Bu gün pulla ayaqqabısını silən, sabah bayraqla küçədəki tozu silər. Ekspert – VCA və YYSİB sədri Aydın Xan Əbilov irad bildirdi

“Bildiyimiz kimi son zamanlar varlı şəxslərin, keçmiş və yaxud da indiki məmurların ya övladları, ya da nəvələri Azərbaycanın milli atributları sayılan pul, bayraq və digər dəyərlərimizə qarşı hörmətsizliyi, sayqısızlığı, təhqir etmələri adi hala çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq, tənqidçi ekspert Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, bundan əvvəl də bankomatdan Azərbaycan manatını çıxardıb tüpürmüşdü: “İndi də növbəti dəfə 100 manat ilə ayaqqabısını silməsi videosunun yayılması ümumilikdə ictimai əxlaqsızlığın nümunəsi sayılmalıdır və həmin dəqiqə bu insanlar çox sərt cəzalandırılmalıdır ki, digərləri də bundan nəticə çıxartsın. Qarabağımız uğrunda 44 gündə qələbə qazanan şəhidlərimiz, qazilərimiz qanlarını tökdülər. Amma burada harınlıqdan, pulun çoxluğundan, qudurğanlıqdan bəzi gənclərimiz milli atributlarımıza qarşı necə hərəkətlər edirlər. Həmin insaları yoxlasaq, görərik ki, onların heç biri əsgərliyə getməyib. Həmin adamları müharibə zamanı varlı, məmur ataları, əqrəbaları təhsil adı ilə xaricə ötürdülər. Əlbəttə ki, bu cür insanlar 100 manatla ayaqqabı da silərlər, milli atributlarımızı da təhqir edərlər. Nəticə etibarilə polis həmin şəxsləri saxlayaraq milli dəyərlərimizi təhqir etdiklərinə görə, cəzalandırmalıdır. Bu gün pulla ayaqqabısını silən, sabah bayraqla küçədəki tozu silər. Onlar bu cür hərəkətlər etməklə şüuraltı mesajlar göndərirlər ki, milli dəyərlərimiz gərəksizdir. Ona görə də biz bu cür halları qəti surətdə pisləyirik. Hansı təbəqədən olursa olsun əgər bir insan bu xalqa qarşı düşmənçilik göstərirsə, onun atributlarını təhqir edirsə, həmin şəxs mütləq cəzalandırılmalıdır”.

Arzu Qurbanzadə –https://sia.az/az/news/social/931573.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir