Od çərşənbəsinin adı dəyişdirilir? VCA və YYSİB sədri Aydın Xan Əbilov: “Çərşənbələrlə bağlı YUNESKO-ya müraciət edək”
Hər bir xalqın öz milli bayramı var. Azərbaycanın milli bayramı isə Novruzdur. Bu bayramın kökü isə çox qədimlərə söykənir. Həmçinin, Novruz bayramının özünəməxsus adət-ənənələri olur.

Bayramın gəlişinə daha çox uşaqlar sevinir. Çünki bayramı ən çox uşaqlar sevir. Uşaq gülüşü isə həyatda hər şeyə dəyər. Həyatda uşağın təbəssümündən böyük xoşbəxtlik yoxdur.
Novruzda çərşənbələr olur ki, bu da bayramdan 3 həftə öncə hər həftənin 2-ci günü qeyd olunur və hər çərşənbə günləri tonqal yandırılır. Birinci çərşənbə su, ikinci od, üçüncü yel, dördüncü, yəni sonuncu torpaq çərşənbəsidir.
Su çərşənbəsində dağların buzu əriyib çaylara tökülür. Odda günəş yavaş-yavaş torpağı qızdırır. Yel gülləri-çiçəkləri tərpədir. İlk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Orta Asiyadan Balkanlardakı millətlərə qədər geniş bir bölgədə yerli rənglər və inanclarla qeyd olunan Novruz, hər bir xalqın öz mədəni dəyərləri ilə eyniləşdirdiyi və simvollaşdırdığı, mahiyyət etibarilə yazın gəlişini qeyd etdiyi və coşqu ilə qarşılandığı bir gündür. Yaşadığı geniş coğrafiyada təbiətin və ətraf mühitin oyanışını qeyd edən Novruz bayramı Anadoluda və türk mədəniyyətinin yayıldığı bölgələrdə köklü və zəngin tarixə malikdir.

Nev (yeni) və ruz (Gün) sözlərinin birləşməsindən əmələ gələn və YENİ GÜN mənasını daşıyan Novruz Şimal yarımkürəsində başda türklər olmaqla bir çox xalq və toplumlar tərəfindən Yeni il kimi qeyd olunur.
Gecə ilə gündüzün bərabərləşdiyi martın 21-də günəş köçəri quşlar kimi şimal yarımkürəsinə doğru çevrilir. Martın 21-i ilə havalar isinməyə, qar əriməyə, ağaclar çiçəklənməyə, torpaq yaşıllaşmağa, köçəri quşlar yuvalarına qayıtmağa başlayır. Bu səbəbdən 21 Mart bütün varlıqların oyanış, diriliş və yaradılış günü kimi qəbul edilir.
SİA Novruz bayramı və bayrama daxil olan çərşənbələr haqqında araşdırma apararaq ekspert, sosioloq və din xadiminin fikirlərini öyrənib:

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Novruz “təzə il” deməkdir. Müsəlman aləminin əsil yeni ili həmin gün, baharın ilk günü ilə başlayır. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Bu milli bayramımızı sevinclə, təntənə ilə qarşılamaq üçün bütün evlərdə xüsusi hazırlıq gedir.
Uşaqlıq xatirələrimin ən gözəl anlarını xatırladan Novruz bayramı mənim ən çox sevdiyim bayramlardan biridir. Mənim uşaqlıq illərim Qubadlı rayonunun Məlikəhmədli kəndində keçib. Orada Novruz bayramı xüsusi təntənə ilə qarşılanırdı. Qonşular bir yerə yığışıb şəkər çörəklər bişirərdilər, səməni göyərdib, yumurta boyayıb, buğda qovurardılar, uşaqlar qapı- qapı gəzib bayram payı yığardılar, axşam da tonqal başına toplaşıb şənlənərdik.
Novruz bayramının gəlişindən xəbər verən çərşənbələrimiz də çox gözəl qeyd olunurdu. Həmin çərşənbələrdə kəndimizə Kəndirbazlar gələrdi, onlar kəndir üzərində öz maraqlı oyunları ilə şənliyimizə şənlik qatardılar. Axır çərşənbədə ən çox da gənc qızlar qulaq falına çıxardılar. Valideynlərimiz bizə deyərdilər ki, xoş sözlər danışaq ki, qulaq falına çıxanlar məyus olmasınlar.
Çox sevinirəm ki, bu gün də Novruz bayramı bütün ölkəmizdə təntənə ilə keçirilməsi ənənəsini davam etdirir”.

