“İndi LGBT və digər qurumlar düşəcək Azərbaycanın üstünə…” – VCA və YYSİB sədri Aydın Xan Əbilov

Ötən gün bloger, LGBT üzvü Əvəz Şıxməmmədov (Hafizli) qətlə yetirildi. O, Sabunçu rayonu, Balaxanı qəsəbəsində, yaşadığı mənzilin həyətində bıçaqlanaraq, öldürülüb. Rəsmi məlumata görə cinayəti jurnalistin əmisi oğlu 24 yaşlı Əmrulla Güləliyev törədib. İlkin araşdırmalara görə, Əmrulla Güləliyev cinayəti törədərkən sərxoş vəziyyətdə olub və o ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib.
Xatırladaq ki, Əvəz Hafizli “Kanal 13″ün əməkdaşı olub. O, həm də LGBT üzvü və homofobiya ilə mübarizə aparan birisi kimi tanınırdı. Yayılan iddialara görə jurnalist məhz buna görə yaxın qohumu tərəfindən qətlə yetirilib.
Əvəz Şıxməmmədovun jurnalist tanışı Teymur Kərimov isə BBC News Azərbaycancaya deyib ki, Əvəzin meyitini maşına qoymağa kömək edərkən, boğazının sol tərəfdən çənəsinə qədər kəsildiyini görüb.
Böyük ehtimalla bloger cinsi azlıq nümayəndəsi olduğu üçün qətlə yetirilib. Buna qədər ölkəmizdə bir neçə cinsi azlığın qətlə yetirilməsi, yandırılması və yaxud intihara sövq edilməsi hadisələri yaşanıb. Cəmiyyətimizdə cinsi azlıqlara tolerant yanaşmağın tərəfdarları olsa da, onların qətlə yetirilməsinə haqq qazandıranlar və yaxud soyuqqanlı yanaşanlar da az deyil.
Bəs ölkə qanunvericiliyində cinsi azlığa görə qətl törətmə hadisəsi ilə bağlı ayrıca maddə varmı? Cəmiyyətimizin bu cür hadisələrə soyuqqanlı yanaşmasının səbəbi nədir?
Beynəlxalq hüquqşünas Fərhad Mehdiyev mövzuya bu cür şərh bildirdi:

“Baş vermiş hadisə ilə bağlı cinayəti törətmiş şəxs Azərbaycan Cinayət Məcəlləsinin 120-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacaq. Transgenderlərlə bağlı isə qanunvericiliyimizdə hər hansı bir ayrıca ağırlaşdırıcı maddə nəzərdə tutulmayıb. Böyük ehtimalla bu cinayətdə 120-ci maddənin 1-ci bəndi tətbiq olunacaq, təbii ki, əgər başqa bir hal yoxdursa. Bu zaman qətli törədən şəxs doqquz ildən 14 ilədək azadlıqdan məhrum oluna bilər.
Ola bilər ki, hadisə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmədir, bu zaman 120-ci maddənin 2-ci bəndi nəzərdə tutulacaq.
Əlbəttə ki, tərəflər arasında hansı səbəbdən dava olduğunu hazırda bilmirik, lakin böyük ehtimalla səbəb öldürülən şəxsin cinsi azlıq nümayəndəsi olması ilə bağlıdır. Hər halda istintaq bu məsələni ortaya çıxardacaq”.
Hüquqşünas qeyd etdi ki, Avropada homofobiya problemi artıq geridə qoyulub:
“Düşünmürəm ki, xarici ölkələrdə, xüsusən də Avropada cinsi azlıq olduğu üçün şəxslər qətlə yetirilsin. Çünki son 10-15 ildə Avropada homofobiya ilə bağlı çox ciddi mübarizə aparılıb. Artıq Avropa bildirir ki, homofobiyanı geridə qoyub. Bildiyiniz kimi Avropanın bir çox ölkələrində eynicinsli insanların evlənməsi ilə bağlı qanunvericilikdə maddələr var.
Yaxın Şərqdə isə vəziyyət başqadır və bura təkcə müsəlman deyil, keçmiş MDB ölkələri də daxildir. Çünki bilirik ki, MDB məkanına Rusiyanın böyük təsiri var və Rusiyada dövlət siyasəti belədir ki, cinsi azlıqlara qarşı tolerant davranılmır, kilsə də bunun arxasındadır.
Onu da qeyd edim ki, cinsi azlıqların öz aralarında da cinayətlər baş verir və bunun da əsas səbəblərindən biri qısqanclıqla bağlı olur”.
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov isə mövzuya bur cür şərh bildirdi:

“Öncə qeyd edim ki, istənilən insanın qətlə yetirilməsi ağır cinayət hadisəsidir. Bu həm dini, həm də mentalitet baxımından, həm də cinayət məcəlləsinə, konstitutsiyaya görə qətl hadisəsidir və qətli törədən şəxs çox ağır şəkildə cəzalandırılmalıdır ki, başqaları da bu cür hadisələrə meyillənməsin. Bir insanın cinsi azlıq nümayəndəsi olması onun ölümünə bəhanə ola bilməz. Cəmiyyətdə buna qarşı sərt reaksiya olmalıdır.
İnsanlar anlamalıdırlar ki, biz 21-ci əsrdə yaşayırıq. Dünyanın ən nüfuzlu təşkilatlarından biri LGBT-dir. Bu qurum nüfuzuna görə bəlkə də UEFA kimi təşkilatlardan geri qala bilər. Məsələn, BMT-nin minlərlə sənədləri olub ki, heç təsiri olmayıb. Amma LGBT-nin bir üzvünün cinsi azlıq olduğuna görə öldürülməsi bütün dünyanı çalxalaya bilir.
Hazırda 21-ci əsrdir, oturaq həyat tərzi, tərkibində müxtəlif əlavələr olan yeməklər, sosial şəbəkələrdən asıllılıq, hər tərəfin elektrik, radiodalğalarla əhatə olunması, internet, pandemiya və bu kimi problemlər insanların böyük əksəriyyətinin həm cinsi imkanlarını, həm də enerjisini əlindən aldı. Bu da gələcəkdə cinsi azlıq adlandırdığımız şəxslərin artmasına gətirib çıxaracaq və bu birbir insani faktdır, biz də bu faktı qəbul etməliyik. Necə olur ki, kimsə bir itə təpik vuranda və yaxud pişiyi suda boğanda hamımız etiraza qalxırıq, amma gözümüzün önündə cinsi oriyentasiyasına görə adam öldürürlər, biz buna normal baxırıq. O insanlar ki, buna haqq qazandırır, onların 99 faizi gizli homoseksuallardır. Bu artıq dünyada çoxlu sayda faktlarla ifşa olunub.
Xatırlayıram ki, ABŞ-ın Kaliforniya ştatında bir qubernator eynicinsli nikahlara qarşı çıxırdı, lakin sonradan onu gecə klublarının birində gənc oğlanla birgə çıxarkən ifşa etmişdilər. Və yaxud ABŞ-da bir xristian keşiş eynicinslilərin nikahına etiraz edirdi. Lakin bir gün onun iştirak etdiyi canlı radio proqramında bir kişi zəng edərək bildirmişdi ki, nə vaxtsa otellərin birində həmin keşişlə birgə intim münasibətdə olub. Buna görə keşiş həm kilsədən, ailəsindən və cəmiyyətdən üzr istəmişdi.
Bildiyiniz kimi ölkəmizdə buna qədər bir neçə cinsi azlıq ya qətlə yetirilib, ya da intihara sürüklənib, ölkədən uzaqlaşdırılıblar. Buna haqq qazandıranları araşdırsaq onların əksəriyyətinin homoseksual olduqları ortaya çıxacaq. İndi müşahidə edəcəksiz, LGBT təşkilatları, insan hüquqları ilə bağlı qurumlar bütövlükdə daraşacaqlar Azərbaycanın üstünə və ölkəmizin gördüyü müsbət meyilli işlərin üzərindən qara xətt çəkiləcək. Axı biz Qoşulmama Hərəkatına rəhbərlik edirik. Biz müharibə, insan ölümləri, koronavirus olmasın deyirik, bir tərəfdən də daxildə bu cür vətəndaşlar qətlə yetirilir.
Daha bir məsələ, bu cür qətllərə haqq qazandıranlar bir az ətraflarına, qohum-əqrəbalarına baxsınlar. Bu gün nə qədər məktəblilərin, yeniyetmələrin, tələbə, gənclərin arasında bu tip insanlar var. İndi nə edək, onların hamısını öldürək və ya həbs edək? Dünya ölkələrində imkan yaradırlar ki, bu cür insanlar fahişəlik edərək deyil, öz beyin məhsulları, yaratdıqları estetik əsərlər ilə ortalığa çıxsınlar və yaxud digər sahələrdə işləyə bilsinlər.
Son illərdə ölkəmizdən xeyli beyin axını getdi, hansı ki, onların içərisində gizli və ya açıq şəkildə cinsi azlıq nümayəndələri var idi.
Beləliklə, bu cür cəmiyyətdə yaşamağıma görə utanıram. Cinsi azlıq olduğu üçün şəxsin qətlə yetirilməsi artıq birinci dəfə deyil. Düşünməliyik ki, bununla necə mübarizə aparmalıyıq”.
Xalidə Gəray

