Ukraynanın Vətən müharibəsi: tək qalsa da, Rusiya Kiyevi ram edə bilmir. Kremlə qarşı öldürücü sanksiyalar – Avropa Rusiya neftini almır
Ukraynanın Vətən müharibəsi: tək qalsa da, Rusiya Kiyevi ram edə bilmir
Paytaxtda küçə döyüşləri gedir; ekspert: “Rusiyanın siyasi-hərbi rəhbərliyi səhv yoldadır…”
Rusiyanın Ukraynaya 24 fevralda başlayan hərbi hücumu fevralın 25-də ilk saatlardan daha böyük miqyas alıb. Ölkənin, demək olar, bütün şəhərlərinə raket zərbələri endirilib. Paytaxt Kiyev bombardman edilib və şəhərə Rusiya diversiya qrupları daxil olub.
Prezident Volodomir Zelenski dünən səhər saatlarında xalqa müraciətində bəyan edib ki, dünya ölkələri, xüsusən də Qərb onu və ölkəsini Rusiya ilə müharibədə tək qoyublar. Dünən səhər saatlarından Ukrayna ordusunun formasını geyinmiş Rusiya diversantları şəhərin Oboloni rayonuna sızıblar və orada yaşayış evlərinə atəş açırlar. Habelə sosial şəbəkələrdə yayılan kadrlara əsasən küçələrdə üzərində tanınma nişanı olmayan Rusiya hərbi texnikası da gözə dəyir. Onlardan biri yolda hərəkət edərkən qəfil dönərək qarşı zolaqda gedən mülki avtomobili tapdalayıb. Habelə yaşayış rayonlarında Rusiya tankları qeydə alınıb, bir çox hallarda Rusiya texnikası yaşayış binalarının həyətinə daxil olub. Bildirilir ki, Ukrayna ordusunun formasında olan həmin diversantların çoxu məhv edilib, ələ keçənlər də var.
Ukraynanın Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Rusiyanın diversiya-kəşfiyyat qrupları artıq Kiyevin Oboloni rayonuna soxulublar. Nazirlik şəhər sakinlərinə müraciət edərək yandırıcı kokteyllər hazırlamağa, düşmən diversantları ilə qarşılaşdıqları halda onları məhv etməyə çağırıb. Günün birinci yarısı Kiyev yaxınlığındakı Hostomel şəhərində Ukrayna ordusunun hərbçiləri Rusiya qüvvələri ilə yaxın döyüş aparıb. Bu barədə sosial şəbəkələrdə videokadrlar yayılıb. Habelə Vorzele rayonunda, Kiyevin Oboloni və Vinoqradar rayonlarında atəş səsləri eşidilib. Üzərində tanınma nişanı olmayan iki BTR isə Kiyevin Novokonstinovka küçəsindən Kurenevki rayonuna doğru gedib.
Dünən Rusiya qoşunları Ukraynanın Çerniqov şəhəri ətrafında gedən döyüşlərdə geri oturdulub və Sednev yaşayış məntəqəsi istiqamətində geri çəkilib, habelə Qrodno ətrafında güclü müqavimətlə qarşılaşaraq Semyonovka yaşayış məntəqəsi istiqamətində geri çəkiliblər. Bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Valeri Zalujnıy özünün Facebook səhifəsində bildirib. “Düşmən texnikası Çerniqovdan Sednevə və Qrodnodan Semyonovkaya tərəf geri çəkilməli oldu”, – məlumatda deyilir. Qeyd olunur ki, ruslar geri çəkilərkən bir neçə texnikanı, sənədləri və hərbi ləvazimatları da atıb gediblər.
Günorta saatları Ukrayna Müdafiə Nazirliyi Facebook səhifəsindən pilotsuz uçuş aparatları olan vətəndaşlara müraciət edib: “Sizin pilotsuz uçuş aparatınız varsa, onu təcrübəli pilotların istifadəsinə verin! Kiyev bizim evimizdir, onun müdafiəsi ümumi işimizdir! Bu ağır günlərdə Kiyevin sizə və PUA-nıza ehtiyacı var”, – deyə müraciətdə qeyd edilib. Eyni zamanda paytaxt Kiyev və digər bir sıra şəhərlərdə hərbi təcrübəsi olan vətəndaşları silah paylanıb. İşğalçı Rusiya əsgərləri ilə küçə döyüşlərinə hazır olmaları tapşırılıb.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləsinin ikinci günündə ən ağır vəziyyət cəbhənin şimal (Belarus) istiqamətində yaranıb. Ukrayna prezidentinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç axşam saatlarında keçirdiyi növbəti brifinqdə deyib ki, Kiyev vilayətinin Hostomel, Vorzel, Buça yaşayış məntəqələri yaxınlığında, Dımer-İvankov istiqamətində şiddətli döyüşlər gedir, bu istiqamətdən paytaxta təhlükə yaranıb. “Rusiya qoşunları hücum etməyə çalışır, amma orada bizim mexanikləşdirilmiş hissələrimiz yaxşı müdafiə qurublar. Düşmənin bir neçə vertolyotu və ən azından bir zirehli texnika kalonu məhv edilib”, – Arestoviç deyib.
Onun sözlərinə görə, Çerniqov istiqamətində Ukrayna qüvvələri Rusiya ordusunun hücumunu dayandırıb, amma hazırda onlar qüvvələrini yenidən cəmləşdirir. “Sum vilayətində də düşmən yenidən qruplaşır və sonrakı hücuma hazırlaşır, amma orada da bizim qüvvələrimiz müdafiədə dayanıblar. Bu istiqamətdən narahatlığımız daha azdır”, – Arestoviç qeyd edib.
Xarkov istiqamətində isə Ukrayna qüvvələri səhər saatlarından bir hücum cəhdinin qarşısını alıblar. Donbasda isə düşmən hücum etmir, orada qarşılıqlı artilleriya dueli gedir. “Melitopolda situasiya gərgindir, şəhərin ətraflarında Krım istiqamətindən soxulmuş Rusiya qoşunları var. Lakin şəhərin bir hissəsi Ukrayna qüvvələrinin əlindədir, onlar düşmənə Melitopoldan o yana irəliləməyə imkan vermirlər”,-Arestoviç bildirib.
Herson istiqamətində isə Rusiya qoşunları Dnepr çayını keçməyə çalışıb, çünki Antonov körpüsü artıq dağıdılıb. Ukrayna ordusu həmin istiqamətdə müdafiə mövqeləri qurub. Telegram-kanallarda yayılan məlumatlarda isə deyilir ki, Ukrayna ordusu Krım istiqamətindən irəliləyən Rusiya hərbi texnika kalonunu məhv edib. Bu barədə görüntülər də yayılıb.
Xarkov şəhəri isə Rusiya ordusunun mühasirəsindədir. Gün ərzində şəhərə ballistic raketlərdən zərbələr endirilib. Paytaxt Kiyevə isə raket zərbələri ilə yanaşı, qırıcılardan zərbələr endirilb. Zərbələr mülki əhalinin yaşadığı binalara düşüb. Yaralılar var. İki gün davam edən döyüşlərdə Ukrayna tərəfi 1000-dən yuxarı rus hərbçinin ölüdürüldüyü, çoxlu sayda hərbi texniasının məhv edildiyi, qırıcı təyyarələrin vurulduğu barədə məlumat yayıb.
Günün ikinci yarısı Ukrayna prezidenti V.Zelenski növbəti dəfə xalqa müraciət edib. O, Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb: “Bir daha Rusiya Federasiyasının prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin insanların ölümünün qarşısını almaq üçün danışıqlar masası arxasında əyləşək”.
Zelenski həmçinin, Rusiyanın Ukraynaya hücumunu bütün Avropaya hücum adlandırıb.
“Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın birliyinə, insan haqlarına, Avropada mövcud olan bütün qaydalara hücumdur”, – Zelenski qeyd edib.
Zelenskinin bu çağırışndan az sonra RİA-Novosti məlumat yayıb ki, Prezident Vladimir Putin Çin lideri ilə telefon danışığında Rusiyanın Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduğunu bildirib.
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a şərhində bildirib ki, böyük ehtimalla mövcud hərbi əməliyyatlar dayandırılacaq və Ukrayna masa arxasında milli maraqlarına zidd olsa da, mövcud reallığın tələblərinə uyğun razılaşmalara getməyə məcbur qalacaq: “Təəssüf ki, bu prosesdən Qərb dövlətləri və Rusiya yararlanacaq. Fikrimcə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Rusiya iqtisadiyyatına bir müddət sonra ciddi zərbələr vuracaq. Bunu proqnozlaşdıran Rusiya texnoloqları qısa müddətdə hərbi əməliyyatların dayandırılmasının və Ukrayna ilə masa arxasında müzakirə etməyin zəruriliyinə Rusiya prezidetini inandırmalıdırlar. Belə olan halda, elə yaxın günlərdə münaqişənin dinc yolla həlli istiqamətində atılan addımların şahidi olacağıq. Artıq Putinin fevralın 25-də günün ikinci yarısı Ukrayna ilə yüksək səviyyədə danışıqlara hazır olduğunu bəyan etməsi də bundan xəbər verir”.
“Hazırda Ukraynada Avropa Birliyi, eləcə də bütün Qərb ölkələri, təəssüf ki, ciddi və qətiyyətli mövqe tutmadı”. Bunu isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, NATO Ukrayna məsələsində daha qətiyyətli addımlar atmalı idi.
ABŞ və müttəfiqləri, eləcə də NATO isə Rusiyaya qarşı bəyanatlardan sanksiya qərarlarından o tərəfə heç bir addım atmırlar. Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı bir sıra sərt sanksiyalar paketi tətbiq edib. Paketə Rusiya bank bazarının 70 faizini və müdafiə sənayesi də daxil olmaqla əsas dövlət şirkətlərini hədəf alan maliyyə sanksiyaları daxildir.

Şarl Mişel
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə deyib ki, Avropada genişmiqyaslı müharibənin dağıdıcı reallığı ilə qarşılaşıblar: “Yalnız Rusiya təqsirkardır. Ağır bədəl ödəyəcək. Aİ liderləri maliyyə, enerji və nəqliyyat sektorları da daxil olmaqla, böyük sanksiyalar paketi ilə cavab verdilər. Bu gün Zelenski və ukraynalılarla həmişəkindən daha çox həmrəyik. Beynəlxalq tərəfdaşlarla Ukraynaya siyasi, maliyyə və humanitar yardım göstərmək üçün qətiyyətlə hərəkət edirik”.
Böyük Britaniyanın baş naziri Boris Conson isə Ukraynanın işğalına cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaları elan edib. Conson bildirib ki, Böyük Britaniya Ukraynanı dəstəkləmək üçün əlindən gələni edəcək: “Vladimir Putinin iyrənc və barbar hərəkəti iflasla nəticələlənməlidir”.
Rusiyaya qarşı idman sektoru da hərəkətə keçib. UEFA Çempionlar Liqasının 2021/22 mövsümünün final oyunu Rusiyanın Sankt-Peterburq şəhərindən geri alınıb.
Bu il mayın 28-də keçiriləcək final oyununa ev sahibliyini Sankt-Peterburq deyil, Fransanın paytaxtı Paris şəhəri edəcək. UEFA-nın ardınca Beynəlxalq Xizək İdmanı Federasiyası(FIS) da Rusiya ərazisində keçirilməsi nəzərdə tutulan bütün yarışları ləğv edib.
Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, Ukrayna yalnız öz hərbi gücünün hesabına mübarizə aparır: “Kiyevi ruslar ram edə bilmirlər. Əlbəttə, qüvvələr nisbəti bir az fərqlidir. Çünki Ukraynanın əlində Amerika, İngiltərə, Kanadadan alınan tank əleyhinə idarə edilən raketlər, avadanlıqlar mövcuddur. Ruslar Xarkov, Kiyev və ətraf şəhərlərini barbarcasına bombalayırlar. Mübarizəni mülki insanlara qarşı aparmaq doğru deyil. Ötən gün Rusiya hara gəldi bombalar yağdırıb. Xeyli ölən və yaralananlar var. 25 fevralda rəqəmlər açıqlanıb ki, Ukrayna ərazisinə 160 raket buraxılıb.
Tutaq ki, Rusiya əsgərləri Kiyevi işğal etdilər, onlar orada necə qalacaq və necə idarə edəcəklər? Bu, mümkün deyil. Müharibənin sonu Putinin həm fiziki, həm də hüquqi izolyasiyası ilə nəticələnəcək. Bu müharibəni sanki Putin özü-özünə qarşı aparır və fiaskoya uğrayacaq. Rusiya siyasi hərbi rəhbərliyi səhv yoldadır. Bu yol Rusiyanı iqtisadi, siyasi cəhətdən çökdürəcək. Hərbi cəhətdən Rusiya üstünlük qazana bilər, amma bunun sonu onun üçün fəlakətdir”.
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, Rusiyanın Ukraynaya soxulmasının qarşısını almaq üçün gecikmədən ABŞ başda olmaqla NATO qoşunları Ukrayna ərazisinə yeridilməli idi. Lakin ABŞ və NATO buna getmədi. Faktiki olaraq Ukraynanı qurban verdikləri ortadadır: “Ukrayna prezidenti Zelenski haray çəkirdi, ABŞ-dan, Avropa ölkələrindən imdad diləyirdi. Lakin Bayden zəvzək iqtisadi yönlü bəyanat hədələrindən irəli gedə bilmədi. Zelenskiyə ”güvənc verdim”-dedi. Zelenskiyə güvənc deyil, hərbi təyyarələr, tanklar, canlı silahlı qüvvə vermək lazım idi. Putin Bayden və digər fərsiz Avropa liderlərini dişinə vurduqdan sonra bu cəsarətdə bulundu.
Kiyevə hücum və Sergey Lavrovun günün ikinci yarısı verdiyi açıqlama isə Rusiyanın nəyi qarşısına məqsəd qoyduğunu nümayiş etdirdi. Lavrov açıq bəyan etdi ki, Ukraynada hakimiyyəti güclə dəyişmək və yenu hakimiyət qurmaq istəyirlər. Lavrov Ukraynanı işğal etmək fikirində olmadıqlarını dedi. Amma baş verənlər faktiki olaraq işğaldır. Ukraynanın isə döyüşməkdən başqa ayrı çıxış yolu yoxdur. Əsasən partizan döyüşləri nəticəsində vəziyyəti dəyişmək, vaxt qazanmaq mümkün ola bilər. Belə ki, yalnız zaman çox şeyi dəyişə bilər”.
Etibar SEYİDAĞA, “Yeni Müsavat”
Kremlə qarşı öldürücü sanksiyalar – Avropa Rusiya neftini almır, üçüncü sanksiya paketi hazırlanır
Ekspertlər indiyədək tətbiq olunan sanksiyaları SWIFT-dən çıxarılmadan daha təsirli hesab edirlər
Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiya getdikcə daha ağır sanksiyalara məruz qoyulur. Avropa Birliyinin dövlət rəhbərləri fevralın 24-25-də fövqəladə iclas keçirərək Moskvanı işğalı dayandırmağa məcbur etmək üçün ikinci sanksiya paketini qəbul ediblər.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen sanksiyaların 5 istiqaməti əhatə etdiyini bildirib: maliyyə, energetika, nəqliyyat, ixrac nəzarəti və viza siyasəti. Onun sözlərinə görə, maliyyə sanksiyaları Rusiya bank bazarının 70 faizini, müdafiə sahəsi də daxil olmaqla, dövlət mülkiyyətində olan əsas şirkətləri əhatə edir. AB həmçinin Rusiya elitasının öz ərazisində olan bütün aktivlərini dondurur.
