Ərlə arvadın eyni iş yerində çalışması düzgündür? VCA və YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov və ekspertlərin rəyləri araşdırmada…
Münasibətin ilk günləri sevdiyiniz insanla eyni iş yerində çalışmaq üstünlük sayıla bilər. Hər gün sizin üçün xüsusi olan insanı görmək hissi ilə işə getmək ilk başlarda çox motivasiya edir. Ancaq tanışlıq dövrünü keçib həyat yoldaşı olanda bu nöqtədə iş bir az dəyişir. Mütəxəssislər qeyd edirlər ki, evli cütlüklər üçün eyni iş yerində işləmək bir müddət sonra yorucu ola bilər. Bir müddət sonra iş və şəxsi həyatda birlikdə vaxt keçirən həyat yoldaşları arasında heç bir həsrət hissi yaşanmır ki, bu da evliliyi qısa zamanda monoton edir. İşəgötürənlər, ümumiyyətlə, həyat yoldaşlarının ən azı eyni şöbədə işləməsinə üstünlük vermirlər. Bir çox menecer bunu peşəkar karyeralarına təhlükə kimi görür.
Bəs eyni iş yerində ər-arvad arasında hansı problemlər yaranır?
Əvvəla, cütlüklər, təəssüf ki, iş və şəxsi həyat arasındakı sərhədi dəqiq müəyyən edə bilmirlər. İki həyat arasında balans yaratmaq çox vacibdir. Evdə yaşanan gərginliyi ertəsi gün iş həyatınıza daşımamağınız kimi, eyni şəkildə orada işdəki problemləri qoyub evə girməyi bacaran kimi ər-arvad olduğunuzu xatırlamaq lazımdır.
Başqa bir problem qısqanclıqdır. İş mühitində digər dostlarla ünsiyyət başqa həyat yoldaşını narahat edə bilər.
Araşdırmalara baxdığımızda dezavantaj olaraq ortaya çıxan bir başqa problem də digər işləyən insanların evli cütlüklərə baxışıdır. Digər işçilər həyat yoldaşlarını eyni şəxs kimi görə bilərlər. Yəni arvad nə desə, ər də eyni fikri dəstəkləyəcək məntiqi ilə həyat yoldaşlarının fərqli fikirləri ola biləcəyi düşünülmür.

Digər tərəfdən, cütlüklərin təbii olaraq tətil və bayram günlərini eyni dövrdə gətirmələri də işçilər üçün problem yarada bilər. Bir problem odur ki, zaman-zaman cütlüklərdən biri rəhbər vəzifədədir. Bu mövqedə olan həyat yoldaşı, üstünlük verilmə düşüncəsi yaratmamaq üçün digər işçilərə nisbətən həyat yoldaşına qarşı daha sərt davrana bilər. Bu münasibət həm də tabeliyində olan həyat yoldaşını incidə bilər.
Həyat yoldaşları arasında maaş fərqi də bəzən problem yaradır. Xüsusilə, daha yüksək maaş alan tərəf qadındırsa, kişi bunu çox vaxt qürur mövzusuna çevirə bilər. Bu və buna bənzər problemlərlə cütlüklər eyni işi görmənin mənfi cəhətləri ilə qarşılaşırlar.
Bu məhdudiyyətlər kiçik düzəlişlərlə təyin edilə bilər. Məsələn, həyat yoldaşları nahar və fasilələri birlikdə keçirmək məcburiyyətində qalmamalıdırlar. Əksinə, bu fasilələri ayrı-ayrılıqda dostlarla keçirmək cütlüklərə nəfəs almaq imkanı verir.
Təbii ki, bu vəziyyətin müsbət tərəfləri də olacaq. Məsələn, birlikdə evə getmək vaxtınıza qənaət edə bilər. Eyni işi etdiyiniz üçün həyat yoldaşınızla eyni dili danışmaq qaçınılmaz olacaq. Partnyorunuz həyəcanınızı və stressinizi daha yaxşı anlayacaq və ona uyğun hərəkət edəcək. İş yükünüzü vaxtaşırı bölüşmək və bir-birinizə keçid verməniz də mümkündür. Ən əsası bütün günü biri-birinizi görəcəksiniz.
Eyni və ya fərqli iş mühitində olmaq xoşbəxtliyi müəyyən etmir. Bilinməlidir ki, yetkin bir evlilik üçün həyat yoldaşları ilk növbədə ayrı şəxsiyyət olduqlarını qəbul etməlidirlər. Hər iki tərəf bunun şüurunda olsa, şərtlər mənfi olsa belə, bunu üstünlüyə çevirmək olar.
Günün 24 saatını birlikdə keçirən cütlüklərin bir-birindən sıxılacağı qorxusu ilə yanaşı, iş yerindəki rəqabət, qısqanclıq və maaş fərqindən doğan münaqişələr hər iki tərəfi çətin sınaq qarşısında qoyur. Psixoloqlar deyir ki, “eyni iş yerində işləmək sevgini öldürür”.
SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert, sosioloq və psixoloqların fikirlərini öyrənib.

Psixoloq Fidan Namazova: “Eyni peşəyə sahib olan cütlüklərin üstünlüyü odur ki, onlar işlə bağlı biri-birindən məsləhət ala bilərlər. Mənfi tərəfi isə rəqabətin olmasıdır. Bəzən bu rəqabət tam da sağlam olmur. Maaş və vəzifə kişiləri daha çox narahat edir.
Eyni iş yerində çalışmağın da həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət odur ki, eyni yerə gedib-gəlmək rahatlıqdır. Digər tərəfdən də anlaşılmamazlıq, qısqanclıq və söz-söhbətlərə səbəb olur. Mənfisi odur ki, həm işdə, həm də evdə bir-birini görmək münasibət üçün o qədər də faydalı deyil.
İş yerində insanlar bir-birini müzakirə edir və ya biri-birinə baxır. Bu da cütlüklər arasında qısqanclıq kimi problemlərə səbəb ola bilər”.

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Əslində, insanların beynində belə bir fikir qalır ki, yaxın qohumlar bir yerdə işləyə bilməz. Amma dünyanın heç bir ölkəsində belə bir qadağa yoxdur. Bazar iqtisadiyyatıdır, kapitalizmdir. Mən əgər öz həyat yoldaşımdan yaxşı bir mütəxəssis görürəmsə niyə onunla işləməməliyəm?!
Yadıma gəlir mən universitetlərin birində dərs deyən zaman həmişə mühazirələrimə də, seminarıma da bir-birini sevən cütlüyün tələbələrinə icazə verirdim ki, gəlsinlər, otursunlar. Onların o universitet auditoriyasında həm mühazirə həm seminarda iştirak etmələri, əslində, zəif orta nəticəli bu tələbələrin yüksək qiymət almasına səbəb olurdu. “Facebook”, “Instagram”da Azərbaycanda Lənkərandan olan iki cütlük işləyir. Biri ingilis dili müəlliməsi idi, biri də onun həyat yoldaşıdır. Vaxtilə onlar buradan Amerikaya hansısa tələbə və yaxud mütəxəssis proqramı ilə getmişdilər. Sonra orada qaldılar, yaşamağa başladılar və indi onlar “Facebook” və “Instagram”ın ən böyük şöbələrinə rəhbərlik edirlər. İndi bunlar ər-arvaddır deyə “Facebook” kimi dünyanı idarə edən bir şirkət bunları işlətməməlidir?! Bu, çox absurd bir fikirdir.
Cütlüklərin eyni iş yerində işləməsi həm də bizdə “qadın işləməməlidir” psixologiyasını dağıtmaq deməkdir. Bilirsiniz ki, qadınlarla bağlı biz iş yerlərində seksual qısqanma, yoldan çıxartma, kişilərin sataşması, iş zorakılığı ilə bağlı müəyyən faktlarla rastlaşırıq. Üstəlik, işə gedən qadınların və yaxud maşın sürən qadınların digər kişilər tərəfindən söz atması, sataşması prosesi də var və eyni zamanda, qadınlar digər problemlərlə də rastlaşırlar. Bu da ailədaxili münaqişələrə, problemlərə, cütlüklərin nigahının pozulmasına aparıb çıxarda bilir. Bu olmasın deyə cütlüklərin eyni işdə işləməsi həm sosial-psixoloji, həm də iqtisadi xeyri var.
Birincisi bilirsiniz ki, indi pandemiya hələ qutarmayıb və ictimai nəqliyyatda ayrı-ayrı yerə işə gedən şəxslərin xəstəliyə tutulması və o xəstəliyi evə daşıması şansı çoxdur. Amma bir yerdə bir maşınla işə gedən cütlük ən azı görürsünüzmü həm ictimai nəqliyyatda yaxud iki maşından istifadə etmir, bir maşından istifadə edir, həm də müəyyən təhlükələrdən sığortalanmış olur. Bu baxımdan da, eyni işdə çalışan amma bir-biri ilə yarışan, bir-birinin rəqabətinə görə müəyyən yeniliklər edən cütlük əlbəttə ki, dəstəklənməlidir.
O başqa məsələ ki, qohumluq haqqında qanun var. O qanunda dövlətin müəyyən vəzifələrində eyni qohum insanların işləməsi yasaq olunub. Bu, bəlkə də başa düşüləndir. Amma özəl, fərdi işlərdə və yaxud kənd təsərrüfatında, sənayedə, ticarət xidmət sahəsində cütlüklərin işləməsində nə problem ola bilər ki?!
Tutalım ailə otelləri və restoranları açılır. Burada indi ər-arvad işləməməlidir və yaxud buna kimsə pis baxmalıdır? Bu psixologiya uzun müddət həm Azərbaycanın daxilində, həm də xaricdə yaşayan azərbaycanlılara problemlər yaratdı. Mənim yadıma gəlir ki, Rusiyada yaşayan azərbaycanlıların böyük əksəriyyəti yoldaşlarını, qızlarını, gəlinlərini, analarını işə buraxmırdılar, işləməyə qoymurdular. Amma iqtisadi vəziyyət dəyişdi. Kişilər özləri evə artıq kifayət qədər pul gətirə bilmədiyinə görə məcbur oldular qadınlar işə çıxmağa başladılar. Bir çoxları öz ərlərinin yanında işləyirdilər, bir çoxları ayrı yerdə maqazinlərdə, xidmət sahələrində işləyirdilər. İndi monitorinq keçirilsə, ruslardan sorğu keçirsəniz görəcəksiniz ki, rus iş adamları azərbaycanlı xanımlara böyük məmnuniyyətlə iş verirlər. Çünki onlar içmirlər, onlar məişət pozğunluğu ilə məşğul olmurlar, onlar “atmır”lar, oğurluq etmirlər, səliqəlidirlər. Onlara tapşırılan o vəzifələri layiqincə yerinə yetirirlər. Ona görə də baxın Rusiyada, Türkiyədə, Amerika Birləşmiş Ştatlarında bir çox ölkələrdə artıq azərbaycanlı xanımların da bəylər kimi get-gedə karyera zirvəsinə qalxmasını biz müşahidə edirik. Məsələn, şəxsən mənim özümün də Rusiyada qohumlarım var. Nəinki qadınlar, gəlinlər hətta qız uşaqları da tələbə, məktəbli olsalar da artıq yayda gedirlər analarının yanında və yaxud hansısa bir maqazində işə düzəlirlər və özlərinə müəyyən gələcəkləri üçün kapital yığmış olurlar. Əvvəllər belə idi ki, bizimkilər çəkinirdilər ki, bu olmaz azərbaycanlılar hara, ruslara işləmək, xidmət etmək hara?! Amma indi o psixologiya dağılıb. O cümlədən Azərbaycanın özündə də artıq qadınların hər yerdə işləməsinə şərait yaradılıb. Qısqanmalar, bir çox təzyiqlər aradan qaldırılıb. Gender bərabərliyi əldə edilib.
Xanımlarımızın həm öz bəylərinin yanında birlikdə işləməyi, həm də ümumiyyətlə işləməsinin heç bir problem yoxdur. Amma cütlüklər də bəzi psixoloji nüanslara fikir verməlidirlər. Evdə olan problemləri işə daşımaq, işdə olan problemləri evə daşımaq olmaz. Qəti surətdə olmaz. Çünki bu ailənin dağılmasına gətirib çıxara bilər. İkincisi cütlüklərin hər ikisi eyni səviyyədə, orta məvacibli işdə işləyirlərsə nəzərə almalıdırlar ki, bunların uşaqlarına da kimsə baxmalıdır. Əgər dayələri evlərinə dəvət edirlərsə mütləq orada yeni texnologiyalardan istifadə edib videokameralar, mobil və smartfonlar vasitəsilə öz uşaqlarına nəzarət etməlidirlər.
Son vaxtlar uşaqları döyən, onu videoya çəkən dayələri və yaxud gizli videoların çəkdiyi dəyərlər və baxıcılarla bağlı problemləri yadınıza salmaq istəyirəm. Çünki hər iki cütlük işləyən zaman yəni, bilirsiniz ki, bir çoxlarımızın baba-nənələri rayondadır və yaxud da onların da baxmağa imkanı yoxdur. Ona görə də uşaqların tərbiyəsində problemlər yaşanır və bu da gələcək nəslin, ümumiyyətlə, mənəvi əxlaqi və intellektual peşəkar inkişafına çox mənfi təsir edə bilər. Ona görə də buna da xüsusi önəm vermək lazımdır”.

Hüquqşünas Fariz Əkbərov: “Əslində, qanunvericilik nöqteyi-nəzərindən ər və arvadın eyni işdə çalışmasında problem yoxdur. Söhbət işin mənəvi tərəflərindən, sıxıntılarından gedir.
Onu da qeyd edim ki, ölkəmizdə həm sovet dövründə, həm də indi dövlət işində eyni idarədə çalışan cütlüklər çox olub. Məsələn, eyni məktəbdə çalışan ər-arvad müəllimlər kifayət qədərdir. Amma özəl sektorda vəziyyət başqadır. Özəl sektorda maaşlar nisbətən yüksəkdir. Buna görə işçidən daha çox iş tələb olunur. Bu isə istər-istəməz gərginlik, stress yaradır. Nəticədə iş yerində əsəb gərginliyi olur. Bu cür hallarda rəhbərlik işçiyə səhvini bildirdiyi zaman əgər xanımı (və ya tərsinə) bunu görürsə, istər-istəməz sıxıntı keçirir və s. Tam tərsinə, bəzən şirkət rəhbərliyi də bir-birinin yanında sıxıntı çəkməsinlər deyə işçidən istədiyini tələb edə bilmir, yeri gələndə irad bildirmək olmur .
Psixoloqların qənaətinə görə, eyni iş yerində işləmək və haradasa, günün 24 saatını bir yerdə olmaq bəzi ailələrdə heç bir problemə səbəb olmasa da, bəzilərində ciddi münaqişələrə gətirib çıxarır. Onların qənaətinə görə də, əslində, ən yaxşısı həyat yoldaşlarının eyni iş yerində işləməmələridir. Çünki belə olduqda ailə rolu ilə iş rolunu ayırmaq çətin olur. Bu isə çox vaxt tərəflər arasında anlaşılmazlıqlara gətirib çıxarır. Belə ki, xanımlar şəraitdən asılı olmayaraq, həyat yoldaşlarından qayğı gözləyirlər. Halbuki iş həyatı evlə müqayisədə daha mücərrəddir. İş həyatında qadının bəzən həyat yoldaşı ilə “üz-üzə gəlməsi” də istisna deyil. Təbii ki, belə hallar tərəflərdə incikliklərə səbəb olur və bu, bəzən evdəki münasibətlərə də öz təsirini göstərir”.
SİA şəhər sakinlərinin də fikirlərini öyrənib.
Şəhər sakini Bahar Qasımova: “Yoldaşımla mən bir il əvvəl bir restoranın idarəçiliyini götürdük. Biz həm bu işi sevirik, həm də uğur qazanmaq üçün çox çalışırıq. Amma artıq bir-birimizə dözə bilmirik. İşə yanaşmamızın və iş etikası anlayışımızın nə qədər fərqli olduğunu başa düşdük. Səhəri gün iş yerimizə gedəndə yenə dalaşmağa başlayırıq. Artıq müzakirəmiz üçün ciddi səbəblərə ehtiyac yoxdur. Axırda oturub söhbət etdik və qərara gəldik ki, birimiz başqa işdə işləyək”.
Şəhər sakini Emilya İsmayılova: “Dörd il işlədiyim memarlıq idarəsində işə başladığım ilk gün ona aşiq oldum. Hisslərimi etiraf etmək və onların qarşılıqlılığını tapmaq üçün təxminən bir il çəkdi. Sonrakılar yuxu kimi idi. Sanki işə pul qazanmaq üçün yox, onu görmək üçün gedirdim. İşimi, həmkarlarımı və xüsusən də, onu sevirdim. İki il görüşdük. Bu prosesdə qısqanclıqla bağlı kiçik problemlər yaşadıq. Bir-birimizə şıltaqlıq etdik, bir-birimizin qəlbini qırdıq. Bu prosesi uğurla keçdikdən və qarşılıqlı etimad yarandıqdan sonra hər şey yoluna düşdü. 6 ay əvvəl evləndik. Evimizdə onsuz olmağı düşünmədiyim kimi, onsuz bir iş yeri də təsəvvür edə bilmirəm”.
Şəhər sakini Aqil Qarazadə: “İki ildir evliyik və ikimiz də evdə işləyirik. Valideynlərim illərlə birlikdə işlədiyindən və uşaqlığım evdə iş üstündə onların mübahisələrini dinləməklə keçdiyi üçün əvvəlcə narahat oldum. İndiyə qədər qorxduğum şey başıma gəlməyib. Evliliyimiz daha yenidir. Ümid edirəm ki, biz bu hörməti həmişə qoruyub saxlayacağıq”.
Ayşən Vəli –https://sia.az/az/news/social/931839.html

