“Sevgililər günü”: Azərbaycanda olsun, olmasın… 2 diametral fərqli rəy. Aydın Xan Əbilov: “Belə fikirləri bölüşmürəm…
Aydın Xan Əbilov: ““Sevgililər günü” ilə bağlı belə fikirləri bölüşmürəm, ona görə ki…”
Tural Abbaslı: “Bu bayramın Azərbaycanda qeyd olunmasının əleyhinəyəm, çünki…”
Fevralın 14-ü dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda “Sevgililər günü” kimi qeyd olunacaq. Bəzən bu günü “Müqəddəs Valentin günü” adlandıranlar da var.
Öncə xatırladaq ki, bayramın tarixi hələ 1500 il əvvələ gedib çıxır və əsası xristianlığa deyil, əski Roma ənənələrinə dayanır. Mənbələrin birinə görə, Roma imperatoru-ölkəsini öz qanunları ilə idarə edən qəddar imperator ll Kladius ordu üçün savaşan əsgər tapmaq üçün evliliklərə qadağa qoyur. Səbəb isə romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəyi ilə bağlı olub. Valentin adlı rahib isə özü kimi rahib olan Mariusla birlikdə gəncləri gizli olaraq evləndirib. Bundan xəbər tutan imperator 269-cu ildə Valentini edam etdirir. Onun bu əməli müqəddəs iş kimi qiymətləndirildiyindən edam olunduğu gün, fevralın 14-ü “Müqəddəs Valentin günü” kimi tarixdə qalır.
Başqa bir mənbələrə görə isə fevralın 14-də romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazaraq bir çəlləyə atır, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə birlikdə olurdu. Onlar bütün bayram boyu bir-birilərindən ayrılmırdılar. Beləliklə, kütləvi əxlaqsızlıq bayramı keçirilirdi.
İmperator bunu qadağan etsə də rahib Valentin iyrənc adəti bərpa edərək gizli şəkildə qız və oğlanları qeyri-qanuni görüşdürməkdə davam edib. Bu səbəbdən imperator ll Kladius rahibi həbs edir və kütləvi əxlaqsızlıq keçirilən həmin gündə, yəni fevralın 14-də rahibi döydürərək təhqiramiz formada edam etdirir.
Bəzi iddialara görə, guya rahib həbsxana rəisinin qızına aşiq olduğu üçün öldürülüb. Lakin tarixdən də məlumdur ki, rahib həbsxanada keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” sözlərindən ibarət məktublar yazıb. Bu da onun hansısa qıza görə öldürüldüyü və ya xristianlığı təbliğ etdiyinə görə edam edilməsi faktlarını şübhə altına alır.
İki əsr sonra, 496-cı ildə Papa Helasiusun dövründə rahib Valentin kilsə tərəfindən müqəddəs elan olunur və fevralın 14-ü Valentin günü kimi qeydə alınır. Beləliklə, Papa Helasius əxlaqsızlığı rəsmiləşdirir. Yalnız 1969-cu ildə Roma Katolik Kilsəsi bu səhvi düzəldir və keşiş Valentini kilsənin müqəddəslər siyahısından çıxararaq “Müqəddəs Valentin günü” bayramının keçirilməsini məsləhət görmür.
Artıq uzun illərdir ki, bir çox Qərb ölkələri “Müqəddəs Valentin günü”nü keçirmir və yaxud səthi yanaşır. Məsələn, hər il bu bayramda Rusiyada millətçilər, xristianlığın bəzi məzhəblərinin davamçıları ilə bu günü daha təntənəli keçirən cinsi azlıqların nümayəndələri arasında dava-dalaş düşür. Rusiyada bu bayram demək olar ki, sıradan çıxarılıb. Universitetlərdə tələbələrin fevralın 14-də təşkil olunacaq şənliklərdə, diskotekalarda iştirakı qadağan edilib. Beləliklə, Valentin günü “rus milli dəyərlərinə zidd” adlandırılıb.
Almaniyada isə bu tarix “psixi cəhətdən sağlam olmayanların günü” kimi qeyd edilir. İordaniya da “Sevgililər günü”nün qadağan olunduğu ölkələr sırasındadır. İslam əxlaqlarına uyğun olmadığı üçün Malayziyada da bu gün qadağan edilib. Həmçinin İslamabad Ali Məhkəməsi də Pakistan ərazisində Müqəddəs Valentin Günü-Sevgililər gününü qadağan edib. Məhkəmə bu qərarı “Sevgililər günü”nün İslam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib. Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeyd etmək qadağandır. Bununla bərabər, bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan olunub.
Özbəkistanda və Türkmənistanda da bu günün qeyd olunması qadağandır. İranda isə bu gün ilə bağlı bütün hədiyyəlik əşyaların satışı və reklamları yasaq edilib. Səudiyyə Ərəbistanda isə 2004-cü ildə verilən fitvada “Sevgililər günü”nü Allaha və Qiyamət gününə iman gətirən müsəlmanların qeyd etməmələri söylənib. Fitvada Allahın qəzəbindən qorxanlar üçün bunun bir vəzifə olduğu vurğulanıb.
Qardaş Türkiyədə isə bu bayram təxminən 20 ildən çoxdur ki, qeyd olunur. Azərbaycanda 2003-cü ildən başlayaraq “Sevgililər günü” 30 iyunda keçirilir. Bu tarix isə 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyib, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü – 30 iyun tarixi Azərbaycanda “Sevgililər günü” kimi keçirilir. Bu təklifi 2003-cü ildə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı irəli sürüb. Lakin bununla belə, hələ də ölkəmizdə bir sıra gənclər 14 fevralı “Sevgililər günü” kimi qeyd edir.
Bəs 14 fevralın Sevgililər günü kimi qeyd edilməsi, adət-ənənələrimizə, məişətimizə gətirilməsi doğrudurmu? Bəziləri bunu dünya imperializminin təbliğatı, insanları bu cür təqvimlərdə soyması kimi izah edənlər də var, insanların, xüsusilə qadınların sevgiyə, diqqətə həssaslığından irəli gəlməsi kimi izah edənlər də.

Mövzu ilə bağlı Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “20-ci əsrdən etibarən bütün dünya birləşməyə can atırdı. Bütün konfliktlər, müharibələrə baxmayaraq, bəşəriyyət çalışırdı ki, müəyyən mənada bir-biri ilə təmasda olsun, hətta bəzi dövlətlər sərhədləri götürmək istəyirdilər. Bu mənada SSRİ, Avropa Birliyi və sairə qurumlar yarandı. Əlbəttə ki, bütün bunlarda insanların, dövlətlərin, millətlərin özlərinin maraqları var idi. Məhz bu maraqlardan irəli gələrək müharibələr baş verirdi. Bəşəriyyətin düşünən beyinləri, intellektualları bu ayrımları aradan qaldırmaq üçün müxtəlif beynəlxalq günlər, beynəlxalq tədbirlər, bayramlar düşünməyə başladılar. Həmin bayramlardan biri də 14 fevral ”Sevgililər günü”dür. Bildiyiniz kimi bu bayramın tarixi elə də böyük deyil və əksəriyyət bunu daha çox xristian, xaçpərəst dünyası ilə bağlamağa çalışırlar. Lakin bu belə deyil və çox absurd ideyadır. Ola bilsin ki, əsli oradan gəlir, lakin məsələni bütövlükdə xristianlıqla bağlamaq doğru deyil. Məsələn, Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərində ərəb məhəbbətindən söz açılır, amma əsər bütövlükdə Şərq, Azərbaycan insanın duyğuları, məhəbbəti, ülvi hissləri, insanla Tanrı arasındakı münasibətə həsr olunub.
Beləliklə, 20-ci əsrdə düşüncə adamları fikirləşdilər ki, bəşəriyyəti birləşdirmək, multukultral dəyərləri önə vermək, eyni zamanda dini, dil, cins, milli ayrı-seçkiliyi aradan qaldırmaq üçün bu günlərin xüsusi önəmi var və beləliklə 14 fevralı “Sevgililər günü” kimi qeyd etməyə başladılar. Məlum olduğu kimi Azərbaycanda milli sevgililər günün 30 iyun qeyd olunması ilə bağlı təkliflər oldu. Bu bəzən daha güclü, bəzən də zəif qeyd edilir. Lakin gəlin razılaşaq ki, bu təklifin özü də birtərəflidir. Çünki İlhamla Fərizənin evlənməsi və şəhid olması təkcə yeni ailənin yaranması, sevgi məsələsi deyildi, həm də milli azadlıq hərəkatının ən uca zirvəsini təşkil edən hadisə idi. Ona görə də onu bu qədər lokallaşdırmaq olmazdı. Ancaq onu da milli sevgililər günü qeyd etmək olar. Bayramların nə qədər çox olması bir o qədər yaxşıdır. İnsanların sevinməyə, bir-birini təbrik etməyə, paylaşmağa, sosiallaşmağa imkanları olur. Bu baxımdan biz inkişaf edək, hər şeyi özümüz üçün yaradaq, xarici ölkələr də bizdən götürsünlər.
