Moskva Bəyannaməsini oxuyub anlamayanlar üçün… Rusiya ilə imzalanmış Bəyannamənin tam mətni

Moskva Bəyannaməsini oxuyub anlamayanlar üçün...

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri və rusiyalı həmkarı ilə imzaladığı Bəyannamə dərc olunduqdan sonra sosial mediada bəzi iddialar səslənməyə başladı. Burada ekspert kimi tanınan və siyasi fəaliyyəti olan şəxslər də bu iddiaları bölüşüblər.

İddialardan biri belədir ki, Bəyannamənin 7-ci maddəsinə görə, “Rusiya Federasiyası və Azərbaycan Respublikası tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər” öhdəliyi Moskvaya Azərbaycanın hərəkətlərini təftiş etmək imkanı verəcək.

Bunu iddia edənlərin mövzuya nə qədər qərəzli yanaşdığını anlamaq üçün Bəyannamənin elə ilk bəndinə nəzər yetirmək kifayətdir.

Bənddə açıq şəkildə yazılır ki, Rusiya Federasiyası və Azərbaycan öz münasibətlərini “… iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq…” prinsiplərinə sadiqlik əsasında qururlar.

Rəsmi sənəddə yazılmış “bir-birinin daxili işlərinə qarışmamaq” öhdəliyini “Azərbaycanın hərəkətlərini təftiş etmək imkanı” kimi yozmaq üçün doğrudan da “dahi geostrateq” olmaq lazımdı. Moskva Bəyannaməsinin “Azərbaycanın müstəqilliyini ciddi şəkildə məhdudlaşdırdığını” iddia etmək üçün də həmçinin. 

Məsələ ondadır ki, bu məntiqlə yanaşılsa, istənilən ikitərəfli və çoxtərəfli sənədi “müstəqilliyin məhdudlaşdırılması” kimi qələmə vermək olar. Çünki hər bir sənəddə tərəflər üzərilərinə müəyyən öhdəliklər götürür, yəni könüllü şəkildə özünü nədəsə məhdudlaşdırır.  Eyni məntiqlə, Türkiyə ilə imzalanmış “Şuşa Bəyannaməsi”ndə də Azərbaycan üzərinə öhdəliklər götürüb. Bu o deməkdirmi ki, bu sənəd Türkiyəyə Azərbaycanın müstəqilliyini məhdudlaşdırmaq imkanı verir?

Belə bir iddia səsləndirən insanlar ümumiyyətlə Beynəlxalq müqavilə hüququndan xəbərdardırmı? Müasir beynəlxalq münasibətlər sistemində iki və çoxtərəfli sazişlər, müqavilələr imzalamayan, beynəlxalq təşkilatlar, digər dövlətlər qarşısında öhdəliklər götürməyən hansısa dövlət varmı?

Belə təsəvvür yaradırlar ki, sanki bu sənəd yalnız Azərbaycanın üzərinə öhdəlik qoyur. Halbuki, bu öhdəliyi hər iki tərəf yerinə yetirməlidir – beynəlxalq sənədlərin mahiyyəti elə bunu nəzərdə tutur. 

O ki qaldı hansısa məhdudiyyətlərə, əksinə, Müttəfiqlik Bəyannaməsi, məsələn, 10 noyabr müqaviləsindəki öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycana hüquqi baxımdan əlavə rıçaqlar verəcək. Yəni, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi Azərbaycana separatistlər və revanşist qüvvələrə qarşı Rusiyadan daha konkret addımlar gözləməyə əsas verir.

Məsələnin hərbi-siyasi tərəfinə gəldikdə, Azərbaycan regionda və dünyada kifayət qədər nüfuzu olan dövlətə çevrilsə də, nə ABŞ, nə Çin, nə də Böyük Britaniyadır. Və Rusiyadan Azərbaycan üçün olan potensial risklər bizim Moskva üçün yarada biləcəyimiz potensial təhlükə ilə müqayisəyə belə gəlməz.  Azərbaycan istənilən halda Rusiyanın ərazi bütövlüyünə, sərhəd toxunulmazlığına qarşı addımlar atmaq, RF-yə güc tətbiq etmək, Rusiya ərazisində terrorçuluq, ekstremizm, separatçılığa dəstək vermək fikrində və gücündə deyil. Amma qarşı tərəf bu təhdidlərin hər birindən istifadə edə bilər və vaxtaşırı başqa ölkələrə qarşı istifadə edir. Elə isə tərəflərin üzərinə götürdüyü “iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət…, bir-birinin daxili işlərinə qarışmamaq.., güc tətbiq etməmək və ya güclə hədələməmək” öhdəlikləri, əslində, Azərbaycanın yox, daha çox Rusiyanın öhdəlikləri olduğunu, sənədin Rusiyanın Azərbaycana təsir imkanlarını azaltdığını, Azərbaycanın isə əlavə təminatlar aldığını anlamaq üçün Bzejinski kimi olmaq lazımdır? 

