rusiyanın əlindədir.

Ukraynada qardaş Türkiyənin kifayət qədər “Bayraktar”ı var, hətta onun barəsində mahnı da qoşublar. Ancaq hava hücumunda əlverişli şərait Rusiyanın tərəfinə keçdiyi üçün bu məsələ də öz əhəmiyyətini itirdi. Ukrayna xalqı mübarizə aparır. Şəhərlərdən gələn məlumatlar göstərir ki, Ukrayna şəhərlərin müdafiəsi, əhalinin ərazaq və digər ehtiyatlarla təminatında hazırlıqlı deyil. Ukraynanın verdiyi məlumatlarda görürük ki, şəhərlər 1-2 gündür yarıblokada vəziyyətindədir, marketlər boşaldılıb. Əhali bir çox təminatla bağlı korluq çəkir. İndi hər iki tərəfdən verilən məlumatların 80-90 faizinin doğruluğu sual altındadır. Sosial şəbəkələrdə çoxlu sayda feyk xəbərlər yayılmaqdadır. Durum bundan ibarətdir ki, səkkiz günün sonunda artıq Luqansk və Donetsk qondarma rejimləri öz sərhədlərini tamamilə əldə edib”. Qərb Ukraynanı Rusiyaya qurban verdi… 

Polkovnikin fikrincə, Rusiya nə qədər özünü göstərib, hücumlarının dəqiq olduğunu iddia etsə də, mülki əhalinin təhlükəsizliyi qorunmur: “İndi müharibə iri sənaye şəhərlərində gedir. Burada hərbi infrastrukturlar əhalinin yaşadığı ərazidə yeləşdiyi nəzərə alınsa, bu, təbii haldır. Rusiya 8 gün ərzində düşünürdü ki, Ukraynadakı ruspərəst qüvvələr ona köməklik göstərəcək. Ancaq unutdu ki, 30 il ərzində Ukraynada ruspərəstlik əleyhinə situasiya yaranıb və cavan nəsil bu şəraitdə böyüyüb. Onlar belə şüarlar altında mübarizə aparır”. 

Müharibəni qazanmaq üçün pul lazımdır… “Faktiki olaraq Rusiya artıq Ukraynada müəyyən ərazilərin işğalını başa çatdırıb. Burada itirən Ukraynadır. Ona görə ki, dağılan, itki verən və bundan sonra iqtisadiyyatı daha da zəif olacaq tərəfdir. Onu dəstəklədiyini deyən Qərbin artıq aktivliyi qalmayıb. Burada bir yol var ki, Qərb gərək Ukrayna uğrunda savaşsın. Hətta, Ukraynanın hava məkanının Rusiyaya bağlanmasına da Qərb kömək etmədi. Bununla aydın oldu ki, Qərb de-fakto Ukraynanı Rusiyaya qurban verdi. Baxmayaraq ki, Ukrayna xalqı böyük ruh yüksəkliyi ilə müqavimət göstərir, ancaq bununla güc baxımından onları Rusiya ilə bir tutmaq olmaz.

Müharibəni udmaq üçün yenə deyirəm, pul, pul, bir də pul lazımdır. Danışıqlar heç nəyi dəyişməyəcək. Çünki Rusiya danışıqlar vaxtında da öz hərbi əmliyyatlarını davam etdirəcəyini bildirib. Eyni zamanda, Rusiya danışıqlarda elə ağır şərtlər irəli sürür ki, Ukrayna bunları qəbul edəsi olsaydı, müharibə heç başlamazdı. Düşünürəm ki, Rusiya böyük şəhərləri yarıblokadaya almaqla oraların işğalını nəzərdən keçirir. Məncə, bir həftə – 10 gün ərzində məsələ öz həllini tapacaq. Ya o yanlıq, ya da bu yanlıq olacaq”. 

Qeyd edək ki, fevralın 24-də Kiyev vaxtı ilə səhər saat 05:00-da Rusiya Donbasda xüsusi hərbi əməliyyata başlayıb. Hazırda əməliyyatlar Ukraynanın şimalında, şərqində və cənubunda davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə aviasiya və raket zərbələri endirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir