Zelenskini devirsələr, iqtidara üç namizəd var: analitikdən sürpiriz adlar
Sabiq daxili işlər naziri ölkədə baş verənləri şərh etdi: “Ukraynanın unitar dövlət olması ölkənin qeyri-sabitliyinin əsas səbəblərindən biridir”
Vitali Zaxarçenko eks-prezident Yanukoviçin dövründə Ukraynanın daxili işlər naziri işləyib. “Qanlı Avromaydan – əsrin cinayəti” kitabının müəllifi Rusiya mediasına Ukraynada hadisələrin sonrakı inkişafı haqda proqnozlarını, hakimiyyətə kimin gələ biləcəyi haqda rəyini bölüşüb.
Sabiq nazir “ölkənin siyasi hakimiyyətində dəyişiklik olarsa, lider roluna kim iddia edə bilər, Yanukoviçin hansısa şansı varmı” sualına belə cavab verib: “Hazırda Ukraynada baş verənlərin məqsədi mənə sona qədər aydın deyil. Buna görə də, indi nə ola biləcəyi üçün yalnız hipotetik variantlardan danışa bilərik. Qanunvericilik baxımından Viktor Yanukoviç hələ də dövlət çevrilişi nəticəsində tutduğu vəzifədən uzaqlaşdırılan Ukraynanın legitim və seçilmiş prezidenti olaraq qalır. Və əgər o, əmək hüquqlarını müdafiə etməyi və Ukrayna xalqı da onu bu vəzifədə görməyi zəruri hesab edirsə, məncə, onun şansı var. Ən azından hüquqi baxımdan”.
Sabiq nazir deyib ki, əgər Rusiya Zelenski hakimiyyətini devirə bilsə, insanlar tərəfindən qeyd-şərtsiz qəbul oluna biləcək siyasi fiqurlar var. O, Putinin yaxın dostu Medvedçukun adını çəkməsə də, məsuliyyəti öz üzərinə götürməyə, müvafiq islahatlar aparmağa hazır olan siyasi xadimlərin olduğunu söyləyib: “Yəqin ki, Oleq Tsarevin açıqlamalarını eşitmisiniz. Ali Radada Regionlar Partiyası fraksiyasının keçmiş sədr müavini nə edəcəyini bildiyini deyir. Onun siyasi platformasını dinləmək maraqlı olardı. Bu, ola biləcək mümkün ssenarilərdən biridir. Ukraynaya nə lazım olduğunu bildiklərini söyləyən başqa siyasətçilər də var”.
Sabiq nazirin sözlərinə görə, səkkiz il əvvəl Donbassda müharibə başlamaya bilərdi: “Əgər 2014-cü ildə Yanukoviç mənim tövsiyəmi qəbul etsəydi – Maydanda asayişin qorunmasında iştirak edən hüquq-mühafizə orqanlarını, silah və texnikanı Donetskə aparılsaydı, özü də ora gəlib, orada qanuni prezident kimi danışıqlar aparsaydı, böhrandan çıxmaq üçün siyasi həll yolları tapılar, bəlkə də hər şey başqa cür olardı. Qan tökülməsinin qarşısını almaq, eləcə də bütün ölkədə qanuni hakimiyyəti saxlamaq olardı. Yanukoviç özü də Donetskdəndir. Əsas dəstəkçilərimiz, elektoratımız orada idi. Yanukoviç Donetskə köçməli idi. Amma əvvəlcə buna razılaşdı, sonra başqa yol seçdi.
Biz razılaşdıq ki, daxili qoşunları Kiyevdən Donetskə aparaq. Amma artıq Donetskə yaxınlaşanda bildim ki, qüvvələri Kiyevə qaytarıb. Yanukoviç ABŞ-ın o vaxtkı vitse-prezidenti Co Baydenin zəngindən sonra fikrini dəyişib və qan tökülməsini istəmədiyi üçün qüvvə yeridilməsi əmrini ləğv edib. Sonra Yanukoviç Donetskə- Rinat Axmetovun yaşadığı evə sığınanda mənə birbaşa dedi ki, Rusiyaya köçmək lazımdır və bunun alternativi yoxdur. Mənim təxminlərimə görə, Axmetov və Yanukoviç Donbasda xalqı ayağa qaldırmalı idilər. Amma Yanukoviçin fərqli baxışı var idi və bu, onun qərarıdır. O, yəqin ki, həyatı üçün də qorxurdu. Əgər insan belə bir vəziyyətdə heç nədən qorxmadığını deyirsə, deməli, bir qədər qeyri-səmimi davranır. O vaxt onun bəzi hərəkətlərində müəyyən emosiyalar var idi. Amma canını qurtarmaq üçün Rusiyaya qaçdığını deyə bilmərəm. Düşünürəm ki, o, rəqiblərini məğlub edə biləcəyinə əmin idi. Budur onun tez-tez təkrar etdiyi sözləri: “Mən nə etdiyimi bilirəm…” Onun əsas problemi bu idi ki, əməllərinin dövlət üçün mümkün nəticələri barədə ümumiyyətlə, düşünmürdü”.
Sabiq nazirin fikrincə, Zelenski də heç bir siyasi təcrübəsi yoxdur və ölkəni böhrandan çıxarmaq üçün sağlam və düzgün yol seçə bilməz: “Allah rəhm eləsin ki, Rusiya rəhbərliyi ilə görüşə razılıq versin. Bu, lazımsız insan itkilərinin qarşısını almağa kömək edəcək. Amma Zelenski hələ ki, “kollektiv Qərbin” dəstəyinə ümid edir, vaxtı uzadır. Çox güman ki, hazırda Kiyevdə deyil və onun Kiyev küçələrindən yüklədiyi videolar montaj edilib. Onun Lvovda olduğu ehtimalı var. Zelenski son ukraynalıya qədər döyüşmək qərarına gəlib və bu, mümkün qədər çox insanı özü ilə “o dünyaya” aparmaq üçün əlindən gələni etmək kimidir”.
Onun sözlərinə görə, Ukraynanın unitar dövlət olması ölkənin qeyri-sabitliyinin əsas səbəblərindən biridir: “İstəsək də, istəməsək də, bir yorğanın altına fərqli dili, inanca görə fərqli baxışı olanları yığmaq mümkün deyil. Ölkənin qərbi, şərq, mərkəzi, Qara dəniz, Krım o qədər fərqlidirlər ki, onların anlaşması qeyri-mümkün görünür. Hər biri də hesab edir ki, ölkənin inkişafının necə olmasının yolunu ancaq özləri bilir. Mən bunu dəfələrlə demişəm, ən yaxşı variant federasiya yaratmaqdır. Donbasa və öz tarixi və milli xüsusiyyətlərinə malik olan digər regionların federal qurumlara çevrilməsinə şərait yaratmaq lazımdır. Dünyada belə nümunələr çoxdur . Münaqişənin başlanğıcında Donbasın yeganə tələbi iqtisadi müstəqillik idi. Silahlı qarşıdurma, atəş və bombalama başlamazdan əvvəl Ukraynanı tərk etmək fikrində deyildilər. 2014-cü ildə Maydan nəticəsində baş verən çevrilişi qəbul etmədilər, ancaq sonradan açıq döyüşlər və dinc əhali ölməyə başlayanda mövqeləri sərtləşdi. Aydındır ki, bu vəziyyətdə onlar Ukraynanın tərkibində olmaq istəmirlər. Ancaq vaxtilə belə bir plan mümkün idi. Ukraynada hadisələrin inkişafı məncə, onun parçalanmasına gətirib çıxaracaq. İndi bəlkə də hətta federasiya kimi bir yerdə saxlamaq da çətindir”.
Orxan Əliyev
Musavat.com