Beləliklə, 14 fevral “Sevgililər günü” ilə bağlı belə absurd fikirlər səsləndirməyin qəti əleyhinəyəm. Onda gəlin 8 Martı, “xristianlara aiddir” deyilən Yeni ili, “ərəblərlə bağlıdır” deyib Orucluq və digər bayramları da qeyd etməyək. İnsanları bu qədər feodalizm, ibtidai quruluşa qaytarmaq lazım deyil. Əgər müsbət enerji verən hər hansı gün bayram varsa, onu qeyd etmək lazımdır. Onsuz da yeni nəsil bizim dediklərimizi vecinə almır. Düşünürlər ki, insanlar, bəşəriyyət birdir və onların da bayramları bir olmalıdır.
Bu cür bayramların, beynəlxalq günlərin ümumiləşməsi tədricən daha da güclənəcək. Baxın, YUNESCO-da, BMT-də Novruz bayramı ilə bağlı günlər xüsusi bir bayram olaraq qeyd edilir və xristian Avropa ölkələrinin dövlət başçıları bu günlər münasibəti ilə Azərbaycanı təbrik edirlər. İndi belə çıxır ki, Novruz Azərbaycanın bayramıdır deyə, bizi heç kəs təbrik etməməlidir? Bir daha qeyd edirəm ki, 14 fevral “ Sevgililər günü2 ilə bağlı deyilənlər absurd fikirlərdir. Gəlin bir az da sevinək, bu bayramı yaxşı qeyd edək. Qoy dünya görsün ki, Azərbaycan dünyanın aparıcı millətlərindən biridir və beynəlxalq bayramları qeyd edir”.

Ağ Partiya sədri Tural Abbaslı isə qeyd etdi ki, bu bayramın Azərbaycanda qeyd olunmasının əleyhinədir:
“Ümumiyyətlə, Azərbaycanın milli mənəvi dəyərlərinə, dünyagörüşünə, adətlərinə, yaşam tərzinə, dininə uyğun olmayan bayram və günlərinin qeyd olunmasının, bu cür bayram və günlərin Azərbaycana eksport olunmasının əleyhinəyəm. Çünki 21-ci əsr həm də mədəniyyətlər savaşıdır və biz çalışmalıyıq ki, özümüzün min illərdən bu yana gələn mədəniyyətimizi, adət-ənənələrimizi və babalarımızdan bizə nəsildən-nəslə keçən həssasiyyətlərimizi qoruyub saxlayaq. İndi dünyada informasiya texnologiyalarının inkişafı, sosial media istənilən dövlətin milli dəyərlərini çox həssas edib. Sanki piar, təbliğat, reklam vasitəsi ilə müdaxilə çox asanlaşıb. Təbii ki, burada kapitalizmin maraqları var. Həmin günlərdə dərmanların satılması, zinət əşyaların satılması ticarət dövriyyəsini artırılması kimi istifadə olunur. Belə olduqda təbii ki, Azərbaycan kimi ölkələrin vətəndaşları da bu piarın, təbliğatın qurbanına çevrilə bilirlər.
Əgər biz illah ki, Sevgililər gününü keçirmək istəyiriksə, bunu tarixi, keçmişi olan məsələlərlə bağlamaq lazımdır. 14 fevral gününə gəldikdə isə, bu guya ki, hanssıa əfsanəvi hekayələr əsasında formalaşmış tarixdir və bunu dünyaya sırıyıblar. Amma bizim özümüzün 20 yanvarda vətən uğrunda tankın altına girib, canından keçən bir igid bəy obrazımız və öz sevgisinə görə canından keçən xanım obrazımız var. Və onların sevgisində hər şey var – vətən ailə, ləyaqət. Ona görə də biz illah da sevgililər günü keçirmək istəyiriksə, bunu 30 iyunda keçirməliyik. Bizdən olmayan günlərin bizə aidiyyəti olmamalıdır. Necə ki, məsələn, Amerikada, İngiltərədə, Fransada Novruz bayramı qeyd edilmir, eləcə də biz. Yəni biz ən azından öz mədəniyyətimizi, öz soy-kökümüzdən gələn dəyərləri qorumalıyıq”.
Xalidə GƏRAY,