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Azərbaycan milli-mənəvi sərvətləri içərisində Novruz Bayramı və ona qədər qış ayını əhatə edən böyük çillə, kiçik çillə, boz ay kimi ilaxır çərşənbələrin də xüsusi yeri var. İlaxır çərşənbələr 4 yerə bölünür və onlardan biri də Yel çərşənbəsidir.
İl ərzində baş verə biləcək təbii prosesləri proqnozlaşdırmaq üçün babalarımız çərşənbələrdə ümumi astronomik görüşlərini müəyyənləşdiriblər: “Çərşənbələrlə bağlı bu informasiyalar istər kənd təsərrüfatının inkişafı, istərsə də havanın necə olması baxımından bizə elmi bilgilər verə bilər. Novruz Bayramı Şərq və Orta Asiya xalqlarının müştərək bayramı kimi qeydə alınsa da, ilaxır çərşənbələr UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməyib. Mədəniyyət Nazirliyi bu istiqamətdə işlər görməli, ilaxır çərşənbələr və onlarla bağlı adət-ənənələrin bütövlükdə UNESCO-da qeydiyyata alınması üçün çalışmalıdır.
Yel çərşənbəsi həm də insanların sosiallaşması, küsülülüyün aradan qaldırılması üçün bir vasitədir. Bu çərşənbədən etibarən insanlar bayrama hazırlıq görməyə başlayırlar. Keçmişdə ilaxır çərşənbələrin hər birində kiçik qruplar vasitəsilə kəndlərdə qaranlıq düşən kimi müxtəlif musiqi parçaları, bayatılar ifa olunurdu. İnsanlar bir-birinə xoş xəbərlər ötürürdü. İndiki dövrdə şəhərlərdə bu adət-ənənələr az hallarda yerinə yetirilir. Lakin, bəzi bölgələrdə xüsusilə Lənkəran zonasında keçmiş adətləri görmək mümkündür.
Dünyanın hər yerində, virtual aləmdə belə ilaxır çərşənbələr qeyd edilməyə başlayıb. Biz də Azərbaycanın milli dəyəri olan bu kulturoloji hadisəni dünyaya yaymalıyıq. Hətta iqtisadi cəhətdən ölkəmizə xeyir verən beynəlxalq turistləri cəlb etmək üçün də ilaxır çərşənbələri kreativ biznes forması kimi istifadə edə bilərik”.

Din xadimi Mircəfər Əyyubov: “Novruz dini bayram deyil. Onu dini bayram kimi təqdim edənlərin ya dini biliyi olmur, ya da ki, həqiqəti bilsələr də “camaat nə deyir mən də onu deyim” deyirlər.
İslam dini hər bir müsbət ənənənin tərəfdarıdır. Novruz bayramında da müsbət ənənələr çoxdur. Küsülülərin barışması, insanların ölənlərinin məzarını ziyarət etməsi, ailələrin bir yerə toplanması, bayram öncəsi təmizlik və qohum ziyarəti də bu müsbət hallara daxildir.
Bəzi hədislərdə Novruz bayramı ilə əlaqədar dualar da qeyd olunub. Hətta deyərdim ki, Novruz bayramı dünyəvi bayramlar arasında ən təbii bayramdır. Çünki həqiqətən baharda təbiət yenilənir və bu günü bayram kimi qeyd etmək məntiqlidir. Ölkəmizdə də əsrlər boyu bu bayram qeyd olunub”.
SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib. Gəlin görək Bakı sakinləri Od çərşənbəsini necə qarşılayacaq?
Şəhər sakini Şahlar Xuduzadə: “Çərşənbələrə o qədər də önəm vermirəm. Düşünürəm ki, əsas martın 21-22-si olan bayramdır. Sadəcə qohumlarıma və tanışlarıma bayram təbriki yollamağa biganə yanaşmıram. Lakin çərşənbələrdə evdəki xanımlarımız milli yeməklərimizdən hazırlayıb süfrəyə təqdim edir”.
Şəhər sakini Roşa Mehdiyev: “Hər çərşənbə tonqal yandıraraq dostlarımızla başına yığışırıq. Ən sevdiyim isə Od çərşənbəsidir. Səbəbi isə Od çərşənbəsinin digərlərindən maraqlı olmasıdır”.
Şəhər sakini Sənan Qasımov: “Bütün bayramlarda işdə oluram. Buna Novruz bayramı da daxildir. Bizim çox gözəl bayram adət-ənənələrimiz var. Bayramda ən sevdiyim adət isə dostlarla tonqal başına yığışmaqdır. Bunun öz ləzzəti var”.
Şəhər sakini Şahverdi Zeynalov: “Təəssüflər olsun ki, bu çərşənbə də keçən çərşənbə də işdə olmuşam. Bayramı dəyərləndirməyə heç cür vaxtım olmur. Ən sevdiyim isə tonqaldan hoppanmaqdır. Papaq atmaq da çox maraqlıdır. Uşaqlıqda tez-tez papaq atırdıq”.
Şəhər sakini Həbib Əliyev: “Sırf tonqal üçün sabahı səbirsizliklə gözləyirəm. Bu mənə çox maraqlı gəlir. Lakin işlədiyimə görə bayrama çox zaman ayıra bilmirəm. Adət-ənənələrimizi də çox sevirəm. Amma fala inanmıram və heç vaxt da etdirməmişəm”.
Ayşən Vəli –https://sia.az/az/news/social/935234.html