Daha bir iddia – Rusiya ilə hərbi əməkdaşlığın dərinləşməsi Moskvanın Azərbaycanın daxili işlərinə müdaxiləsi üçün “hüquqi əsaslar” verir. Guya biz “yararsız silahlar” almalı olacağıq, birgə hərbi təlimlər və terrorçuluqla birgə mübarizə isə Türkiyə ilə müttəfiqliyimizi… “neytrallaşacaq”.

Bunu iddia edənlər unudurlar ki, Azərbaycan və Rusiya arasında bundan əvvəl də sıx hərbi əməkdaşlıq olub, ölkəmiz RF-dən milyardlarla dollar həcmində silah alıb, alınan texnikadan istifadə üçün rusiyalı instruktorlar hərbçilərimizə təlim keçirlər. Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiyadan heç vaxt “yararsız silah” almayıb və 44 günlük müharibədə də bu, sübut olunub.

Hərbi təlimlərə və terrorla mübarizəyə gəlincə, Azərbaycan indinin özündə də Xəzərdə RF ilə birgə təlimlər keçirir, xüsusi xidmət orqanlarının xətt ilə terrorizm və ekstremizmlə birgə mübarizə aparılır, hər il Rusiya ilə sərhəddə ənənəvi “Sərhəd-qalxan” əməliyyatı keçirilir və s. 

O ki qaldı Türkiyə ilə müttəfiqliyimizə, necə izah edilə bilər ki, Moskvada imzalanmış sənəd Şuşa Bəyannaməsini “neytrallaşdırır?” Əvvəla, Moskva Bəyannaməsində Azərbaycanın digər ölkələrlə hərbi əməkdaşlığına hər hansı məhdudiyyət olduğuna dair bir bənd yoxdur. Digər tərəfdən, Rusiya ilə sənəd  “Şuşa Bəyannaməsi”nin Azərbaycan və Türkiyə parlamentlərində ratifikasiyasından sonra imzalanıb. Yəni, Moskva Bəyannaməsi artıq Azərbaycanla Türkiyə arasında rəsmiləşmiş hərbi müttəfiqliyin yaratdığı yeni regional reallıqlara adaptasiya edilib. Bu iki sənəd bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayır və Azərbaycanın təhlükəsizliyinə zəmanətdir.

Nəhayət, Moskva Bəyannaməsinə etiraz edənlərin daha bir arqumenti, sənədin Ukraynanın ərazi bütövlüyünə yaranmış real təhlükə, separatçı bölgələrin RF tərəfindən tanınması ilə eyni vaxta təsadüf etməsidir. Bununla, guya, Azərbaycan bu münaqişədə Rusiyanın tərəfində olduğunu nümayiş etdirir.

Bəli, sənədin imzalanma tarixi, doğrudan da, çox mürəkkəb vaxta düşüb, amma buna hansısa siyasi məna vermək də absurddur. Çünkü ciddi siyasətçi və əsl ekspertlər gözəl anlayır ki, bu miqyasda sənədin imzalanması və dövlət səfəri aylarla hazırlanır, bir neçə günün işi deyil. Moskva Bəyannaməsi üzərində iş 2021-ci ilin əvvəlindən gedib, rəsmi səfərlərin tarixi də təxminən məlum idi – 2022-ci il yanvarın sonu-fevralın əvvəli. Sadəcə, sənədlər üzərində iş yekunlaşmadığından səfər fevralın 21-nə keçirilib. Yəni, Bəyannamənin imzalanması regionda gedən son proseslərlə əlaqələndirilə bilməz, bu sənəd yalnız Moskva ilə Bakının münasibətlərini tənzimləyir, bunun Moskvanın digər ölkələrlə (Ukrayna, Gürcüstan, Qazaxıstan və s.) münasibətlərinə heç bir aidiyyəti yoxdur. “Azərbaycan Ukraynaya qarşı çıxdı” deyən “ekspertlər” unudurlar ki, Azərbaycan bu bəyanatdan əvvəl də Rusiya ilə dost münasibətdədir, amma bu, tutaq ki, Gürcüstan-Azərbaycan əlaqələrinə xələl gətirməyib.