Energetika sektorunda tətbiq edilən sanksiyalar Rusiyanın neft emalı sənayesini inkişaf etdirmək üçün texnologiyaları əldə etməsinin qarşısını alacaq: “Bu sanksiyalar 2019-cu ildə Rusiyaya 24 milyard avro gəlir gətirmiş neft emalı müəssisələrini təkmilləşdirməyə imkan verməyəcək. Çünki bu texnologiyalar yalnız bizdə istehsal olunur, Rusiya onu başqa heç bir yerdən əldə edə bilməyəcək”.
Üçüncü istiqamətdə sanksiyalar Rusiyaya təyyarə və təyyarə hissələrinin satışını qadağan edir. Rusiya hava donanmasının dörddə üçü Avropa Birliyi, Kanada və ABŞ-da istehsal olunub. Onların ehtiyat hissələrindən məhrum edilməsi Rusiyanın hava gücünü minimuma endirəcək.
Dördüncü istiqamət elektron yarımkeçiricilərin Rusiyaya satışının dayandırılması, beşinci isə Rusiyanın dövlət məmurları və biznes elitasına AB ərazisinə girişdəimtiyaz verən vizaların verilməsinin dayandırılmasıdır.
AB-nin sanksiyaları ABŞ, Kanada, Norveç, Cənubi Koreya, Yaponiya, Avstraliya və Tayvanla əlaqələndirilib.
Avropa liderləri iclasda həmçinin Rusiyaya qarşı üçüncü sanksiya paketini müzakirə ediblər. Rusiya mətbuatının yazdığına görə, ikinci sanksiya paketinin müzakirəsi yarım saat çəkib. Müzakirələrin 2 saatdan yuxarı davam edən qalan hissəsində Rusiyaya qarşı üçüncü sanksiya paketi müzakirə olunub. Bu barədə məlumatı Rusiyanın TASS agentliyi Avropa Birliyi ölkələrindən birinin nümayəndə heyətindəki mənbəyə istinadən yayıb. Diplomat agentliyə bildirib ki, üçüncü sanksiya paketində əsas müzakirələr iki məsələ ətrafında gedib: Rusiyanın SWIFT-dən çıxarılması və prezident Vladimir Putinin qara siyahıya salınması. Birinci məsələdə əsas tərəddüd edən ölkə Almaniyadır: “Hələlik bu iki məsələnin heç biri üzrə konkret mövqeyə gəlinmədi”.
Üçüncü paket nə vaxt tətbiq oluna bilər? Bu suala cavab verən diplomat deyib ki, Avropa Birliyi rəhbərləri arasında bununla bağlı da dəqiq təsəvvür yoxdur: “Böyük ehtimalla, vəziyyət daha da kəskinləşərsə, yaxın 2-3 gün ərzində üçüncü paket qəbul edilə bilər”.
Bu arada Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkəsi Ukraynaya 1,2 milyard avro və hərbi texnika yardımı göstərəcək. Eyni zamanda Fransa hökumətinin ölkə ərazisində sanksiya siyahısına düşən bütün Rusiya vətəndaşlarına məxsus hesabların hamısını bloklayacaq.
Qeyd edək ki, ABŞ və Avropa Birliyinin, digər ölkələrin sanksiyalarından sonra Şimal-Qərbi Avropada Rusiyanın dünya bazarına çıxartdığı Urals markalı neftin alışı 1994-cü ildən bəri ən aşağı həddə düşüb. Neft dolu tankerlərə heç kim yaxın durmur. Hətta bir çox tankerlərin sahibləri Rusiyalı neft satıcılarından tankerlərin boşaldılmasını tələb edirlər. Bundan əlavə, onlar tankerlərinə Rusiya neftini yükləməkdən də imtina edirlər.
Maraqlıdır ki, əksər analitik mərkəzlər, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın SWIFT sistemindən ayrılmasını ən təsirli vasitələrdən biri kimi qiymətləndirirlər. ABŞ prezidenti Co Bayden isə tətbiq olunan sanksiyaların SWIFT-dən çıxarılmadan daha təsirli olduğunu bəyan edib.

Rövşən Ağayev
İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, ABŞ prezidentinin dedikləri reallıqdır: “ABŞ prezidentinin dediyində həqiqət var ki, Rusiyanı SWIFT-dən kənarlaşdırmaqdansa, beynəlxalq hesablaşmalarda aparcı olan 4 valyuta (dollar, avro, yen və ingilis funtu) ilə əməliyyatlara qadağa, konkret banklara sanksiyalar daha təsirlidir. Səbəbini deyim. SWIFT qarşılıqlı hesablaşmalarla bağlı banklararası beynəlxalq məlumat mübadiləsi sistemidir. Məsələn, Azərbaycanda fəaliyyət göstərən bir yerli bank SWIFT-ə qoşulmaqla dünyanın müxtəlif regionlarında bu sistemə üzv olan ixtiyari bir bankda fərqli valyuta növlərində müxbir hesab açmaqla həmin regionlarda özünə gərəkli olan bütün hesablaşmalarını apara bilir. Tutaq ki, Beynəlxalq Bankın Londonda ”Deutsche Bank” və “JP Morgan Chase Bank”da, Sürixdə “Credit Suisse”da, Frankfurtda “Deutsche Bank” və “Commerzbank”da, Tokido “MUFG Bank”da, Nyu-Yorkda “Citibank” və “JP Morgan Chase Bank”da müxbir hesabları var. Beynəlxalq Bankın müştəriləri adıçəkilən regionlarda olan tərəfdaşları ilə qarşılıqlı əməliyyatları həmin müxbir hesablar vasitəsilə SWIFT üzərindən ötürülən mesajla təmin edə bilirlər. Məsələn, Azərbaycanın X şirkətinin ABŞ-dakı tərəfdaşının hesablaşma hesabının “Citibank”da olması şərt deyil. Əgər həmin şirkətin bankının “Citibank”la müxbir əlaqəsi varsa, “Citibank” vasitəçi bank kimi bizim Beynəlxalq Bankdan SWIFT-ə ötürülən mesajla bu hesablaşmanı təmin edəcək”.
Ekspert bildirir ki, hazırda dünyada SWIFT qədər populyar və nəhəng dövriyyəsi olmayan başqa beynəlxalq mesaj sistemləri var: “Məsələn, Çinin qurduğu CİPS, Avropanın İranla əlaqə üçün qurduğu İNSTEX sistemi kimi. Hətta Rusiya 9 ölkə ilə 331 subyektin iştirak etdiyi avtonom bir sistem də qurub. Yəni SWIFT olmadan kənar sistemlər, hətta ikitərəfli əlaqələrlə də sanksiya altında düşməyən banklar öz aralarında qarşılıqlı hesablaşmanı təmin edə bilərlər. Lakin konkret banklara sanksiya və hesablaşma aparılacaq konkret valyutalara qadağalar gətirilirsə, artıq SWIFT-də qalmağın elə bir ciddi əhəmiyyəti qalmır”.

Fariz Hüseynli
İqtisadçı-alim, ABŞ-ın Şimali Dakota Universitetinin professoru Fariz Hüseynli ABŞ-ın Rusiyaya qarşı sanksiyalar məsələsində ehtiyatlı davranmasının səbəblərini onun təkbaşına hərəkət etmək istəməməsi ilə izah edir: “Amerikanın son günlərdəki hərəkəti göstərir ki, təktərəfli sanksiyalar qoymaq istəmir. Birinci onu göstərmək istəyir ki, Rusiya müttəfiqləri bölə bilməyib. Bu hekayəni çox vacib hesab edir hökumət.
İkincisi, həmişə beynəlxalq sistemdə dolları silah kimi işlətməkdə tənqid olunur. Kimlər tərəfindən? Təkcə Rusiya, Çin yox, həm də Avropa tərəfindən. Hələ İrana qarşı sanksiya qoyanda Avropa bankları alternativ ödəmələr sistemi söhbəti edirdi. İndi Amerikanın əsas hədəfi sanksiyaları Avropa və başqa müttəfiqlərlə birgə tətbiq etməkdir. Deməli, proses yavaş gedəcək. Artıq əsas dövlət bankları və şirkətlərinə ilk ağır sanksiyalar qoyuldu. Əsas problem Almaniya və İtaliyadır. Razı olmurlar ki, Rusiya ilə aparılan neft-qaz ödəmələrinə sanksiya qoyulsun. İngiltərə və Amerika nə qədər təzyiq etsə də, hələ razılıq əldə edilməyib. İngiltərə əlindən gələni edir bu mövzuda.
SWIFT ətrafında müzakirələr gedir. Əslində SWIFT olmadan da edə bilər. Məsələn, tək tərəfli ya da İngiltərə ilə birgə – dollar və funt-sterlinqə əli dəyən Rusiyaya ödəmə etməyəcək. Müxbir hesablar dondurulacaq və Rusiya ilə iş görənin dollara əli dəyməsin. SWIFT onsuz da bankların mesaj sistemidir, pul müxbir hesablardan gedir. Edə bilər bunu, amma hələ etmək istəmir, çünki etsə, deməli, Avropa ilə fikir ayrılığı var və bunu Çin də not edəcək. Əlbəttə, Çinin necə davranacağı da önəmlidir.
Dünən (fevralın 24-də) Bayden dedi dollar, funt-sterlinq, avro, yen və s. ödəmələrini kəsəcəyik. Amma bütün sistemi yox, ayrı-ayrı bankları dedi və dolayı yolla onların müxbir hesablaşmasını çətinləşdirdi. Texnologiya ixracı sanksiyası da qoyuldu. Sonra satınalmalarda Almaniyanın təkidilə neft-qazı qismən saxlasa da, dünən Rus neftini şirkətlər almaq istəməyiblər, bəzi marka spot qiymət hətta mənfi olub. Banklar da kredit məktubu verməyiblər bəzi ticarət anlaşmalarına. Hamı yeni sanksiyalardan qorxur. Uzun sözün qısası, təktərəfli çox şey edə bilərlər və Avropaya da “ya bizdənsiz, ya düşmənsiz” deyə bilərlər. Amma dediyim kimi, indiki hökumətin yanaşması kollektiv qərar almaqdır, ona görə gecikirlər. Bir də dünən iki ölkəni soruşdular – Çindən qoşulmağı istəyəcəksizmi? Dedi ki, komment etməyəcəm. Hindistanı isə dedi, görüşəcəyik. Ola bilsin, Çinlə danışıqlar gedir. Yəni sanksiya məsələsinin kökü budur. Ümid edirəm, əvvəl-axır ya Avropadakı iki-üç ölkəni yola gətirib hamılıqla tətbiq edəcəklər, ya da artıq təktərəfli daha sərt sanksiyaları qoyacaqlar. Sanksiyaları həmişə artırıb sistemi tam qurutmaq olar. Deyəcəksiniz ki, bəs dörd aydır hücumu və ssenariləri dəqiqliklə demişdilər, niyə bu proses o vaxtdan başlamadı? Çünki Avropada buna inanmırdılar. Makron son günlərə qədər sülh danışığı aparırdı, qalanları da inanmırdı. Gərək tanklar hərəkətə keçərdi ki, inanardılar, təəssüf ki”…
Dünya SAKİT, “Yeni Müsavat”