Moskva Bəyannaməsinə, az qala, müstəqilliyin itirilməsi kimi təqdim edənlərə xatırlatmalar edək:

–        Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə

–        Rusiya Federasiyası və Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə

–        Rusiya ilə Azərbaycan prezidentlərinin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatı və s.

Bu müqavilələr, bəyannamələr, bəyanatlar Azərbaycanın müstəqilliyinə nə dərəcədə təhlükə doğurub? Azərbaycanın çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasətinə mane olubmu? Və ən əsası – bu sənədlər Azərbaycanın 44 günlük müharibə zamanı öz torpaqlarını azad etməsinə maneə yaratdımı?

Yəqin ki, ritorik suallardır…

Moskvadakı danışıqlar və imzalanmış tarixi sənəd, əslində, Azərbaycan Prezidenti İlham Əliyevin 18 il ərzində addım-addım qurduğu və ölkənin müstəqilliyinin təminatına yönəlmiş konstruksiyanın çox vacib bir hissəsidir. 2022-ci ilin fevralında – cəmi bir neçə gün ərzində həm NATO üzvü olan Türkiyə ilə hərbi müttəfiqliyi rəsmiləşdirən Bəyannamənin ratifikasiya olunması, həm də regiondakı ən böyük güc və nüfuz mərkəzi olar Rusiya ilə müttəfiqlik Bəyannaməsinin imzalanması Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə ən yüksək səviyyədə verilmiş zəmanətdir.

Bir neçə aydan sonra isə Azərbaycan Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.

Regionda və dünyada gedən proseslər fonunda Azərbaycan bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanmış yeganə postsovet ölkəsidir.

Rusiya ilə imzalanmış Bəyannamənin tam mətni

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Bəyannamədə deyilir:

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev,

Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək,

Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə arxalanaraq,

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqaviləyə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Federasiyasının Prezidenti V.V.Putin və Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslanaraq,

ikitərəfli münasibətləri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa çalışaraq,

iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyini dərk edərək,

iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edərək,

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi niyyətindən çıxış edərək,

Tərəflərin Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsində maraqlı olduqlarını və müvafiq səylərdə Rusiya Federasiyasının əsas rolunu nəzərə alaraq,

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) konsensusla qəbul edilən digər sənədlərinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına riayət edərək,

beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyini qeyd edərək, aşağıdakıları bəyan edirlər:

1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

2. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

3. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər.

4. Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

5. Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.

6. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.

8. Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir.

9. Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

10. Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər.

11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

12. Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.

13. Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

14. Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.

15. Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.

16. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.

17. Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.  

18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.

19. Rusiya Federasiyası və Azərbaycan Respublikası 12 avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması da daxil olmaqla Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas kimi nəzərdən keçirirlər.

20. Tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq edirlər.

21. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə və milli qanunvericiliklərinə uyğun olaraq bir Tərəfin fiziki və hüquqi şəxslərinin qanuni haqq və maraqlarının digər Tərəfin ərazisində təmin edilməsi üzrə səmərəli tədbirlər həyata keçirirlər.

22. Tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım etməyə davam edəcəklər.

23. Tərəflər davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək iqtisadi islahatların həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərəcək, iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 1 sentyabr 2018-ci il də imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planının realizə edilməsinə, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasına, eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardım göstərəcəklər.

24. Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər.

25. Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.

26. Tərəflər milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.

27. Rusiya Federasiyası və Azərbaycan Respublikası milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər.

28. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.

29. Tərəflər intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəfə almışlar.

30. Tərəflər onların ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaradacaqlar.

31. Rusiya Federasiyası və Azərbaycan Respublikası bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

32. Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

33. Rusiya Federasiyası və Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.

34. Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər.

35. Tərəflər aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.

36. Rusiya Federasiyası və Azərbaycan Respublikası müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər.

37. Tərəflər səhiyyə sahəsində, infeksion xəstəliklərə qarşı mübarizə də daxil olmaqla əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirəcəklər, həmçinin bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması imkanlarını öyrənəcəklər.

38. Rusiya Federasiyası və Azərbaycan Respublikası parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

39. Tərəflər səmərəli qarşılıqlı fəaliyyət, ticarət, təsərrüfat, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə Rusiya Federasiyasının regionları və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına yardım edəcəklər.

40. Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar.

41. Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər.

42. Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir.

43. Tərəflər konsert-qastrol fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni maarifləndirmə tədbirlərinin keçirilməsini təşviq edəcəklər.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir